Bibliya/Paulun Timoteyə İkinci Məktubu

Paulun Timoteyə Birinci Məktubu Bibliya. Paulun Timoteyə İkinci Məktubu

Paulun Titə Məktubu


1 2 3 4 Qeydlər

Paul «Timoteyə İkinci Məktubu»nda öz gənc həmkarı və əməkdaşı olan Timoteyə çoxlu məsləhətlər verir. Əsas mövzu dözümdür. Paul Timoteyi İsa Məsihin Müjdəsini sədaqətlə vəz etməyə çağırır. Həm də o, Müjdənin və Əhdi-Ətiqin təliminə sadiq qalmağa ruhlandırır. Həvari öz gənc həmkarına tövsiyə edir ki, çəkdiyi iztirabların, rastlaşdığı müqavimətlərin heç birinə əhəmiyyət vermədən müjdəçilik və müəllimlik işini davam etdirsin.

Paul Timoteyə xüsusi məsləhət verir: «Axmaq və cahil mübahisələrdən uzaq ol. Çünki bunların dava-dalaşa səbəb olmasını bilirsən» (2:23). Bütün bunların hamısını yekunlaşdıraraq Paul öz həyatını və məqsədini nümunə göstərərək iman, məhəbbət, dözümə və təqiblərdə əzablara səbirli olmağa çağırır.

Kitabın məzmunu:

  • 1:1-2:13 Salamlar və tövsiyələr
  • 2:14-4:5 Məsləhət və xəbərdarlıq
  • 4:6-18 Paulun düşdüyü vəziyyət barəsində
  • 4:19-22 Xudahafizləşmə

1 redaktə

1[1] Məsih İsada olan həyat vədinə görə Allahın iradəsi ilə Məsih İsanın həvarisi mən Pauldan 2 mənə sevimli oğul olan Timoteyə salam! Ata Allahdan və Rəbbimiz Məsih İsadan sənə lütf, mərhəmət və sülh olsun!

Müjdəyə sadiq qalmaq

3 Durmadan, gecə-gündüz dualarımda səni yada saldığım zaman ata-babalarım kimi təmiz vicdanla ibadət etdiyim Allaha şükür edirəm. 4 Sənin göz yaşlarını xatırlayaraq səni görməyə həsrət çəkirəm ki, sevinclə dolum. 5[2] Səndəki riyasız imanı yadıma salıram. Əvvəlcə nənən Lois və anan Evnikinin saxladığı bu imanı, əminəm ki, sən də saxlayırsan. 6 Bu səbəbdən sənin üzərinə əl qoymağımla Allahın sənə verdiyi ənamı alovlandırmağını xatırladıram. 7 Çünki Allah bizə qorxaqlıq ruhu deyil, güc, məhəbbət və ağıllı-kamallı olmaq ruhu vermişdir. 8 Buna görə Rəbbimiz barədə şəhadət etməkdən və Onun uğrunda məhbus olan məndən utanma. Allahın gücü ilə Müjdə uğrunda mənimlə birlikdə əzaba qatlaş. 9 Allah bizi əməllərimizə görə deyil, öz məqsədinə və lütfünə görə xilas edib müqəddəs olmağa çağırdı. Zaman başlamazdan əvvəl o lütf bizə Məsih İsada verilmişdi, 10 indi isə Xilaskarımız Məsih İsanın zühuru ilə üzə çıxdı. O, ölümü yox etdi, Müjdə vasitəsilə həyatı və ölməzliyi aşkar etdi. 11[3] Mən bu Müjdə üçün vaiz, həvari və müəllim[4] təyin olundum. 12 Bu əzabları çəkməyimin səbəbi də budur. Amma bundan utanmıram, çünki Kimə iman etdiyimi bilirəm və əminəm ki, mənə verdiyi əmanəti qiyamət gününə[5] qədər saxlamağa qadirdir. 13 Məsih İsada olan iman və məhəbbətlə məndən eşitdiyin sağlam sözlərdən nümunə götür. 14 Sənə verilən yaxşı əmanəti bizdə yaşayan Müqəddəs Ruh vasitəsilə saxla.

15 Bilirsən ki, Asiya vilayətində olanların hamısı məndən üz döndərdi. Həmçinin Figel və Hermogen də bunların sırasındadır. 16 Rəbb Onisiforun ev əhlinə mərhəmət etsin. Çünki dəfələrlə məni ruhlandırdı, mənim zəncirlənməyimdən utanmadı. 17 Əksinə, Romada olarkən məni səylə axtarıb tapdı. 18 Qoy Rəbb qiyamət günü[6] ona mərhəmət tapmağa imkan versin. Efesdə onun mənə nə qədər xidmət etdiyini sən çox yaxşı bilirsən.

