Sana
Müəllif: Qasım bəy Zakir
Mənbə: Tərtib edəni: Zaman Əsgərli (2005). XIX əsr Azərbaycan şeiri antologiyası (az). Milli Kitabxana. "Şərq-Qərb". Orijinal mənbədən 2016-03-05 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-13.

A ləbləri badə, ağzı piyalə!
Bir söz desəm olma bidəmaq, sana.
Yetişibsən, indən belə yaraşmaz
Yadlar ilə deyib-danışmaq sana.

Əcəb bihəyadır çərxi-kəcrəftar,
Hər ayda bir hilal eylər aşikar;
Şəksiz sənin ilə ədavəti var,
Göstərir düşəndə qaşqabaq sana.

Mədənisən felin, nazü qəmzənin,
Bərabərin yoxdu aləmdə sənin;
Təhrik eyləməsə səba, qönçənin
Ağzı nədir aça dil-dodaq sana?!

Cəvahir qolbaqlar bəyaz biləyi
Gahi qucar, gahi eylər hənəyi,
Behiştin hurisi, göyün mələyi
Yetişməz, yüz çala əl-ayaq, sana.

Zakirəm, eylədin əqlimi zayil,
Olmaz belə surət, belə şəmayıl;
Elə mən deyiləm hüsnünə mayil,
Göz dikibdir tamam Qarabağ sana.