Vikimənbə:Günün mətni/dekabr 19
Leylinin Allaha yalvarması
Nizami Gəncəvi
Vaxtın buxağından, qulaqlarından
Gecə, incisini asdığı zaman
Leyli göy üzündə Sürəyya kimi,
Gözündən dənizə səpirdi inci.
Bir oydu, bir gecə, bir dərd, bir də dağ,
Onun həmdəmiydi yalnız bir çiraq.
Gecələr yatmazdı, pərvanələr tək,
Gecədən çırağa gileylənərək.
Deyirdi: "Nə zaman qurtaracaqdır,
Bu gecə fələyin alnında dağdır.
Mənə qismət olan gecəyə bax bir,
Bütün varlığımı o, həlak edir.
Bu uzun qaranlıq gecəyə, inan,
Bir əlac tapmıram əlacsızlıqdan.
Qəlbində qalmamış onun hərarət,
Qorxuram səhəri olsun qiyamət.
Gülmədim bu gecə gələndən bəri.
Bari, xoş olaydı onun səhəri.
Ev uçmuş, çıraq da sönmüşdür bu dəm,
Bağı talan olmuş bağban kimiyəm.