Bibliya/Yeremya Peyğəmbərin Kitabı

Yeşaya Peyğəmbərin Kitabı Bibliya. Yeremya Peyğəmbərin Kitabı

Mərsiyələr Kitabı


1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 Qeydlər

Yeremya peyğəmbər miladdan əvvəl VII əsrin ikinci yarısında və VI əsrin birinci yarısında yaşamışdır. O, kahin idi. Uzun sürən xidmət müddətində Allahın xalqını bütpərəstliyə uymaqları və günah nəticəsində düçar olduqları bəla barədə xəbərdarlıq edirdi. Onun qabaqcadan söylədiyi peyğəmbərliklər – Yerusəlimin süqutu, Navuxodonosorun şəhəri və məbədi dağıtması, Yəhuda padşahının və xalqının Babilə sürgün edilməsi gerçək oldu. Yeremya həmçinin xalqın sürgündən qayıtmasını və millətin dirçəlişini də qabaqcadan söyləmişdi.

Yeremya peyğəmbər öz xalqını sevən, onun məhkum olmasından kədərlənən həssas bir adam idi. Kitabın çox yerində o, Allahın peyğəmbəri olduğu üçün iztirablar çəkməsi barədə ürək ağrısı ilə danışır. Rəbbin sözü onun qəlbində sanki yanar od idi, Yeremya onu ürəyində saxlaya bilmirdi. Kitabda bəzi böyük peyğəmbərliklər Yeremyanın yaşadığı çətin dövrdən sonrakı gələcəyə işarə edir: Yeremya Yeni Əhd barədə danışır. Allahın xalqı bu əhdi yadda saxlayacaq, çünki həmin əhd onların qəlbinə yazılacaq.

Kitabın məzmunu

  • 1:1-19 Yeremyanın çağırışı
  • 2:1-25:38 Yoşiyanın, Yehoyaqimin, Yehoyakinin və Sidqiyanın hökmranlıq etdiyi dövrdə peyğəmbərliklər
  • 26:1-45:5 Yeremyanın həyatında olan hadisələr
  • 46:1-51:64 Millətlərə qarşı peyğəmbərliklər
  • 52:1-34 Yerusəlimin süqutu

1 redaktə

1 Bunlar Binyamin torpağındakı Anatotda yaşayan kahinlərdən biri olan Xilqiya oğlu Yeremyanın sözləridir. 2[1] Yəhuda padşahı Amon oğlu Yoşiyanın dövründə – padşahlığının on üçüncü ilində Yeremyaya Rəbbin sözü nazil oldu. 3[2][3] Bu, Yəhuda padşahı Yoşiya oğlu Yehoyaqimin dövründən Yəhuda padşahı Yoşiya oğlu Sidqiyanın padşahlığının on birinci ilinin sonunadək, beşinci ayda Yerusəlim əhalisinin sürgünə aparılmasına qədər davam etdi. Yeremyaya çağırış

4 Mənə Rəbbin bu sözü nazil oldu:
5 «Mən sənə ananın bətnində
Surət verməzdən əvvəl səni tanıdım,
Doğulmazdan əvvəl səni təqdis edib
Millətlərə peyğəmbər etdim».

6 Onda mən dedim: «Ah, ya Xudavənd Rəbb! Axı mənim danışıq qabiliyyətim yoxdur, çünki hələ cavanam». 7 Rəbb mənə dedi: «Sən “cavanam” demə. Mən səni kimin yanına göndərsəm, gedəcəksən, sənə nə əmr etsəm, onu söyləyəcəksən. 8 Adamlardan qorxma, çünki səni qurtarmaq üçün Mən səninlə olacağam» Rəbb belə bəyan edir. 9 Rəbb əlini uzadıb ağzıma toxundu və mənə dedi: «Bax sözlərimi sənin dilinə qoydum. 10 Bu gün səni millətlər və ölkələr üzərinə təyin etdim ki, onları kökündən yıxıb dağıdasan, qırıb məhv edəsən, əkib tikəsən».