2 redaktə

Məsih uğrunda əziyyətə dözmək

1 Sənsə, ey oğlum, Məsih İsada olan lütflə güclən. 2 Bir çox şahidlərin önündə məndən eşitdiyin sözləri başqalarına da öyrətməyə qadir olan sadiq adamlara həvalə et. 3 Məsih İsanın yaxşı əsgəri kimi mənimlə birgə əzaba qatlaş. 4 Əsgərlik edən insan gündəlik həyatla bağlı işlərə sürüklənməz, ona əmr edən zabiti razı salmağa çalışar. 5 Həmçinin yarışlara qoşulan insan da qaydaya görə yarışmazsa, başına zəfər çələngi qoyulmaz. 6 Zəhmətkeş əkinçinin payına məhsulunun ilk bəhrəsi düşməlidir. 7 Dediklərimə fikir ver. Rəbb söylədiyim hər şeydə sənə anlayış verəcək.

8 Yaydığım Müjdədə açıqlandığı kimi, Davudun nəslindən olub ölülər arasından dirilən İsa Məsihi yadında saxla. 9 Bu Müjdə naminə zəncirə vurulmuş bir cinayətkar kimi əzaba qatlaşıram. Amma Allahın kəlamı zəncirlənməmişdir. 10 Bu səbəbdən seçilmişlərə görə, onlar da Məsih İsada olan xilasa əbədi izzətlə bərabər nail olsunlar deyə hər şeyə dözürəm. 11 Bu söz etibarlıdır ki,

«Əgər Onunla öldüksə,
Onunla da yaşayacağıq;
12[7] Əgər dözəriksə,
Onunla da birlikdə padşahlıq edəcəyik.
Əgər Onu inkar etsək,
O da bizi inkar edəcək.
13 Biz sadiq qalmasaq da,
O sadiq qalacaq.
Çünki Öz təbiətinə zidd davrana bilməz».

Sınaqdan keçmiş işçi

14 Bunları imanlıların yadına sal. Sözlərin mənası barədə dava etməməyi Allahın önündə onların öhdəsinə qoy; çünki bu fayda verməz, dinləyənlərə isə ziyan vurar. 15 Özünü Allaha sınaqdan keçmiş, həqiqət kəlamını doğruluqla işlədən alnıaçıq bir işçi kimi təqdim etməyə çalış. 16 Allahsız boşboğazlıqdan uzaq dur. Çünki belə boşboğazlıqlar insanı daha da allahsızlığa aparır. 17 Onların sözü irinli yara kimi yayılacaq. Himeney və Filit onların sırasındadır. 18 Onlar dirilmənin artıq baş verdiyini deyərək həqiqətdən azıb bəzilərinin imanını alt-üst edirlər. 19 Lakin Allahın atdığı möhkəm təməl bu sözlərlə möhürlənib durur: «Rəbb Özününküləri tanıyır» və «Rəbbin adını ağzına alan hər kəs haqsızlıqdan uzaqlaşsın».

20 Böyük bir evdə yalnız qızıl və gümüş qablar deyil, həmçinin taxta və gil qablar da var. Onlardan bəzisi şərəfli, bəzisi də şərəfsiz iş üçün istifadə olunur. 21 Beləliklə, kim özünü şərəfsiz işlərdən təmizləsə, şərəfli işlərə uyğun, təqdis olunmuş, Sahibinə faydalı, hər yaxşı iş üçün hazırlanmış qab olacaq.

22 Gənclik ehtiraslarından qaç. Təmiz ürəklə Rəbbi çağıranlarla birlikdə salehliyin, imanın, məhəbbətin və sülhün ardınca get. 23 Axmaq və cahil mübahisələrdən uzaq ol. Çünki bunların dava-dalaşa səbəb olmasını bilirsən. 24 Rəbbin qulu davakar olmamalıdır. Əksinə, hamı ilə mülayim rəftar etməli, öyrətməyə qabil, səbirli olmalıdır. 25 Ona qarşı olanları həlimliklə tərbiyə etməlidir. Bəlkə Allah onlara tövbəyə imkan verəcək. Beləliklə, onlar həqiqəti anlayar, 26 ayıq ola bilərlər və istəyini yerinə yetirmək üçün onları əsir edən iblisin torundan çıxarlar.

