Bibliya/Əyyub Kitabı

Ester Kitabı Bibliya. Əyyub Kitabı

Zəbur


1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 Qeydlər

«Əyyub» Kitabı böyük bəlalar çəkən bir insanın hekayəsidir. Kamil əməlisaleh və Allahdan qorxan Əyyub var-dövlətini, bütün övladlarını itirir və ağır xəstəliyə düçar olur. Lakin bunlara baxmayaraq o, Allaha olan böyük imanını itirmir. Üç hissədən ibarət poetik dialoqlarda müəllif Əyyubun və onun dostlarının bu fəlakətlərə münasibətini göstərir. Uzun müzakirələrdən sonra Allah Özü Əyyuba cavab verir. Əyyubun dostları onun çəkdiyi iztirabların səbəbini ənənəvi dini anlayışlarla izah edir. Onlar belə bir nəticəyə gəlir ki, yaxşı əməlləri mükafatlandıran və pisliyi cəzalandıran Allah bu iztirabları Əyyuba onu cəzalandırmaq üçün göndərmişdi. Amma Əyyub düşünür ki, o, çox xeyirxah və saleh adam olduğuna görə belə ağır cəzaya layiq deyil.

Əyyub başa düşə bilmir ki, Allah niyə onun başına bəla gəlməsinə izin verir. O öz imanını itirmir, amma Allahın önündə bəraət qazanmağa can atır.

Allah Əyyubun suallarına birbaşa cavab vermir. O öz qüdrət və hikməti ilə təbiəti necə yaratmasını poetik surətdə təsvir edərək Əyyubun imanına görə cavab verir. Sonra Əyyubun ürəyi yumşalır, Allahın hikmət və əzəmətini qəbul edərək söylədiyi hiddətli, sərt sözlərdən ötrü tövbə edir.

Kitabın sonunda deyilir ki, Əyyub daha böyük sərvətə çatıb əvvəlkindən daha yaxşı vəziyyətə qayıdır. Allah Əyyubun çəkdiyi iztirabların səbəbini başa düşməyən dostlarını məzəmmət edir.

Çünki onların arasında ənənəvi, dini anlayışların həddini aşaraq Allahın böyüklüyünü dərk edən yalnız Əyyub idi.

Kitabın məzmunu:

  • 1:1-2:13 Proloq
  • 3:1-31:40 Əyyub və onun dostları
  • 3:1-26 Əyyubun şikayəti
  • 4:1-14:22 Birinci söhbət
  • 15:1-21:34 İkinci söhbət
  • 22:1-27:23 Üçüncü söhbət
  • 28:1-28 Hikmətin mədhi
  • 29:1-31:40 Əyyubun yekun sözü
  • 32:1-37:24 Elihunun nitqi
  • 38:1-42:6 Rəbb Əyyuba cavab verir
  • 42:7-17 Epiloq

1 redaktə

Əyyubun şəxsiyyəti və dövləti

1 Uz ölkəsində Əyyub adlı bir şəxs var idi. O, kamil, əməlisaleh, Allahdan qorxan və özünü şərdən uzaq saxlayan bir adam idi. 2 Onun yeddi oğlu, üç qızı var idi. 3 O, yeddi min baş qoyuna, üç min baş dəvəyə, beş yüz cüt öküzə, beş yüz baş eşşəyə və çoxlu nökərlərə sahib olub şərqdə yaşayanlar arasında ən varlı adam sayılırdı.

4 Oğlanları növbə ilə evlərində ziyafət qurar və üç bacılarını da çağırardılar ki, birgə yeyib-içsinlər. 5 Ziyafət müddəti bitəndən sonra Əyyub övladlarını çağırtdırıb təqdis edər və erkən qalxıb bütün övladlarının sayına görə yandırma qurbanı təqdim edərdi. Əyyub «bəlkə övladlarım günaha bataraq ürəklərində Allaha lənət ediblər» deyə düşündüyündən həmişə belə edərdi.

Əyyubun ilk sınağı

6 Bir gün ilahi varlıqlar[1] Rəbbin hüzuruna qalxmaq üçün gələndə Şeytan da onlara qoşulub gəldi. 7 Rəbb Şeytana dedi: «Haradan gəlirsən?» Şeytan cavabında «dünyanı gəzib-dolaşmaqdan» dedi. 8 Rəbb ona dedi: «Qulum Əyyuba yaxşı-yaxşı nəzər sala bildinmi? Axı yer üzərində onun kimisi yoxdur. O, kamil, əməlisaleh, Allahdan qorxan və özünü şərdən uzaq saxlayan bir adamdır». 9[2] Şeytan Rəbbə belə cavab verdi: «Əyyub Allahdan boş yerəmi qorxur? 10 Canına, evinə, var-dövlətinə sipər olub onu qoruyan Sən deyilsənmi? Əlinin bütün əməyinə bərəkət vermisən, sürüləri bütün ölkəni bürüyüb. 11 İndi bir əl uzadıb onun var-yoxunu əlindən al, o, gözünün qabağında mütləq Sənə lənət edəcək».

12 Rəbb Şeytana dedi: «Yaxşı, sahib olduğu hər şeyi sənə təslim edirəm, amma canına toxunma». Beləliklə, Şeytan Rəbbin hüzurundan getdi.

13 Bir gün Əyyubun oğulları ilə qızları böyük qardaşlarının evində yemək yeyib şərab içərkən 14 bir nökər gəlib Əyyuba belə dedi: «Öküzlər cüt sürür, eşşəklər də onların yanında otlayırdı. 15 Bu zaman Səbalılar hücum edib onları apardılar və nökərləri qılıncdan keçirtdilər. Təkcə mən sağ qalmışam ki, sənə xəbər gətirim». 16 O hələ sözünü qurtarmamış başqa nökər gəlib dedi: «Göydən Allahın odu töküldü. Həm qoyunları, həm də nökərləri yandırıb külə çevirdi. Təkcə mən sağ qalmışam ki, sənə xəbər gətirim». 17 O, sözünü qurtarmamış başqa nökər gəlib dedi: «Xaldeylilərdən üç qoşun hücum edərək dəvələrini apardı və nökərləri qılıncdan keçirtdi. Təkcə mən sağ qalmışam ki, sənə xəbər gətirim». 18 O hələ sözünü qurtarmamış başqa bir nökər gəlib belə dedi: «Oğullarınla qızların böyük qardaşlarının evində yemək yeyib şərab içərkən 19 qəflətən çöldə güclü tufan qopdu və evin dörd tərəfini bürüdü. Ev uçub bu cavanların üstünə töküldü, hamısı öldü. Təkcə mən sağ qalmışam ki, sənə xəbər gətirim».

20 Buna görə Əyyub durub cübbəsini yırtdı, saç-saqqalını kəsdi, yerə sərilib səcdə etdi. 21 O belə dedi:

«Bu dünyaya çılpaq gəlmişəm,
Çılpaq da gedəcəyəm.
Verən də Rəbdir, alan da Rəbdir.
Rəbbin isminə alqış olsun!»

22 Bütün bu hadisələr baş verərkən Əyyub özünə günah qazanmadı və Allahı təqsirləndirmədi.

2 redaktə

Əyyubun ikinci sınağı

1 Başqa bir gün ilahi varlıqlar Rəbbin hüzuruna qalxmaq üçün gələndə Şeytan da onlara qoşulub Rəbbin hüzuruna qalxmaq üçün gəldi. 2 Rəbb Şeytana dedi: «Haradan gəlirsən?» Şeytan «dünyanı gəzib-dolaşmaqdan» deyə cavab verdi. 3 Rəbb dedi: «Qulum Əyyuba yaxşı-yaxşı nəzər sala bildinmi? Axı yer üzərində onun kimisi yoxdur. O, kamil, əməlisaleh, Allahdan qorxan və özünü şərdən uzaq saxlayan bir adamdır. Məni vadar etdin ki, boş yerə onu məhv edim, amma o hələ kamil olaraq qalıb». 4 Şeytan Rəbbə belə cavab verdi: «Dəri əvəzinə dəri! İnsan canına görə hər şeyini verər. 5 Əlini uzadıb onun ətinə və sümüyünə toxun, o, gözünün qabağında mütləq Sənə lənət edəcək». 6 Rəbb Şeytana dedi: «Yaxşı, onu sənə təslim edirəm. Yalnız canını alma».

7 Beləliklə, Şeytan Rəbbin hüzurundan getdi və sonra Əyyubun bədəninə başdan ayağadək ağrılı çibanlar çıxartdı. 8 Əyyub çibanlarını qaşımaq üçün bir saxsı parçası götürdü və kül içində oturdu. 9 Arvadı ona dedi: «Yenə də kamil olaraq qalacaqsan? Lənət et Allaha, öl qurtar!» 10 Əyyub cavab verdi: «Lap nadan arvadlar kimi danışırsan. Nə oldu, Allahdan yaxşılığı qəbul edək, pisliyi qəbul etməyək?» Bütün bu hadisələr baş verərkən Əyyub özünə günah qazandıran bir kəlmə də demədi.

Əyyubun üç dostu

11 Əyyubun üç dostu – Temanlı Elifaz, Şuahlı Bildad və Naamatlı Sofar onun başına gələn bütün bəlaları eşidərkən üçü də yaşadıqları yerdən çıxıb bir yerdə görüşdü. Onun dərdinə şərik olmaq və onu ovutmaq üçün yanına gəldilər. 12 Əyyubu uzaqdan görərkən tanıya bilmədilər, hönkürüb ağlayaraq öz cübbələrini cırıb-dağıtdılar və yerdəki torpağı götürüb başlarına tökdülər. 13 Yeddi gün-yeddi gecə onunla birlikdə quru yerdə oturdular. Kimsə ağzını açmadı, çünki Əyyubun dərdinin nə qədər böyük olduğunu gördülər.

3 redaktə

Əyyubun gileyi

1[3] Bundan sonra Əyyub ağzını açıb öz doğulduğu günə lənət etdi. 2 Dilə gəlib belə dedi:

3 «Kaş ki mən doğulan gün yox olaydı,
“Oğlun oldu!” deyilən gecə yox olaydı.
4 O gün qara gələydi,
Allah göydən o günün qayğısına qalmayaydı,
O gün üçün sabah açılmayaydı.
5 O günü zülmət, qatı qaranlıq bürüyəydi,
Üzünü bulud tutaydı,
Nurunu qaranlıq batıraydı.
6 O gecəni zil qaranlıq udub yeyəydi,
İlin günləri arasında fərəh tapmayaydı,
Ayın günləri sırasına girməyəydi.
7 Kaş o gecə qısır olaydı,
Sevincsiz, səssiz qalaydı!
8 Günlərə lənət oxuyanlar,
Livyatanı[4] oyatmağa mahir olanlar
Qoy o günə lənət yağdırsın.
9 Dan ulduzları sönəydi,
İşığa olan ümidləri boşa çıxaydı,
Sübhün nuru görünməyəydi.
10 Əfsus ki O, anamın bətninin qapılarını bağlamadı,
Gözlərimi əzabsız saxlamadı.

11 Niyə doğulanda mən ölmədim,
Bətndən çıxarkən nəfəsim kəsilmədi?
12 Niyə məni dizlərin arasından aldılar,
Əmizdirmək üçün ağzıma döş saldılar?
13 Belə olmasaydı, indi rahat uzanardım,
Yatıb dincələrdim
14 Özləri üçün viranə şəhərləri tikən
Dünya padşahları və müşavirlərlə,
15 Evlərini gümüşə qərq edən
Qızıl xəzinəsi olan rəhbərlərlə.
16 Niyə bətndən yarımçıq uşaq tək düşmədim?
Niyə işıq üzü görməyən körpə kimi basdırılmadım?
17 Orada pis adamlar belə, kini atır,
Yorğunlar rahatlıq tapır,
18 Məhbuslar dinc yaşayır,
Nəzarətçinin səsi çıxmır.
19 Orada kiçik də, böyük də vardır,
Qul ağasından da azaddır.

20 Niyə əzab çəkənlər işıq üzü görür,
Əziyyət içində olanlar həyata gəlir?
21[5] Ölüm arzulayırlar amma tapmırlar,
Dəfinə axtarmaqdan da çox onu axtarırlar,
22 Onlar məzar tapanda fərəhlənər,
Şadlanaraq sevinər.
23 Hara getdiyi bilinməyən insana,
Ətrafına Allah sədd çəkdiyi adama niyə ömür verilir?
24 Çörəkdən əvvəl ah-zar gəlir,
Nalələrim sular kimi tökülür.
25 Çəkindiyim şeylər üzərimə tökülür,
Qorxduğum şeylər başıma gəlir.
26 Rahatlığım, sakitliyim, dincliyim yoxdur,
Ancaq sıxıntım vardır».

4 redaktə

Elifaz

1 Temanlı Elifaz belə cavab verdi:
2 «Kimsə sənə bir söz desə, inciyərsənmi?
Danışmasın deyə kim özünü saxlaya bilər?
3 Bəli, çoxlarına dərs verdin,
Onları əlləri taqətdən düşərkən gücləndirdin.
4 Yıxılanları sözlərinlə qaldırdın,
Dizləri əsənlərə güc verdin.
5 İndi bu iş başına gələrkən
Özün taqətdən düşdün,
Bəla sənə dəyəndə özünü itirdin.
6 Sən Allah xofuna etibar etmirdinmi?
Kamil həyatına ümid edən sən deyildinmi?
7 Kimdir günahsız məhv olan? İndi yada sal.
Əməlisalehlərin həlak olduğunu harada görmüsən?
8 Mənim gördüyümə görə şər sahəsini belləyən,
Əzab toxumu səpən insanlar əkdiyini biçər.
9 Onlar Allahın nəfəsi ilə yox olar,
Qəzəbinin küləyi onları udar.
10 Aslanların nəfəsi, qızmış şirlərin səsi kəsildi,
Gənc aslanların dişləri qırıldı.
11 Şikarı olmadığı üçün güclü aslan həlak olar,
Dişi aslanların balaları pərən-pərən qalar.

12 Mənə gizli bir söz çatdı,
Qulağım bir pıçıltı eşitdi,
13 Gecə röyalardan doğan düşüncələr içində olanda,
İnsanların dərin yuxuya getdiyi zamanda
14 Üstümə bir qorxu, bir titrətmə gəldi,
Bütün sümüklərimi lərzəyə saldı.
15 Qarşımdan bir ruh keçdi,
Bütün tüklərimi ürpətdi.
16 Ruh dayandı, bunun nə olduğunu bilmədim.
Gözlərimin önündə bir surət dururdu,
Sükunətin içindən bir səs eşitdim:
17 “İnsan Allah qarşısında saleh olarmı?
Yaradanın qarşısında təmiz adam varmı?
18 Allah bəndələrinə güvənmir,
Mələklərində belə, səhv görür.
19 Palçıq evlərdə yaşayanlara,
Mayası torpaqdan olanlara,
Güvədən də tez əzilənlərə O güvənərmi?
20 Ömürləri səhərdən axşama çatmır,
Fərqi yoxdur, hamı əbədi yox olur.
21 Yaşadıqları çadırın ipləri çəkiləndə
Heç nə anlamazlar, ölüb gedərlər”.

5 redaktə

1 Çağır görək sənə cavab verən varmı?
Müqəddəslərin hansı birinə üz tutacaqsan?
2 Səfehi qəzəb öldürər,
Nadanı həsəd məhv edər.
3 Səfehin kök saldığını görərkən
Dərhal yurduna lənət etmişəm.
4 Övladları əmin-amanlıqdan uzaqdır,
Məhkəmə qapılarında tapdalanır,
Onlara havadar yoxdur.
5 Məhsullarını aclar yeyir,
Tikanlar arasında olanlarını belə, yığırlar,
Susayanlar sərvətini udmaq istəyir.
6 Axı torpaqdan bəla gəlməz,
Əzab yerdən bitməz.
7 Sanki havaya atılan qığılcımdır,
İnsan əzab çəkmək üçün doğulur.

8 Mən olsaydım, Allaha üz tutardım,
Müşkül işlərimi Ona tapşırardım.
9 Çünki O, dərk etmədiyimiz böyük işləri görür,
Saysız xariqələr göstərir.
10 Yer üzərinə yağış yağdırır,
Çöllərə sular axıdır.
11 Alçaldılanları ucaldır,
Yaslıları əmin-amanlığa çıxarır.
12 Əlləri qurğu qurmağı öyrənməsin deyə
Hiyləgərlərin fəndini pozur.
13[6] Müdrikləri hiylə qurarkən yaxalayır,
Fəndgirlərin oyununa son qoyur.
14 Gündüzləri qaranlığa dönür,
Günorta onlara gecə kimi görünür,
Onlar kor kimi əl sürtə-sürtə gəzir.
15 Yoxsulları isə onların ağızlarındakı qılıncdan qurtarır,
Zorakının əlindən alır.
16 Kasıblar ümid tapır,
Haqsızlıq ağzını yumur.

