Bibliya/Rut Kitabı

Hakimlər Kitabı Bibliya Rut kitabı

Birinci Şamuel Kitabı


1 2 3 4 Qeydlər


«Rut» Kitabı Moavlı bir qadının ürək kövrəldən həyat hekayəsidir. Moavlı Rut İsrailli bir kişiyə ərə gedir. Əri öləndən sonra o, qayınanasına sonsuz sədaqət göstərərək İsraillilərin etiqad etdikləri Allaha bütün ürəyi ilə ümid bağlayır. Allah da Rutun sadiq ürəyini görüb ona yeni bir ümid qapısı açır. Sınıq qəlbli, qərib və tənha dul qadın olan Rut Allahın sonsuz mərhəməti nəticəsində İsrail xalqı arasında sakin olur. O, böyük peyğəmbər və padşah Davudun ulu nənəsidir.

«Rut» Kitabında aydın göstərilir ki, millətindən asılı olmayaraq hər kəs tək Allaha üz tutsa, Allahdan bərəkət alar və Onun sadiq xalqının nümayəndəsi olar.

Kitabın məzmunu:

  • 1:1-22 Naominin Rutla Bet-Lexemə qayıtması
  • 2:1-3:18 Rut Boaza rast gəlir
  • 4:1-22 Boazın Rutla evlənməsi

1 redaktə

Elimelekin ailəsi ilə Moav torpağına köçməsi

1 Hakimlərin hökm etdiyi günlərdə ölkədə qıtlıq oldu. Elə bu vaxtlarda Yəhudanın Bet-Lexem şəhərindən bir kişi arvadı və iki oğlu ilə birgə müvəqqəti yaşamaq üçün Moav torpağına köçdü. 2 Bu kişinin adı Elimelek, arvadının adı Naomi, bir oğlunun adı Maxlon, o birinin adı isə Kilyon idi. Onlar Yəhudanın Bet-Lexem şəhərindən olan Efratlılar idi. Bu adamlar gəlib Moav torpağında yaşadılar.

3 Bir gün Naominin əri Elimelek öldü və o, iki oğlu ilə qaldı. 4 Oğulları özlərinə Moav qadınlarından arvad aldı. Bu qadınların birinin adı Orpa, o birinin adı isə Rut idi. Onlar on ilə yaxın bu torpaqda yaşadı. 5 Sonra Maxlon və Kilyon da öldü, Naomi həm oğulsuz, həm də ərsiz qaldı.

Bet-Lexemə qayıtma

6 Bir gün Naomi gəlinləri ilə Moav torpağından geri qayıtmaq üçün ayağa qalxdı. O, Moav torpağında eşitmişdi ki, Rəbb Öz xalqına nəzər salaraq onlara çörək vermişdir. 7 Naomi Yəhuda torpağına qayıtmaq üçün gəlinləri ilə yaşadığı yerdən çıxıb yola düşdü. 8 Naomi hər iki gəlininə dedi: «Gəlin siz hər biriniz ananızın evinə qayıdın. Sizin mərhumlara və mənə etdiyiniz xeyirxahlığa görə qoy Rəbb sizə xeyirxahlıq etsin. 9 Rəbb elə etsin ki, hər biriniz ər evində rahatlıq tapasınız». Sonra o, gəlinlərini öpdü və onlar hönkürüb ağladılar. 10 Gəlinləri ona dedilər: «Xeyr, biz də səninlə birgə xalqının yanına gedirik». 11 Naomi isə dedi: «Ay qızlarım, qayıdın geri. Axı niyə siz də mənimlə getməlisiniz? Məgər bətnimdə yenə oğullarım var ki, sizə ər olsun? 12 Qayıdın, ay qızlarım, öz yolunuzla gedin. Mən indi ərə getmək üçün çox yaşlıyam. Desəm ki, ümidim var, hətta bu gecə ərə gedib oğullar doğacağam, 13 onlar böyüyənə qədər gözləyərsinizmi? Ərə getməyib səbir edərsinizmi? Yox, qızlarım! Sizin halınıza çox acıyıram, çünki mənə qarşı qalxan Rəbbin əlidir». 14 Onlar yenə də bərkdən ağlaşdılar. Orpa qayınanasını öpüb vidalaşdı, Rut isə ona sarıldı.

