Vida müraciəti (Corc Vaşinqton)
Vida müraciəti Müəllif: Corc Vaşinqton |
Corc Vaşinqtonun Birləşmiş Ştatların ilk prezidenti olmağa daha çox şansı var idi. Həqiqətən də, çoxları Konstitusiyanın ratifikasiyasını yalnız ona görə dəstəkləyirdi ki, yeni dövlətin başçısının məhz Vaşinqtonun olacağına əmin idi. Və Vaşinqton öz fəaliyyəti ilə sübut etdi ki, o, bacarıqlı, hətta böyük prezidentdir. O, yeni dövlətin təməlini qoydu və ölkəni bir sıra daxili və xarici böhranlardan çıxardı.
Bir çox müasirləri kimi Vaşinqton da siyasi partiyaların əhəmiyyətini anlamır və onlara etibar etmirdi. O, partiyaları daxili sabitliyi sarsıdan qurumlar sayırdı. Vaşinqtonun prezidentliyi dövründə, onun bəzi hərəkətlərinə cavab olaraq ölkədə siyasi partiyalar formalaşmağa başlayarkən, o, kəsdirə bilmədi ki, tezliklə partiyalar Amerika xalqının əlində əsas alətə çevriləcək və mühüm ictimai məsələlərin müzakirəsi və həlli elə bu alətin vasitəsilə həyata keçiriləcək. Və məhz partiyaların xalqa güclü ziyan vura biləcəyi qorxusu Vaşinqtonu öz vida müraciətini yazmağa sövq etdi.
1790-cı illərin əvvəllərində iki siyasi partiya yaradıldı: bunlardan biri – Vaşinqtonun iqtisadi və xarici siyasətini dəstəkləyən federalistlər, digəri isə bu siyasətin əleyhinə çıxan Ceffersonun respublikaçıları idi. Federalistlər maliyyə naziri Aleksandr Hamiltonun (Alexander Hamilton) Mərkəzi Bankın yaradılması planını, habelə sənaye istehsalının inkişafına təkan verə biləcək tarif və vergi siyasətini dəstəkləyirdi; respublikaçılar Hamiltonun planında nəzərdə tutulmuş güclü dövlət əleyhinə idilər və sənayeçiləri deyil, fermerləri müdafiə edirdilər. Xarici siyasətdə hər iki tərəf istəyirdi ki, Böyük Britaniya və Fransa arasında getdikcə güclənən qarşıdurmasında Birləşmiş Ştatlar bitərəf mövqe tutsun, lakin ürəkdə, federalistlər ingilislərə, respublikaçılar isə fransızlara rəğbət bəsləyirdilər. Vaşinqtonun müraciəti qismən də olsa, partiyalararası ziddiyyətləri nəticəsində Birləşmiş Ştatların da bu beynəlxalq münaqişəyə sürüklənə biləcəyindən ehtiyatlanması ilə bağlı idi.
Müraciətin üçdə ikisi daxili məsələlərə və siyasi partiyaların yaranmasına həsr olunmuşdu. Vaşinqton, Birləşmiş Ştatları həqiqətən böyük dövlət etməyin konkret yolları barədə öz görümünü diqqətə çatdırırdı. O, hamını, öz partiya baxışlarını bir kənara qoyaraq, xarici öhdəliklərdən tam azad olan, ümumi rifah və “Amerika mahiyyəti naminə birləşməyə çağırdı: Birləşmiş Ştatlar yalnız Amerika maraqları üzərində köklənməlidir; Amerika bütün ölkələrlə ticarət üçün açıq olmalı, lakin bu zaman beynəlxalq münaqişələrə sürüklənməkdən çəkinməlidir. Bəzi fikirlərin əksinə olaraq, Vaşinqton burada xalqı təcridə deyil, onun üzərinə hər hansı bir minnət qoya biləcək ittifaqlardan çəkinməyə çağırırdı. O, Amerika İnqilabı zamanı Fransa ilə bağlanmış müqavilənin icrasını dəstəkləməyə çağırsa da, bu müqavilənin nəticəsində yaranmış problemlər göz qabağında idi. Vaşinqton hesab edirdi ki, Birləşmiş Ştatlar «başqaları üçün deyil, özü üçün çalışmalıdır».
Bu müraciət qısa bir müddətdə “ilahi vəhylər” sırasında yer tutdu.
Sonrakı onilliklər ərzində hər il bu nitqi Konqresdə ucadan oxuyur, uşaq dərsliklərində dönə-dönə nəşr edir, qol saatlarında nəqş edir və qobelenlərdə ipək sapla toxuyurdular. Bir çox amerikalılar, ələlxüsus sonrakı nəsillərin nümayəndələri Vaşinqtonun məsləhətlərini incil kəlamı kimi qəbul edirdilər. Bitərəf qalmaq və ya xarici problemlərə cəlb olunmaq barədə mübahisələr yaranarkən amerikalılar məhz bu nitqə istinad edirdilər. Həqiqətən də, Birləşmiş Ştatlar 1949-cu ilə qədər xarici dövlətlərlə heç bir müttəfiqlik müqaviləsinə imza atmadı.