17[7] Allahın tərbiyə etdiyi insan nə bəxtiyardır!
Sən Külli-İxtiyarın tərbiyəsinə xor baxma.
18 Çünki O yaralayar, sonra isə sarıyar,
Ağrı verər, əlləri ilə sağaldar.
19 O, altı dəfə dara düşsən belə, qurtarar,
Yeddinci dəfə sənə ziyan dəyməz.
20 O səni aclıqda məhv olmaqdan,
Döyüşdəki qılıncdan qurtarar.
21 Kəskin dillərdən uzaq olarsan,
Qırğın gələrkən qorxmazsan.
22 Qırğına, aclığa gülərsən,
Vəhşi heyvanlardan qorxmazsan.
23 Çünki çöldəki daşlarla belə, əhd kəsərsən,
Vəhşi heyvanlarla belə, barışarsan.
24 Çadırının salamat qalacağını bilərsən,
Mülkünə baxanda heç bir əskiklik tapmazsan.
25 Övladlarının necə artdığını görərsən,
Nəslin ot kimi bitib qalxar.
26 Vaxtında yığılan taxıl dərzləri kimi
Kama çatıb məzarına gedərsən.
27 Bax bunu araşdırmışıq, bu həqiqətdir,
Onun üçün bunu dinlə və anla».

6 redaktə

Əyyub

1 Əyyub belə cavab verdi:
2 «Kaş bu dərdim çəkiləydi,
Bütün ağrılarım tərəziyə qoyulaydı.
3 Onda dənizlərin qumundan ağır gələrdi,
Ona görə tez bu sözləri dedim.
4 Həqiqətən, Külli-İxtiyarın oxları köksümdədir,
Ruhum onların zəhərlərini içir.
Allahın dəhşətləri mənə hücum çəkir.
5 Ot olanda vəhşi eşşək anqırarmı?
Yem tapanda öküz heç böyürərmi?
6 Duzsuz, şit yeməyi yemək olarmı?
Yumurta ağının dadı varmı?
7 Belə yeməklərə əl vurmaq istəmirəm,
Onlardan iyrənirəm.

8 Kaş arzuma çataydım,
Allah mənə həsrətində olduğumu verəydi,
9 Lütf edib məni əzsə belə,
Əldən cəld olub həyatımın bağını kəssə belə,
10 Mən yenə ovunardım,
Bu amansız dərdimə baxmayaraq
Müqəddəs Olanın sözlərini inkar etmədiyimə görə sevinərdim.

11 Nə gücüm var ki, gözləyim?
Sonum nə qədərdir ki, səbir edim?
12 Daş qədər güclüyəmmi?
Ətim tuncdandırmı?
13 Əlacsız qalanda
Özümə kömək etməyə gücüm çatarmı?

14 İnsan Külli-İxtiyarın qorxusundan vaz keçsə belə,
Çarəsiz qalanda ona dostun sədaqəti gərəkdir.

15 Qardaşlarım mənə bir vadi kimi xəyanət etdi,
Çaylar kimi axıb getdi.
16 Bu vadilər buzlar əriyəndə daşar,
Qar suları ilə dolar.
17 Bu vadilər quraq vaxtı quruyar,
İstidə yataqlarından yox olar.
18 Bu vadilərə görə karvanlar yolunu azar,
Səhraya çıxanda həlak olar.
19 Temanın karvanları su axtarar,
Səbadan gələn səyyahlar ora ümid bağlar.
20 Amma ora çatanda ümid bağladıqlarına peşman olar,
Mat-məəttəl qalar.
21 İndi siz də mənim üçün bir heç olmusunuz,
Bu dəhşətə baxıb qorxursunuz.
22 Mən demişəmmi “Mənə nəyisə verin,
Var-dövlətinizdən mənə rüşvət göndərin?
23 Yaxud da məni düşmən əlindən qurtarın,
Zalımların əlindən azad edin?”

24 Mən susum, siz mənə öyrədin,
Nə səhv etmişəmsə, mənə göstərin.
25 Doğru söz kəsərli olar,
Sizin bu iradınız bəs nəyi sübut edir?
26 Niyə sözlərimi qınamaq istəyirsiniz?
Niyə mən biçarənin dediyini boşboğazlıq sanırsınız?
27 Yetim üçün belə, püşk atırsınız,
Dostunuzu satırsınız.
28 İndi lütf edib mənə baxın,
Bax mən üzünüzə ağ yalan demərəm.
29 Atın haqsızlığı, haqsızlıq etməyin,
Düşünün ki, bu davada mən haqlıyam.
30 Dilimdən haqsız söz çıxırmı?
Pis şeyləri ağzıma alırammı?


7 redaktə

1 İnsanın yer üzündəki həyatı ağır xidmət deyilmi?
Keçirdiyi günlərin muzdur ömründən fərqi nədir?
2 Kölgəyə həsrət qalan kölə kimidir,
Muzdunu gözləyən fəhlə kimidir,
3 Bəli, irs olaraq mənə boş aylar verildi,
Qismətimə sıxıntılı gecələr düşdü.
4 Yatanda düşünürəm: “Görəsən nə vaxt qalxacağam?”
Gecə isə hey uzanır,
Mən gün doğana qədər yerimdə qurcalanıram.
5 Bədənimə qurd düşüb, qabıqlanır,
Çatlayan dərimdən irin axır.
6 Günlərim toxucunun məkikindən də sürətli gedir,
Ümidsiz sona çatır.

7 Ey Allah, yada sal, həyatım bir nəfəsdir,
Gözüm yenidən yaxşılıq görməyəcək.
8 Bu anda mənə baxan gözlər məni təzədən görməyəcək,
Sənin gözlərin üzərimdə olacaq, amma mən olmayacağam.
9 Bulud dağılıb getdiyi kimi
Ölülər diyarına enən bir daha çıxmaz.
10 Bir daha evinə qayıtmaz,
Olduğu yer artıq onu tanımaz.

11 Ona görə sakitləşməyəcəyəm,
Ruhumun sıxıntısını dilə gətirəcəyəm,
Canımın ağrısından şikayət edəcəyəm.
12 Dənizəmmi, dəniz əjdahasıyammı?
Niyə üzərimdə nəzarətçi qoyursan?
13 Düşündüm ki, bəlkə yatağım məni rahatlar,
Döşəyim şikayətimi azaldar.
14 Məni yuxularla qorxudursan,
Röyalarla canıma vəlvələ salırsan.
15 Canım boğulub-ölməyi yaşamaqdan üstün tutur,
Quru cəsəddə qalmaqdansa ölüm mənə xoşdur.
16 Həyatımdan bezmişəm,
Uzun ömür istəmirəm.
Məndən əlini çək,
Ömrümün mənası getdi.
17[8] İnsan nədir ki, onu bu qədər böyüdürsən,
Qayğısını çəkirsən.
18 Ona hər səhər baş çəkirsən,
Hər an onu sınayırsan.
19 Nə vaxtadək nəzərini üzərimdən çəkməyəcəksən?
Mənə udqunmağa imkan verməyəcəksən?
20 Ey insan nəzarətçisi, nədir günahım?
Mən Sənə nə etmişəm?
Məni niyə Özünə hədəf etdin?
İndi öz yükümü çəkə bilmirəm.
21 Niyə üsyankarlığımı əfv etmirsən,
Təqsirimi bağışlamırsan?
Bir azdan torpaq altda yatacağam,
Axtarsan da, məni tapmayacaqsan».

8 redaktə

Bildad

1 Şuahlı Bildad belə cavab verdi:
2 «Bunları nə vaxta qədər deyəcəksən?
Sözlərin sərt küləyə bənzər.
3 Allah ədaləti azdırarmı?
Külli-İxtiyar salehi əyri edərmi?
4 Bəlkə oğulların Ona qarşı günah edib,
O da üsyankarlıqlarının cəzasını verib.
5 Əgər cəhd göstərib Allahı axtarsaydın,
Külli-İxtiyara yalvarsaydın,
6 Əgər təmiz, doğru olsaydın,
O sənin üçün, həqiqətən, qalxardı,
Sənə layiqincə bir məskən verərdi.
7 Başlanğıcın kiçik olsa da,
Sonun böyük olacaq.

8 Gəl indi əvvəlki nəsillərdən soruş,
Ata-babaların sınağından keçənlərə yaxşı nəzər sal.
9 Dünənki övladlarıq, heç nə bilmirik.
Bu dünyada ömrümüz sadəcə bir kölgədir.
10 Onlar izah edib sənə öyrətməzlərmi?
Köksündəki sözləri dilə gətirməzlərmi?

11 Bataqlıq olmayan yerdə qarğı bitərmi?
Su olmayan yerdə qamış çıxarmı?
12 Hələ yaşıl ikən qırılmadan,
Hər otdan əvvəl onlar quruyar.
13 Allahı unudan hər kəs axırda belə qalar,
Allahsız insanın ümidi beləcə yox olar.
14 Onun etibar etdiyi şeylər qırılar,
Bel bağladığı sanki hörümçək toru olar.
15 Evinə söykənərkən evi uçar,
Evindən tutarkən dağılar.
16 Sanki bu allahsızlar günəşə baxar, yaşıllaşar,
Pöhrələri bağçanın hər tərəfinə yayılar.
17 Rişələri daş qalağına dolaşar,
Çınqılların arasında yer axtarar.
18 Amma yerindən qoparılarkən
Yer inkar edərək deyər: “Səni görməmişəm”.
19 Bax belə sevincinə son qoyular,
Onun yerində başqa bitkilər bitər.

20 Allah kamil insanı Özündən kənar etməz,
Pislik edənlərinsə əlindən tutmaz.
21 O sənin ağzını yenə gülüşlə,
Dodaqlarını sevinc nidaları ilə doldurar.
22 Düşmənlərini rüsvayçılıq bürüyəcək,
Pislərin çadırı məhv ediləcək».

9 redaktə

Əyyub

1 Əyyub belə cavab verdi:
2 «Belə olduğunu, həqiqətən, bilirəm.
Amma Allah qarşısında insan necə haqlı çıxa bilər?
3 Əgər Onunla kimsə mübahisə etmək istəsə,
Onun min sualına bir cavab tapa bilməz.
4 Hikməti dərin, gücü tükənməyən Odur.
Ona qarşı duranlardan kim sağ qalıb?
5 Allah dağları yerindən oynadar,
Dağlar heç bilməz.
Qəzəbi ilə onları alt-üst edər.
6 Dünyanı yerindən oynadar,
Dirəklərini lərzəyə salar.
7 Əmr etsə, günəş doğmaz,
Ulduzların işığını örtüb möhürlər.
8 Odur təkbaşına göyləri sərən,
Dəniz dalğalarının üstündə gəzən.
9[9] Odur Böyük Ayı, Orion, Ülkər bürclərini,
Cənub bürclərini yaradan.
10 Odur dərk etmədiyimizdən də böyük işlər görən,
Saysız xariqələr göstərən.
11 Bax yanımdan elə keçər ki, Onu görə bilmərəm,
Elə keçib gedər ki, heç hiss etmərəm.
12 Nə isə tutub apararsa, kim Ona mane ola bilər?
Kim Ona “Nə edirsən?” deyə bilər?

13 Allah qəzəbini geri döndərməz,
Rahavın[10] köməkçiləri belə, ayağı altda qalar.

14 Belə isə Ona necə cavab verə bilərəm?
Hüzurunda necə söz tapa bilərəm?
15 Günahsız olsam belə, Ona cavab verə bilmərəm,
Rəhm etsin deyə Hökmdarıma yalvarmalıyam.
16 Onu çağıranda O mənə cavab versə belə,
Yenə inanmıram ki, O, səsimi eşidir.
17 Çünki tufanla məni əzir,
Nahaq yerə yaralarımı çoxaldır,
18 Məni nəfəs almağa qoymur,
Məni acılarla cana doydurur,
19 İş qüvvədədirsə, O qüvvəlidir,
İş ədalətdədirsə, kim Onu hakimin qarşısına apara bilər?
20 Mən günahsız olsam belə, dilim məni ittiham edər,
Kamil olsam belə, məni təqsirkar çıxarar.
21 Kamil olsam da, bir şey deyiləm,
Öz həyatıma xor baxıram.
22 Hamısı birdir, ona görə deyirəm:
“O həm kamili, həm də günahkarı yox edir”.
23 Əgər qəfil ölüm gəlsə,
Günahsızların əzabına gülür.
24 Dünya pislərə təslim edilib,
Dünya hakimlərinin gözünü bağlayan Odur.
O deyilsə, bəs kimdir?

25 Günlərim sürətlə qaçır, çapardan sürətlidir,
Bir xeyir tapmadan qaçırlar.
26 Qamış qayıq kimi keçib gedirlər
Ovunun üstünə şığıyan qartal kimidirlər.
27 Bu şikayətimi unutmaq istəsəm,
Sifətimin ifadəsini dəyişib ürəyimin açılmasını istəsəm,
28 Bu əziyyətdən yenə vahimələnərəm,
Məni günahsız saymayacağını bilərəm.
29 Madam ki yenə günahkar çıxacağam,
Boş yerə niyə belə zəhmət çəkim?
30 Əgər qar suyu ilə yuyunsam,
Əllərimi gilabı ilə yusam,
31 Yenə də məni çirkaba batırarsan,
Paltarlarım belə, məndən iyrənir.

32 O mənim kimi insan olmadığına görə
Ona cavab verə bilmirəm, məhkəməyə birgə gedə bilmirəm.
33 Kaş aramızda bir hakim olaydı,
Əlini ikimizin də üzərinə qoyaydı.
34 Allah Öz dəyənəyini üstümdən götürəydi,
Dəhşəti ilə məni vahimələndirməyəydi.
35 O zaman Ondan qorxmadan danışardım,
Amma bu vəziyyətdə heç nə edə bilmirəm.

10 redaktə

1 Canım həyatımdan bezib.
Şikayətimə məhdudiyyət qoymayacağam,
Acı həyatımdan danışacağam.
2 Qoy Allaha deyim: “Məni günahlandırma,
Bir mənə söylə, niyə mənimlə çəkişirsən?
3 Məni incitmək,
Əllərinin işini xor görmək,
Pislərin niyyətlərinə işıq vermək Sənə xoşdurmu?
4 Səndə insan gözümü var?
İnsan necə görürsə, Sən də elə görürsənmi?
5 Günlərin insan ömrü kimidirmi?
İllərin insanın yaşadığı illər kimidirmi?
6 Çünki məndə təqsir axtarırsan,
Günahlarımı araşdırırsan.
7 Özün də bilirsən mən şər adam deyiləm,
Məni Sənin əlindən qurtaran yoxdur.

8 Əllərin mənə quruluş verdi, məni yaratdı.
İndi dönüb məni yox edəcəksənmi?
9 Məni palçıqdan düzəltdin, bunu xatırla.
Yenidən məni torpağa çevirəcəksənmi?
10 Məni süd kimi tökmədinmi,
Pendir kimi bərkitmədinmi?
11 Ət və dərini əynimə geyindirdin,
Məni sümük və vətərlərlə hördün,
12 Mənə həyat verdin, sevgi göstərdin,
Qayğıma qalmağınla ruhumu hifz etdin.
13 Amma bunları qəlbində gizlətdin.
Mən isə bilirəm, fikrində bu şeylər var:
14 Günah işlətsəydim, mənə nəzarət edərdin,
Təqsirlərimi cəzasız qoymazdın.
15 Əgər günahkar olsaydım, vay halıma!
Günahsız olsam belə, yenə başımı qaldıra bilmərəm,
Çünki xəcalət içindəyəm, necə də biçarəyəm.
16 Əgər başımı qaldırsam, məni aslan kimi ovlarsan,
Yenə heyrətamiz qüvvəni mənə göstərərsən.
17 Əleyhimə yeni şahidlər çıxararsan,
Mənə qarşı qəzəbini artırarsan,
Orduların üstümə dayanmadan hücum çəkər.

18 Niyə məni doğulmağa qoydun?
Kimsənin gözü məni görmədən kaş öləydim.
19 Kaş ki heç yaranmayaydım,
Bətndən məzara düşəydim.
20 Məgər ömrümə bir neçə gün qalmayıbmı?
Mənə bir qədər sərbəstlik ver ki, bir az ürəyim açılsın
21 Gedər-gəlməz yerə,
Zülmət və ölüm kölgəsi diyarına,
22 Qatı qaranlıq diyarına,
Ölüm kölgəsi, qarışıqlıq diyarına,
İşığı qaranlıq olan diyara getməzdən əvvəl”».