11 Mənə Rəbbin bu sözü nazil oldu: «Ey Yeremya, nə görürsən?» Mən dedim: «Badam ağacının bir budağını görürəm». 12 Rəbb mənə dedi: «Düz görmüsən. Axı Mən hər sözümü yerinə yetirməkdə sayığam».[4]

13 Mənə yenə Rəbbin bu sözü nazil oldu: «Nə görürsən?» Mən dedim: «Şimaldan bu tərəfə yönəlmiş qaynar bir qazan görürəm». 14 Rəbb mənə dedi:

«Bu ölkədə yaşayanların hamısının üzərinə
Şimaldan bəla yağacaq.
15 Çünki Mən şimal ölkələrinin bütün tayfalarını çağıracağam»
Rəbb belə bəyan edir.
«Hər biri gəlib öz taxtını
Yerusəlim darvazalarının girişində,
Onun bütün darvazalarının ətrafında
Və bütün Yəhuda şəhərlərində quracaq.
16 Bütün pisliklərinə görə
Onların əleyhinə hökmlərimi bildirəcəyəm.
Çünki Məndən üz döndərib başqa allahlara buxur yandıraraq
Öz əl işlərinə səcdə etdilər.

17 Sən belini qurşayıb qalx, sənə əmr edəcəyim bütün şeyləri onlara söylə. Onlardan qorxma, yoxsa Mən də səni onların önündə qorxuya salacağam. 18 Budur, Mən bu gün səni bütün ölkənin – Yəhuda padşahlarının, bu yerin başçılarının, kahinlərinin və ölkə xalqının əleyhinə qalalı şəhər, dəmir sütun və tunc divar etdim. 19 Onlar səninlə vuruşacaq, ancaq gücləri çatmayacaq, çünki səni qurtarmaq üçün Mən səninlə olacağam» Rəbb belə bəyan edir.

2 redaktə

İsrailin yoldan azması

 
1 Mənə Rəbbin sözü nazil oldu: «Get Yerusəlimə ucadan elan et ki, 2 Rəbb belə deyir:
“Mən sənin cavanlığındakı mehrini,
Gəlin olanda məhəbbətini,
Səhrada, ot bitməyən torpaqda ardımca gəldiyini yadıma saldım.
3 Onda İsrail Rəbbə həsr olunmuşdu
Və Onun məhsulunun nübarı idi.
Onu udmaq istəyənlərin hamısı mühakimə olunur,
Üstlərinə bəla gəlirdi” Rəbb belə bəyan edir.

4 Ey Yaqub nəsli, ey İsrail nəslinin bütün tayfaları,
Rəbbin sözünü eşidin,
5 Rəbb belə deyir:
“Atalarınız Məndə nə haqsızlıq tapdılar ki,
Məndən uzaqlaşdılar və puç bütlər ardınca getdilər,
Özləri də puç adam oldular.
6 Daha demədilər ki, Misir torpağından bizi çıxaran,
Səhrada, uçurumlarla dolu boz çöllərdə,
Ölüm kölgəsində qalan quraq torpaqda,
Bir insanın keçmədiyi, heç kəsin yaşamadığı
Diyarda gəzdirən Rəbb haradadır?
7 Mən sizi bərəkətli torpağa gətirdim ki,
Onun meyvələrindən və nemətlərindən dadasınız.
Ancaq siz oraya girən kimi torpağımı murdar etdiniz,
Mülkümü iyrənc bir yerə çevirdiniz.
8 Kahinlər ‹Rəbbi axtaraq› demədilər,
Qanun müəllimləri Məni tanımadılar,
Rəhbərlər Mənə qarşı üsyan etdilər,
Peyğəmbərlər Baalın adı ilə peyğəmbərlik etdilər,
Faydasız şeylərin dalınca getdilər”.

9 Buna görə Rəbb belə bəyan edir:
“Mən yenə sizinlə çəkişəcəyəm,
Mən övladlarınızın övladları ilə də çəkişəcəyəm.
10 Siz Kittim[5] adalarına gedib görün,
Qedara[6] adam göndərib öyrənin.
Görün belə bir şey oldumu?
11 Bir millət allahlarını dəyişdirdimi?
Əslində onlar allah deyil.
Ancaq Mənim xalqım öz Calalını faydasız bütlərə dəyişdi.
12 Ey göylər, siz buna heyrət edib tir-tir əsin və dəhşətə gəlin”
Rəbb belə bəyan edir.
13 “Çünki xalqım iki pis əməl etdi:
Məni – axar suların mənbəyini atıb
Özlərinə hovuzlar, su saxlamayan çatlı hovuzlar düzəltdilər.

