Vikimənbə:Günün mətni/fevral 3

Dilarə
Cəfər Cabbarlı

Günəşin son vərəmli tellərinin duydurduğu iyrənc bir sükut içində ana ağlayır, ata ağlayır, zavallı qızcığaz da, bu fəlakətə səbəb olmuş kimi, qorxudan qımıldanmayıb, yavaşdan için-için ağlayırdı. Səadət şərbətini tapıb içərkən, qədəhi salıb qırmaq, xoşbəxtlik yolunu tapıb, tam məqsədə çatarkən bir fəlakətə uğrayıb, məhv olmaq nə qədər acı olsa da, adi bir şey deyilmidir? Gün batar-batmaz idi. Palçıqlı Bəşir donluğunu almış, borcları ilə tutuşduraraq evə qayıdırdı. Xəstələnmiş, borca düşmüşdü. Bu gün bütün borcları bitir, hətta bir qədər artıq pulu da qalırdı. Kiçik qızı Dilara üçün yemişdən-zaddan almaq istəyirdi; paltarı da yox idi, amma hələ pulu çatmırdı. Küçədən, müəllimləri başda olmaq üzrə, təmiz geyimli, gülərüzlü kiçik-kiçik qızlar, uşaqlar böyük bir intizam və əzəmətlə haraya isə gedirlərdi. Bəşir durdu, baxdı: nə qədər də dinc, gözəl, təmiz, sevimlidirlər!.. Qızını xatırladı: "Zavallı ayaqyalın, köhnə, çirkli bir köynəklə gəzir. Bu cür geyinərsə, belə görünərmi? Dilara bunlardan da yaraşıqlıdır. Belə geyinərsə, lap gözəl görünər... O da bu uşaqların arasında olsaydı, nə olardı?