11 redaktə

Sofar

1 Naamatlı Sofar belə cavab verdi:
2 «Bu qədər söz cavabsız qalsınmı?
Çox danışan haqlı sayılsınmı?
3 İnsanlar boşboğazlıqlarının qarşısında sussunmu?
Sən rişxənd edəndə səni saxlamasınlar?
4 Allaha deyirsən: “İmanda safam,
Gözün görür ki, pakam”.
5 Kaş ki Allah danışaydı,
Sənə qarşı ağzını açaydı.
6 Səni hikmətin sirlərindən agah etsəydi,
Hikmətin çox şaxələri üzə çıxardı.
Bil ki, Allah günahlarının neçəsindən keçib.
7 Allahın dərin sirlərini dərk edə bilərsənmi?
Külli-İxtiyarın sərhədlərinə çata bilərsənmi?
8 Onlar göylər qədər ucadır, axı nə edə bilərsən?
Ölülər diyarından dərindir, nəyi dərk edə bilərsən?
9 Meyarı aləmdən uzundur,
Dənizlərdən genişdir.

10 Əgər gəlib səni zindana salarsa, məhkum edərsə,
Kim Onun qarşısını ala bilər?
11 O, yalançıları tanıyır,
Pisliyi görəndə onu dərk edir.
12 Vəhşi eşşək insan olaraq doğulanda
Axmaq da ağla gələr.

13 Əgər ürəyini təqdis etsən,
Əllərini Ona tərəf uzatsan,
14 Günahın varsa, ondan əl çək,
Qoyma pislik çadırında sakin olsun.
15 Onda başını utanmadan dik tutarsan,
Sağ-salamat, qorxusuz yaşayarsan.
16 Sən dar gününü unudub
Onu axıb-qurtaran bir su kimi yad edərsən.
17 Həyatın gündüzün günəşindən də parlaq olar,
Qaranlığın səhər kimi işıqlanar.
18 Çünki ümidin var, sən arxayınsan,
Mühafizə olunaraq rahat yatarsan.
19 Yatanda belə, səni qorxudan olmaz,
Sənin lütfünü çoxları arzular.
20 Amma pis adamların gözlərinin nuru sönəcək,
Onların pənah yeri olmayacaq,
Yeganə ümidləri son nəfəslərini vermək olacaq».

12 redaktə

Əyyub

1 Əyyub belə cavab verdi:
2 «Yəqin ki siz özünüzü xalq içində müdrik sanırsınız,
Siz öləndə hikmət də öləcək.
3 Sizin qədər mənim də ağlım var,
Sizdən geri qalmıram.
Bu cür şeyləri kim bilmir?
4 Mən dostlarımın gülüş hədəfi olmuşam,
Vaxtı ilə Allaha yalvaranda mən də cavab almışam,
Amma indi bir saleh, bir kamil insan gülünc olub.
5 Dərdsizlər bəlanı boş bir şey sanır,
Büdrəyənlər üçün bəla hazır dayanır.
6 Soyğunçuların çadırlarında rahatlıq var,
Allahı qəzəbləndirənlər əmin-amanlıqdadır,
Axı onlar Allaha yox, öz qollarına arxalanır.

7 Gəl heyvanlardan soruş, qoy sənə bildirsin,
Qoy göydəki quşlar sənə desin,
8 Torpağa de, qoy o sənə bildirsin,
Dənizdəki balıqlardan soruş, sənə məlumat versin.
9 Bunlardan hansı biri bilmir ki,
Bunu Rəbbin əli edib?
10 Hər yaratdığının canı Onun əlindədir,
Bütün insanların nəfəsi Onun əlindədir.
11 Yeməyin dadını damaq hiss etdiyi kimi
Qulaq da sözləri sınaqdan keçirməzmi?
12 Ağsaqqalların hikməti var,
Uzunömürlülər dünyagörmüş olar.

13 Hikmət və qüdrət Allahdandır,
O, nəsihət və dərrakə verir.
14 Onun yıxdığı bərpa olunmaz,
Onun həbs etdiyi insan azad olmaz.
15 Suları kəsərsə, quraqlıq olar,
Suları buraxsa, dünyanı sel aparar.
16 Qüdrət və hikmət Onundur,
Aldadan da, aldanan da Onundur
17 Məsləhətçiləri talana məruz qoyar,
Hakimləri axmaqlaşdırar.
18 Padşahların bağladığı bağı açar,
Bellərinə qurşaq salar.
19 Kahinləri talana məruz qoyar,
Mətinləri də devirər.
20 Etibarlı məsləhətçiləri susdurar,
Ağsaqqalların ağlını alar.
21[11] Əsilzadələrin üstünə rüsvayçılıq yağdırar,
Güclülərin qurşaqlarını çıxarar.
22 Qaranlığın dərin sirlərini açar,
Ölüm kölgəsini aydınlığa çıxarar.
23 Millətləri çoxaldar, millətləri yox edər,
Millətləri artırar, millətləri sürgün edər.
24 Dünyanın başçılarının ağlını başından alar,
Yolu-izi məlum olmayan çöllərdə dolandırar.
25 Qaranlıqda əl sürtə-sürtə yeriyərlər,
Onları sərxoş kimi aşa-aşa gəzdirər.

13 redaktə

1 Bax gözlərim hər şeyi gördü,
Qulaqlarım bunu eşidib dərk etdi.
2 Sizin bildiyinizi mən də anlayıram,
Sizdən geri qalmıram.
3 Amma istəyirəm Külli-İxtiyarla danışım,
Allahla mübarizə aparım.
4 Sizlərsə yalandan mala çəkirsiniz,
Hamınız dəyərsiz həkimlərsiniz.
5 Kaş hamınız səsinizi kəsəydiniz,
Onda hikmətli görünərdiniz.
6 İndi necə bəhsə girdiyimi eşidin,
Dilimin iddiasını yaxşı dinləyin.
7 Məgər Allah üçün haqsız sözlər söyləyəcəksiniz?
Onun adına yalanmı söyləyəcəksiniz?
8 Sizmi Onun tərəfini tutacaqsınız?
Sizmi Onun müdafiəsinə qalxacaqsınız?
9 O sizi istintaq edərsə, yaxşı olarmı?
İnsanları aldatdığınız kimi Onu da aldadacaqsınızmı?
10 Əgər Onun tərəfini gizli tutsanız,
Şübhəsiz ki, sizi də məzəmmət edər.
11 Onun əzəməti sizi vahimələndirməzmi?
Xofu üstünüzə düşməzmi?
12 Fikrinizdəki sözlər, məsəllər külə dəyməz,
Müdafiəniz lilə dəyməz.

13 Susun, qoyun danışım,
Qoy başıma gələn gəlsin.
14 Həyatım təhlükəyə düşürsə-düşsün.
Canım bəlaya düşürsə-düşsün.
15 Məni öldürsə də, Ona etibar edəcəyəm,
Amma yolumun müdafiəsi üçün hüzuruna çıxacağam.
16 Əslində bu məni qurtaracaq,
Çünki Allaha inanmayan Onun hüzuruna gələ bilməz.
17 Diqqətlə sözlərimə qulaq asın,
Qoy elan etdiklərim qulaqlarınızda qalsın.
18 Baxın mühakiməyə hazırlaşmışam,
Haqlı çıxacağımı bilirəm.
19 Kim məni ittiham edəcək?
Eləsi varsa, son nəfəsimi verib susaram.

20 Ey Allah, mənim üçün bu iki şeyi et ki,
Səndən gizlənməyim:
21 Əlini üzərimdən götür,
Məni dəhşətinlə qorxutma.
22 Sonra da məni səslə, qoy Sənə cavab verim,
Yaxud da qoy mən danışım, Sən cavab söylə.
23 Təqsirlərim, günahlarım nə qədərdir?
Mənə üsyankarlığımı və günahlarımı bildir.
24 Niyə üzünü gizlədirsən,
Məni düşmən hesab edirsən?
25 Məgər yelin qopardığı yarpağı qorxudacaqsan?
Məgər quru saman çöpünü qovacaqsan?
26 Çünki əleyhimə acı şeylər yazırsan,
Gənclikdə etdiyim günahları mənə irs olaraq verirsən.
27 Ayaqlarımı buxovlayırsan,
Bütün yollarıma göz qoyursan,
Hər addımımı yoxlayırsan.
28 Ona görə çürük şey tək məhv oluram.
Güvə yemiş paltar kimiyəm.

14 redaktə

1 Qadından doğulan insanın ömrü azdır,
Həyatı sıxıntı ilə doludur.
2 Çiçək kimi açar, solar,
Kölgə kimi keçib-gedər.
3 Gözlərini beləsinəmi dikirsən?
Mühakimə etmək üçünmü məni hüzuruna gətirirsən?
4 Kim çirkab içindən təmiz bir şey tapar?
Heç kim!
5 İnsana ömür günləri müəyyən edilib,
Aylarının sayını Sən bilirsən,
Ömrü üçün müəyyən hədd qoymusan,
Bu həddi keçən yoxdur.
6 Sən ondan gücünü çək,
İş gününü bitirən zəhmətkeş kimi
Bir az dincəlsin.

7 Bir ağac üçün ümid var,
Kəsilsə belə, yenə pöhrəsini verər,
Şaxələri əskilməz.
8 Kökü yerdə qocalsa da,
Kötüyü torpaqda məhv olsa da,
9 Suyun iyini duyanda çiçəklənər,
Cavan ağac kimi şaxələnər.
10 Amma insan ölər, dəfn olunar,
Son nəfəsini verər, yox olar.
11 Dəniz suları çəkilib getdiyi kimi,
Çaylar azalıb quruduğu kimi
12 İnsan da yatar, bir daha qalxmaz,
Göylər yox olanadək oyadılmaz,
Yuxularından ayılmaz.

13 Kaş ki məni ölülər diyarında gizlədəydin,
Qəzəbin keçənədək saxlayaydın,
Mənə möhlət verəydin,
Sonra məni yada salaydın.
14 İnsan ölsə, dirilərmi?
Növbəm çatanacan
Bu əzabdan qurtulmaq üçün hər gün gözləyəcəyəm.
15 Sən çağıranda cavab verəcəyəm,
Əllərinin bu işinin həsrətini çəkəcəksən.
16 O zaman addımlarımı sayacaqsan,
Günahımı nəzərə almayacaqsan.
17 Üsyankarlığım torbada möhürlənəcək,
Günahımın üstünü örtəcəksən.

18 Amma dağın uçub dağılması kimi,
Qayanın yerindən qopması kimi,
19 Su daşları yuvarladığı kimi,
Sellər torpağı yuyub apardığı kimi
Sən də insanın ümidini yox edirsən.
20 Onu əbədi məğlub edirsən, o köçüb gedir.
Görkəmini dəyişdirib yola salırsan.
21 Övladları şərəflənəndə də onun xəbəri olmaz,
Düşkün hala düşəndə də heç nəyi başa düşməz.
22 Hamı öz canının ağrısını duyur,
Yalnız özü üçün yas tutur».

15 redaktə

Elifaz

1 Temanlı Elifaz belə cavab verdi:
2 «Müdrik insan boş sözlərlə cavab verərmi?
Köksünü şərq küləyi ilə doldurarmı?
3 Faydasız sözlərlə, dəyərsiz nitqlərlə
Mübahisə etmək olarmı?
4 Amma sən Allah qorxusunu bir kənara qoyursan,
Allah hüzurunda düşünməyə mane olursan.
5 Çünki sənin ağzın günahdan dərs alıb,
Hiyləgərlərin dili ilə danışırsan.
6 Səni məhkum edən mən deyiləm, öz dilindir.
Dodaqların öz əleyhinə şəhadət edir.

7 İlk doğulan insan sənsənmi?
Yoxsa dağlardan da əvvəl sən var olmusan?
8 Allahın sirrinəmi qulaq asmısan?
Təkcə özünümü müdrik sayırsan?
9 Sən nəyi bilirsən ki, biz onu bilmirik?
Sənin dərk etdiyin nədir ki, biz onu dərk etmirik?
10 Bizdə ağsaçlı da, yaşlı da var,
Onlar atandan da yaşlı olar.
11 Sənə Allahın təsəllisi,
Söylədiyi xoş sözlər kifayət deyilmi?
12 Niyə qəlbin səni belə çaşdırır,
Gözlərindən od çıxır?
13 Niyə Allaha qəzəbini göstərirsən,
Dilindən belə sözlər çıxır?

14 İnsan, həqiqətən, təmiz ola bilərmi?
Qadından doğulan insan saleh ola bilərmi?
15 Allah müqəddəslərinə belə, etibar etmirsə,
Göylər belə, Onun gözündə təmiz deyilsə,
16 Haqsızlığı su kimi içən,
İyrənc, korlanmış insana
O etibar edərmi?

17 Dinlə məni, sənə deyim,
Gördüyümü bəyan edim –
18 Hikmətli adamların dediklərini,
Atalarından alıb gizlətmədiyi şeyləri.
19 O atalar ki ölkə yalnız onlara verilmişdi,
Aralarına yadelli girməmişdi.
20 Pis insan həyatı boyu əzab çəkir,
Zorakı adama ayrılan illərin sayı bilinir.
21 Qulağından dəhşətli səslər əskilmir,
Dinc oturanda soyğunçular ona hücum edir.
22 İnana bilməz ki, qaranlıqdan qurtara bilər,
Onu qılınc gözlər.
23 “Haradadır?” deyib çörək üçün avara gəzər,
Qara günlərinin yanında olduğunu bilər.
24 Ağrı və sıxıntı onu qorxudar,
Zəfər çalan padşah kimi onu məğlubiyyətə uğradar.
25 Çünki Allaha belə, əl uzadıb,
Külli-İxtiyara meydan oxuyub.
26 Dikbaşlıq edib, dəyirmi sipərini tutub,
Allahın üstünə hücum çəkir.

27 Onun üzü tosqunluqdan şişər,
Qarnı nə qədər piyləşər,
28 O, dağılmış şəhərlərdə,
Kimsəsiz, yerlə yeksan olan viranələrdə,
Aqibəti dağılmaq olan evlərdə yaşayacaq.
29 Varlı olmayacaq, sərvətləri tükənəcək,
Malları ölkəni bürüməyəcək.
30 Qaranlıqdan qurtulmayacaq,
Pöhrələrini alov tutacaq,
Allahın ağzının nəfəsi ilə yox olacaq.
31 Qoy boş şeyə güvənərək özünü aldatmasın,
Çünki əvəzində nəsibi boşluq olacaq.
32 İşi vaxtsız bitəcək,
Budağı göyərməyəcək.
33 Qorası tökülən üzüm ağacı kimi,
Çiçəyi tökülən zeytun ağacı kimi olacaq.
34 Çünki allahsız icma qısır olar,
Rüşvətxorların çadırı od tutub yanar.
35[12] Onlar bəlaya hamilə olub şər doğar,
Bətnləri hiylə ilə dolar».

16 redaktə

Əyyub

1 Əyyub belə cavab verdi:
2 «Bu cür sözləri çox eşitmişəm,
Hamınız adamincidən təsəlliçilərsiniz.
3 Bu boş söhbətləriniz qurtaracaqmı?
Sizi nə vadar edir, belə danışırsınız?
4 Siz mənim yerimdə olsaydınız, mən də belə deyərdim.
Əleyhinizə yaxşı-yaxşı sözlər düzüb başımı yelləyərdim.
5 Ağzım ürəkləndirici sözlər deyərdi,
Dilimdən təsəlliverici sözlər çıxarardım,
Mən sizi ovudardım.

6 Danışmağımla dərdim azalmır,
Susuram, nə dəyişir?
7 Ay Allah, məni taqətdən saldın,
Bütün külfətimi darmadağın etdin.
8 Sıxılıb əzilməyim buna şahiddir,
Taqətsizliyim əleyhimə çıxıb şahidlik edir.

9 Allah məni qəzəbi ilə parçalayır,
Mənə nifrət edir, dişlərini qıcıdır,
Düşmənim gözlərini mənə dikir.
10 Mənə qarşı insanlar dodaq büzür,
Həqarətlə üzümə şillə vurur,
Mənə qarşı əlbir olur.
11 Allah məni haqsızlara təslim etdi,
Pislərin əlinə verdi.
12 Rahat yaşayırdım, Allah məni pərən-pərən saldı,
Boynumdan tutub yerə vurdu, məni Özünə hədəf etdi.
13 Onun oxçuları ətrafımı aldı,
Aman vermədən böyrəklərimi deşdilər,
Ödümü yerə tökdülər.
14 Bədənimə yara üstündən yara vurulur,
Cəngavər tək üzərimə yüyürürlər.