VİDA MÜRACİƏTİ
redaktəDostlar və həmvətənlər,
Birləşmiş Ştatların icra hakimiyyətinin başçısı vəzifəsinə ölkənin yeni vətəndaşının seçilməsi vədəsi yetişir. Elə bir vədə ki, siz öz sağlam düşüncənizə müraciət edərək, çox yüksək etimada layiq görülən şəxsi seçməlisiniz. Buna görə mənə belə gəlir ki, seçim edəcəyiniz şəxslər sırasında prezident vəzifəsi üçün səsə qoyulmamaq haqqında öz şəxsi qərarımı sizə çatdırmağım yerinə düşərdi, ələlxüsus, bunun, seçkiqabağı durumdan xalqın baş açmasına köməyi dəyərsə …
Mən bu mürəkkəb işi yerinə yetirmək üçün öz vəzifəmə başlayarkən, keçirdiyim hisslər haqqında artıq sizə danışmışam. Bu gün bu səlahiyyətləri üstümdən götürərkən, mən sadəcə deyə bilərəm ki, dövlətin təşkili və idarə olunması üçün gücüm çatan hər şeyi etmişəm. Elə ilk gündən bilik və təcrübəmin azlığını (öz gözlərimdə, elə ətrafdakıların gözündə də) bildiyimə görə, mənim özümə inamımı daha da zəiflətmişdi. Və yaşımın günbəgün artan yükü getdikcə daha tez-tez, bu qədər vacib və arzuolunan hesab etdiyim istefanı yadıma salır. Xidmətlərimin müvəqqəti də olsa fayda gətirməsi hissindən məmnuniyyət duyaraq, mən həm də onunla dinclik və təsəlli tapıram ki, düzgün seçim və sağlam düşüncə mənə siyasi meydandan vaxtında getməyi məsləhət görür, vətənpərvərliyim isə buna etiraz etmir…
Bəli, getmək vaxtım çatıb. Lakin sizin rifahınız haqqında, mənim həyatımdan sonra da davam edəcək qayğı və bu qayğıya xas olan təhlükə qarşısında qorxu, məni, uzun düşüncə və müşahidələrin bəhrəsi olan bəzi mülahizələrimi sizin mühakimənizə verməyi sövq edir; bu mülahizələr xalqımızın uzun müddətli tərəqqisi üçün mənə çox önəmli görünür… Azadlıq eşqi hər birimizin qəlbinə elə sirayət edib ki, bunu bir daha təkrar və ya təsdiq etməyə heç bir ehtiyac duymuram.
Lakin bizi vahid xalq edən dövlət vəhdəti də bizim üçün əzizdir. Bu belə də olmalıdır, çünki vəhdət bizim gerçək müstəqilliyimizin əsas dayağıdır; ölkə daxilində sabitliyin və onun hüdudları kənarında əmin-amanlığın, təhlükəsizliyinizin, firavanlığınızın və nəhayət, bu qədər yüksək qiymətləndirdiyiniz azadlığın təməlidir. Lap öncədən asan görmək olar ki, bizim bu həqiqətə olan inamımızı sarsıtmaq üçün çox şeylər ediləcək, çünki sizin siyasi qalanızda o elə bir mühüm nöqtədir ki, xarici və daxili düşmənlərimizin bütün həmlələri ona qarşı yönəldiləcəkdir (baxmayaraq ki, bu çox vaxt gizlicə və satqıncasına ediləcəkdir). Ümumi və şəxsi xoşbəxtlik üçün sizin milli vəhdətinizin böyük əhəmiyyətini düzgün qiymətləndirmək çox vacibdir; bu vəhdətə səmimi qəlbdən, bütün varlığınızla və fədakarcasına sadiq olmaq, bu barədə, sizin siyasi təhlükəsizliyinizin və tərəqqinizin rəhni kimi danışmaq və düşünməyi öyrənmək; onun qorunması qayğısına qeyrətlə qalmaq; hansısa hallarda guya onun daha lazım olmayacağına dair istənilən eyhamları rədd etmək, ölkəmizin hansısa hissəsini ayırmaq və ya bizi bir-birimizə bağlayan müqəddəs telləri zəiflətmək yolunda istənilən cəhdləri qəzəblə rədd etmək çox vacibdir. Sizin marağınız bundadır və hər biriniz buna can atmalısınız. Doğuluş və ya seçim üzrə bu ölkənin vətəndaşları olmaqla siz, ona fədakarcasına sədaqətli olmalısınız. Vətəndaşlığınız üzrə hər birinizə məxsus olan amerikalı adı həmişə sizdə iftixar və və vətənpərvərlik hissi oyatmalıdır. Cüzi fərqlərlə hamınızın eyni bir dini, ənənələri, vərdişləri və siyasi prinsipləri vardır. Siz vahid məqsəd naminə bir yerdə vuruşmusunuz və bir yerdə qələbə çalmısınız. Müstəqilliyiniz və azadlığınız birgə işin və birgə səylərin, ümumi hədələr, əzablar və uğurların bəhrəsidir.
