Sambur
Müəllif: Aşıq Valeh
Mənbə: "Aşıq Valeh (1729 - 1822)" (az.). shahbulaq.az. 11.02.2013. İstifadə tarixi: 2015-04-22.

Əsriyib-əsriyib, kükrəyib axan,
Ağzı ağ köpüklü divanə Sambur!
Atanın-ananın bircə oğluyam,
Qıymagilən sən bu mehmana, Sambur!

Qanlı-qanlı qayalardan çıxırsan,
Şaqqıldayıb dərələrdən axırsan,
Yerdən tərpənəndə evlər yıxırsan,
Baxmazsan heç yaxşı-yamana, Sambur!

Valeh deyir: - bulaqlardan gözün var,
Güclüsən sən, qüvvətli də sözün var.
Nə çox şaqqaların, nə çox izin var.
Neçəsin vermisən ziyana, Sambur!