15 Əynimə çul tikmişəm,
Qürurumu yerə atmışam.
16 Ağlamaqdan üzüm qızardı,
Kirpiklərimin altı-üstü kölgə saldı.
17 Yenə də zalımlıq əlimdən gəlmir,
Sənə səmimiyyətlə dua edirəm.

18 Ey torpaq, qanımın üstünü örtmə,
Qoy heç nə mənim naləmi saxlamasın.
19 Lap indidən şahidim göylərdədir,
Himayədarım yüksəklərdədir.
20 Dostlarım məni ələ salır,
Gözlərim Allaha baxıb ağlayır.
21 Bəşər oğlu qonşusu üçün yalvardığı kimi
Biri də mən insandan ötrü qoy Allaha yalvarsın.
22 Çünki bir neçə il keçəndən sonra
Gedər-gəlməz yola gedəcəyəm.


17 redaktə

1 Taqətim kəsilir, günlərim batır,
Məni məzar gözləyir.
2 Həqiqətən, ətrafıma rişxəndçilər yığılır,
Gözüm onların düşmənçiliyini görür.

3 Ey Allah, Öz hüzurunda mənə zəmanət ver.
Başqa kim var ki, mənə zamin dursun?
4 Çünki onların qəlbini anlayış üçün bağladın,
Ona görə onlara zəfər qazandırmayacaqsan.
5 Pul üçün dostlarını satanın
Övladlarının işığı sönəcək.

6 Allah məni insanların dilinə saldı,
Üzümə tüpürdülər.
7 Gözümün nuru kədərdən qaraldı,
Bütün əzalarım kölgə kimi qaldı.
8 Buna əməlisaleh insanlar mat qalıb,
Günahsızlar allahsızlara qarşı çıxır.
9 Saleh insanlar öz yolunu tutur,
Əlitəmiz olanlar getdikcə güclənir.

10 Amma hamınız qayıdıb gəlsəniz,
Aranızdan bir hikmətli insan tapmaram.
11 Günlərim ötüşdü,
Fikirlərim, arzularım pərən-pərən düşdü.
12 Onlar gecəni gündüzə çevirir,
“Zülmətə işıq yaxındır” deyir.
13 Əgər ölülər diyarını evimdir deyə gözləsəm,
Yatağımı qaranlıqda sərsəm,
14 Qəbirə “atam sənsən”,
Qurda “anam-bacım sənsən” desəm,
15 Ümidim hara gedər?
Mənim ümidimi kim görər?
16 Ümid mənimlə ölülər diyarınamı düşər?
Mənimlə birgə torpaq altınamı girər?»

18 redaktə

Bildad

1 Şuahlı Bildad belə cavab verdi:
2 «Bu sözlər nə vaxt qurtaracaq?
Əgər dərrakəli olsanız, danışarıq.
3 Niyə heyvana bənzəyək?
Gözlərinizə axmaq kimi görünək?
4 Özünü hirsindən didib-dağıdırsan.
Sənə görə bu aləmdən vaz keçəkmi?
Yoxsa sal qayalar yerindən çıxsın?

5 Bəli, şər insanın işığı sönəcək,
Odu-alovu parlamayacaq.
6 Çadırında nur qaranlığa dönəcək,
Yanındakı çıraq sönəcək.
7 Addımları gücdən düşəcək,
Öz işlətdiyi fənddən yıxılacaq.
8 Ayaqları onu tələyə aparacaq,
Öz ayağı ilə tora düşəcək.
9 Kəmənd topuğundan tutacaq,
Tələ açılıb onu qapacaq.
10 Torpaq üstə onun üçün gizli kəmənd səriləcək,
Yolu üstə onu tələ gözləyəcək.
11 Dəhşət onu hər tərəfdən bürüyəcək,
Hər addımda onu təqib edəcək.
12 Aclıq taqətini yeyib-qurtaracaq,
Yanında fəlakət hazır dayanacaq.
13 Dərisini azar yeyəcək,
Ölümün ilk övladı əzalarını yeyib işini bitirəcək.
14 Əmin-amanlıq çadırından atılacaq,
Dəhşətlər padşahının yanına aparılacaq.
15 Çadırında ona aid heç nə olmayacaq,
Yurduna kükürd yağacaq.
16 Aşağıda rişələri quruyacaq,
Yuxarıda budaqları solacaq.
17 Onun adı yer üzündə unudulacaq,
Məhəllə-küçələrdə adı yaddan çıxacaq.
18 İşıqdan zülmətə aparılacaq,
Dünyadan qovulacaq.
19 Nə övladı, nə nəvəsi xalqı arasında olmayacaq,
Məskənində bir kimsəsi qalmayacaq.
20 Qərbdəkilər halına heyrətlənəcək,
Şərqdəkilər onu görüb dəhşətə gələcək.
21 Bəli, pislərin həyatının aqibəti budur,
Allahı tanımayanların məskəni budur».

19 redaktə

Əyyub

1 Əyyub belə cavab verdi:
2 «Nə vaxtadək məni üzəcəksiniz,
Məni sözlə əzəcəksiniz,
3 On dəfədir ki, məni təhqir edirsiniz,
Utanmadan mənə kəskin sözlər söyləyirsiniz.
4 Həqiqətən, azıb yanlış yola düşmüşəmsə,
Səhvim öz üstümdə qalır.
5 Özünüzü, həqiqətən, məndən üstün tutursunuz,
Eybimi üzümə vurursunuz.
6 Amma bilin ki, Allah mənə haqsızlıq etdi,
Hər tərəfdən məni toruna saldı.

7 Budur, “Zorakılıqdır!” deyə bağırıram,
Bir cavab verən yoxdur,
Kömək üçün nalə çəkirəm, ədalət yoxdur.
8 Keçə bilmirəm, yollarıma sədd çəkilib,
Yollarımı qaranlığa salıb.
9 Şərəfimi əynimdən soyundurub,
Başımdan tacı götürüb.
10 O məni hər tərəfdən yıxdı, əldən gedirəm,
Ümidimi ağac kimi kökündən qopartdı.
11 Mənə qarşı qəzəbi od tutub yandı,
Məni Özünə düşmən saydı.
12 Orduları üstümə gəlir,
Mənə qarşı torpaq qalağı düzəldir,
Çadırımın ətrafında ordugah qurur.

13 Qardaşlarımı məndən uzaqlaşdırdı,
Tanışlarım mənə yad oldu.
14 Qohumlarım məni tərk eləyib,
Yaxın dostlarım məni unudub.
15 Evimin sakinləri və kənizlər
Məni özgə sayır,
Onların gözündə yad olmuşam.
16 Qulumu çağırıram,
Ağız açıb yalvarsam belə, cavab almıram.
17 Nəfəsimdən arvadımın da zəhləsi gedir,
Qardaşlarım məndən iyrənir.
18 Mənə hətta kiçik uşaqlar xor baxır,
Ayağa duranda məni ələ salırlar.
19 Bütün səmimi dostlarım belə, məndən ikrah edir,
Əzizlərim belə, əleyhimə çıxır.
20 Bir dəri, bir sümük qalmışam,
Ölüm kandarına çatmışam.
21 Aman, ey dostlarım, aman,
Allahın əli məni vurdu!
22 Niyə məni Allah kimi qovursunuz?
Niyə mənim ətimdən doymursunuz?

23 Kaş ki sözlərim yazılaydı,
Kitaba köçürüləydi,
24 Dəmir qələmlə, qurğuşunla
Əbədi qalmaq üçün bir qayaya həkk olaydı.
25 Amma mən bilirəm ki, Satınalanım yaşayır,
Axırda O, yer üzərində dayanacaq.
26 Dərim yox olandan sonra
Bədən alıb Allahı görəcəyəm.
27 Mən Ona baxacağam,
Başqası yox, mən öz gözlərimlə görəcəyəm.
Budur, ürəyim həsrətdən üzülür!
28 Mənim üçün “Bəs onu necə qovaq?
Bədbəxtliyin kökü ondadır” desəniz,
29 Qılıncdan qorxmalısınız,
Çünki qılınc cəzası qəzəblə gəlir.
Onda ədalətin var olduğunu görəcəksiniz».

20 redaktə

Sofar

1 Naamatlı Sofar belə cavab verdi:
2 «Düşüncələrimə görə cavab verməyə məcburam,
Çünki daxilən narahatam.
3 Məni utandıran bir giley eşidirəm,
Ruhum dərrakəsi ilə məni cavab verməyə sövq edir.
4 Bilirsən ki, əzəldən bəri,
İnsanın dünyaya gəlişindən bəri
5 Pislərin qələbə çalması qısa çəkər,
Allahsızın sevinci bir an sürər.
6 Boyu göylərə çatsa da,
Başı buludlara dəysə də,
7 Öz nəcisi kimi əbədilik yox ediləcək,
Onu görənlər “O haradadır?” deyəcək.
8 Yuxu kimi uçacaq, bir daha tapılmayacaq,
Bəli, gecə röyası kimi yox olacaq.
9 Onu görən gözlər bir daha görməyəcək,
Yaşadığı yerdə görünməyəcək.
10 Övladları fəqirlərdən mərhəmət diləyəcək,
Sərvətləri əllərindən gedəcək.
11 İnsanın sümükləri gənclik alovu ilə dolar,
Amma insanla birlikdə torpaq altında yatacaq.

12 Pislik ağzına şirin gəlsə də,
Dilinin altında gizlənsə də,
13 İnsan pisliyi tutub buraxmasa da,
Damağının altında saxlasa da,
14 Yediyi yemək mədəsində qıcqıracaq,
Daxilində ilan zəhərinə dönəcək.
15 Yediyi sərvətləri qusacaq,
Qarnındakıları Allah bayıra çıxaracaq.
16 Başqa yerdə əfi ilan zəhərini əməcək,
Gürzənin dişindən öləcək.
17 Axar suların, bal və qaymaq axan dərələrin
Səfasını görməyəcək.
18 Zəhmətlə qazandığını yeməyib geri qaytaracaq,
Ticarətdən qazandığı sərvətdən ləzzət almayacaq.
19 Çünki fəqirləri əzib üzüqoylu qoymuşdu,
Özü tikmədiyi evi zorla almışdı.

20 Könlü rahatlıq nədir bilməz,
Zövq aldığı şeylər onu xilas etməz.
21 Yeməyindən artıq qalmayacaq,
Ona görə firavanlığı uzun sürməyəcək.
22 Bolluq içində əzaba düşəcək,
Fəlakət ona qarşı əl qaldıracaq.
23 Qarnını dolduranda
Allah şiddətli qəzəbini onun üzərinə göndərəcək,
Onun üstünə tökəcək.
24 Dəmir silahdan qaça bilsə də,
Tunc ox onu dəlib-deşəcək,
25 Ox onu dəlib-keçəcək,
Onun kürəyindən çıxacaq,
Parlaq ucu ödünü dağıdıb tökəcək.
Üstünə dəhşət gələcək.
26 Xəzinələrinin aqibəti qaranlıq olacaq,
Üfürülməmiş od onu yeyib-qurtaracaq,
Çadırında qalanları da yandırıb-yaxacaq.
27 Göylər şər işlərinin üstünü açacaq,
Dünya onun əleyhinə qalxacaq.
28 Allahın qəzəb günündə
Azğın sellər sərvətini aparacaq.
29 Pis insan Allahdan belə pay alacaq,
Allahın ona verdiyi irs budur».

21 redaktə

Əyyub

1 Əyyub belə cavab verdi:
2 «Sözlərimi diqqətlə dinləyin,
Siz bununla mənə təsəlli verin.
3 Qoyun mən də bir şey deyim,
Mən danışandan sonra lağ edin.

4 Şikayətim insana qarşıdırmı?
Mən necə səbir edim?
5 Mənə baxıb mat qalın,
Əlinizi ağzınızın üstünə qoyun.
6 Bunu düşünəndə köksümü dəhşət bürüyür,
Bədənimə titrətmə düşür.

7 Pislər nə üçün yaşayır?
Yaşlandıqca niyə gücləri artır?
8 Övladları ətrafında,
Nəsilləri gözlərinin qarşısında sapsağlamdır.
9 Evlərində əmin-amanlıqdır, qorxudan uzaqdır,
Allahın dəyənəyi onlara dəymir.
10 Öküzləri cütləşir, qarınları boş qalmır,
Doğar inəkləri var, bala salmaz.
11 Övladlarını sürü tək yola salır,
Uşaqları oynaşır.
12 Dəf və lira çalaraq nəğmə deyirlər,
Tütək səsi ilə şənlənirlər.
13 Ömürlərini firavan keçirirlər,
Ölülər diyarına rahat gedirlər.
14 Allaha belə deyirlər: “Bizdən uzaq ol,
Yolunu tanımaq istəmirik.
15 Kimdir Külli-İxtiyar, biz Ona qulluq edək?
Əgər Ona dua etsək, bizə nə fayda verər?”
16 Görürsən ki, xoşbəxtlikləri öz əllərində deyil,
Pislərin nəsihəti qoy məndən uzaq olsun!

17 Neçə dəfə pislərin çırağı söndü,
Başlarına bəla gəldi.
Allah qəzəblənəndə onlara kədəri pay verdimi?
18 Neçə dəfə yel sovuran saman kimi,
Tufanın uçurduğu saman çöpü kimi oldular?
19 Deyirsiniz ki, Allah
Atanın cəzasını övladına çəkdirir.
Bunun nə olduğunu bilsin deyə özünə çəkdirsin.
20 Qoy öz həlakını gözləri görsün,
Külli-İxtiyarın qəzəbini su kimi içsin.
21 Çünki ili, ayı qurtaranda,
Arxada qalan külfətindən nə zövq ala bilər?

22 Yüksək mənsəb sahiblərinə hökm edən Allaha
Kim bilik verə bilər?
23 Biri tamam güclü,
Tamam rahat və qayğısız,
24 Bədəni ətli-canlı,
Sümükləri ilikli ölür.
25 O biri isə dərd içində,
Həyatdan kam almamış ölür.
26 İkisi də torpaqda yatır,
İkisinin də bədənini qurd basır.

27 Bilirəm nə fikirdəsiniz,
Qəsdiniz mənə qarşı olmaqdır.
28 Deyirsiniz: “Əsilzadələrin evi haradadır?
Pislərin yaşadığı çadır haradadır?”
29 Yoldan keçənlərdən soruşmadınızmı?
Söhbətlərinə qulaq asmadınızmı?
30 Pis insan fəlakət günündə sağ qalır,
Qəzəb günü yol göstərilərək qurtulur.
31 Kim davranışını onun üzünə vurur?
Kim etdiklərinə görə onu cəzalandırır?
32 Qəbiristana aparılarkən
Məzarı üstə qarovul çəkilir.
33 Vadinin torpağı ona şirin gəlir,
Hamı onun ardınca düşür.
Qarşısında gedənlərsə saysızdır.
34 Məni necə boş sözlərlə ovuda bilərsiniz?
Cavablarınız axıradək yalandır».

22 redaktə

Elifaz

1 Temanlı Elifaz belə cavab verdi:
2[13] «İnsan Allaha fayda verə bilərmi?
Müdrik adam Ona fayda verərmi?
3 Sənin salehliyindən Külli-İxtiyar nə ləzzət alır?
Sənin düz həyat tərzinin Ona nə faydası var?
4 Səni tənbeh etməsi, mübarizə aparması
Ondan qorxduğun üçündürmü?
5 Pisliyin böyük deyilmi,
Təqsirin hədsiz deyilmi?
6 Çünki qardaşlarından səbəbsiz girov aldın,
Onları lüt qoydun.
7 Yorğuna bir içim su vermədin,
Ac olandan çörəyini əsirgədin.
8 Qol gücünlə ölkəyə sahib oldun,
Hörmətli insan kimi orada yaşadın.
9 Dul qadınları əliboş qaytardın,
Yetimlərin qol-qanadını qırdın.
10 Ona görə hər yanını tələlər bürüyüb,
Qəfil qorxu səni dəhşətləndirib.
11 Hər şeyə qara vurub görmürsən,
Sellərdə boğulursan.

12 Allah göylərdə – ucalarda deyilmi?
Ən uzaq ulduzlara bir nəzər sal,
Gör nə qədər ucalarda yerləşib!
13 Amma deyirsən “Allah nə bilir?
Qatı qaranlıq içindən hökm verə bilərmi?
14 Görə bilmir, qara buludlar Ona mane olur,
Göy qübbəsinin üzərində dolaşır”.
15 Pis adamların gəzdiyi
Köhnə yolumu tutacaqsan?
16 Onlar vaxtı çatmamış çəkilib getdilər,
Təməllərini sellər basdı.
17 Allaha dedilər: “Bizdən uzaq ol!
Bizə Külli-İxtiyar nə edə bilər?”
18 Amma evlərini bərəkətlə dolduran Allah idi,
Ona görə pislərin nəsihəti qoy məndən uzaq olsun.
19 Salehlər pislərin həlak olduğunu görüb sevinir,
Günahsızlar onlara belə istehza edir:
20 “Düşmənlərimiz yox oldu,
Onlardan nə qaldısa, yanıb kül oldu”.