14 Məgər İsrail quldur? Yoxsa o, kölə doğulmuşdu?
Bəs nə üçün qarət malı oldu?
15 Onun üstünə cavan aslanlar nərildədi və səslərini ucaltdılar.
Ölkəsini viran etdilər.
Şəhərləri yandı, bir nəfər sakin qalmadı.
16 Nof və Taxpanxes sakinləri sənin başını yardı.
17 Səni yolla aparan Allahın Rəbbi tərk etməklə
Bu işi öz başına gətirmədinmi?
18 Bəs Şixor[7] suyundan içmək üçün Misirə niyə gedirsən?
Fərat suyundan içmək üçün Aşşura niyə gedirsən?
19 Səni öz pisliyin cəzalandıracaq,
Dönüklüyün töhmətini alacaqsan.
Sən də görüb bil ki, Allahın Rəbbi atmağın,
Məndən qorxmamağın pis və acı şeydir”
Ordular Rəbbi Xudavənd belə bəyan edir.

20 “Sən boyunduruğunu ta qədimdən qırdın, iplərini qopardın
Və ‹sənə qulluq etməyəcəyəm› dedin.
Üstəlik hər uca təpənin üstündə,
Hər kölgəli ağacın altında yerə sərilib
Bütlərə səcdə edərək Mənə xəyanət etdin.
21 Mən səni gözəl meynə, tər-təmiz toxum kimi əkmişdim.
Sən necə əleyhimə çıxıb cır, yabanı meynə oldun?
22 İndi isə sən gilabı ilə yuyunsan, çoxlu sabun əritsən də,
yenə günahın önümdə ləkə kimi qalacaq”
Xudavənd Rəbb belə bəyan edir.
23 “Axı necə deyə bilərsən ki, murdar olmadım,
Baal bütlərinin ardınca getmədim?
Dərədə necə rəftar etdiyinə bax, nə etdiyini gör.
Sən qızışan, ora-bura qaçan dişi dəvə kimi,
24 Şəhvətlə havanı iyləyən, səhraya öyrəşmiş vəhşi eşşək kimisən.
Qızanda onu kim saxlaya bilər?
Onu istəyənlər özlərini yormaz, cütləşmə vaxtı onu tapar.
25 Ayaqyalın gəzmə, boğazın susuzluqdan qurumasın.
Ancaq sən dedin: ‹Xeyr, olmaz!
Çünki mən yad allahları sevdim və onların ardınca gedəcəyəm›.

26 Oğru tutulanda necə utanırsa,
İsrail nəsli də padşahları, başçıları, kahinləri
Və peyğəmbərləri ilə birgə eləcə utanırlar.
27 Onlar ağaca ‹atamsan›, daşa ‹bizi sən doğdun› deyir.
Çünki Mənə tərəf üzlərini deyil, arxalarını çevirdilər.
Ancaq üstlərinə bəla gələndə ‹qalxıb bizi qurtar› deyirlər.
28 Bəs özün üçün düzəltdiyin bütlərin haradadır?
Başına bəla gəldiyi vaxt səni qurtara bilərlərsə, gəlsinlər.
Sənin allahların şəhərlərinin sayı qədərdir, ey Yəhuda!

29 Nə üçün Mənimlə çəkişirsiniz?
Hamınız Mənə qarşı üsyan etdiniz” Rəbb belə bəyan edir.
30 “Övladlarınızı nahaq yerə cəzalandırdım,
Çünki onlar ibrət götürmədilər.
Öz qılıncınız qırıb-çatan aslan kimi
Peyğəmbərlərinizi tələf etdi”.

31 Ey bu nəslin övladları, Rəbbin sözünə diqqət edin:
“Məgər Mən İsrail üçün bir səhra oldum?
Yaxud bir zülmət ölkəsi oldum?
Xalqım nə üçün deyir ki, biz öz-özümüzə ağayıq,
Bir daha Sənə tərəf gəlmərik?
32 Qız öz bəzəklərini, gəlin öz cehizini unuda bilərmi?
Ancaq xalqım uzun müddət Məni unutdu.
33 Oynaşlarının ardınca düşməkdə nə qədər mahirsən.
Ən pis arvadlar belə, səndən dərs ala bilər.
34 Sənin ətəklərin öldürdüyün
Məzlum, günahsız adamların qanına bulaşıb,
Halbuki onları oğurluq üstündə tutmadın.
Hələ bununla belə,
35 Sən deyirsən: ‹Mən təqsirsizəm,
Rəbbin qəzəbi hökmən məndən yan keçəcək›.
Bax Mən səni mühakimə edəcəyəm,
Çünki günah etmədiyini söyləyirsən.
36 Nə üçün tez-tez dolanıb dönüklük edirsən?
Aşşurda pərt olduğun kimi Misirdə də pərt olacaqsan.
37 Oradan da əllərinlə başını tutub çıxacaqsan,
Çünki bel bağladıqlarını Rəbb rədd etdi,
Onlarla uğur qazana bilməyəcəksən”.