3 redaktə

Axır zamanda

1 Bunu bil ki, bu axır zamanda çətin dövrlər olacaq. 2 Çünki insanlar xudbin, pulpərəst, təkəbbürlü, məğrur, təhqir edən, valideynlərinə itaət etməyən, nankor, müqəddəslikdən məhrum, 3 şəfqətsiz, barışmaz, böhtançı, nəfsini saxlamayan, rəhmsiz, yaxşılığın düşməni, 4 xain, ehtiyatsız, qürurlu olacaq, Allahdan çox kef çəkməyi sevəcəklər. 5 Mömin kimi görünüb bu yolun gücünü inkar edəcəklər. Bu cür adamlardan uzaq dur. 6 Bunların arasında evlərə soxulub zəif iradəli qadınları əsir edən adamlar var. Belə qadınlar günahla yüklənmiş müxtəlif ehtiraslarla sövq edilir, 7 daima öyrənir, amma həqiqəti heç zaman anlaya bilmirlər. 8[8] Yannis və Yambris Musaya necə zidd getdilərsə, bu adamlar da eləcə həqiqətə zidd gedirlər. Onlar düşüncələri pozğun, imanları sınaqdan keçməmiş insanlardır. 9 Amma daha irəli gedə bilməyəcəklər. Çünki Yannislə Yambrisin axmaqlığı kimi bunların da axmaqlığını hamı açıqca görəcək.

Timoteyə son öyüdlər

10[9] Sənsə mənim təlimimi, davranışımı, məqsədimi, imanımı, səbrimi, məhəbbətimi, dözümümü, 11 Antakyada, Konyada, Listrada başıma gələn təqibləri, çəkdiyim əzabları diqqətlə izlədin. Nə cür təqiblərə qatlandım! Amma Rəbb məni bunların hamısından xilas etdi. 12 Məsih İsada möminliyə yaraşan bir həyat sürmək istəyənlərin hamısı təqibə məruz qalacaq. 13 Amma pis adamlar və saxtakarlar aldadıb-aldanaraq getdikcə daha betər olacaqlar. 14 Sənsə öyrəndiyin və güvəndiyin şeylərə sadiq qal. Çünki bunları kimlərdən öyrəndiyini bilirsən, 15 Müqəddəs Yazıları uşaqlıqdan bilirsən. Onlar Məsih İsaya olan iman vasitəsilə sənə xilas gətirən hikmət verməyə qadirdir. 16 Bütün Müqəddəs Yazılar Allahdan ilham almış və təlim, məzəmmət, islah, salehlik tərbiyəsi üçün faydalıdır; 17 beləcə Allah adamı bacarıqlı olub hər yaxşı iş üçün təchiz edilsin.

4 redaktə

1 Allahın və dirilərlə ölüləri mühakimə edəcək Məsih İsanın önündə Onun zühuru və Padşahlığının haqqı üçün sənə buyururam ki, 2 Allahın kəlamını vəz edəsən, hansı vaxt olursa-olsun hazır olasan, insanlara tam səbirlə təlim öyrədərək məzəmmət, xəbərdarlıq və nəsihət verəsən. 3 Çünki elə bir zaman gələcək ki, sağlam təlimə dözməyəcəklər. Qulaq oxşayan sözlər eşitmək üçün ətraflarına öz ehtiraslarına uyğun müəllimlər toplayacaqlar. 4 Qulaqlarını həqiqətdən döndərəcək, əfsanələrə meyl göstərəcəklər. 5 Amma sən hər vəziyyətdə ayıq ol. Əzaba qatlaş, müjdəçilik işini yerinə yetir, öz xidmətinə tam əməl et.

6 Çünki qanım artıq içmə təqdimi kimi tökülmək üzrədir. Artıq ayrılma zamanım gəldi. 7 Mən yaxşı mübarizə aparmışam, yolumu sona çatdırdım, imanı saxladım. 8 İndi salehlik tacı mənim üçün hazır durur. Ədalətli Hakim olan Rəbb qiyamət günü[10] onu mənə – yalnız mənə deyil, Onun zühuruna can atanların hamısına verəcək.

Şəxsi ricalar və salamlar

9 Yanıma tez gəlməyə çalış. 10[11] Çünki Dima indiki dövrü sevdiyi üçün məni tərk edib Salonikə getdi. Kreskent Qalatiyaya, Tit isə Dalmatiyaya getdi. 11[12] Yalnız Luka yanımdadır. Markı da götür özünlə gətir, çünki o etdiyim xidmətdə mənə yardım edir. 12[13] Tixiki isə Efesə göndərdim. 13[14] Troasda Karpın yanında qoyduğum yapıncını, kitabları, xüsusən, yazılı dəriləri də gələndə gətir.

14[15] Misgər İsgəndər mənə çox pislik etdi. Rəbb ona əməllərinin əvəzini verəcək. 15 Sən də ondan özünü gözlə. Çünki söylədiklərimizə ciddi-cəhdlə zidd getdi.