21 Allahla barışıb dost olsan,
Xeyir taparsan.
22 Onun ağzından çıxan təlimi qəbul et,
Onun sözlərini qəlbində saxla.
23 Külli-İxtiyara tərəf dönsən,
Əvvəlki halına düşərsən.
Çadırın şərdən uzaq olsa,
24 Qızılını torpağa,
Ofir qızılını dərədəki çınqıllığa atsan,
25 Külli-İxtiyar sənin qızılın olar,
Qiymətli gümüşün olar.
26 Onda Külli-İxtiyardan zövq alarsan,
Allaha üz tutarsan.
27 Ona yalvarsan, səni eşidər,
Etdiyin nəzirləri yerinə yetirərsən.
28 O da dediyin sözü yerinə yetirər,
Yollarına nur səpilər.
29 İnsanlar səni alçaldanda
“Baş ucalığına görədir” deyərsən,
Çünki Allah itaətkarları xilas edər.
30 O, günahsız olmayanı belə qurtarar,
Sənin əllərinin təmizliyinə görə günahkar xilas olar».

23 redaktə

Əyyub

1 Əyyub belə cavab verdi:
2 «Bu gün də acı-acı şikayət edəcəyəm,
Naləmə baxmayaraq üstümdə Allahın əli ağırdır.
3 Kaş biləydim Onu harada tapmaq olar,
Məskəninə çatmaq olar.
4 O zaman davamı Onun hüzurunda dilə gətirərdim,
Dəlillərimi dalbadal düzərdim.
5 Mənə verəcəyi cavabı öyrənərdim,
Dediyini dərk edərdim.
6 Əzəməti, qüdrəti ilə əleyhimə çıxardımı?
Xeyr, yəqin sözümə qulaq asardı.
7 Hüzurunda bir haqlı insan mübahisə etsəydi,
Mən hakimimin yanında haqq qazanardım.

8 Şərqə getsəm, Allah orada deyil,
Qərbə getsəm, Onu tapa bilmirəm.
9 O, şimalda işləsə, gözüm seçməz,
Cənuba dönsə, Onu görə bilmərəm.
10 Amma tutduğum yolu O tanıyır,
Məni sınayan zaman qızıl kimi çıxaram.
11 Hər addımını yaxından izlədim,
Azmadan yoluna bağlı qaldım.
12 Ağzından çıxan əmrlərdən ayrılmadım,
Gündəlik çörəkdən çox ağzından çıxan sözləri qiymətləndirdim.

13 O təkbaşına dayanıb, kim Onu döndərə bilər?
Könlü nə istəsə, onu edər.
14 Mənimlə bağlı qərarını yerinə yetirəcək,
Belə fikirləri çoxdur.
15 Ona görə hüzurunda dəhşətə gəlirəm,
Bunları düşünəndə Ondan vahimələnirəm.
16 Allah qəlbimin cəsarətini qırdı,
Külli-İxtiyar məni qorxuya saldı.
17 Sifətimi qatı qaranlıq bürüsə belə,
Məni zülmət susdura bilməz.


24 redaktə

1 Niyə Külli-İxtiyar hökm üçün zaman təyin etmir?
Niyə Onu tanıyanlar hökm günlərini görmür?
2 İnsanlar sərhəd daşlarını qaldırır,
Sürüləri oğurlayıb otarır.
3 Yetimlərin eşşəyini əlindən alır,
Dul qadının öküzünü girov götürür.
4 Yoxsulları yoldan çıxarır,
Ölkədəki fəqirlərin hamısı gizlənməyə məcbur olur.
5 Baxın kasıblar vəhşi eşşəklər kimi
Yemək tapmaq üçün ertədən işə çıxır,
Övladları üçün çöldə çörək axtarır.
6 Zəmilərdən yem yığırlar,
Pislərin üzüm bağından üzüm qalıqlarını toplayırlar.
7 Gecə paltarsız, çılpaq qalırlar,
Soyuqda üstlərini örtməyə bir şey tapmırlar.
8 Dağlara yağan yağışdan islanırlar,
Daldalanacaqları olmadığı üçün qayalara qısılırlar,
9 Yetim uşağı döşdən ayırırlar,
Fəqirin körpəsini girov alırlar.
10 Bu yazıqlar paltarsız, çılpaq dolanır,
Qarınları acdır, amma taxıl dərzləri daşıyır.
11 Pislərin çəpərləri arasında yağ üçün zeytun sıxırlar,
Şərab üçün üzüm sıxırlar,
Amma özləri susuzluqdan yanırlar.
12 Şəhərlərdən insan nalələri ucalır,
Canı yaralı olanlar fəryad qoparır,
Amma Allah dualarını nəzərə almır.

13 Elə insanlar var ki, işığa üsyan edir,
Nurlu yolu tanımır,
Onun dalınca getmir.
14 Qatil gün batanda qalxır,
Fəqiri, yoxsulu öldürür,
Gecə oğrusuna bənzəyir.
15 Zinakarın gözü alaqaranlıqdadır,
“Kimsə məni görməz” deyə düşünür,
Üz-gözünü gizlədir.
16 Oğrular evləri qaranlıqda yarır,
Gündüz gizlənir, işıq nədir, bilmir.
17 Çünki onların sabahı qatı qaranlıqdır,
Zülmətin dəhşəti onların aşnasıdır.

18 Amma onlar su üzərində köpüyə bənzər,
Torpaqdan lənət payı alar,
Üzüm bağlarına qayıtmazlar.
19 Necə ki quraqlıq və istilik qarı əridib udar,
Ölülər diyarı da günahkarları elə götürüb aparar.
20 Onları ana bətni unudar,
Qurdlar üçün ləziz yem olar,
Bir də onları heç kim yada salmaz,
Haqsızlıq bir ağac kimi sınar.
21 Çünki sonsuz qadınlara yamanlıq edərlər,
Dul qadınlara yaxşılıq etməzlər.
22 Allah isə qüdrəti ilə bu güclüləri dartıb yerə vurar,
Onlar qalxsa belə, həyatlarından əmin olmazlar.
23 Allah onlara izin verir ki, əmin-amanlıqda yaşasınlar,
Amma onlar gedən yollara göz qoyur.
24 Qısa müddətə ucalır, sonra da yox olurlar.
Yıxılırlar, lap əvvəlkilər kimi götürülüb aparılırlar,
Sünbül kimi dərilib yığılırlar.
25 Əgər belə deyilsə,
Yalançı olduğumu kim sübut edə bilər?
Sözlərimin dəyərsiz olduğunu kim deyə bilər?»

25 redaktə

Bildad

1 Şuahlı Bildad belə cavab verdi: 2 «Səltənət və zəhm Allaha məxsusdur, Uca göylərdə nizam quran Odur. 3 Orduları saya gələrmi? İşığı kimin üzünə doğmaz? 4 Fani insan Allah qarşısında necə saleh ola bilər? Qadından doğulan necə təmiz ola bilər? 5 Bax Onun gözündə ay belə, parlaq deyilsə, Ulduzlar belə, pak deyilsə, 6 Torpaq qurduna bənzər fani insan necə ola bilər? Axı bəşər oğlu bir cücüyə bənzər».

26 redaktə

Əyyub

1 Əyyub belə cavab verdi:
2 «Biçarəyə necə də kömək etdin!
Taqətdən düşən qolu necə xilas etdin!
3 Hikmətsiz adama necə məsləhət verdin!
Ona bol-bol müdriklik öyrətdin!
4 Axı bu sözləri kimə söyləyirsən?
Sənin ağzınla kimin ruhu danışır?

5 Ölülər titrəyir,
Su altında məskən salanlar lərzəyə gəlir.
6 Allahın hüzurunda ölülər diyarı çılpaqdır,
Həlak yerinin örtüyü yoxdur.
7 Şimalı boş fəzanın üstünə yayır,
Dünyanı heçliyin üstündən asır.
8 Buludların içinə sularını büküb yığır,
Onların ağırlığından buludlar yırtılmır.
9 Bədirlənmiş ayın üzünü örtür,
Buludları üstünə çəkir.
10 Suların üstünə bir sərhəd çəkir,
İşıqla qaranlığı bölür.
11 O qəzəblənəndə göyün dirəkləri sarsılır,
Çaşıb qalır.
12 Dənizi gücü ilə çalxalayır,
Müdrikliyi ilə Rahavı[14] vurur.
13 Göyləri nəfəsi ilə açır,
Qaçan ilanı əli ilə parçalayır.
14 Bunlar yalnız Onun etdiklərinin bir zərrəsidir,
Ondan eşitdiyimiz çox zəif bir pıçıltıdır.
Axı qüdrətli gurultusunu kim dərk edə bilər?»

27 redaktə

1 Əyyub misal çəkərək dedi:
2 «Haqqımı əlimdən alan var olan Allaha and olsun,
Canımı dərdə salan Külli-İxtiyara and olsun,
3 Nə qədər canımda can,
Burnumda Allahın nəfəsi varsa,
4 Ağzımdan pis söz çıxmayacaq,
Dilim yalan danışmayacaq!
5 Sizin sözlərinizi əsla təsdiq etməyəcəyəm,
Son nəfəsimə qədər kamilliyimdən əl çəkməyəcəyəm.
6 Salehliyimdən bərk yapışmışam,
Onu buraxmaram,
Elə gün keçirməmişəm ki, ürəyim tərəfindən ittiham olunum.

7 Qoy düşmən pis adamların gününə düşsün,
Haqsız adamlara nə edilirsə, əleyhdarlarıma da elə edilsin.
8 Allahsız insanı Allah kəsib atanda,
Canını alanda ümidi olarmı?
9 Dara düşəndə fəryadını
Allah eşidəcəkmi?
10 O, Külli-İxtiyardan zövq alırmı?
O hər zaman Allaha yalvarırmı?
11 Allahın qolu haqqında sizə bilik verəcəyəm,
Külli-İxtiyarın niyyətini sizdən gizlətməyəcəyəm.
12 Əslində hamınız bunu görmüsünüz,
Bəs niyə boş sözlər söyləyirsiniz?

13 Pis adam Allahdan belə pay alar,
Külli-İxtiyardan zorakı adamlara bu nəsib olar:
14 Nə olsun, övladları çoxalır,
Hamısı qılıncdan keçiriləcək,
Nəslində doyunca çörək tapan olmayacaq.
15 Nəslindən sağ qalanlar xəstəlikdən ölərək dəfn ediləcək,
Dul arvadları ağlaya bilməyəcək.
16 Pis insan qum qədər gümüş yığsa da,
Torpaq zərrələri qədər paltar yığsa da,
17 Onun yığdığını saleh geyəcək,
Gümüşünü günahsızlar böləcək.
18 Güvə çanağı kimi,
Qarovulçu çardağı kimi ev tikir,
19 Varlı olaraq yatır, amma sona qədər belə qalmaz,
Gözlərini açanda hamısı yox olub gedəcək.
20 Dəhşət onu sel tək basacaq,
Tufan gecə onu qapıb aparacaq.
21 Şərq küləyi onu qaldırıb sovuracaq,
Onu öz yerindən süpürüb aparacaq.
22 Ona qarşı amansız küləklər əsəcək,
O isə yelin əlindən qaçmağa cəhd edəcək.
23 Külək onu ələ salaraq əl çalacaq,
Öz yerindən onun üçün vıyıldayacaq.

28 redaktə

Hikmətin mədhi

1 Gümüşün mədəni,
Qızılın təmizlənmə yeri var.
2 Dəmir torpaqdan çıxarılır,
Mis daşlardan əridilərək alınır.
3 İnsan qaranlığa son qoyur,
Sonacan qatı qaranlıqda, zülmətdə filiz axtarır.
4 İnsan məskənlərindən uzaq bir çuxur açır,
İnsan ayağı dəyməyən yerlərdə,
İnsanlardan uzaqlarda ilişib yellənə-yellənə qalır.
5 Torpaqdan çörək çıxır,
Torpağın altı isə fırlanır, elə bil odlar yanır.
6 Qayalarından göy yaqut çıxır,
Orada qızıl tozu da var.
7 Oranın yolunu yırtıcı quşlar bilmir,
Şahinin gözü oranı görməyib.
8 Ora məğrur heyvanların ayağı dəyməyib,
Yırtıcı aslanlar oradan keçməyib.
9 Mədənçi əlini çaxmaq daşına uzadır,
Dağları dibindən oynadır.
10 Qayalardan yeraltı keçidlər açır,
Gözləri müxtəlif qiymətli şeylərə baxır.
11 Çayların mənbələrini bağlayır,
Gizlini aşkara çıxarır.

12 Amma hikməti haradan tapmaq olar?
Müdrikliyin yeri hanı?
13 İnsan onun qiymətini bilməz,
Dirilər arasında ona rast gəlməz.
14 Dərinliklər deyər: “Məndə yoxdur”,
Dəniz deyər: “Yanımda yoxdur”.
15 Saf qızıl onu əvəz edə bilməz,
Qiyməti gümüşlə ölçülməz.
16 Onu Ofir qızılı ilə qiymətləndirmək olmaz,
Onu qiymətli damarlı əqiqlə, göy yaqutla dəyərləndirmək olmaz.
17 Nə qızıl, nə də gözəl cam ona tay deyil,
Hikmət saf qızıl qablarla əvəz edilmir.
18 Yanında mərcanın, büllurun adı çəkilməz,
Hikmətin qiyməti yaqutdan artıqdır.
19 Kuş topazı onun tayı deyil,
Onun dəyəri saf qızılla ölçülməz.

20 Bəs hikmət haradan gəlir?
Müdrikliyin yeri hanı?
21 O bütün canlıların gözündən uzaqdır,
Göydə uçan quşlardan belə, gizli qalır.
22 Həlak yeri ilə ölüm belə deyir:
“Qulaqlarımız yalnız sorağını eşidir”.
23 Onun yolunu Allah dərk edir,
Yerini yalnız O bilir.
24 Çünki yer üzünün ucqarlarına qədər baxır,
Göylərin altındakı hər şeyi görür.
25 Küləyin gücünü təyin edəndə,
Suları ölçəndə,
26 Yağışa qanun qoyanda,
Şimşəyə yol açanda
27 Hikmətə baxıb qiymət qoydu,
Onu bərqərar edib araşdırdı.
28[15] İnsana dedi: “Rəbb qorxusu hikmətdir,
Pislikdən çəkinmək müdriklikdir”».

29 redaktə

Əyyubun yekun sözü

1 Əyyub yenə misal çəkərək dedi:
2 «Kaş ki ötən aylar geri dönəydi –
Allahın məni qoruduğu,
3 Çırağının başım üstə işıq saçdığı,
Nuru ilə qaranlıqda gəzdiyim günlər.
4 Kaş ki həyatımın çiçəkli günləri geri dönəydi –
Mənə yar olan Allahın çadırımı qoruduğu,
5 Külli-İxtiyarın hər vaxt mənimlə olduğu,
Övladlarımın ətrafımda dolandığı,
6 Yollarımın südlə yuyulduğu,
Yanımdakı qayadan zeytun yağı axdığı günlər.
7 Şəhər darvazasına gedərkən,
Kürsümü meydanın başına qoyarkən
8 Gənclər məni görüb gizlənərdi,
Yaşlılar ayağa qalxıb hörmət göstərərdi.
9 Başçılar söhbətini dayandırardı,
Əlləri ilə ağızlarını tutardı.
10 Əsilzadələrin səsi çıxmazdı,
Dilləri damaqlarına yapışardı.
11 Qulaq məni eşidəndə alqışlayardı,
Göz məni görəndə tərifləyərdi.
12 Çünki imdad diləyən fəqiri,
Köməksiz yetimi qurtarardım.
13 Son anlarını yaşayanlar mənə xeyir-dua verərdi,
Dul qadının qəlbinə şən nəğmələr verərdim.
14 Libas kimi salehliyi geyinmişdim,
Sanki ədalətim mənə cübbə və tac idi.
15 Korlara göz idim,
Topallara ayaq idim,
16 Yoxsulların atası idim,
Qəriblərin müşküllərinin qayğısına qalırdım,
17 Haqsızın çənəsini qırırdım,
Ovunu dişlərindən qoparırdım.