3 redaktə

Xəyanətkar İsrail

 
1 Əgər bir adam öz arvadını boşasa,
Arvad da onu tərk edib başqasına ərə getsə,
O adam bir də arvadının yanına qayıdarmı?
Belə etsə, ölkə də tamamilə murdar olmazmı?
Sənsə çoxlu oynaşla zina etdin, yenə də Mənə tərəf dönürsən?»
Rəbb belə bəyan edir.
2 «Başını çılpaq təpələrə tərəf qaldırıb bax.
Sevişmədiyin yer varmı?
Səhrada yaşayan bədəvi kimi
Yol kənarında oturdun və oynaşlarını gözlədin.
Zinakarlığın və pisliklərinlə ölkəni murdar etdin.
3 Buna görə də yağışların ardı kəsildi və yaz yağışı yağmadı.
Tərs sifətli fahişəyə oxşadın, utanmaq istəmədin.
4 İndi Məni “Atam, cavanlığımdan bəri mənim dostumsan.
5 Sən həmişə qəzəbli olacaqsan,
Əbədi kin saxlayacaqsanmı?” deyə çağırırsan.
Belə danışırsan, amma gücün çatdığı qədər pislik edirsən».

6[8] Yoşiyanın padşahlığı dövründə Rəbb mənə dedi: «Dönük İsrailin nə etdiyini gördünmü? Hər uca təpənin üstünə, kölgəli ağacın altına gedib orada bütlərə səcdə edərək Mənə xəyanət etdi. 7 İsrail bütün bunları edəndən sonra “o Mənə tərəf qayıdacaq” dedim, ancaq o qayıtmadı. Xəyanətkar bacısı Yəhuda da bunu gördü. 8 Dəfələrlə zina etdiyi üçün dönük İsrailə talaq kağızı verib onu boşadım. Ancaq gördüm ki, onun xəyanətkar bacısı Yəhuda yenə qorxmadı, o da gedib fahişəlik etdi. 9 Heç əhəmiyyət vermədən zinakarlığı ilə ölkəni murdar etdi, daşlara və ağaclara səcdə edib xəyanət etdi. 10 Bütün bunlara baxmayaraq onun xəyanətkar bacısı Yəhuda Mənə bütün qəlbi ilə deyil, hiylə ilə üz tutdu» Rəbb belə bəyan edir.

11 Rəbb mənə dedi: «Dönük İsrail xain Yəhuda ilə müqayisədə daha saleh oldu. 12 Get, bu sözləri şimal səmtinə elan edib söylə: “Ey dönük İsrail, geri qayıt” Rəbb belə bəyan edir. “Sənə qəzəblə baxmayacağam, çünki Mən mərhəmətliyəm” Rəbb belə bəyan edir. “Əbədi kin saxlamaram. 13 Ancaq sən öz təqsirini boynuna al ki, Allahın Rəbbə qarşı üsyan etdin, hər kölgəli ağacın altında yad allahlara könül verdin və Mənim sözümə qulaq asmadınız” Rəbb belə bəyan edir.

14 “Ey dönük övladlar, geri qayıdın” Rəbb belə bəyan edir. “Çünki ağanız Mənəm. Sizi bir-bir şəhərdən, iki-iki tayfadan çıxarıb Siona gətirəcəyəm. 15 Ürəyimə yatan çobanları sizə verəcəyəm, sizə ağıl və müdrikliklə rəhbərlik edəcəklər. 16 Sizin törəyib çoxaldığınız günlərdə daha Rəbbin Əhd sandığından danışmayacaqlar” Rəbb belə bəyan edir. “O sandıq bir daha kimsənin ağlına gəlməyəcək, yada salınmayacaq, onun üçün heyfsilənməyəcəklər, yenisi də düzəldilməyəcək. 17 O zaman Yerusəlimə ‹Rəbbin taxtı› deyəcəklər. Bütün millətlər Rəbbin adı naminə Yerusəlimdə toplaşacaq. Daha pis ürəklərinin inadkarlığına görə hərəkət etməyəcəklər. 18 O günlərdə Yəhuda nəsli İsrail nəsli ilə birləşib şimal ölkəsindən atalarınıza irs olaraq verdiyim torpağa birgə gələcək”.

