Bibliya/Paulun Saloniklilərə İkinci Məktubu

Paulun Saloniklilərə Birinci Məktubu Bibliya. Paulun Saloniklilərə İkinci Məktubu

Paulun Timoteyə Birinci Məktubu


1 2 3 Qeydlər

İsa Məsihin ikinci gəlişi ilə əlaqədar Salonik imanlı cəmiyyətində yenə də narahatlıqlar davam edirdi. Saloniklilərdə belə bir fikir var idi ki, Rəbbin günü artıq gəlib.

Paul bu fikrə düzgün istiqamət verərək yazır ki, Məsihin zühurundan öncə şər və pislik kulminasiya nöqtəsinə çatacaq. Bu, müəmmalı olan şəxsin, «həlak edilməli qanunsuz adam»ın (2:3) rəhbərliyi altında baş verəcək. Bu şəxs Məsihin əleyhdarı olacaq.

Həvari vurğulayır ki, imanlılar əzab-əziyyət və çətinliklərə baxmayaraq, imanda möhkəm durmalı, özlərini dolandırmaq üçün Paul və onun əməkdaşları kimi işləyib yaxşı əməllərini davam etdirməlidirlər.

Məktubun məzmunu:

  • 1:1-12 Salamlar və minnətdarlıq
  • 2:1-17 Məsihin zühuruna aid təlimat
  • 3:1-15 Məsihçi davranışına aid öyüd-nəsihət
  • 3:16-18 Xudahafizləşmə

1 redaktə

1[1] Paul, Sila və Timoteydən Atamız Allah və Rəbb İsa Məsihdə olan Saloniklilər cəmiyyətinə salam! 2 Atamız Allahdan və Rəbb İsa Məsihdən sizə lütf və sülh olsun!

Hökm günü

3 Qardaşlar, sizin üçün həmişə Allaha şükür etməliyik və belə etməyimiz yerinə düşər, çünki imanınız artdıqca artır və hamınızın bir-birinizə olan məhəbbəti çoxalır. 4 Bunun üçün tab gətirdiyiniz bütün təqiblərə, əziyyətlər zamanı dözümünüzə və imanınıza görə Allahın cəmiyyətlərində sizinlə özümüz də fəxr edirik.

5 Bu şeylər Allahın ədalətli hökmünün əlamətidir ki, nəticədə uğrunda indi əzab çəkdiyiniz Allahın Padşahlığına layiq sayılasınız. 6 Çünki Allahın hüzurunda haqq olan işdir ki, sizə əziyyət verənlərə əziyyət, 7 əziyyət çəkən sizlərə isə bunun əvəzində bizimlə birlikdə rahatlıq veriləcək. Bu, Rəbb İsanın qüdrətli mələkləri ilə od-alov içərisində göydən zühur etdiyi zaman olacaq. 8 O zaman Rəbbimiz İsa Allahı tanımayanlardan və Özü barədə olan Müjdəyə itaət etməyənlərdən qisas alacaq. 9 Onlara Rəbbin hüzurundan və qüdrətinin izzətindən məhrum qalıb əbədi olaraq məhv edilmə cəzası veriləcək. 10 Bunlar Rəbbin Öz müqəddəsləri arasında izzət qazanmaq və bütün imanlıları heyrətə gətirmək üçün gəldiyi gün baş verəcək. Siz də belə imanlılardansınız, çünki etdiyimiz şəhadətə inandınız. 11 Buna görə sizin üçün daim dua edirik ki, Allahımız sizi Öz çağırışına layiq görsün, hər yaxşı niyyətinizi və imandan asılı hər əməlinizi Öz qüdrəti ilə yerinə yetirsin. 12 Belə ki Allahımızın və Rəbb İsa Məsihin lütfünə görə Rəbbimiz İsanın adı sizdə izzət qazansın və siz də Onda izzət qazanasınız.

2 redaktə

Qanunsuz adam

1[2] Rəbbimiz İsa Məsihin zühuruna və bizim Onunla birlikdə olmaq üçün toplaşmağımıza gəlincə, qardaşlar, sizdən xahiş edirik: 2 qoy «Rəbbin günü çatmışdır» deyə iddia edən hər hansı bir ruh, bir söz yaxud guya bizdən gələn bir məktub sizi tez ağıldan çıxarıb təlaşa salmasın.

