Valehlə Zərniyarın deyişməsi

Valehlə Zərniyarın deyişməsi
Müəllif: Aşıq Valeh və Zərnigar
Mənbə: Azərbaycan Aşıqlar Birliyi: Ozan dünyası. №4(11) (az). "Ozan dünyası" jurnalı (2012). Orijinal mənbədən 2017-05-18 tarixində arxivləşdirilib. Yoxlanılıb 2017-05-18.

Zərniyar:
O necə şəhərdir, on iki bazar,
Qırx səkkiz məhəllə, üç küçəsi var.
Üç yüz altmış altı hücrəsindədir,
Altı yüz iyirmi min həm xacəsi var.

Valeh:
Bir ilin içində on iki aydır,
Qırx səkkiz həftəsi, üç bayramı var.
Üç yüz altmış altı gün hesabıdır,
Altı min yüz iyirmi vaxt namazı var.

Zərniyar:
O necə şəhərdir, on beş çırağı,
Doqquz bağbanı var, on iki bağı.
Müttəsil pərgardır onun otağı,
Qapısın açanın nə ixlası var?

Valeh:
Suliddin, Firuddin on beşdir hamı,
Doqquz yol oğludur on iki imamı,
Müttəsil pərgardır cənnəti, damu,
Möminin behiştdə çox ixlası var.

Zərniyar:
Altı min yüz iyirmi onun dükanı,
On yeddi mənzildir yarın məkanı,
Necə pəhləvandır, yaxlayan onu?
Tap görüm, sözümün nə mənası var?

Valeh:
Altı min yüz iyirmi namazdır bir il,
On yeddi rikətdir bir gün, yəqin bil,
Yeddi əzan yerə dəyər mütəssil,
Mən deyim sözümün bu mənası var.

Zərniyar:
Altı min, altı yüz, altmış altıdı hacı,
On dörd ovçusu var, var onun gücü,
Səkkiz min altı yüz qırx dörd kərpici,
Onu yalqız yapanın nə bənnası var?

Valeh:
Altı min, altı yüz, altmış altıdı ayə,
On dörd səcdə tapar, onda hidayə,
Səkkiz min altı yüz qırx dörd sühayə,
Onu yalqız yapanın bir Allahı var.

Zərniyar:
Yüz on dörddə yəqin eylərəm şükür,
Yüz bir dərviş orda eyləyər zikir,
Bu Zərniyar sənə çəkər bir fikir,
Şəfiəl məzlum tək həm ağası var.

Valeh:
Yüz on dörddür yəqin sureyi-Quran,
Yüz bir təsbeh edər zikri ya sübhan,
Valehə kömək ol, ya Şahi-Mərdan,
Bu əmrdə küllü müddəası var.”

Ədəbiyyat redaktə

  • Həsən Mirzəyev. “Dərələyəz folkloru”, Bakı, 2006, səh.514-515