15 Naomi Ruta dedi: «Bax qaynın arvadı öz xalqının və allahlarının yanına qayıtdı, gəl sən də onun ardınca geri qayıt». 16 Rut dedi:

«Məcbur etmə ki, səni tərk edib
Səninlə getməyim.
Bil ki, hara getsən, ora gedəcəyəm,
Harada qalsan, orada qalacağam;
Xalqın xalqım olacaq,
Allahın Allahım.
17 Sən harada öləcəksənsə,
Mən də orada öləcəyəm,
Orada da basdırılacağam.
Əgər ölümdən başqa bir şey
Məni səndən ayırarsa,
Qoy Rəbb mənə beləsini və
Bundan betərini etsin».

18 Naomi Rutun onunla getmək üçün qəti qərara gəldiyini görəndə bir daha onu dilə tutmadı. 19 Hər ikisi Bet-Lexemə qədər gedib oraya çatdılar. Bet-Lexemə daxil olanda onları görən bütün şəhər əhalisi hərəkətə gəldi və dedilər: «Bu, Naomi deyilmi?» 20 Naomi onlara dedi: «Mənə Naomi[1] deməyin, mənə Mara[2] deyin, çünki Külli-İxtiyar həyatımı acı etdi. 21 Mən buradan dolu çıxdım, Rəbb məni boş qaytardı. Bir halda ki Rəbb məni ittiham etdi, Külli-İxtiyar başıma müsibət gətirdi, daha niyə məni Naomi çağırırsınız?»

22 Beləliklə, Naomi Moav torpağından onunla birgə gələn gəlini Moavlı Rutla bərabər geri qayıtdı. Onlar Bet-Lexemə arpa biçini başlananda gəldilər.

2 redaktə

Rut Boazın zəmisində

1 Naominin əri Elimelekin nəslindən Boaz adlı mərd və xeyirxah bir qohumu var idi.

2[3] Bir gün Moavlı Rut Naomiyə dedi: «İzin ver, zəmilərə gedim. Kimin gözündə lütf tapsam, onun ardınca düşüb başaq yığaram». Naomi ona «get, qızım» dedi. 3 Rut getdi və bir zəmiyə girib biçinçilərin ardınca başaq yığmağa başladı. Təsadüfən o, Elimelekin nəslindən olan Boazın sahəsinə girmişdi.

4 Bu vaxt Boaz Bet-Lexemdən gəldi və biçinçilərə dedi: «Qoy Rəbb sizinlə olsun!» Biçinçilər cavab verdilər: «Rəbb sənə xeyir-dua versin». 5 Boaz biçinçilərə nəzarət edən nökərinə dedi: «Bəs bu cavan qadın kimdir?» 6 Nökər cavab verdi: «Bu cavan qadın Moavlıdır. O, Moav torpağından buraya Naomi ilə birlikdə gəlib. 7 Mənə dedi: “Rica edirəm, qoy biçinçilərin ardınca düşüm və dərzlərin arasından düşən başaqları yığıb toplayım”. Səhərdən gəlib, indiyəcən buradadır, talvar altında isə lap az dincəlib».

8 Boaz Ruta dedi: «Mənə qulaq as, qızım! Başaq yığmaq üçün buradan ayrılıb başqa zəmiyə getmə. Burada işləyən mənim qulluqçu qızlarımla qal. 9 Yalnız biçinçilərin biçdiyi bu zəmiyə gözünü dik və qızların ardınca get. Nökərlərə əmr etmişəm ki, heç kimin səninlə işi olmasın. Əgər susasan, su qablarının yanına gedib nökərlərin çəkdiyi sudan iç». 10 Rut üzüstə yerə düşdü və yerədək təzim edərək dedi: «Nəyə görə mən gözlərində lütf tapdım? Nə üçün mənə hörmət edirsən? Axı mən bir qəribəm». 11 Boaz ona cavab verdi: «Ərin öləndən sonra qayınanana etdiyin hər şeyi eşitmişəm. Sən atanı, ananı, doğma torpağını atıb heç tanımadığın bir xalqın yanına gəlmisən». 12 Bu işinin əvəzini qoy Rəbb versin! Qoy qanadı altına sığınmaq üçün gəldiyin İsrailin Allahı Rəbb sənə bol mükafat versin! 13 Rut dedi: «Qoy sənin gözündə lütf tapım, ağam, necə də mənə təsəlli verdin. Sənin kənizlərinə tay olmadığım halda bu kənizini ürəkləndirən sözlər söylədin».