Lakin bütün bu dəlillər, onların sizin hisslərinizə nə dərəcədə güclü təsir göstərməsindən asılı olmayaraq, bilavasitə maraqlarınızla bağlı olan dəlillərdən az önəmlidir. Ölkəmizin hər bir guşəsi vəhdətin müdafiəsi və qorunması üçün ən inandırıcı dəlillərə malikdir.
Cənubla məhdudiyyətsiz qarşılıqlı münasibətləri saxlayan və vahid dövlətin bərabər qanunları ilə mühafizə olunan Şimal bu cür münasibətlər sayəsində dəniz və ticarət əməkdaşlığı üçün əlavə xeyli resurslar, habelə sənayenin istehsal sektorunun inkişafı üçün qiymətli xammal əldə edir. Cənub isə Şimalla bu cür ünsiyyətin gedişatında öz kənd təsərrüfatını və ticarətini inkişaf etdirir. Şimalın dənizçilərini müəyyən dərəcədə öz kommunikasiyalarına cəlb edən Cənub öz gəmiçiliyini inkişaf etdirir; və Cənub ümummilli gəmiçiliyinin əsas kütləsinin inkişafına və artımına kömək etdikcə, həm də, hələlik yetərincə inkişaf etməmiş öz gəmiçiliyini möhkəmlədəcəkdir. Həmən yolla, Şərq Qərblə əməkdaşlıq edərək, artıq, xaricdən gətirilən və evdə istehsal edilən malları satmaq iqtidarındadır və daxili yerüstü və dəniz kommunikasiyaları yaxşılaşdırıldıqca, ticarətin bu növü durmadan inkişaf edəcəkdir. Qərb isə Şərqdən ona inkişaf və komfort üçün lazım olan şeyləri alır. Lakin bu da vacibdir ki, Şərqdən gələn malların satışı üçün etibarlı bazarların mövcudluğu İttifaqın Atlantik sahillərinin dənizçilik qüdrətindən asılı olacaqdır ki, burada da birinci yerə vəhdətimizdən irəli gələn maraqların sarsılmaz birliyi qoyulur. Qərbin üstünlük qazana biləcəyi istənilən digər inkişaf kursu, istər bu, onun daxili resursları, istərsə də hər hansı bir xarici dövlətlə dönük və qeyri-təbii əlaqələri ilə bağlı olsun, hökmən uğursuzluğa məhkumdur.
Müvafiq olaraq, ölkəmizin hər hissəsi ittifaqın vəhdətində bilavasitə və birbaşa maraqlıdırsa, onun bütün hissələri bir yerdə götürüldükdə, bu vahid vasitələr və səylər kütləsi hesabına daha böyük gücə, daha böyük resurslara, xarici hədələrə qarşı daha böyük təhlükəsizliyə, xarici dövlətlər tərəfindən öz əmin-amanlığının daha az pozulmasına nail olacaqlar. Və ən qiymətlisi budur ki, bu cür vəhdətin sayəsində onlar özlərini elə öz ixtilaf və müharibələrindən qoruyurlar, halbuki, bir-birləri ilə vahid idarə etmə ilə bağlı olmayan qonşu dövlətlər bu cür münaqişələrə tez-tez məruz qalırlar. Bu ixtilaflar bəzən bir-birləri arasında adi rəqabət nəticəsində yarana bilər, lakin xarici alyanslara üzvlüklə və ya onların qarşısında hansısa müəyyən öhdəliklərlə daha da dərinləşə bilər. Bu yolla, ölkəmizin müxtəlif hissələri özlərində getdikcə artıb böyüyən hərbi strukturlar yaratmaq zərurətindən yaxa qurtara bilərlər, bu cür strukturlara isə istənilən dövlət quruluşunda, azadlıq hissi yaddır və onlar «azad respublika» anlayışını qəbul etmək belə istəmirlər. Məhz bu mənada ittifaq məhz azadlığınızın əsas dayağı kimi nəzərdən keçirilməlidir. Və sizin azadlığa olan sevginiz bu vəhdəti qoruyub saxlamaqda sizə kömək etməlidir…
Ümumi dövlətin bu cür nəhəng sahəni birləşdirib idarə edə bilməsinə sizdə şübhə varsa, qoy bu suala təcrübə cavab versin. Bu mövzu üzrə əsassız fikir yürütmək cinayətə bərabər olardı. Bu məsələ ciddi öyrənmə tələb edir. Bir halda ki, ölkəmizin bütün hissələrinin birləşməsi üçün bu cür inandırıcı və aşkar səbəblər mövcuddur və neqativ təcrübə yoxdursa, ölkənin hansısa guşəsində, ölkəmizi birləşdirən telləri zəiflətməyə çalışanların yerliçi vətənpərvərliyinə biz ciddi baxa bilmərik.
