Vikimənbə:Günün mətni/avqust 17

Gülzar
Cəfər Cabbarlı

Bu gecə bütün kənd sevinirdi. Qızlar, gəlinlər, uşaqlar, gənclər, ixtiyarlar sevinir, bütün kainat belə sevinirdi… Uşaqların bağırtısı, qızların, gəlinlərin çalğısı, yastı balabanların ən kobud ürəkləri oxşayan həzin iniltisi bir-birinə qarışıb, ümumi bir ahəng yaratmış və hər kəs bu şən gurultunun sonsuz sevinclərinə dalıb getmişdi.
Bəli, bu gecə hər kəs sevinir, həm də onun səadətinə sevinirdi.
Yalnız o, yalnız o, bunları görmür, eşitmir, qadınların böyük bir gurultu qopartdığı darısqal və yarıqaranlıq daxmanın bir bucağına sıxılmış, bütün bu sevinclərə darılır, bu şənliklərdən sıxılır və eşitdiyi bütün bu gülüşlərdə, bu gurultularda müdhiş bir fəlakət bayquşunun qorxunc sədasını hiss edirdi. O, bu gecə gəlin gedirdi.
Tam altı aydan bəri ayrılmaz bir yoldaşı olan köhnə qabıqlı Quranı kiçik döşlərinin arasına sıxıb: “Ey Quran, ey uca pərvərdigar, sən ki hər şeyi bilirsən, sən mənə kömək ol!” - deyə göz yaşları ilə yıpranmış yarpaqlarını isladırdı. Bunu hər kəs görür, lakin onu son zamanlar daima belə tutqun gördüklərindən, bir o qədər də maraqlanmırlardı.
Hətta qızlardan bir neçəsi maraqlanmış, soruşmuş və cavab almayınca, kimisi bu zavallı qızcığazın öz nişanlısını sevmədiyindən, kimisi tərsinə olaraq, çox sevdiyindən və sevincindən ağladığını, kimisi də "adətdir", "qızlar gəlin gedərkən ağlarlar", - deyə yenidən özlərini bir susmaz gurultuların ağuşuna atırdılar. Lakin kimsə bu öksüz yavrucuğun ruhuna girə bilmir, oradakı cəhənnəm kimi coşan müdhiş iztirabları, kiçik vücudunu sarsıdan, ürəyini, duyğularını, bir kəlmə, bütün varlığını çeynəyən dəhşət və fəryadları görə bilmirdi. Yalnız o özü bunları görür, hiss edir və əski qabıqlı Quranını bağrına basaraq: "Ey Quran, ey Quran sahibi, sənə pənah gətirmişəm", - deyə için-için ağlayır, göz yaşlarını tökürdü...
Ox, o fəlakətli gecə olmasaydı!