Salsal qalası
Müəllif: Aşıq Alı
Mənbə: Həsən Mirzə, "Məhşur aşıqların və şairlərin Salsal qalası və Salsal toponimini nəzmə çəkməsi", "Ozan dünyası" jurnalı, № 2(13), 2013. səh.9.

Şahı-mərdan yazılıbdı daşında,
Düldülün izi var qala qaşında.
Yetmiş nərdivandı göyün ərşində,
Sırat körpüsüdür Salsal qalası.

Salsal qala tarixlərə bəllidi,
İgidləri gümüşxəncər bellidi.
Bənd-bərəsi mindi, yüzdü, əllidi,
Elin tilsimidi Salsal qalası.

Divarı da daşdı, qapısı da daş,
Daşlar səf-səf durub bir-birə sirdaş.
Qılınc çəkən ərlər bir-birə qardaş,
Qalalarda başdır Salsal qalası.

Ting ilə çəkilib Səlsəlbil suyu,
Əlli min arşındır tinginin boyu.
Bu yerdə ərlərin oğuzdur soyu,
Türkün məskənidir Salsal qalası.

Alı deyər, gəldim toya-düyünə,
Nər igidlər məni görə söyünə.
Nağaralar gumbul-gumbul döyünə,
Koroğlu səngidi Salsal qalası.