16 Mən ilk dəfə müdafiə olunanda heç kim mənə tərəfdar çıxmadı, hamı məni tərk etdi. Qoy onlara günah sayılmasın. 17 Lakin Rəbb köməyimə gəlib mənə güc verdi ki, vəz mənim vasitəmlə tam elan edilsin və onu bütün millətlər eşitsin. Mən aslanın ağzından xilas oldum. 18 Rəbb məni hər cür pis əməldən qurtaracaq və Öz Səmavi Padşahlığı üçün xilas edəcək. Ona əbədi olaraq izzət olsun! Amin. 19[16] Priskila ilə Akilaya və Onisiforun ev əhlinə salam söylə.

20[17] Erast Korinfdə qaldı. Trofimi isə xəstə halda Miletdə qoydum. 21 Çalış ki, qışdan əvvəl gələsən. Evvul, Pudent, Lin, Klavdiya və bütün bacı-qardaşlar sənə salam göndərir.

22 Rəbb sənin ruhuna yar olsun! Sizə lütf olsun!

Qeydlər redaktə

  1. Həv. 16:1
  2. Həv. 16:1
  3. 1Tim. 2:7
  4. Müəllim – bəzi əlyazmalarda millətlərin müəllimi.
  5. Qiyamət gününə – hərfi tərcümədə o günə.
  6. Qiyamət günü – hərfi tərcümədə o gün.
  7. Mat. 10:33; Luka 12:9
  8. Çıx. 7:11
  9. Həv. 13:14-14:20
  10. Qiyamət günü – hərfi tərcümədə o gün.
  11. 2Kor. 8:23; Qal. 2:3; Kol. 4:14; Titə 1:4; Fil. 23-24
  12. Həv. 12:12,25; 15:37-39; Kol. 4:10,14; Fil. 23-24
  13. Həv. 20:4; Ef. 6:21-22; Kol. 4:7-8
  14. Həv. 20:6
  15. Zəb. 62:12; Rom. 2:6; 1Tim. 1:20
  16. Həv. 18:2-3; 2Tim. 1:16-17
  17. Həv. 19:22; 20:4; 21:29; Rom. 16:23-24

Yaradılış Kitabı • Çıxış Kitabı • Levililər Kitabı • Saylar Kitabı • Qanunun Təkrarı Kitabı • Yeşua Peyğəmbərin Kitabı • Hakimlər Kitabı • Rut Kitabı • Birinci Şamuel Kitabı • İkinci Şamuel Kitabı Birinci Padşahlar Kitabı • İkinci Padşahlar Kitabı • Birinci Salnamələr Kitabı • İkinci Salnamələr Kitabı • Ezra Kitabı • Nehemya Kitabı • Ester Kitabı • Əyyub Kitabı • Zəbur • Süleymanın Məsəlləri • Vaiz Kitabı • Nəğmələr Nəğməsı Kitabı • Yeşaya Peyğəmbərin Kitabı • Yeremya Peyğəmbərin Kitabı • Mərsiyələr Kitabı • Yezekel Peyğəmbərin Kitabı • Daniel Peyğəmbərin Kitabı • Huşə Peyğəmbərin Kitabı • Yoel Peyğəmbərin Kitabı • Amos Peyğəmbərin Kitabı • Avdıya Peyğəmbərin Kitabı • Yunus Peyğəmbərin Kitabı • Mikeya Peyğəmbərin Kitabı • Nahum Peyğəmbərin Kitabı • Habaqquq Peyğəmbərin Kitabı • Sefanya Peyğəmbərin Kitabı • Haqqay Peyğəmbərin Kitabı • Zəkəriyyə Peyğəmbərin Kitabı • Malaki Peyğəmbərin Kitabı • Mattanın Nəql Etdiyi Müjdə • Markın Nəql Etdiyi Müjdə • Lukanın Nəql Etdiyi Müjdə • Yəhyanın Nəql Etdiyi Müjdə • Həvarilərin İşləri • Paulun Romalılara Məktubu • Paulun Korinflilərə Birinci Məktubu • Paulun Korinflilərə İkinci Məktubu • Paulun Qalatiyalılara Məktubu • Paulun Efeslilərə Məktubu • Paulun Filipililərə Məktubu • Paulun Kolosselilərə Məktubu • Paulun Saloniklilərə Birinci Məktubu • Paulun Saloniklilərə İkinci Məktubu • Paulun Timoteyə Birinci Məktubu • Paulun Timoteyə İkinci Məktubu • Paulun Titə Məktubu • Paulun Filimona Məktubu • İbranilərə Məktub • Yaqubun Məktubu • Peterin Birinci Məktubu • Peterin İkinci Məktubu • Yəhyanın Birinci Məktubu • Yəhyanın İkinci Məktubu • Yəhyanın Üçüncü Məktubu • Yəhudanın Məktubu • Yəhyaya Nazil Olan Vəhy