18 Düşünürdüm: “Son nəfəsimi yuvamdaca verəcəyəm,
Ömrümün günlərini qum qədər çoxaldacağam.
19 Köküm sulara tərəf rişələnəcək,
Budaqlarıma şeh düşəcək.
20 Qazandığım şərəf təzələnəcək,
Əlimə yeni ox-kaman gələcək”.

21 İnsanlar ehtiramla məni dinlərdi,
Səssizcə məsləhətimi gözlərdi.
22 Heç kim sözümün üstündən söz deməzdi,
Sözlərim üzərlərinə tökülərdi.
23 Məni yağış kimi gözləyirdilər,
Yaz yağışı tək sözlərimi içirdilər,
24 Üzlərinə gülümsəyəndə gözlərinə inanmazdılar,
Gülər üzümdən ruhlanardılar.
25 Onlara yol göstərərdim, başçı kimi əyləşərdim,
Əsgərlərin arasında padşah kimi ömür sürərdim,
Yaslılara təsəlli verənə bənzəyərdim.

30 redaktə

1 Amma indi yaşca məndən kiçiklər
Mənə lağ edirlər.
Vaxtı ilə atalarını heç bir işə layiq görməzdim,
Sürümün itlərinin yanına belə, qoymazdım.
2 Çünki taqətdən düşmüşdülər,
Biləklərinin gücü getmişdi,
Heç biri işimə yaramırdı.
3 Onlar yoxsulluqdan, aclıqdan zəifləmişdi,
Gecələr çöl-biyabanda bitki kökü gəmirirdi.
4 Kollardan duzlu bitkilər toplayırdılar,
Süpürgə kollarının köklərini yeyirdilər.
5 Xalq arasından qovulurdular,
Üstlərinə elə çığırırdılar ki,
Elə bil ki oğrudurlar.
6 Vadi yataqlarında, yerin dəliklərində,
Qaya ovuqlarında yaşayırdılar.
7 Kollar arasında bağırırdılar,
Qara tikan kolu altında daldalanırdılar.
8 Axmaqların, adsız-sansız insanların övladlarıdır,
Ölkədən qovulmuşdular.

9 İndisə dillərində dastan olmuşam,
Ağızlarında məsəl olmuşam.
10 İkrah edərək məndən gen dayanırlar,
Hətta üzümə tüpürməkdən çəkinmirlər.
11 Çünki Allah kamanımın ipini boşaltdı,
Məni zəlil elədi.
Ona görə onlar gözümün qabağındaca
Cilovlarını çıxarıb atdılar.
12 Bu avara gənclər sağ tərəfimdən çıxır,
Ayaqlarımı büdrədir,
Mənə qarşı torpaq qalağı düzəldir.
13 Yolumu bərbad etdilər,
Onlara dəstək verən olmasa da,
Məni yox etməyə çalışırlar.
14 Sanki geniş dəliklərdən keçib
Viranəlikdən üstümə yuvarlanırlar.
15 Dəhşətlər üstümə doldu,
Şərəfimi yel tək sovurdu,
Xoşbəxtliyim bulud kimi keçib getdi.

16 İndi canım taqətdən düşdü,
Dar günlər məndən bərk yapışdı.
17 Gecələr sümüklərim sızıldayır,
Canımı gəmirən ağrılar dayanmır.
18 Allah paltarı zorla əynimdən çıxarır,
Məndən cübbəmin yaxası kimi yapışır.
19 Məni lilə batırır,
Toza, külə dönmüşəm.

20 Sənə yalvarıram, cavab vermirsən,
Ayağa qalxmağıma göz qoyursan.
21 Mənə qarşı rəhmsizsən,
Güclü əllərinlə məni əzirsən.
22 Məni qaldırıb yel üstünə mindirirsən,
Fırtına içinə salıb məni darmadağın edirsən.
23 Bilirəm, məni ölümə,
Bütün ömür sürənlər üçün təyin olunan son mənzilə aparacaqsan.
24 Yıxılana əl qaldırmaq olmaz,
Bəlaya düşənin harayına çatan yoxdur.
25 Məgər dara düşənlər üçün ağlamırdımmı?
Yoxsulların halına yanmırdımmı?
26 Mən yaxşılıq gözlədim, yamanlıq gəldi,
Mən işıq umarkən qaranlıq gəldi.
27 Ürəyim çırpınır, rahatlığı yoxdur,
Ağır günlər qarşımı kəsdi.
28 Yoxdur bir işıq ucu, qarala-qarala gəzirəm,
Camaat arasında durub fəryad edirəm.
29 Çaqqallara qardaş oldum,
Bayquşlara yoldaş oldum.
30 Qaralan dərim soyulur,
Qızdırmadan sümüklərim yanır.
31 Liram yas tutub nalə çəkir,
Tütəyim zar-zar inləyir.

31 redaktə

1 Gözlərim üçün əhd etmişəm,
Gözüm bir qıza baxarmı?
2 İnsan yuxarıdan – Allahdan nə pay alır?
İnsana ucalardan – Külli-İxtiyardan nə irs qalır?
3 Məgər haqsızların başına fəlakət gəlmir?
Məgər fitnəkarların başına bəla gəlmir?
4 Məgər O, yollarıma baxmır?
Məgər O hər addımımı saymır?

5 Əgər yalançı olaraq gəzmişəmsə,
Ayağım fırıldaq üçün qaçıbsa,
6 Qoy Allah məni haqq tərəzisində çəksin,
Kamil olduğumu görsün.
7 Yolumda əyri addım atmışamsa,
Gözlərimin ardınca qəlbimi sürükləmişəmsə,
Əllərimi ləkələmişəmsə,
8 Əkdiyimi yadlar yesin,
Qoy əkinim kökündən çıxarılsın.

9 Əgər qəlbim başqa bir qadına meyl edibsə,
Qonşumun qapısını pusmuşamsa,
10 Qoy arvadım başqasının taxılını üyütsün,
Qoy onunla başqa kişilər yatsın.
11 Axı bu bir xəcalət olardı,
Məhkəməyə veriləsi bir günah sayılardı.
12 Çünki bu Həlak yerinədək yandırıb-yaxan bir alovdur.
Bu bütün barımı kökündən çıxarardı.

13 Əgər mənimlə çəkişəndə
Nökərlərimin və kənizlərimin
Haqqını yemişəmsə,
14 Allah ayağa qalxanda
Mən nə edə bilərəm?
Məni yoxlayanda nə cavab verərəm?
15 Anamın bətnində məni yaradan
Onu yaratmayıbmı?
Bətndən bizə quruluş verən O olmayıbmı?

16 Əgər yoxsulların istədiklərini bir kənara qoymuşamsa,
Dul qadının ümidini qırmışamsa,
17 Bir tikəmi özüm yeyib
Yetimə verməmişəmsə,
18 Gəncliyimdən bəri yetimlərə atalıq etməmişəmsə,
Doğulandan bəri dul qadına yol göstərməmişəmsə,
19 Paltarı olmadığı üçün canı ağrıyan,
Ya örtüyə möhtac qalan yoxsulları görəndə
20 Qoyunlarımın yunu ilə onları isitməmişəmsə,
Onlar da mənə ürəkdən alqış etməyiblərsə,
21 Məhkəmədə sözü keçən olduğum üçün
Yetimə əl qaldırmışamsa,
22 Qollarım qırılıb çiyinlərimdən düşsün,
Qoy qolum lüləsindən sınsın.
23 Çünki Allahın bəlasından qorxuram,
Əzəməti qarşısında dayana bilmərəm.

24 Əgər qızıla ümid bağlamışamsa,
Saf qızıla “ümidim sənsən” demişəmsə,
25 Əgər bol sərvətimə görə,
Əlimin gəlirinin çoxluğuna görə sevinmişəmsə,
26 Əgər parlayan günəşə,
İşıq saçaraq dövran edən aya baxıb,
27 Könlümün meylini gizlicə azdırıb,
Sitayiş etmək üçün əlimlə onlara
Öpüş yollamışamsa,
28 Bu da məni ittiham edən günah sayılardı,
Çünki ucalarda olan Allahı danmış olardım.

29 Əgər düşmənlərimin bədbəxtliyinə sevinmişəmsə,
Başına bəla gəldi deyə fərəhlənmişəmsə,
30 Kiminsə canına qarğış yağdıraraq
Dilimə günah işlətməyə yol vermişəmsə,
31 Evimdəki insanlar “Əyyubun verdiyi ətlə
Qarnını doyurmayan varmı?” deyə soruşmayıblarsa,
32 – Heç bir yadelli gecəni küçədə keçirməzdi,
Qapım həmişə yoldan keçənlərin üzünə açıq idi –
33 Əgər təqsirimi gizlətmişəmsə,
Adəm kimi üsyankarlığımı ört-basdır etmişəmsə,
34 Camaatdan qorxduğum üçün,
El qınağından dəhşətə gəldiyim üçün
Dinməzcə bayıra çıxmamışamsa…

35 Kaş məni bir eşidən olaydı!
Bu sözümü təsdiq edirəm,
Qoy Külli-İxtiyar mənə bir cavab versin!
Əleyhdarım bunu tumara yazıb əlimə versin.
36 Şübhəsiz, bu tumarı çiynimdə gəzdirərdim,
Başıma tac edərdim.
37 Onda atdığım hər addımı Allaha bildirərdim,
Mən bir şahzadə kimi Onun yanına gedərdim.

38 Torpağım da məndən fəryad edirsə,
Kotanın açdığı yarıqlar əlimdən bir ağızdan ağlayırsa,
39 Pulunu vermədən məhsulu yemişəmsə,
Buranın sakinlərinin ürəyini qırmışamsa,
40 Qoy sahəmdə buğda yerinə tikan,
Arpa yerinə alaq bitsin».

Əyyubun söhbəti sona yetdi.

32 redaktə

Elihu

1 Beləliklə, bu üç kişi artıq Əyyuba cavab verməyi dayandırdı, çünki Əyyub öz gözündə saleh idi. 2 Amma Əyyub özünü Allahdan da saleh saydığı üçün Ram nəslindən Buzlu Barakelin oğlu Elihu ona qarşı qəzəbdən alovlandı. 3 Elihu Əyyubun üç dostuna görə də hirsindən alışıb-yandı, çünki düzgün cavab tapmayıb Əyyubu günahkar çıxartdılar. 4 Elihu Əyyubla danışmaq üçün növbəsini gözləyirdi, çünki əvvəlkilər yaşca ondan böyük idi. 5 Bu üç nəfərin daha sözü qalmadığını görəndə o, hirsindən alışıb-yandı.

6 Buzlu Barakelin oğlu Elihu belə dedi:
«Mən yaşca kiçiyəm, sizsə yaşlısınız.
Ona görə çəkindim,
Bildiyimi sizə söyləməyə qorxdum.
7 Dedim “qoy danışsın çox uzun ömür sürənlər,
Qoy hikmət öyrətsin çox illərin şahidləri”.
8 Həqiqətən, insanda olan ruh,
Külli-İxtiyarın nəfəsi insana ağıl verir.
9 Hikmət yaşda olmaz,
Ədaləti dərk etmək yaşa baxmaz.
10 Ona görə deyirəm ki, məni dinləyin,
Qoy mən də bildiyimi söyləyim.

11 Siz danışarkən mən gözlədim,
Siz sözləri araşdırarkən fikirlərinizi dinlədim.
12 Bütün diqqətimi sizə tərəf çevirdim,
Amma heç biriniz Əyyuba haqsızlığını sübut etmədiniz,
Onun dediklərinə cavab vermədiniz.
13 Əsla deməyin ki, hikmət tapmışıq,
Haqsızlığını insan yox, Allah ona sübut etsin.
14 Amma Əyyubun sözlərinin hədəfi mən deyiləm,
Sizin sözlərinizlə ona cavab verməyəcəyəm.

15 Onlar məəttəl qaldılar.
Artıq cavab tapmadılar.
Deməyə sözləri qalmadı.
16 Onlar danışmırlar, dayanıblar,
Cavab vermirlər deyə
Mən gözləməliyəmmi?
17 Amma deməyə sözüm var,
Mən də bildiyimi söyləyim.
18 Çünki sinəm sözlə doludur,
Köksümdəki ruh məni sıxır,
19 Az qalır açılmamış şərab kimi,
Təzə tuluqlar kimi bağrım çatlasın.
20 Qoy danışım, rahatca nəfəs alaram,
Dil açıb cavab verim.
21 Heç kimin tərəfini saxlamayacağam,
Heç kimə yaltaqlıq etməyəcəyəm.
22 Çünki yaltaqlıq nədir bilmərəm,
Yoxsa Yaradanım məni yox edər.

33 redaktə

1 Əyyub, indisə mənim sözümü dinlə,
Hər kəlməmə qulaq as.
2 Bax ağzımı açıram,
Dilim bu sözləri deyir.
3 Sözlərim səmimi ürəkdən gəlir,
Dodaqlarım biliyi doğru söyləyir.
4 Məni Allahın Ruhu yaratdı,
Külli-İxtiyarın nəfəsi mənə həyat verdi.
5 Əgər əlindən gəlirsə, mənə cavab ver,
Sıraya düz sözlərini, qarşımda dayan.
6 Mən də Allahın nəzərində sənin kimiyəm,
Mən də palçıqdan düzəldilmişəm.
7 Dəhşətimdən vahiməyə düşmə,
Bu hücumum sənə ağır gəlməsin.

8 Həqiqətən, səsin hələ qulaqlarımdadır,
Belə demişdin:
9 “Pakam, günahsızam,
Təmizəm, təqsirsizəm.
10 Yenə də Allah mənə qarşı bəhanə axtarır,
Məni Özünə düşmən sayır.
11 Ayaqlarımı buxovlayır,
Bütün yollarıma göz qoyur”.

12 Amma qoy bunu sənə söyləyim ki,
Sən bu barədə haqsızsan,
Çünki Allah insandan böyükdür.
13 İnsanın heç bir sözünə cavab vermir deyə
Niyə Onunla çəkişirsən?
14 Çünki insan anlamasa da,
Allah bu və ya digər yolla danışır.
15 Yuxuda, gecə röyalarında,
İnsanlar dərin yuxuya qərq olanda,
Yataqda yatanda
16 İnsanın qulağını açır,
Xəbərdarlıq edərək onu qorxudur ki,
17 İnsan şər iş görməkdən dönsün,
Təkəbbürdən uzaq olsun.
18 İnsanın canını quyudan,
Həyatını qılıncla həlak olmaqdan qurtarır,
19 İnsanı yatağında ağrılarla,
Sümüklərini kəsilməyən sızıltılarla yola gətirir.
20 Belə ki könlündən yemək keçmir,
Ən ləziz yeməkdən iyrənir.
21 Əti tökülür, görünməz hala düşür.
Görünməyən sümükləri üzə çıxır.
22 Canı quyuya,
Həyatı ölüm mələklərinə yaxınlaşır.

23 İnsana əməlisalehliyini bəyan etmək üçün
Min mələyin içindən bir mələk, bir vasitəçi olsa,
24 O zaman Allah ona rəhm edib deyər:
“Onu quyuya düşməkdən qurtar,
Onun üçün kəffarə tapmışam”.
25 Onda bədəni uşaq bədəni kimi təzə olar,
Yeniyetməlik dövrünə qayıdar.
26 Dua edəndə Allah ondan razı qalar,
Sevinərək Allahın üzünü görər,
Allah onun vəziyyətini düzəldər.
27 Sonra insanların önündə nəğmə söyləyər:
“Günah işlədib doğru yoldan azmışdım,
Allah mənə layiq olduğum cəzanı vermədi.
28 Canımı quyuya düşməkdən qurtardı,
Həyatım nur görəcək”.

29 Bax Allah bütün bunları insanlara
Ya iki dəfə ya da üç dəfə edər ki,
30 Onların canını quyudan xilas etsin,
Onlar həyatın nurunu görsün.

31 Yaxşı dinlə, Əyyub, bir qulaq as,
Sakit ol, qoy danışım.
32 Əgər deməyə sözün varsa, mənə cavab ver,
Danış, çünki səni haqlı çıxarmaq istəyirəm.
33 Sözün yoxsa, mənə qulaq as,
Sakit ol, qoy sənə hikmət öyrədim».

34 redaktə

1 Elihu söhbətini belə davam etdirdi:
2 «Ey hikmətlilər, sözlərimi dinləyin,
Ey çoxbilənlər, məni eşidin.
3 Çünki damaq yeməyin dadını bildiyi kimi
Qulaq da sözləri müəyyən edir.
4 Gəlin doğrunu seçək,
Birlikdə yaxşını öyrənək.
5 Çünki Əyyub deyir: “Mən günahsızam,
Allah isə əlimdən haqqımı aldı.
6 Haqlı olduğum halda yalançı sayılıram,
Bir təqsirim yox ikən oxundan sağalmaz yara aldım”.
7 Əyyub kimi şəxsiyyət varmı?
O, kinayəni su kimi içir.
8 Pislik edənlərlə yoldaşlıq edib gəzir,
Pis adamlarla yol gedir.
9 Çünki “çalışıb Allahı razı salmaq
İnsana xeyir gətirməz” deyir.