14 Yemək zamanı Boaz Ruta dedi: «Buraya gəl, sən də çörəkdən ye, tikəni sirkə-şirəyə batır». Qadın gəlib biçinçilərin yanında əyləşdi. Boaz ona qovurğa uzatdı. Qadın yeyib-doydu və yeməyindən artıq da qaldı. 15 Rut başaq yığmaq üçün ayağa qalxanda Boaz nökərlərinə əmr edib dedi: «Qoy o gedib dərzlərin arasından başaq yığsın, onu incitməyin. 16 Dərzlər arasından çəkib onun üçün də atın ki, o da yığsın. Onu qınamayın».

17 Rut axşama qədər zəmidə başaq yığdı və yığdığı başağı döyüb bir efaya yaxın arpa çıxartdı. 18 Sonra onu götürüb şəhərə gəldi. Qayınanası gördü ki, o, başaq gətirib. Rut naharda doyandan sonra artıq qalan yeməyini qayınanasına verdi. 19 Qayınanası ona dedi: «Bu gün harada başaq yığmısan? Harada işləmisən? Sənə hörmət edən qoy xeyir-dua alsın!» Rut yanında işlədiyi adam haqqında qayınanasına danışıb dedi: «Bu gün yanında işlədiyim adamın adı Boazdır». 20[4] Naomi gəlininə dedi: «Dirilərdən və ölülərdən Öz xeyirxahlığını əsirgəməyən Rəbb qoy ona xeyir-dua versin!» Naomi yenə dedi: «O, qohumumuzdur, yaxın qəyyumlarımızdan biridir». 21 Moavlı Rut dedi: «Bir də o mənə dedi ki, mənim biçinim qurtarana qədər işçilərimlə birgə işlə». 22 Naomi gəlininə dedi: «Qızım, onun qulluqçu qızları ilə işləməyin çox yaxşıdır, yoxsa başqa zəmilərdə səni incidərlər».

23 Beləliklə, Rut arpa və buğda biçinləri qurtarana qədər Boazın qulluqçu qızlarının yanında başaq yığdı və qayınanası ilə birgə yaşadı.

3 redaktə

Rut Boazın xırmanında

1 Bir gün qayınanası Naomi Ruta dedi: «Qızım, sənin ailə xoşbəxtliyin üçün rahat bir yer axtarmayımmı? 2 Bax qulluqçu qızları ilə sahəsində işlədiyin Boaz bizim qohumumuzdur. O bu gecə xırmanda arpa sovurur. 3 Sən də yuyun, ətirlən və ən gözəl paltarını geyinib xırmana en. Amma o yeyib-içməyini qurtarmayınca özünü ona göstərmə. 4 Elə ki yatmağa getdi, yerini tapıb onun ayaqlarının üstünü açaraq ayaq tərəfində yatarsan. Sonra nə etmək lazımdırsa, o özü sənə deyəcək».[5] 5 Rut ona «dediklərinin hamısına əməl edərəm» dedi.

6 Rut xırmana endi və qayınanasının bütün tapşırıqlarına əməl etdi. 7 Boaz yeyib-içib kefi kökələndən sonra yatmaq üçün məhsul tayasının kənarına getdi. Rut da sakitcə gəldi və ayaqlarının üstünü açıb ayaq tərəfində uzandı. 8 Gecə yarısı birdən Boaz səksəndi və çevrilib baxanda gördü ki, ayaqlarının yanında bir qadın uzanıb. 9 O, qadına dedi: «Sən kimsən?» Qadın cavab verdi: «Mən qarabaşın Rutam. Ətəyinlə bu qarabaşının da üstünü ört, çünki sən qəyyumumsan». 10 Boaz dedi: «Qoy Rəbb sənə xeyir-dua versin, qızım! Sonuncu xeyirxahlığın əvvəlkindən də yaxşıdır. Çünki nə kasıb, nə də varlı bir cavanın ardınca düşdün. 11 Qızım, daha qorxma! Dediyin hər şeyi sənin üçün edəcəyəm. Şəhərimizin bütün əhalisi yaxşı bilir ki, sən xeyirxah qadınsan. 12[6] Düzdür, sənin qəyyumun mənəm, amma məndən də yaxın qəyyumun var. 13 Bu gecəni qal, sabah əgər o adam sənə qəyyum olmaq istəsə, çox yaxşı, qoy olsun. Yox, əgər bundan imtina etsə, var olan Rəbb haqqı, sənin qəyyumun mən özüm olacağam. Hələlik sabaha qədər yat».