İttifaqımız üçün ən ciddi problemlər onunla bağlıdır ki, tərəfləri coğrafi əlamətlərə görə bölmək, onları şimallılara və cənublulara, Atlantik sahillərindən və Qərbdən gələnlərə ayırmaq cəhdlərinə rast gəlinir.
Bizi inandırmağa çalışırlar ki, guya onların baxışları ilə yerli maraqlar arasında gerçək fərqlər mövcuddur. Müəyyən dairədə nüfuz qazanmaq üçün yerli partiya digər dairələrin məqsəd və baxışlarını təhrif etməyə çalışır və bu cür təhriflərlə mübarizə aparmaq çox çətindir. Onlar qardaşlıq hissləriylə bağlanmalı olan kəsləri yad kimi qələmə verməyə səy edirlər.
İttifaqımızın effektiv və möhkəm olması üçün vahid dövlət gərəkdir. İttifaqın ayrı-ayrı hissələri arasında alyanslar nə qədər möhkəm olsa da, onlar ittifaqı əvəz edə bilməz. Onlar hökmən bütün dövrlərdə və bütün alyanslar üçün qaçılmaz olan münaqişələr və daxili çəkişmələrlə üzləşəcəklər. Bu mühüm həqiqəti dərk etməklə siz birinci cəhdlə müqayisədə daha uğurlu addım ataraq, İttifaqın bütün hissələrinin yaxınlaşmasına və ümumi vəzifənin həllinə kömək etməyə qabil olan Konstitusiyanı qəbul etmisiniz.
Dürüst və yetkin təhlilin nəticəsində yaradılmış bu dövlət sizin heç bir təsirə və qorxuya boyun əyməyən seçiminizin bəhrəsidir. Bu dövlətin sizin etimadınıza və dəstəyinizə ümid etməyə tam haqqı var, belə ki, o öz prinsiplərində, öz səlahiyyətlərinin bölgüsündə tam azaddır; belə ki, bu dövlət özündə gücü və təhlükəsizliyi birləşdirir və öz fəaliyyətini yaxşılaşdırmaq haqqında müddəaları daşıyır. Onun hakimiyyətini tanımaq, onun qanunlarına tabe olmaq və onun hərəkətləri ilə razılaşmaq bizim ümumi borcumuzdur və bu borc həqiqi azadlığın tələblərindən irəli gəlir. Bizim siyasi sistemimizin təməlini xalqın öz dövlət quruluşunu yaratmaq və dəyişdirmək hüququ təşkil edir. Lakin qüvvədə olan Konstitusiya – xalqın aydın ifadə olunmuş iradəsi ilə dəyişdirilənə qədər – hamı üçün müqəddəsdir. Xalqın dövlət yaratmaq hüququ haqqında ideyanın özü hər bir vətəndaşın, yaradılmış dövlətə tabe olmaq vəzifəsini ehtiva edir.
Dövlətinizin qorunub saxlanması və hazırkı firavanlığınızın sabitliyi üçün dövlətin qanuni hakimiyyətinin əleyhdarları ilə daim mübarizə aparmaq azdır, həm də, onun prinsiplərinə dair hər cür yeniliklərə, bunlar nə qədər əsaslandırılmış olsa belə, səylə müqavimət göstərmək gərəkdir. Məsələn, bu prinsiplərə təcavüz etməyin üsullarından biri – Konstitusiyaya, dövlət sistemini zədələyə biləcək və adi qaydada devrilməsi mümkün olmayan şeyləri poza biləcək dəyişikliklərin daxil edilməsidir.
Hər hansı dəyişiklik etmək həvəsinə düşərkən, unutmayın ki, başqa institutların xassələrinin müəyyənləşdirilməsində olduğu kimi, dövlət xassələrinin təyinatında da zaman və ənənə çox mühüm rol oynayır. Yadda saxlayın ki, ölkənin dövlət quruluşunun həqiqi xüsusiyyətlərinin müəyyənləşdirilməsi üçün ən etibarlı meyar – təcrübədir; sadə fərziyyələr və yoxlanılmamış rəylər əsasında asanlıqla həyata keçirilən dəyişikliklər sonradan sonsuz dəyişikliklərə gətirib çıxara bilər. Və nəhayət, yadda saxlayın ki, bu cür nəhəng ölkədə ümumi işimizi səmərəli idarə etmək üçün elə bir dövlətə malik olmaq lazımdır ki, onun gücü sizin tam azadlığınıza zidd olmasın. Səlahiyyətlərin lazımi qaydada bölündüyü və tənzimləndiyi dövlətdə azadlıq etibarlı şəkildə qorunur. Dövlət, fraksiyaçıların onu parçalamaq cəhdlərinə qarşı duruş gətirmək iqtidarında olmalıdır, o hər bir vətəndaşa göstərməlidir ki, qanunların sərhədləri haradan keçir və o, hamı üçün şəxsi hüquqların və mülkiyyətin tam və sabit riayət olunmasını təmin etməlidir.