19 Mən dedim:
“Necə də istərdim, səni oğullarımın arasına qoyum,
Sənə füsunkar torpağı – millətlər arasında ən gözəl irsi verim!
Güman etdim ki, Məni ‹Ata› deyə çağıracaqsınız,
Məndən üz döndərməyəcəksiniz.
20 Bir arvad öz ərinə xəyanət edirsə,
Siz də Mənimlə eləcə xəyanətlə rəftar etdiniz, ey İsrail nəsli!”
Rəbb belə bəyan edir.
21 “Çılpaq təpələr üzərində bir səs –
İsrail övladlarının
Ağlaşma və yalvarışları eşidilir,
Çünki onlar yollarını azdı,
Özlərinin Allahı Rəbbi unutdu.
22 Geri qayıdın, ey dönük övladlar,
Dönüklüyünüzə şəfa verim”.
Onlar da deyəcək:
“Budur, biz Sənə tərəf gəlirik,
Çünki Allahımız Rəbb Sənsən.
23 Doğrudan da, təpələrdən, dağlardan gələn
Hay-küy yalandır.
Əslində İsrailin xilası
Allahımız Rəbdədir.
24 Cavanlığımızdan bəri
Rüsvayçı bütlər
Atalarımızın zəhmətini,
Sürülərini və mal-qaralarını,
Oğullarını və qızlarını tələf etdi.
25 Biz xəcalətimiz içində yatırıq,
Rüsvayçılıq bizim yorğanımızdır,
Çünki cavanlığımızdan indiyədək
Biz və atalarımız
Allahımız Rəbbə qarşı günah etdik,
Allahımız Rəbbin sözünə qulaq asmadıq”».

4 redaktə

1 Rəbb bəyan edir: «Ey İsrail, əgər geri qayıtsan,
Mənə tərəf qayıtsan,
İyrənc bütlərini önümdən götürsən,
Bir daha sərgərdan gəzməsən,
2 Həqiqət, ədalət və doğruluqla
“Var olan Rəbbə and olsun!” deyə and içsən,
O zaman millətlər
Rəbb vasitəsilə bərəkət alacaq,
Onunla öyünəcək».
3[9] Çünki Yəhuda adamlarına və Yerusəlimə
Rəbb belə deyir:
«Özünüz üçün təzə əkin yeri şumlayın,
Ancaq tikanlar arasında əkməyin.
4 Ey Yəhuda adamları və Yerusəlimdə yaşayanlar,
Özünüzü Rəbb üçün sünnət edin,
Ürəyinizin sünnət ətini kəsin.
Yoxsa pis əməllərinizə görə
Qəzəbim od kimi püskürüb yandıracaq,
Söndürən olmayacaq.
Yəhudaya hücum
5 Yəhudada elan edin,
Yerusəlimdə car çəkib deyin:
“Ölkədə şeypur çalın!”
Ucadan qışqırıb söyləyin:
“Gəlin toplanıb
Qalalı şəhərlərə girək!”
6 “Siona qaçın” deyə bayraq qaldırın,
Qaçıb qurtulun, dayanmayın.
Çünki Mən şimaldan
Bəla və böyük qırğın gətirəcəyəm».
7 Aslan yuvasından çıxdı,
Millətləri məhv edən yola düşdü.
Öz yerindən çıxdı ki,
Ölkənizi viran etsin.
Şəhərləriniz yerlə yeksan olacaq,
Orada sakin qalmayacaq.
8 Buna görə də çul geyinin,
Yas tutub ağlayın.
Çünki Rəbbin qızğın qəzəbi
Bizdən dönmədi.
9 «O gün padşahın və başçıların
Ürəyi gedəcək» Rəbb belə bəyan edir.
«Kahinlər çaşacaq,
Peyğəmbərlər karıxacaq».
10 Mən dedim: «Ah, ey Xudavənd Rəbb! Bu xalqı və Yerusəlimi tamamilə aldatdın. “Sizin üçün əmin-amanlıq olacaq” dedin, halbuki qılınc boğazımıza dirəndi».
11 O vaxt bu xalqa və Yerusəlimə deyiləcək: «Səhradakı çılpaq təpələrdən əziz xalqıma tərəf isti bir külək əsir. Bu külək dən sovurmayacaq, taxıl təmizləməyəcək. 12 Mənim əmrimlə bundan da güclü bir külək əsəcək və Mən indi onlara Öz hökmümü bildirəcəyəm».