14 Rut onun ayaqlarının yanında sübhədək yatdı və səhərin alaqaranlığında – hələ gözün yaxşı seçmədiyi vaxtda ayağa qalxdı, çünki Boaz demişdi: «Qoy heç kəs bilməsin ki, xırmana bu qadın gəlib». 15 Sonra Boaz Ruta dedi: «Üst örtüyünü götür, burada tut». Rut örtüyünü götürüb kənarından tutdu. Boaz altı ölçü arpanı örtüyün üstünə töküb ona verdi. Rut şəhərə qayıtdı.

16 O, qayınanasının yanına gələndə qayınanası ona dedi: «Necə oldu, qızım?» Rut Boazla olan hər şeyi Naomiyə danışdı, 17 sonra dedi: «O mənə altı ölçü arpa verib dedi ki, qayınananın yanına əliboş qayıtma». 18 Naomi Ruta dedi: «Qızım, gözlə, gör bu işin sonu necə qurtarır, çünki o adam bu işi bu gün axıra çatdırmayınca sakit olmayacaq».

4 redaktə

Boazın Rutla evlənməsi

1 Boaz şəhərin darvazasına çıxıb adamlar toplanan yerdə oturdu. Boazın bəhs etdiyi qəyyum oradan keçirdi. Onu görən Boaz «ay filankəs, bir dön, burada otur» dedi. O da gəlib orada oturdu. 2 Şəhər ağsaqqallarından on adamı çağırıb «siz də burada oturun» dedi. Onlar da gəlib orada oturdular. 3 Boaz həmin qəyyuma dedi: «Moav torpağından qayıdan Naomi, qardaşımız Elimelekin zəmisini satır. 4 Mən də burada oturanların və xalqımın ağsaqqalları qarşısında sənə eşitdirmək istədim ki, oranı satın alasan. Əgər sən bu qəyyumluq vəzifəsini yerinə yetirəcəksənsə, bunu et, əgər bundan imtina edirsənsə, bunu açıq de, mən də bilim. Çünki səndən başqa bu vəzifəni öhdəsinə götürən kimsə yoxdur, yalnız səndən sonra mən varam». O, Boaza dedi: «Qəyyumluq vəzifəsini mən yerinə yetirərəm». 5 Boaz dedi: «Zəmini Naomidən satın alarkən onun mərhum oğlunun arvadı Moavlı Rutu da arvad olaraq almalısan ki, mərhumun adı öz irsi üzərində qalsın». 6 Qəyyum olan adam dedi: «Mən ona qəyyumluq edə bilmərəm, yoxsa öz irsim dağılar. Mənim vəzifəmi sən öz öhdənə götür, mən qəyyum ola bilmərəm».

7[7] Qədim zamanlarda İsraildə belə bir adət var idi: qəyyumluq vəzifəsini icra edərkən və mal dəyişərkən müqavilə bağlanmasına şəhadət olsun deyə biri~çarığını çıxarıb bir tayını başqasına atardı. Bu, İsraildə qəbul olunan razılaşma üsulu idi. 8 Qəyyum olan adam Boaza dedi: «Sən özün satın al». Sonra da o,~çarığının bir tayını çıxardı. 9 Boaz ağsaqqallara və bütün xalqa dedi: «Siz də bu gün şahidsiniz ki, mən Elimelekin bütün mülkünü, Kilyon və Maxlonun bütün mülklərini Naomidən satın alıram. 10[8] Mərhumun adı öz irsi üzərində qalsın deyə Maxlonun dul arvadı Moavlı Rutu da özümə arvad alıram. Qoy qardaşları arasından, yurd qapılarından mərhumun adı silinməsin. Siz də bu gün şahidsiniz». 11[9] Darvaza yanına yığılan bütün xalq və ağsaqqallar dedilər: «Biz şahidik, qoy Rəbb sənin evinə gələn qadını İsrail evini quran iki qadın Rəhilə və Lea kimi etsin. Efratada qüdrətli işlər görəsən və Bet-Lexemdə adın tanınsın. 12[10] Qoy Rəbb sənin evini bu gənc qadından verəcəyi nəsli Tamarın Yəhudaya doğduğu Peresin evi kimi etsin».