3 Heç kim sizi heç bir şəkildə aldatmasın. Çünki əvvəl üsyan qaldırılaraq həlak edilməli qanunsuz adam[3] meydana çıxmayınca o gün gəlməyəcək. 4[4] O adam, allah adlanan yaxud səcdə edilən hər şeyə qarşı çıxaraq özünü hamıdan üstün tutacaq. Belə ki Allahın məbədində əyləşib özünün Allah olduğunu elan edəcək.

5 Hələ yanınızda olarkən bunları sizə söylədiyim yadınızda deyilmi? 6 Bəli, vaxtı çatanda meydana çıxsın deyə indi o adama nəyin mane olduğunu bilirsiniz. 7 Hələ indi də qanunsuzluğun sirli gücü fəaliyyətdədir. Ancaq hələlik həmin gücə mane olan şəxs aradan qalxanadək belə olacaq. 8[5] Sonra həmin qanunsuz adam meydana çıxacaq və Rəbb İsa onu ağzından çıxan nəfəsi ilə öldürəcək, Öz zühurunun əzəməti ilə məhv edəcək. 9[6] Bu qanunsuz adam Şeytanın fəaliyyətinə əsaslanaraq hər cür yalan möcüzə, əlamət və xariqələrlə 10 və həmçinin hər cür haqsızlığın hiyləsi ilə gələcək ki, həqiqəti sevərək xilas olmaq əvəzinə, bunu rədd etdikləri üçün həlak olacaq insanları aldatsın. 11 Buna görə Allah onların üzərinə aldadıcı bir qüvvə göndərir ki, yalana inansınlar. 12 Belə ki həqiqətə inanmayıb haqsızlıq etməkdən zövq alanların hamısı mühakimə olunsun. Möhkəm dayanın

13 Bizsə, ey Rəbbin sevdiyi qardaşlar, sizin üçün həmişə Allaha şükür etməliyik. Çünki Allah başlanğıcdan sizi Ruhun təqdisi və həqiqətə iman vasitəsilə xilas üçün seçdi. 14 Rəbbimiz İsa Məsihin izzətinə nail olmağınız üçün O bizim yaydığımız Müjdə ilə sizi bu xilasa çağırdı. 15 Beləliklə, qardaşlar, möhkəm dayanın və sözümüz yaxud məktubumuz vasitəsilə öyrəndiyiniz təlimlərə bağlı qalın.

16 Rəbbimiz İsa Məsihin Özü və bizi sevib lütfü ilə əbədi cəsarət və xeyirli ümid verən Atamız Allah 17 sizi ürəkləndirsin, hər yaxşı söz və əməldə möhkəmləndirsin.

3 redaktə

Bizim üçün dua edin

1 Nəhayət, qardaşlar, bizim üçün dua edin ki, Rəbbin kəlamı aranızda olduğu kimi sürətlə yayılıb izzət qazansın, 2 pis və şər adamlardan xilas olaq. Çünki iman hamıya məxsus deyil. 3 Amma Rəbb etibarlıdır. O sizi möhkəmləndirib şər olandan qoruyacaq. 4 Biz də Rəbbə güvənərək sizdən arxayınıq ki, verdiyimiz əmrlərə əməl edirsiniz və edəcəksiniz. 5 Qoy Rəbb ürəklərinizi Allahın məhəbbətinə və Məsihin dözümünə yönəltsin.

Dolanışığınızı zəhmətinizlə qurun

6 Ey qardaşlar, Rəbbimiz İsa Məsihin adı ilə sizə əmr veririk ki, bizdən qəbul etdiyi təlimə görə yaşamayan, avara həyat sürən hər bir bacı-qardaşdan uzaqlaşın. 7 Bizlərdən necə nümunə götürmək lazım olduğunu özünüz də bilirsiniz. Çünki yanınızda olarkən avara dolanmadıq, 8 heç kimin çörəyini müftə yemədik. Əksinə, gecə-gündüz əmək və zəhmət çəkərək işlədik ki, heç birinizə yük olmayaq. 9 Bunu ixtiyarımız çatmadığına görə deyil, sizə nümunəvi yol göstərərək bu yolla getməyiniz üçün etdik. 10 Hətta biz sizinlə olarkən sizə bu əmri verdik: kim işləmək istəmirsə, yemək də yeməsin. 11 Eşitmişik ki, sizlərdən bəzisi avara həyat sürür; heç bir iş görmədikləri halda hər şeyə qarışırlar. 12 Belələrinə Rəbb İsa Məsih naminə əmr verib xəbərdarlıq edirik ki, sakitcə işləyib öz çörəklərini yesinlər. 13 Sizsə, qardaşlar, yaxşılıq etməkdən yorulmayın.