13 Budur, düşmən buludlar kimi gəlir,
Onun döyüş arabaları qasırğa kimi yüksəlir,
Atları qartallardan iti gedir.
Vay halımıza! Çünki bərbad olduq.
14 Ey Yerusəlim, ürəyini pislikdən yuyub-təmizlə ki, xilas olasan.
Bəd fikirlərin nə vaxta qədər içində qalacaq?
15 Artıq Dandan bir səs gəlir,
Efrayimin dağlıq bölgəsindən bəd xəbər eşidilir.
16 «Millətlərə elan edin, Yerusəlimə xəbər çatdırın ki,
Uzaq bir ölkədən gələn qoşun onu mühasirəyə alacaq,
Yəhuda şəhərlərinin önündə nərə çəkəcək.
17 Onlar tarla nəzarətçiləri kimi hər tərəfdən şəhərə doğru gəlir,
Çünki o Mənə qarşı üsyan etdi» Rəbb belə bəyan edir.
18 «Bunları sənin başına gətirən öz işlərin, öz əməllərindir.
Cəzanın acısı lap ürəyinə çatıb.
19 Ah, sinəmdəki dərdim!
Əzabdan qıvrılıram.
Ah, qəlbim, qəlbim çırpınır, susa bilmirəm.
Çünki, ey canım, şeypur səsini, döyüş nərəsini eşidirəm.
20 Qırğın üstünə qırğın gəlir,
Bütün ölkə xaraba qalıb.
Çadırlarım qəflətən,
Pərdələrim bir anda dağıdıldı.
21 Nə vaxta qədər bayraq görəcəyəm,
Boru səsi eşidəcəyəm?

22 Həqiqətən, xalqım ağılsızdır,
Məni tanımır.
Onlar cahil övladlardır,
Dərrakələri yoxdur,
Ağılları pislik etməyə çatır,
Yaxşılıq etməyin nə olduğunu bilmirlər.

23 Yer üzünə baxdım,
Quruluşsuz və boşdur.
Göylərə baxdım,
İşıqları yoxdur.
24 Dağlara baxdım, titrəyirdilər,
Bütün təpələr yerlərindən qopurdu.
25 Baxıb gördüm ki, bir adam qalmayıb,
Göydəki quşların hamısı uçub getmişdir.
26 Baxıb gördüm ki, bəhərli torpaq
Səhraya çevrilib,
Rəbbin önündə bütün şəhərləri
Onun qızğın qəzəbi ilə dağılıb».

27 Bəli, Rəbb belə deyir:
«Bütün ölkə viran olacaq,
Ancaq tam məhv olmasına yol verməyəcəyəm.
28 Buna görə yer yas tutacaq,
Yuxarıda göylər qaralacaq,
Çünki bunu Mən demişəm,
Fikrimdən daşınmayacağam,
Sözümdən dönməyəcəyəm.

29 Bütün şəhərlərin əhalisi
Süvarilərin və oxatanların
Gurultusundan qaçacaq.
Onlar sıx meşələrə girir,
Qayalara dırmaşır.
Bütün şəhərlər tərk edilmiş,
Orada kimsə yaşamır.
30 Bəs sən ey viran şəhər, nə edəcəksən?
Qırmızı paltar geyinsən də,
Qızıl bəzəklər taxsan da,
Gözlərinə sürmə sürtsən də,
Əbəs yerə özünü bəzəyirsən.
Sənə oynaşların xor baxır,
Canını almaq istəyir.
31 Mən bir səs eşidirəm:
Sanki doğuş ağrısı çəkən,
Birinci dəfə doğan qadının –
Əllərini uzatmış,
Nəfəsi kəsilmiş Sion qızının səsidir.
O deyir: “Vay halıma!
Qatillərin önündə
Canım taqətdən düşdü”.