13 Boaz Rutu aldı və Rut ona arvad oldu. Boaz onun yanına girdi. Rəbb Rutun bətninə uşaq verdi və Rut oğul doğdu. 14 Qadınlar Naomiyə dedilər: «Rəbbə alqış olsun ki, bu gün sənə gələcək qəyyumunu verdi. Qoy onun adı İsraildə tanınsın. 15 Bu körpə səni canlandıracaq və qoca vaxtında səni saxlayacaq. Çünki onu sənə yeddi oğuldan daha yaxşı olan, səni sevən gəlinin doğmuşdur». 16 Naomi uşağı qucağına alıb gəzdirdi və onun dayəsi oldu. 17 Qonşu qadınlar ona ad qoyub dedilər: «Naomi üçün oğul doğulub». Onun adını Oved qoydular. O, Davudun atası olan Yesseyin atasıdır.

Davudun nəsil şəcərəsi

18 Peresin nəsli budur: Peresdən Xesron törədi. 19 Xesrondan Ram törədi. Ramdan Amminadav törədi. 20 Amminadavdan Naxşon törədi. Naxşondan Salmon törədi. 21 Salmondan Boaz törədi. Boazdan Oved törədi. 22 Oveddən Yessey törədi. Yesseydən də Davud törədi.

Qeydlər redaktə

  1. Naomi – ibrani dilində xoş.
  2. Mara – ibrani dilində acı.
  3. Lev. 19:9-10; Qanun. 24:19
  4. Lev. 25:25
  5. Bu, qədim Yəhudilərdə ərə getməyə bir işarədir.
  6. Rut 2:20
  7. Qanun. 25:9
  8. Qanun. 25:5-6
  9. Yar. 29:31
  10. Yar. 38:27-30

Yaradılış Kitabı • Çıxış Kitabı • Levililər Kitabı • Saylar Kitabı • Qanunun Təkrarı Kitabı • Yeşua Peyğəmbərin Kitabı • Hakimlər Kitabı • Rut Kitabı • Birinci Şamuel Kitabı • İkinci Şamuel Kitabı Birinci Padşahlar Kitabı • İkinci Padşahlar Kitabı • Birinci Salnamələr Kitabı • İkinci Salnamələr Kitabı • Ezra Kitabı • Nehemya Kitabı • Ester Kitabı • Əyyub Kitabı • Zəbur • Süleymanın Məsəlləri • Vaiz Kitabı • Nəğmələr Nəğməsı Kitabı • Yeşaya Peyğəmbərin Kitabı • Yeremya Peyğəmbərin Kitabı • Mərsiyələr Kitabı • Yezekel Peyğəmbərin Kitabı • Daniel Peyğəmbərin Kitabı • Huşə Peyğəmbərin Kitabı • Yoel Peyğəmbərin Kitabı • Amos Peyğəmbərin Kitabı • Avdıya Peyğəmbərin Kitabı • Yunus Peyğəmbərin Kitabı • Mikeya Peyğəmbərin Kitabı • Nahum Peyğəmbərin Kitabı • Habaqquq Peyğəmbərin Kitabı • Sefanya Peyğəmbərin Kitabı • Haqqay Peyğəmbərin Kitabı • Zəkəriyyə Peyğəmbərin Kitabı • Malaki Peyğəmbərin Kitabı • Mattanın Nəql Etdiyi Müjdə • Markın Nəql Etdiyi Müjdə • Lukanın Nəql Etdiyi Müjdə • Yəhyanın Nəql Etdiyi Müjdə • Həvarilərin İşləri • Paulun Romalılara Məktubu • Paulun Korinflilərə Birinci Məktubu • Paulun Korinflilərə İkinci Məktubu • Paulun Qalatiyalılara Məktubu • Paulun Efeslilərə Məktubu • Paulun Filipililərə Məktubu • Paulun Kolosselilərə Məktubu • Paulun Saloniklilərə Birinci Məktubu • Paulun Saloniklilərə İkinci Məktubu • Paulun Timoteyə Birinci Məktubu • Paulun Timoteyə İkinci Məktubu • Paulun Titə Məktubu • Paulun Filimona Məktubu • İbranilərə Məktub • Yaqubun Məktubu • Peterin Birinci Məktubu • Peterin İkinci Məktubu • Yəhyanın Birinci Məktubu • Yəhyanın İkinci Məktubu • Yəhyanın Üçüncü Məktubu • Yəhudanın Məktubu • Yəhyaya Nazil Olan Vəhy