Qoynunda
Qoynunda Müəllif: Aşıq Hüseyn Şəmkirli |
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004. |
Xəbər almaq ayıb olmaz,
O nədi, pəri, qoynunda?
Öldürürsən mən yazığı,
Saxlarsan narı qoynunda.
Otağına qədəm basdıq,
Söhbətinə qulaq asdıq,
Sinən döşək, məmən yasdıq,
Sal, yatax, yeri qoynunda.
Sən ki yarından doyubsan,
Bağrımın başın oyubsan,
Hüseyni yetim qoyubsan,
Qalıb əlləri qoynunda.