Mən yuxarıda, ştatın daxilində partiyaların, onların coğrafi ayrı-seçkiliyi həyata keçirmələri ilə bağlı təhlükəli fəaliyyəti barədə söhbət etmişdim. İndi isə izn verin, sizi bunun daha müfəssəl xarakteristikası ilə tanış edim və bütövlükdə partiya ruhunun məhvedici nəticələri barədə rəsmi surətdə sizi xəbərdar edim. Bu ruh, bədbəxtlikdən, bizim təbiətimizdən ayrılmazdır və insan şüuruna xas olan ehtiraslarda kök salıb. O, bütün dövlətlərdə, ən müxtəlif formalarda – az və ya çox dərəcədə ifadə edilmiş, nəzarətdə olan və ya itaətə gətirilmiş formada mövcuddur; lakin xalq hökumətində o, xüsusilə aşkar ifadə edilib və onun qatı düşməni sayılır… O, dövlət şuralarını dağıdır və idarəçilik işini zəiflədir. O, cəmiyyətdə əsassız qısqanclıq oyadır və yalançı həyəcanlar doğurur; bütövün bir hissəsini digərinə qarşı qaldırır; gözlənilməz üsyanlara və qiyamlara gətirib çıxarır. O, partiya ehtirasları kanalları vasitəsilə hökumətin özünə yol tapan xarici təsir və korrupsiya üçün qapıları taybatay açır. Beləliklə, bir ölkənin siyasəti və iradəsi digərinin siyasətinə və iradəsinə tabe etdirilir.
Belə fikir mövcuddur ki, azad ölkələrdə partiyalar hökumətin hakimiyyətinin qarşısını alan mühüm mexanizmdir və azadlıq ruhunun dəstəklənməsinə xidmət edir. Müəyyən mənada bu bəlkə də belədir. Monarxiya xarakterli dövlətlərdə isə vətənpərvərlik bu partiya ruhuna kömək edir və hətta onu həvəsləndirir. Lakin xalq hökumətində, tamamilə seçkili xarakterli dövlətlərdə bu ruh həvəsləndirilməməlidir. Xalq hökuməti öz təbiəti etibarilə, müxtəlif xeyirxah məqsədlər üçün yetərincə bu cür ruha malik olur, lakin onun həddən çox bolluğunun təhlükəli olmasını nəzərə alaraq, ictimai rəy vasitəsilə onu yumşaltmaq və zəiflətməyə çalışmaq lazımdır. Tamamilə söndürülməsi mümkün olmayan oda oxşayan bu ruh bizdən daim sayıqlıq tələb edir ki, o, alovlanaraq böyük yanğına çevrilməsin, əks halda o bizi qızdırmaq əvəzinə məhv edə bilər.
Bu da vacibdir ki, azad ölkədə təfəkkür ənənəsi hakimiyyətdə olanlara öz konstitusion sahələri çərçivəsindən kənara çıxmalarına imkan verməsin; onların bir təsisatın səlahiyyətlərinin icrası zamanı başqa təsisatın hüquqlarını pozmasına mane olsun. Hakimiyyətdən sui-istifadə ruhu hakimiyyətin bir qisim şəxsin əlində cəmlənməsinə səbəb olur ki, bu da dövlət formasından asılı olmayaraq, əsl despotizmin yaranmasına gətirib çıxarır… Əgər xalqın fikrincə, konstitusion hakimiyyət düzgün bölünmürsə və ya dəyişdirilmirsə, bunu Konstitusiyada nəzərdə tutulmuş üsulla düzəltmək olar. Lakin dəyişikliklərin qeyri-qanuni üsullarla edilməsinə yol verməyin; bu üsullar hansısa bir halda hətta fayda gətirə bilər, lakin əsasən onlar azad dövlətin dağıdılmasının başlıca alətidir. Daimi problemlərlə mübarizədə presedent həmişə yarımçıq və ya ötəri faydadan yüksəkdə durmalıdır.