5 redaktə

Yerusəlimin günahı

1 Yerusəlimin küçələrini dolaşın,
Ətrafa baxıb fikirləşin,
Onun meydanlarını axtarın.
Əgər bir nəfər düz iş görən,
Həqiqət axtaran adam tapsanız,
Mən şəhəri bağışlayaram.
2 Onlar “var olan Allaha and olsun” desələr də,
Yalandan and içirlər».
3 Ya Rəbb, gözlərin həqiqətə tərəf yönəlməyibmi?
Sən onları vurdun,
Ancaq ağrı hiss etmədilər.
Sən onları qırdın,
Ancaq ibrət götürmədilər.
Üzləri qayadan bərk olub,
Dönmək istəmədilər.

4 Mən dedim: «Bunlar ancaq yoxsul, ağılsız avamlardır,
Çünki Rəbbin yolunu,
Özlərinin Allahının hökmlərini bilmirlər.
5 Qoy mən böyüklərin yanına gedib
Onlarla danışım,
Çünki Rəbbin yolunu,
Özlərinin Allahının hökmlərini bilirlər».
Ancaq onlar da boyunduruğu sındırıb
İpləri qopardılar.
6 Buna görə də meşədən bir aslan çıxıb
Onları öldürəcək,
Səhradan qurd gəlib onları parçalayacaq,
Şəhər kənarında bəbir pusqu quracaq,
Şəhərdən çıxan hər adam parçalanacaq.
Çünki çox üsyan etdilər,
Dəfələrlə dönük oldular.

7 «Buna görə səni necə bağışlaya bilərəm?
Övladların Məni tərk etdi,
Allah olmayan bütlərin adı ilə and içdi.
Mən onları doydurdum,
Amma onlar zina etdi,
Fahişələrin evlərinə yığışdı.
8 Onlar harınlaşmış, şəhvətli atlar kimidir.
Hər biri qonşusunun arvadına kişnəyir».
9 Rəbb bəyan edir: «Bunlara görə
Mən onlara cəza verməyimmi?
Belə bir millətdən qisas almayımmı?
10 Onların bağlarını dolaşıb dağıdın,
Amma büsbütün məhv etməyin.
Meynə budaqlarını qoparıb atın,
Çünki onlar Rəbbə məxsus olmayan insanlardır».
11 Rəbb bəyan edir: «İsrail və Yəhuda nəsli
Mənə tamamilə xəyanət etdi.

12 Onlar Rəbb üçün yalandan dedi:
“O heç nə etməz,
Başımıza bəla gəlməz.
Nə qılınc görəcəyik, nə aclıq”.
13 Peyğəmbərlər boşboğazdır.
Allahın sözü onlarda deyil,
Qoy onların başına bu iş gəlsin».

14 Buna görə də Ordular Allahı Rəbb belə deyir:
«Belə sözlər dedikləri üçün,
Ey Yeremya, sözlərimi sənin ağzında atəşə,
Bu xalqı isə oduna çevirəcəyəm,
Atəş onları yandırıb-qurtaracaq».
15 Rəbb bəyan edir: «Ey İsrail xalqı,
Uzaqdan üstünüzə bir millət gətirəcəyəm.
Dilini bilmədiyin,
Dediklərini anlamadığın
Güclü, qədim bir millət.
16 Onların oxdanları
Açıq qəbir kimidir,
Hamısı igid döyüşçüdür.
17 Onlar sənin məhsul və çörəyini yeyəcək.
Oğul və qızlarını yeyəcək,
Sürü və naxırlarını yeyəcək,
Meynə və əncir ağaclarını yeyəcək.
Güvəndiyin qalalı şəhərləri
Qılıncla dağıdacaq».

18 Ancaq Rəbb bəyan edir: «Hətta o günlər sizi tamamilə qırıb-çatmayacağam. 19 Bir vaxt onlar soruşacaq: “Nə üçün Allahımız Rəbb bütün bunları başımıza gətirdi?” Onda onlara belə söylə: “Necə Məni tərk edərək öz ölkənizdə yad allahlara xidmət etdinizsə, eləcə də özgə ölkədə yadellilərə xidmət edəcəksiniz”.