14 Əgər kimsə bu məktubdakı sözlərimizə qulaq asmaq istəməzsə, onu nəzərdə saxlayın və onunla əlaqəni kəsin ki, utansın. 15 Yenə də onu düşmən sanmayın, bir qardaş kimi ona nəsihət verin.

Salam göndərmə

16 Sülh qaynağı olan Rəbbin Özü isə sizə hər zaman və hər vəziyyətdə sülh versin! Rəbb hamınıza yar olsun!

17 Mən Paul salamı sizə öz əlimlə yazıram. Bunu hər məktubumda xüsusi bir işarə kimi yazıram. 18 Rəbbimiz İsa Məsihin lütfü hamınıza yar olsun!

Qeydlər redaktə

  1. Həv. 17:1
  2. 1Sal. 4:15-17
  3. Qanunsuz adam – bəzi əlyazmalarda günah adamı.
  4. Yez. 28:2; Dan. 11:36
  5. Yeş. 11:4
  6. Mat. 24:24

Yaradılış Kitabı • Çıxış Kitabı • Levililər Kitabı • Saylar Kitabı • Qanunun Təkrarı Kitabı • Yeşua Peyğəmbərin Kitabı • Hakimlər Kitabı • Rut Kitabı • Birinci Şamuel Kitabı • İkinci Şamuel Kitabı Birinci Padşahlar Kitabı • İkinci Padşahlar Kitabı • Birinci Salnamələr Kitabı • İkinci Salnamələr Kitabı • Ezra Kitabı • Nehemya Kitabı • Ester Kitabı • Əyyub Kitabı • Zəbur • Süleymanın Məsəlləri • Vaiz Kitabı • Nəğmələr Nəğməsı Kitabı • Yeşaya Peyğəmbərin Kitabı • Yeremya Peyğəmbərin Kitabı • Mərsiyələr Kitabı • Yezekel Peyğəmbərin Kitabı • Daniel Peyğəmbərin Kitabı • Huşə Peyğəmbərin Kitabı • Yoel Peyğəmbərin Kitabı • Amos Peyğəmbərin Kitabı • Avdıya Peyğəmbərin Kitabı • Yunus Peyğəmbərin Kitabı • Mikeya Peyğəmbərin Kitabı • Nahum Peyğəmbərin Kitabı • Habaqquq Peyğəmbərin Kitabı • Sefanya Peyğəmbərin Kitabı • Haqqay Peyğəmbərin Kitabı • Zəkəriyyə Peyğəmbərin Kitabı • Malaki Peyğəmbərin Kitabı • Mattanın Nəql Etdiyi Müjdə • Markın Nəql Etdiyi Müjdə • Lukanın Nəql Etdiyi Müjdə • Yəhyanın Nəql Etdiyi Müjdə • Həvarilərin İşləri • Paulun Romalılara Məktubu • Paulun Korinflilərə Birinci Məktubu • Paulun Korinflilərə İkinci Məktubu • Paulun Qalatiyalılara Məktubu • Paulun Efeslilərə Məktubu • Paulun Filipililərə Məktubu • Paulun Kolosselilərə Məktubu • Paulun Saloniklilərə Birinci Məktubu • Paulun Saloniklilərə İkinci Məktubu • Paulun Timoteyə Birinci Məktubu • Paulun Timoteyə İkinci Məktubu • Paulun Titə Məktubu • Paulun Filimona Məktubu • İbranilərə Məktub • Yaqubun Məktubu • Peterin Birinci Məktubu • Peterin İkinci Məktubu • Yəhyanın Birinci Məktubu • Yəhyanın İkinci Məktubu • Yəhyanın Üçüncü Məktubu • Yəhudanın Məktubu • Yəhyaya Nazil Olan Vəhy