Siyasi çiçəklənməyə aparan ənənələr və faktorlar arasında din və əxlaq əvəzolunmaz dəyərlərdir. İnsana və vətəndaşa, onun vəzifə borcunu yerinə yetirməkdə kömək edən bu faktorları saya salmayan, insan xoşbəxtliyinin bu böyük dayaqlarını sarsıdan kəsləri vətənpərvərliyə çağırmaq əbəsdir. Adi siyasətçi, eləcə də dindar insan bu dəyərlərə eyni dərəcədə hörmət etməyə və onları əziz tutmağa borcludur. Bu dəyərlərin şəxsi və ictimai həyata bütün təsirini izləmək çətindir. Sadəcə soruşmaq olar: “Məhkəmə araşdırması gedişində verilən and anında insanda dini məsuliyyət hissi olmursa, mülkiyyətin, nüfuzun, insan həyatının təhlükəsizliyinə necə təminat vermək olar?” Və gəlin bir anlığa təsəvvür edək ki, əxlaqı dinin köməyi olmadan da qorumaq mümkündür. Biz bu fikrə təhsilin insan zəkasına təsiri ilə haqq qazandırmağa nə qədər çalışsaq da, şüur və təcrübə, milli mənəvi ruhun dini prinsiplərdən kənarda təntənə çala biləcəyini düşünməyi bizə qadağan edir.
Heç bir şübhə ola bilməz ki, əxlaq tərbiyəsi demokratik dövlətin zəruri ünsürüdür. Bu qayda az və ya çox dərəcədə azad dövlətin bütün növlərinə şamil edilə bilər. Azad dövlətin səmimi və sadiq tərəfdarı olan kəs onun əsaslarını sarsıtmaq cəhdlərinə laqeyd tamaşa edə bilərmi? Daha sonra, biliklərin yayılmasına kömək edən institutların ön plana çəkilməsi çox vacibdir. Dövlət, ictimai rəyi vacib saydığı qədərində də, onu maarifləndirməyə çalışmalıdır. İctimai etimadın qədrini bilmək və onu əziz tutmaq vacibdir – dövlətin güc və təhlükəsizliyinin mənbəyi bundadır. Buna nail olmanın üsullarından biri bu etimaddan son dərəcə ehtiyatla istifadə etməkdir. Lazımsız xərclərdən qaçmaq üçün əmin-amanlığı saxlamaq vacibdir, lakin unutmayın ki, gözlənilən təhlükəyə hazırlıq üçün vaxtında xərc çəkilməsi, bu təhlükənin nəticələrinin aradan qaldırılması üzrə tədbirlərin görülməsindən qat-qat ucuz başa gəlir.
Elə bu cür də, borcların yığılıb böyüməsindən qaçmaq lazımdır. Lakin bu o demək deyil ki, biz hansısa xərclərdən çəkinməliyik. Lakin dinc dövrdə, borclardan xilas olmaq üçün təsirli tədbirlər görülməlidir.
Labüd müharibələr nəticəsində yığılıb qalmış borclardan xilas olmağa, özümüz çəkməli olduğumuz yükü gələcək nəsillərin üzərinə qoymamağa çalışmaq lazımdır…
Bütün ölkələrə etibar və ədalətlə yanaşın. Hamı ilə münasibətdə sülhü və harmoniyanı təbliğ edin. Bunu din və əxlaq da tələb edir. Məgər ləyaqətli siyasət bunu tələb etməyə bilərmi? Yalnız azad, maarifpərvər və yaxın gələcəyin böyük ölkəsi bütün bəşəriyyət üçün, xalqın ədalət və nəcibliyin köməyilə idarə oluna bilməsi barədə bu cür alicənab və misilsiz nümunə göstərə bilər. Kim şübhə edə bilər ki, zaman keçdikcə, bu cür planın nəticələri istənilən müvəqqəti üstünlüklər itkisini artıqlaması ilə ödəyə bilər? Heç ola bilərmi ki, İlahi qüvvə xalqın əbədi xoşbəxtliyini onun fəzilətləri ilə bağlamasın? Ən azı bunu insan təbiətini nəcibləşdirən hisslər tələb edir. Baxmayaraq ki, gördüyümüz kimi, insan təbiəti qəbahətlərlə doludur.
Bu planın həyata keçirilməsi zamanı, müəyyən millətlərə daimi və köhnə ədavət hissinin və digər millətlərə hədsiz meylin aradan qaldırılmasından vacib iş yoxdur. Bunun əvəzinə, hamıya ədalətli və dostcasına münasibət bəsləmək lazımdır. Kimə qarşısa hədsiz nifrət və ya hədsiz bağlılıq duyan xalq müəyyən mənada kölədir; o öz ədavətinin və ya bağlılığının köləsidir. Hətta bu anlayışlardan birinin olması kifayətdir ki, xalqı öz borc və mənafeləri yolundan azdırmaq mümkün olsun. Bir xalqın digərinə düşmən münasibəti onları qarşılıqlı təhqirlərə, bir-birinə ziyan vurmağa, inciklik və düşmənçilik üçün səbəblər axtarmağa, habelə təsadüfi və ya cüzi fikir ayrılıqları üzündən təkəbbür və inadkarlığın nümayişinə sövq edir.