10 Buna görə, ey dərrakəli insanlar, məni dinləyin!
Məgər Allah pislik edərmi?
Məgər Külli-İxtiyar haqsızlıq edərmi?
11[16] Çünki O hər kəsə əməlinin əvəzini verir,
Qazandığını başına gətirir.
12 Məgər Allah pislik edir?
Məgər Külli-İxtiyar haqsızlıq edir?
13 Ona bütün dünyanı kim təslim etdi?
Kim Onu yer üzərində təyin etdi?
14 Əgər qəsdinə durub
Ruhunu, nəfəsini geri çəkərsə,
15 Bir anda bütün bəşər yox olar,
İnsan torpağa qayıdar.

16 Əgər düşüncən varsa, bunları dinlə,
Sözlərimi eşit.
17 Ədalətə nifrət edən səltənət sürə bilərmi?
Adil və qüdrəti Olanımı məhkum edəcəksən?
18 Padşahlara “yaramazsınız”,
Əsilzadələrə “şərsiniz” deyən,
19 Başçılar arasında tərəfkeşlik etməyən,
Varlını yoxsuldan üstün saymayan
O deyilmi?
Çünki hamını Onun əlləri yaratdı,
20 Hamı bir an içində, bir gecə yarısı ölüb gedir,
Xalq lərzəyə gəlib ölür.
Güclülər belə, əl dəyməmiş aradan götürülür.

21 Allah gözlərini insanların yolundan çəkmir,
Atdıqları hər addımı görür.
22 Şər iş görənlərin gizlənəcəyi
Nə qaranlıq, nə də zülmət yeri var.
23 Hökm üçün hüzuruna gəlsinlər deyə
Allah insana nəzarət etmək üçün ehtiyac duymur.
24 İstintaq etmədən güclü insanları qırır,
Onların yerinə başqalarını qoyur.
25 Çünki onların işlərini bilir,
Bir gecə onları alt-üst edir, onlar əzilir.
26 Hamının gözü önündə
Pislikləri üzündən onlara cəza verir.
27 Çünki Onun ardınca getmədilər,
Yollarının heç birinə fikir vermədilər.
28 Ona görə yoxsulların fəryadı Onun hüzuruna yetdi,
O, fəqirlərin fəryadını eşitdi.

29 Amma Allah səssiz dursa, kim Onu ittiham edə bilər?
Üzünü gizlədərsə, kim Onu görə bilər?
Hər millət, hər insan üçün O eynidir ki,
30 Allahsız insan hökmranlıq etməsin,
Xalqa tələ qurmasın.

31 Allaha deyən olubmu:
“Günahkaram, bir də pis iş görməyəcəyəm?
32 Görmədiyimi mənə göstər,
Haqsızlıq etmişəmsə, bir də etmərəm”.
33 Onu atdığın halda sənə
Kefin istəyən əvəz verməlidirmi?
Qərar verən sənsən, mən deyiləm,
İndi bildiyini mənə söylə.

34 Dərrakəli insanlar,
Məni dinləyən müdrik adamlar deyəcək:
35 “Əyyub avam-avam danışır,
Sözlərinin mənası yoxdur”.
36 Bir şər adam kimi cavab verdiyi üçün
Qoy Əyyub axıradək sınaqda olsun!
37 Çünki günahına üsyankarlıq da artırır,
Qarşımızda elə bil rişxənd edərək əl çalır,
Allaha qarşı danışdıqca danışır».

35 redaktə

1 Elihu sözünü belə davam etdirdi: 2 «Allah önündə haqlı olduğunu deyirsən. Bunun doğru olduğunumu düşünürsən? 3 Bəs niyə soruşursan ki, “əgər günah işlətməsəm, Bundan xeyrim, qazancım nə ola bilər?” 4 Həm sənə, həm də dostlarına Belə cavab verəcəyəm. 5 Bir bax səmaya, Nəzər sal başının üstündəki buludlara. 6[17] Günah işlətsən, bunun Allaha nə ziyanı dəyər? Nə qədər üsyankar olsan da, Ona bir şey olarmı? 7 Sənin salehliyin Ona nə verir? Yaxud da O, əlindən nəyi alıb götürür? 8 Pisliyin özün kimisinə ziyan vurur, Salehliyin isə bəşər oğlu üçündür.

9 İnsanlar ağır təzyiq altında fəryad edir, Güclülərə qarşı yardım istəyir. 10 Amma deyən yoxdur: “Hanı məni yaradan Allah? Hanı bizə gecələr ilahilər oxutduran Allah? 11 O bizi yer üzünün heyvanlarından çox öyrədib, Bizə göydəki quşlardan daha çox hikmət verib”. 12 Orada pislərin qüruru üzündən İnsanlar fəryad edir, Amma Allah cavab vermir. 13 Əslində Allah boş fəryadı dinləmir, Külli-İxtiyar buna əhəmiyyət vermir. 14 Sən onu görmədiyini söylədiyin anda belə, Mübahisən önündədir, Onu gözlə. 15 İndi qəzəblənib cəzalandırmırsa, Təqsirin çoxluğuna baxmır. 16 Ona görə Əyyub boş yerə ağzını yorur, Avam-avam danışdıqca danışır». </poem>

36 redaktə

1 Elihu sözünü belə davam etdirdi:
2 «Bir az səbir elə, sənə izah edəcəyəm,
Çünki Allah barədə deyiləcək çox sözüm var.
3 Geniş məlumat toplayacağam,
Yaradanıma haqq verəcəyəm.
4 Dediyimin heç biri, şübhəsiz, yalan deyil,
Qarşında dayanan kamil bilicidir.

5 Allah güclüdür, kimsəyə xor baxmaz,
Güclüdür, dərin şüura malikdir.
6 Pis adamları yaşatmaz,
Fəqirlərin haqqını verər.
7 Salehdən gözünü çəkməz,
Onu padşahlarla birgə taxtda oturdar,
Əbədilik ucaldar.
8 Amma əgər insanlar zəncirlənib
Təzyiq altında saxlanarsa,
9 Onlara əməllərini, günahlarını göstərər,
Təkəbbürlü rəftar etdiklərini bildirər.
10 Öyüdlərini eşitdirər,
Pislikdən dönmələrini əmr edər.
11 Əgər Ona qulaq asıb qulluq edərlərsə,
Qalan günlərini bolluq içində yaşarlar,
Qalan illərini əmin-amanlıqda yaşarlar.
12 Qulaq asmazlarsa, qılıncdan keçirilərlər,
Cəhalət içində canları çıxar.

13 Allahsızlar ürəklərində kin saxlayırlar,
Allah onları qandallayanda belə, Onu çağırmırlar.
14 Vaxtsız ölüb gedərlər,
Şərəfsiz ömür sürərlər.
15 Amma Allah əzabkeşləri əzablarından xilas edər,
Dara düşəndə onlara səsini eşitdirər.
16 Bəli, O səni çətinlikdən
Darısqal olmayan geniş yerə,
Yağlı yeməklərlə bəzənmiş süfrəyə çıxarar.
17 Amma şərin hökmü vücuduna dolar,
Haqq-ədalət isə yaxandan tutar.
18 Ehtiyatlı ol, qoy pul səni başdan çıxarmasın,
Rüşvətin böyüklüyünü görüb azmayasan.
19 Səni dardan qurtarmağa,
Varının, yoxsa qüdrətinin gücü çatarmı?
20 Xalqların öz yerlərindən
Yox edildiyi gecənin həsrətini çəkmə.
21 Ehtiyatlı ol ki, şərə tərəf dönməyəsən,
Çünki zəlil olmaqdan çox bunu seçmisən.

22 Budur, Allah əzəməti ilə ucalır,
Onun kimi müəllim haradadır?
23 Kim Ona nə etməsinin lazım olduğunu söyləyə bilər?
Kim Ona “haqsızsan” deyə bilər?

24 Onun işlərini yada sal,
İnsanların ilahilərlə tərənnüm etdiyi işləri mədh etməlisən.
25 Bütün insanlar bunu görür,
Hamı bu işləri uzaqdan seyr edir.
26 Bəli, Allah çox böyükdür, Onu tanıya bilmirik,
İllərinin sayını araşdıran yoxdur.
27 Su damcılarını yuxarı qaldırır,
Buxarlandırır, yağış yağdırır.
28 Bu yağışlar buludlardan tökülür,
İnsanların üstünə bol yağışlar səpilir.
29 Buludların necə yayılmasını,
Göylərin çadırında guruldamasını
Kim dərk edə bilər?
30 Baxın, ətrafında şimşəkləri çaxdırır,
Dənizin dərinliklərini doldurur.
31 Allah xalqlara rəhbərlik edir,
Onları bol ərzaqla təmin edir.
32 Şimşəyi əlləri ilə tutur,
Hədəfə vurmasını buyurur.
33 Gurultusu qasırğadan xəbər verir,
Qasırğanın qopacağını öküzlərə belə, bildirir.

37 redaktə

1 Bundan qəlbim çırpınıb yerindən oynayır,
2 Dinləyin! Gurlayan səsini dinləyin,
Ağzından çıxan harayını eşidin!
3 Göy altında, hər yanda səs salır,
Yer üzünün dörd bucağında şimşəyini çaxdırır.
4 Ardınca nərə vurur,
Əzəmətli səsi ilə gurlayır,
Həniri eşidilir, dayanmadan şimşək çaxır.
5 Allahın səsi heyrətamiz şəkildə gurlayır,
O bizə məlum olmayan böyük işlər görür.
6 Çünki “yerə yağ” deyə qara əmr edir,
Leysana “şiddətlə tökül” deyir.
7 Yaratdığı bütün insanlar Onun işlərini bilsinlər deyə
Hər kəsin əlini işdən saxlayır.
8 Heyvanlar yuvalarına çəkilir,
Öz yerlərində qalır.
9 Tufan otağından çıxır,
Soyuq şimal yellərindən gəlir.
10 Allahın nəfəsi suları dondurur,
Ümman sular buz bağlayır.
11 Buludlara nəm çəkdirərək yükləyir,
Buludlar içindən şimşək səpələyir.
12 Buludlar yer üzündə əmrini yerinə yetirmək üçün
Onun istəyi istiqamətində dönüb fırlanır.
13 Bəzən insanları cəzalandırmaq üçün,
Bəzən torpağı suvarmaq üçün,
Bəzən də sevgisini göstərmək üçün yağış göndərir.

14 Əyyub, bunu dinlə,
Bir dayan, Allahın heyrətamiz işlərindən düşün.
15 Allahın buludlar üçün necə nizam qurduğunu bilirsənmi?
Buludlarındakı şimşəkdən necə od çıxır?
16 Buludların tarazlığını,
Kamil biliyə malik olanın heyrətamiz işlərini bilirsənmi?
17 Səmum küləyi dünyanın nəfəsini kəsərkən
Paltarın içərisində istidən huşunu itirirsən.
18 Tökmə bürünc ayna kimi möhkəm olan göy qübbəsini
Allahla birlikdə sərə bilirsənmi?
19 Ona nə deyəcəyimizi bizə öyrət,
Çünki cəhalətimiz üzündən sözlərimiz nizamsızdır.
20 Onunla danışmaq istərəm, bu Ona xəbər verilərmi?
Kimsə udulmasını istərmi?

21 Külək qurtaranda, göyü təmizləyəndə
Göydə parlayan işığa kimsə baxmaz.
22 Şimaldan qızılı parıltı görünür,
Allah qüdrətli əzəmətində gəlir.
23 Biz Külli-İxtiyarı tapa bilmərik,
Qüvvəti möhtəşəmdir.
Salehliyi misilsizdir, ədalətlidir,
Heç haqsızlıq etmir.
24 Buna görə insanlar Ondan qorxar,
O özünü hikmətli sayanlara baxmaz».

38 redaktə

Allah danışır

1 O zaman Rəbb qasırğanın içindən Əyyuba belə cavab verdi:
2[18] «Məsləhəti savadsız sözlərlə qaranlığa salan bu kimdir?
3 İndi kişi kimi belinə qurşaq bağla,
Sual verəcəyəm, Mənə cavab ver.

4 Mən yerin təməlini qoyarkən haradaydın?
Anlayışın varsa, söylə.
5 İndi ki bilirsən,
De görüm, yerin ölçüsünü kim qoydu,
Yaxud yer üstündə ölçü xəttini kim çəkdi?
6 Nəyin üstündə onun təməlləri quruldu?
Kim onun guşədaşını qoydu?
7 Onda dan ulduzları birgə nəğmə oxuyurdu,
Bütün ilahi varlıqlar sevincdən haray salırdı.

8[19] Dəniz bətndən çıxıb fışqırarkən
Onu qapılar arasında kim bağladı?
9 Ona buludları libas,
Qatı qaranlıqları qundaq etdim.
10 Onun sərhədini çəkdim,
Qapı və cəftələrini qoydum.
11 O vaxt dedim: “Buraya qədər gəlib o tərəfə çıxmayacaqsan,
Qürurlu dalğaların burada dursun”.

12 Sən ömründə səhərə buyruq verdinmi?
Şəfəqə yerini göstərdinmi?
13 Belə ki yer üzünün ucqarlarını tutsun,
Üstündən pisləri çırpıb atsın.
14 Torpağın quruluşu dəyişir,
Möhür vurulanda palçıqda əksi qalan kimi,
Libasdakı qırışlar kimi gözə görünür.
15 Pislərin nuru batırılar,
Qaldırdıqları qolları qırılar.

16 Dənizin mənbələrinə getmisənmi?
Dərinliyin dibində gəzmisənmi?
17 Ölüm dərgahı sənə göstərilibmi?
Ölüm kölgəsinin qapılarını görmüsənmi?
18 Dünyanın həcmini dərk edə bilirsənmi?
De görüm, bunların hamısını bilirsənmi?

19 İşıq məskəninə gedən yol haradadır?
Qaranlığın yeri haradadır?
20 Onları yerlərinə apara bilərsənmi?
Evlərinin yolunu bilirsənmi?
21 Əlbəttə, heç nə anlamırsan,
Çünki onlarla eyni vaxtda doğulmusan!
Yaşın bu qədərdir.

22 Qar anbarlarına girmisənmi?
Dolu anbarlarını görmüsənmi?
23 Mən onları dar gün üçün,
Döyüş və müharibə günləri üçün saxlayıram.
24 Hansı yolla işıq yayılar,
Yer üzündə şərq küləyi qopar?

25 Kim sellər üçün arx,
İldırım üçün yol açdı ki,
26 Kimsəsiz yerləri,
İnsan yaşamayan çölləri sulasın,
27 Səhralar – biyabanlar doyunca su içsin,
Yaşıl ot bitsin?

28 Yağışın atası varmı?
Şeh damlalarını kim yaratdı?
29 Buz kimin bətnindən çıxdı?
Göylərdən düşən şaxtanı kim doğdu?
30 Sular nə zaman daş kimi bərkiyir,
Dərinliklərin səthi donur?

31[20] Ülkər ulduzlarını bağlaya bilərsənmi?
Orionun bağlarını aça bilərsənmi?
32 Hər bürcü öz vaxtında çıxara bilərsənmi?
Böyük, Kiçik Ayı bürcünə yol göstərə bilərsənmi?
33 Göylərin qanunlarını bilirsənmi?
Allahın hakimiyyətini yer üzərində qura bilərsənmi?

34 Başına bol yağış yağsın deyə
Buludları səsləyə bilərsənmi?
35 Şimşəkləri göndərə bilərsənmi getsinlər,
Sənə də “bax buradayıq” desinlər?
36 Kim ürəyə hikmət qoydu,
Dərk etmək üçün şüur verdi?
37 Kim buludları ağılla saya bilər?
Göyün tuluqlarını kim boşalda bilər?
38 Onda toz yatıb yer bərkiyər,
Kəsəklər bir-birinə yapışar.

39 Dişi aslanlar üçün ov ovlaya bilərsənmi,
Gənc aslanların qarnını doyura bilərsənmi
40 Yuvalarına girəndə,
Kolluqda pusqu quranda?
41 Kim qarğaya yem verə bilər
Balaları Allaha fəryad edəndə,
Acından vurnuxanda?

