Quran (A.Mehdiyev və D.Cəfərli tərcüməsi)/Əl-Bəyyinə surəsi
←Əl-Qədr surəsi | Quran. Əl-Beyyinə surəsi Tərcüməçilər: Ağabala Mehdiyev və Dürdanə Cəfərli |
Əz-Zilzal surəsi→ |
0. Bağışlayan və mehriban Allahın adı ilə.
1. Kitab əhlindən kafir olan kəslər və müşriklər özlərinə açıq – aydın bir dəlil gəlməyincə (səmavi kitab gətirmiş, ərəb olan, Məkkəli Peyğəmbərin gəlməsi barədə bir-birilə mübahisə etməkdən və çəkişmədən) ayrılmadılar. (Kitab əhli onun gəlməsini iddia, müşriklərsə onu inkar edirdilər, dəlil gəldikdən sonra birləşib onun əleyhinə çıxdılar);
2. (Bu dəlil isə) pak səhifələri (onlara) oxuyan, Allah tərəfindən göndərilmiş (peyğəmbər)dir.
3. Onlarda (o səhifələrdə) sabit və möhkəm yazılar (əqlə uyğun olan və nəsx olunması mümkün olmayan İlahi hökmlər və mərifətlər) vardır.
4. Lakin (səmavi) kitab verilən kəslər onlara yalnız açıq-aydın dəlil (Peyğəmbər və Qur’an) gəldikdən sonra (etiqadlarında) təfriqəyə və ixtilafa düşdülər (və onu qəbul etmək məsələsində parçalandılar).
5. Halbuki, onlara (bu səmavi kitabda) yalnız bu əmr edilmişdi ki, öz etiqadlarında, dinlərində və itaətlərində Allaha ixlasla və Haqqa dönərək ibadət etsinlər, namaz qılsınlar və zəkat versinlər. Sabit və möhkəm din budur!
6. Şübhəsiz, kitab əhlindən (İslama qarşı çıxıb) kafir olanların və müşriklərin yeri Cəhənnəm odudur. Onlar orada əbədi qalacaqlar. Onlar yaradılmışların ən pisidir.
7. Şübhəsiz, iman gətirib və saleh iş görənlər isə yaradılmışların ən yaxşılarıdırlar.
8. Onların Rəbbi yanındakı mükafatları (evlərinin və ağaclarının) altından çaylar axan Ədn cənnətləridir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır və onlar da Allahdan razıdırlar. Bu (mükafat) öz Rəbbindən qorxan kəslər üçündür.