Bir xalqın digərinə həddən artıq bağlılığı da bu cür fəsadlar doğurur. Bir xalqın digərinə rəğbəti əsassız yerə hansısa ümumi mənafelərin olması görüntüsünü yaradır və başqa xalqlar barəsində özgə düşmənçiliyini təlqin edir. Bütün bunlar bir xalqı heç bir əsas və bəraət olmadan, digər xalqın apardığı müharibəyə və ya onun daxili çəkişmələrinə cəlb edə bilər. Bu cür ikili münasibət həm də müəyyən dövlətlərin xeyrinə güzəştlər edilməsinə, digər dövlətlərdən isə bunun əsirgənilməsinə gətirib çıxarır ki, bu da güzəşt edən dövlətə daha böyük ziyan vurur, belə ki, o özü üçün saxlamalı olduğu şeydən lazımsız yerə əlini üzməli olur, digər tərəfdən, hamı üçün bərabər dərəcədə nəzərdə tutulmuş imtiyazlar barədə rədd cavabı almış dövlətlərdə bizə qarşı paxıllıq, qısqanclıq və intiqamçılıq hisslərini oyadır; müəyyən ölkələrə tərəfgirlik edən iddialı, korrupsiyaya qurşanmış və saxtakar vətəndaşlara öz ölkəsinin mənafelərini həyasızcasına satmağa və qurban verməyə imkan yaradır. Bu cür fəaliyyət hətta bəzən onlara populyarlıq gətirir: guya onlar bunu borc hissinə, «ictimai rəyə hörmətə» görə edirlər. Əsl həqiqətdə isə onları hərəkətə gətirən sarsaq iddialar, acgözlük və kor-koranə rəğbətdir…
Azad xalqın sayıqlığı həmişə məkrli xarici təsirə qarşı yönəlməlidir (həmvətənlərim, and verirəm ki, mənə inanasınız), belə ki, tarix və təcrübə göstərir ki, xarici təsir respublika dövlətinin ən qatı düşmənlərindən biridir. Lakin faydalı olması üçün bu sayıqlıq qərəzsiz olmalıdır, əks halda o özü arzuolunmaz təsir alətinə çevrilə bilər. Hər hansı bir əcnəbi dövlətə qarşı hədsiz rəğbət və digəri barədə hədsiz qərəzli münasibət ona gətirib çıxarır ki, bu hisslərin təsiri altına düşmüş xalq biri ilə münasibətdə yalnız təhlükə, digəri ilə münasibətdə yalnız firavanlıq mənbəyini görür. «Dostbazlığın fitnələrinə müqavimət göstərən əsl vətənpərvərlər bir qayda olaraq şübhə və həqarət hədəfinə çevrilir, xalqın bütün rəğbəti və etimadı isə onun mənafelərini satan dələduzların payına düşür.
Xarici dövlətlərlə münasibətlərimizin əsas qaydası ondan ibarətdir ki, onlarla ticarət münasibətlərini inkişaf etdirərkən, biz onlarla mümkün qədər az siyasi münasibətlərə girməliyik. Gəlin, artıq öz üzərimizə götürdüyümüz öhdəliklərə vicdanla əməl edək və gəlin, bununla da əl saxlayaq.
Avropanın, bizimlə heç bir və ya demək olar heç bir əlaqəsi olmayan bir sıra öz mühüm maraqları var. Avropa ölkələri daim öz aralarında müxtəlif mübahisə və münaqişələrə girəcəklər və bu zaman bunların səbəbləri bizim üçün həmişə yad olacaqdır. Buna görə bizim üçün ağılsızlıq olardı ki, Avropanın dəyişkən siyasəti və ya onun cari rəğbət və ya düşmənçiliklərindən irəli gələn problemləri ilə süni əlaqələrlə əl-qolumuzun bağlanmasına imkan verək.
Avropadan coğrafi uzaqlığımız və fərqli mövqeyimiz başqa kursla, başqa yolla getməyimizə imkan verir. Biz bundan sonra da vahid xalq kimi qalsaq və bizim səmərəli işləyə bilən hökumətimiz olsa, xarici qüvvələrin bizə maddi ziyan vurma yönündə istənilən cəhdlərinin qarşısını ala biləcəyimiz, hamıya qarşı qərəzsiz, ədalətli münasibətimizin bizə ümumi hörmət gətirəcəyi, hərbçi dövlətlərin bizim hesabımıza faydalanmağın mümkünsüzlüyünü dərk edərək, bizi provakasiya etmək riskinə getməyə ürək eləməyəcəyi, ədalət prinsipləri üzərində qurulan şəxsi mənafelərimizdən asılı olaraq sülh və müharibə arasında özümüzün seçim edə biləcəyimiz gün çox da uzaqda deyil.
Bu cür mürəkkəb vəziyyətdə biz nə üçün özümüzü hansısa üstünlüklərdən məhrum etməliyik? Nə üçün bizə mənsub olan şeylərdən əcnəbilərin xeyrinə imtina etməliyik? Nə üçün öz taleyimizi Avropanın hansısa hissəsinin taleyi ilə bağlamalı, öz əmin-amanlıq və tərəqqimizi Avropanın iddiaları, rəqabət və mənafelərindən yaxud şıltaqlığından asılı vəziyyətə salmalıyıq?
