Sevgi candan ayrılmaz

Sevgi candan ayrılmaz
Müəllif: Əhməd Cavad
Mənbə: Əhməd Cavad. "Seçilmiş əsərləri" (PDF) (az.). Şərq-Qərb. 2005. 2018-09-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-09-27.

Sevən könlüm sevdi səni,
Sevgi candan ayrılmaz!
Rahibim ol, yolum göstər,
Din imandan ayrılmaz!

Pəncərəyə nə qonmusan?
Yoxsa bəni sən anmısan?
Yüzsən, minsən, milyonmusan?
Ruh gümandan ayrılmaz!

Gündüzüm tar, gecəmsə yox,
Sevincim az, kədərim çox!
Dilim qabar, sözüm “ah”, “ox”,
Ah amandan ayrılmaz!

Məcnun çöldə, mən meşədə,
Canım div tək bir şüşədə.
Gözüm qalıb bənövşədə,
Quş ormandan ayrılmaz!

Kol dibində bitərəm mən.
Bülbül olub ötərəm mən!
Dağa qalxsam, itərəm mən,
Dağ dumandan ayrılmaz!

Dövran atar şeş-beşini,
Yelə verər peşkəşini!
İndisini, keçmişini,
Söz zamandan ayrılmaz!

Kimi ağlar, kimi gülər,
Göz yaşımı kimlər silər?
Balıq bilməz, xaliq bilər,
Gün cahandan ayrılmaz!