39 redaktə

1 Dağ keçilərinin nə vaxt doğduğunu bilirsənmi?
Maralların balalamasının vaxtını sən gözləyirsənmi?
2 Onlar boğaz olanda ayını-gününü sən sayırsanmı?
Nə vaxt doğacaqlarını bilirsənmi?
3 Diz çöküb balalarını doğar,
Ağrılardan qurtarar.
4 Balaları çöldə böyüyüb güc alar,
Gedər, geri qayıtmaz.

5 Kim vəhşi eşşəyi azad buraxdı?
Kim onun iplərini açdı?
6 Ona çölləri məskən verdim,
Şoran düzləri ona yurd etdim.
7 O, şəhərdəki izdihama gülər,
Sahibinin hay-küyünü eşitməz.
8 Təpələri dolaşıb otlar,
Yaşıllığı axtarar.

9 Çöl öküzü sənə xidmət etmək istəyərmi?
Gecəni sənin axurunda keçirərmi?
10 Kotan sürsün deyə onu boyunduruğa sala bilərsənmi?
Ardınca dərələrdə şırım aça bilərmi?
11 Onun hədsiz gücünə bel bağlaya bilərsənmi?
Ona ağır iş gördürə bilərsənmi?
12 Çöl öküzünə etibar edə bilərsən ki,
Əkininin məhsulunu daşısın,
Onu xırmanına yığsın?

13 Dəvəquşu qanadını sevinclə çırpar,
Amma onun qanadı nə leyləyin qanadları ilə,
Nə də ki pərləri ilə müqayisə olunur.
14 Yerdə yumurtalayır,
Onları toz-torpaq üstündə qızdırır.
15 Yadından çıxarır ki, yumurtalar ayaq altında sınır,
Çöl heyvanlarının ayağı altında qalır.
16 Balaları ilə elə sərt rəftar edir ki,
Elə bil özününkü deyil,
Çəkdiyi zəhmətin boşa getməsindən narahat olmaz.
17 Çünki Allah ona müdriklik verməyib,
Ona dərrakə bəxş etməyib.
18 Qaçmaq üçün yenə qanad açanda
Ata və atlıya gülər.

19 Ata güc verən sənsənmi?
Boynuna yalı qoyan sənsənmi?
20 Onu çəyirtkə kimi tullandıran sənsənmi?
Onun təmtəraqlı kişnəməsi xof salır.
21 Dərələrə ayağını bərk vurur,
Öz qüvvəsi ilə sevinib-coşur,
Silahlıların qabağına çıxır.
22 Qorxuya gülər, heç bir şeydən çəkinməz,
Qılınc qarşısında ayağını geri çəkməz.
23 Onun üstündə oxdan cingildəyir,
Parlaq nizə və mizraq şimşək tək keçir.
24 Coşanda qəzəblənib yeri-yurdu qapır,
Şeypur çalınan kimi yerindən dik atılır.
25 Şeypur çalınanda “hiaaa!” deyib kişnəyir,
Döyüş qoxusunu, sərkərdələrin gurlayan səsini,
Döyüşün nərəsini uzaqdan hiss edir.

26 Məgər qırğı sənin dərrakənləmi uçur,
Cənuba tərəf qanad açır?
27 Məgər qartal sənin əmrinləmi göyə qalxır,
Uca yerlərdə özünə yuva qurur?
28 Sıldırım qayalarda yaşayır,
Şiş uclu qayalarda məskən salır.
29 Oradan şikarını axtarır,
Gözləri onları uzaqdan görür.
30[21] Onun balaları qanla qidalanır,
Harada leş olsa, o da oradadır».

40 redaktə

1 Rəbb Əyyuba belə dedi:
2 «Kim ki tənbehə layiq görülür,
O, Külli-İxtiyarla mübahisə edə bilərmi?
Qoy buna Allahı ittiham edən cavab versin».

3 Onda Əyyub Rəbbə belə cavab verdi:
4 «Mənim gərəksizliyimə bax,
Sənə necə cavab verim,
Ağzımı əlimlə tutmuşam.
5 Bir dəfə danışdım, daha cavabım yoxdur,
Artıq ikinci dəfə nə danışım».
6 Rəbb qasırğanın içindən Əyyuba cavab verdi:
7 «İndi kişi kimi belinə qurşaq bağla,
Sual verəcəyəm, Mənə cavab ver.
8 Sənmi ədalətimi boşa çıxaracaqsan?
Özünə haqq qazandırmaq üçün sənmi Məni günahlandıracaqsan?
9 Allahın qolu kimi qolun varmı?
Səsin Onunku kimi gurlayarmı?

10 Əgər belədirsə, şərəfə, şana bürün,
Ehtişamı, əzəməti geyin.
11 Qoy qəzəbinin alovu saçsın,
Hər qürurluya baxıb onları alçalt.
12 Qürurluların hamısına baxıb aşağı endir,
Pisləri yerindəcə təpiyinin altına sal.
13 Hamısını birlikdə torpaq altında basdır,
Məzarda üzləri kəfənə bürünsün.
14 O zaman Mən də bunu qəbul edərəm,
Belə ki sağ qolun səni qurtarır.

15 Behemota[22] bax, öküz kimi ot yeyir,
Səni yaratdığım kimi onu da Mən yaratmışam,
16 Gör belində nə qədər güc var,
Qarın əzələləri necə möhkəmdir.
17 Sallanan quyruğu sidr ağacına bənzəyir,
Budlarındakı vətərlər bir-birinə hörülüb.
18 Sümükləri sanki tunc borudur,
Qabırğaları elə bil dəmir çubuqdur.

19 Allahın işləri arasında şah əsərdir,
Yalnız Yaradan ona qılıncla yaxınlaşa bilir.
20 Təpələr məhsullarını ona verir,
Bütün çöl heyvanları yanında oynaşır.
21 Nilufərlərin altında,
Qamışla örtülü bataqlıqlarda yatır.
22 Nilufərlər üstünə kölgə salır,
Dərənin söyüdləri onu əhatəyə alır.
23 Coşğun çaylardan qorxmur,
Sellər boğazına çatsa da, arxayındır.
24 Gözləri açıq ikən kim onu tuta bilər?
Kim qıra ilə onun burnunu deşər?

41 redaktə

1 Məgər sən Livyatanı[23] qarmaqla çəkə bilərsənmi?
Dilinə qaytan vura bilərsənmi?
2 Burnuna ip taxa bilərsənmi?
Qıra ilə çənəsini deşə bilərsənmi?
3 Sənə yalvarıb-yaxararmı,
Səninlə şirin-şirin danışarmı?
4 Əbədi qulun olmaq üçün
Səninlə əhd kəsərmi?
5 Quşla oynadığın kimi onunla oynaya bilərsənmi?
Boynuna ip bağlayıb onu qızların üçün apara bilərsənmi?
6 Məgər tacirlər onu alıb-satarlarmı?
Aralarında bölə bilərlərmi?
7 Yabalarla dərisini,
Balıqçı neştərləri ilə başını doldura bilərsənmi?
8 Əlini onun üstünə qoy, nə cəncələ düşəcəyini təsəvvür et,
Onda bu işi bir daha görməzsən.
9 Onu tutmaq ümidin boş istəkdir.
Onun görkəmi adamı yıxmırmı?
10 Onu oyatmaq üçün heç kimdə cəsarət yoxdur.
Bəs Mənim qarşımda kim dayana bilər?
11[24] Kim Mənə bir şey verib ki, ona geri qaytarım?
Bax göylər altında hər şey Mənimdir.

12 Sözümü kəsməyib onun əzalarından,
Möhkəm gücündən və gözəl görünüşündən deyəcəyəm.
13 Üstündəki paltarı kim çıxara bilər?
Qoşa cilovla kim ona yaxınlaşa bilər?
14 Ağzının qapılarını kim aça bilər?
Çünki damağındakı dişlər dəhşətlidir.
15 Kürəyi nizamla düzülmüş qalxanlara oxşayır,
Onlar bir-birinə möhkəm bağlanıb,
16 Bir-birlərinə elə bağlanıb ki,
Arasından hava keçməz.
17 Bir-birlərinə elə yapışıb ki,
Birdir, ayrılmaz.
18 Asqıranda od sıçrayır,
Gözləri səhər işığı tək par-par yanır.
19 Ağzından alovlu məşəllər çıxır,
Qığılcımlar saçılır.
20 Burnunun deşiklərindən tüstü çıxır,
Elə bil qazan qaynayır, qamış yanır.
21 Nəfəsindən kömürlər közərir,
Ağzından alov çıxır.
22 Boynunda qüvvət yaşayır,
Qabağında dəhşət oynayır.
23 Ətinin qatları bir-birinə bitişib,
Oradan tərpənə bilməz, üstünə bərk yapışıb.
24 Ürəyi daş kimi möhkəmdir,
Dəyirmanın alt daşı kimi bərkdir.
25 Qalxanda güclülər lərzəyə gəlir,
Qorxub ürəkləri gedir.
26 Üstünə qılınc çəkməyin faydasızdır,
Nizə, tir, mizraqdan kar aşmır.
27 Dəmiri saman çöpü,
Tuncu çürük odun sayır.
28 O, oxlardan qaçmır,
Sapanddan daş atsan, elə bilər ki, çöpdür.
29 Dəyənəkləri küləş qırıntısı sanır,
Mizraqın vıyıltısına gülür.
30 Qarnının altı sərt saxsıya oxşayır,
Palçıq üstə vəl kimi iz qoyur.
31 Dərin suları bir qazan kimi qaynadır,
Dənizi ətir küpünə döndərir,
32 Arxasınca parlaq bir iz buraxır,
İnsan bu dərinliyi ağaran saça oxşadır.
33 Yer üzündə misli-bərabəri yoxdur,
Qorxu bilməyən məxluqdur.
34 Hər lovğalanana xor baxır,
Bütün məğrur heyvanların hakimidir».

42 redaktə

1 O vaxt Əyyub Rəbbə belə cavab verdi:
2 «Bilirəm, Sən hər şeyə qadirsən,
Sənin istəyinin qarşısı alınmaz.
3[25] Soruşdun: “Məsləhəti savadsızcasına ört-basdır edən bu kimdir?”
Doğrudan da, bilmədiyim şeylərdən,
Əlim çatmadığı heyrətamiz işlərdən danışdım.

4[26] Dedin: “İndi qulaq as, Mən danışacağam,
Sual verəcəyəm, Mənə cavab ver”.
5 Qulaqlarıma sorağın çatmışdı,
İndisə Səni gözlərimlə görürəm.
6 Ona görə özümdən zəhləm gedir,
Torpağın, külün içində tövbə edirəm».

Nəticə

7 Rəbb Əyyuba bu sözləri deyəndən sonra Temanlı Elifaza dedi: «Sənə və iki dostuna qarşı qəzəbdən alışıb-yandım. Çünki siz qulum Əyyub kimi Mənim haqqımda doğru olanı demədiniz. 8 İndi özünüz üçün yeddi buğa və yeddi qoç alıb qulum Əyyubun yanına gedin və özünüz üçün yandırma qurbanı təqdim edin. Qulum Əyyub sizin üçün dua etsin. Mən də onun duasını qəbul edib sizinlə axmaqlığınıza görə rəftar etməyəcəyəm, çünki siz qulum Əyyub kimi Mənim haqqımda doğru olanı demədiniz». 9 Beləcə Temanlı Elifaz, Şuahlı Bildad və Naamatlı Sofar gedib Rəbbin onlara dediklərinə əməl etdi. Rəbb də Əyyubun duasını qəbul etdi.

10[27] Əyyub dostları üçün dua edəndən sonra Rəbb ondan alınanları geri qaytardı. O, Əyyuba bütün qabaqkı malından da ikiqat artıq var-dövlət verdi. 11 Əyyubun bütün qardaşları, bacıları və bütün əvvəlki dost-tanışları yanına gəlib evində onunla çörək yedi və dərdinə şərik oldular. Rəbbin onun başına gətirdiyi bütün bəlalara görə ona təsəlli verdilər. Hər biri ona bir parça gümüş və bir qızıl halqa verdi.

12 Rəbb Əyyubun axır günlərini əvvəlki günlərindən daha çox bərəkətli etdi. Onun on dörd min qoyunu, altı min dəvəsi, min cüt öküzü və min eşşəyi var idi. 13 Əyyubun yeddi oğlu, üç qızı oldu. 14 İlk qızının adını Yemima, ikincisinin adını Qesia, üçüncüsünün adını Qeren-Happuk qoydu. 15 Ölkənin heç bir yerində Əyyubun qızları kimi gözəl qızlar yox idi. Əyyub onlara da qardaşları ilə yanaşı miras verdi. 16 Bundan sonra Əyyub yüz qırx il yaşadı və dörd nəsil övladlarını gördü. 17 O qocalıb yaşa dolaraq öldü.

Qeydlər redaktə

  1. İlahi varlıqlar – hərfi tərcümədə Allah oğulları.
  2. Vəhy 12:10
  3. Yer. 20:14-18
  4. Livyatan – bu gün bizə məlum olmayan nəhəng su heyvanı.
  5. Yer. 8:3; Vəhy 9:6
  6. 1Kor. 3:19
  7. Sül. 3:11-12; İbr. 12:5-6
  8. Zəb. 8:4; 144:3
  9. Əyy. 38:31-32; Amos 5:8
  10. Rahav – xaos və şər qüvvələrin rəmzi olan dəniz əjdahası.
  11. Zəb. 107:40
  12. Zəb. 7:14; Yeş. 59:4
  13. Əyy. 35:6-8
  14. Rahav – 9:13-də olan qeydə bax.
  15. Zəb. 111:10; Sül. 1:7; 9:10
  16. Zəb. 62:12
  17. Əyy. 22:2-3
  18. Əyy. 42:3
  19. Yer. 5:22
  20. Əyy. 9:9; Amos 5:8
  21. Mat. 24:28; Luka 17:37
  22. Behemot – bu gün bizə məlum olmayan nəhəng su heyvanı.
  23. Livyatan – bu gün bizə məlum olmayan nəhəng su heyvanı.
  24. Rom. 11:35
  25. Əyy. 38:2
  26. Əyy. 38:3
  27. Əyy. 1:1-3

Yaradılış Kitabı • Çıxış Kitabı • Levililər Kitabı • Saylar Kitabı • Qanunun Təkrarı Kitabı • Yeşua Peyğəmbərin Kitabı • Hakimlər Kitabı • Rut Kitabı • Birinci Şamuel Kitabı • İkinci Şamuel Kitabı Birinci Padşahlar Kitabı • İkinci Padşahlar Kitabı • Birinci Salnamələr Kitabı • İkinci Salnamələr Kitabı • Ezra Kitabı • Nehemya Kitabı • Ester Kitabı • Əyyub Kitabı • Zəbur • Süleymanın Məsəlləri • Vaiz Kitabı • Nəğmələr Nəğməsı Kitabı • Yeşaya Peyğəmbərin Kitabı • Yeremya Peyğəmbərin Kitabı • Mərsiyələr Kitabı • Yezekel Peyğəmbərin Kitabı • Daniel Peyğəmbərin Kitabı • Huşə Peyğəmbərin Kitabı • Yoel Peyğəmbərin Kitabı • Amos Peyğəmbərin Kitabı • Avdıya Peyğəmbərin Kitabı • Yunus Peyğəmbərin Kitabı • Mikeya Peyğəmbərin Kitabı • Nahum Peyğəmbərin Kitabı • Habaqquq Peyğəmbərin Kitabı • Sefanya Peyğəmbərin Kitabı • Haqqay Peyğəmbərin Kitabı • Zəkəriyyə Peyğəmbərin Kitabı • Malaki Peyğəmbərin Kitabı • Mattanın Nəql Etdiyi Müjdə • Markın Nəql Etdiyi Müjdə • Lukanın Nəql Etdiyi Müjdə • Yəhyanın Nəql Etdiyi Müjdə • Həvarilərin İşləri • Paulun Romalılara Məktubu • Paulun Korinflilərə Birinci Məktubu • Paulun Korinflilərə İkinci Məktubu • Paulun Qalatiyalılara Məktubu • Paulun Efeslilərə Məktubu • Paulun Filipililərə Məktubu • Paulun Kolosselilərə Məktubu • Paulun Saloniklilərə Birinci Məktubu • Paulun Saloniklilərə İkinci Məktubu • Paulun Timoteyə Birinci Məktubu • Paulun Timoteyə İkinci Məktubu • Paulun Titə Məktubu • Paulun Filimona Məktubu • İbranilərə Məktub • Yaqubun Məktubu • Peterin Birinci Məktubu • Peterin İkinci Məktubu • Yəhyanın Birinci Məktubu • Yəhyanın İkinci Məktubu • Yəhyanın Üçüncü Məktubu • Yəhudanın Məktubu • Yəhyaya Nazil Olan Vəhy