Bizim siyasətimiz ondan ibarətdir ki, xarici dünyanın hər hansı bir hissəsi ilə hansısa əbədi alyanslardan kənarda duraq – mən seçim azadlığını özümüzdə saxlamağı nəzərdə tuturam. Elə düşünməyin ki, mən artıq mövcud olan müqavilələrə riayət etməməyə çağırıram. Mən belə hesab edirəm ki, ictimai, eləcə də şəxsi işlərdə “ən yaxşı siyasət düzlükdür”. Buna görə təkrar edirəm: bizim xarici dövlətlərlə artıq bağladığımız müqavilələrə dönmədən riayət olunmalıdır. Lakin hesab edirəm ki, bunların uzadılmasına ehtiyac yoxdur və əks halda bu, sağlam düşüncəyə zidd olardı. Təhlükəsizliyimizi lazımi qaydada təmin etməyə qabil olan zəruri institutları yaratmaqla, biz fövqəladə hallar üçün nəzərdə tutulmuş müvəqqəti alyanslara etibar etməklə riskə gedə bilmərik.
Bütün ölkələrlə harmoniyanı və azad münasibətləri bizim siyasətimiz, insaniyyətimiz və şəxsi maraqlarımız tələb edir. Bizim ticarət siyasətimiz də qərəzsiz olmalı və kimlərəsə xüsusi nemətlər və imtiyazlar verilməsinə əsaslanmamalıdır; o, hadisələrin təbii gedişinə dayaqlanmalı, ticarət axınına təbii müxtəliflik verməli, zora əl atmamalıdır.
Ticarətə sabit yön vermək, ticarətçilərimizin hüquqlarını müəyyən etmək və onlara hökumət yardımının göstərilməsi imkanı yaratmaq üçün ticarət siyasətimiz müvafiq səlahiyyətlərdən istifadə etməklə, müqaviləvi qaydaları – halların və tərəflərin qarşılıqlı razılığının bizə imkan verə biləcəyi ən yaxşı qaydaları yaratmalıdır. Lakin bu qaydalar müvəqqəti xarakter daşımalıdır – onlara yenidən baxılmalı və hətta konkret situasiyadan asılı olaraq onlar ləğv edilməlidir.
Yadda saxlayın: başqa dövlətdən daim təmənnasız kömək ummaq böyük səhv olardı; çünki adətən bu cür köməyin əvəzini ölkə öz müstəqilliyinin bir hissəsi ilə ödəməli olur; bu cür köməyi qəbul etməklə, o, bu köməyin haqqını ödəsə də, haqqın guya yetərincə olmamasına görə təqsirləndirilir. Dövlətlər arasında təmənnasız yardım gözləmək və buna ümid etməkdən kobud səhv ola bilməz. Bu xülyadan bizi yalnız təcrübə sağalda bilər, yalnız ədalətli məğrurluq bizi ondan xilas edə bilər.
Mən başçılıq etdiyim hökumətin fəaliyyətini nəzərdən keçirərkən hər hansı qəsdən yol verilmiş səhvləri görməsəm də, bununla belə, qüsurların olmaması ilə öyünə bilmərəm, düşünürəm ki, onlar az olmayıb. Onların necəliyindən asılı olmayaraq, mən Allah-təaladan səmimi-qəlbdən rica edirəm ki, bu qüsurların nəticələrini yüngülləşdirsin. Mən həmçinin bu ümiddəyəm ki, ölkəm mənim səhvlərimə güzəştlə yanaşacaq və həyatımın 45 ilini öz ölkəmə sədaqətli xidmətə həsr etdiyimi nəzərə alaraq yol verdiyim bütün səhvləri yaddaşından siləcək, necə ki, mən özüm yaxın gələcəkdə yaddaşlardan silinəcəm.
Bu və digər məsələlər barədə ölkəmizin alicənablığına ümid edərək və ona olan coşğun məhəbbətdən (özü üçün və əcdadlarının bir neçə nəsli üçün vətən saydığı ölkəyə bu cür məhəbbət təbiidir) ilhama gələrək, məmnuniyyət hissi ilə öz istefamı gözləyirəm və mən onu, qəlbimin bu əbədi məskəninin, birgə qayğı, zəhmət və riskimizə görə bizə verilmiş bu xoşbəxt mükafatın – azad dövlətin idarəçiliyi altında, ədalətli qanunların icrasında həmvətənlərimlə birgə aldığım həzz hissinə kədər qatmadan həyata keçirməyə söz verirəm.
Mənbə
redaktə- J.D. Richardson, ed., Compilation of Messages and Papers of the Presidents, vol.1 (1907), 213.