20 Bunu Yaqub nəslinin içində bildirin,
Yəhudada elan edin.
21[10] Ey gözləri olub görməyən,
Qulaqları olub eşitməyən,
Ağılsız və dərrakəsiz xalq,
Bu sözə qulaq asın!
22[11] Məndən qorxmursunuzmu?» Rəbb belə bəyan edir.
«Mənim qarşımda titrəmirsinizmi?
Axı Mən əbədi qayda ilə
Dəniz üçün qumu sərhəd qoydum,
Dəniz bu sərhədi keçə bilməz.
Dalğaları coşsa da,
Üstün gələ bilməz.
Nərə çəksə də, keçə bilməz.
23 Bu xalqın ürəyi inadlı və üsyankardır.
Onlar azıb öz yolları ilə getdi.
24 Daha öz-özlərinə demirlər ki,
Payız və yaz yağışlarını vaxtında verən,
Müəyyən biçin həftələrini bizim üçün qoruyan
Allahımız Rəbbə sitayiş edək.
25 Təqsirləriniz bunları sizdən aldı,
Günahlarınız sizi bu nemətdən məhrum etdi.
26 Mənim xalqımın içində pis adamlar var:
Quş ovçuları kimi pusquda dururlar,
Tələ qurub adam tuturlar.
27 Quşlarla dolu qəfəs kimi
Onların evləri hiylə ilə doludur.
Bunun sayəsində yüksəldilər, varlandılar.
28 Onlar piylənib, yoğunlaşıb,
Pis işlərlə hədlərini aşıb,
Məhkəmə işlərini,
Yetimlərin işlərini
Ədalətlə həll etmirlər ki,
Qalib gəlsinlər.
Yoxsulların haqqını müdafiə etmirlər».
29 Rəbb bəyan edir:
«Bunlara görə Mən onlara cəza verməyimmi?
Belə bir millətdən qisas almayımmı?
30 Bu ölkədə heyrətli və dəhşətli bir iş oldu:
31 Peyğəmbərlər yalandan peyğəmbərlik edir,
Kahinlər onların əli ilə hökmranlıq edir.
Xalqım da bunu bəyənir.
Amma axırda nə edəcəksiniz?»

6 redaktə

Yerusəlimin mühasirəsi

1 Ey Binyamin övladları,
Yerusəlimin içindən qaçıb qurtarın.
Teqoada şeypur çalın,
Bet-Hakkeremdə odla işarə verin,
Çünki şimaldan fəlakət,
Böyük qırğın zahir olur.
2 Mən gözəl və zərif qızı –
Sion qızını talan edəcəyəm.
3 Çobanlar öz sürüləri ilə
Ona qarşı gələcək,
Hər tərəfdən onun önündə çadır quracaq.
Hər kəs öz yerində sürüsünü otaracaq.
4 Sion qızı ilə döyüşə hazırlaşın!
Qalxın, günorta çağı hücum edək!
Vay halımıza!
Gün tutqunlaşır,
Axşam kölgələri uzanır.
5 Qalxın, gecə vaxtı hücum edək!
Onun imarətlərini dağıdaq!

6 Ordular Rəbbi belə dedi:
«Ağac kəsin,
Yerusəlimin önündə torpaq qalağı qurun.
Bu şəhər cəzalanmalıdır,
Çünki zorakılıqla dolub-daşır.
7 Bir bulaqdan necə su axarsa,
Bu şəhərdən də eləcə pislik fışqırır.
İçində zorakılıq və soyğunçuluq səsi eşidilir.
Önümdə həmişə dərd və yara görürəm.
8 Ey Yerusəlim, ibrət al,
Yoxsa səndən üz döndərərəm,
Səni xarabaya, əhalisiz torpağa çevirərəm».

9 Ordular Rəbbi belə deyir:
«Tənəkdən son üzümlər yığılan kimi
İsrailin qalan əhalisi də
Yığılıb qurtaracaq.
Üzümyığan kimi
Yenə meynə budaqlarına əlini uzat».

10 Kiminlə danışım,
Kimə xəbərdarlıq edim ki, qulaq assın?
Axı qulaqları tıxanıb,
Eşidə bilmirlər.
Onların arasında Rəbbin sözünə lağ edilir,
Ondan xoşları gəlmir.
11 Buna görə də mən Rəbbin qəzəbi ilə dolmuşam,
Özümü ələ almaqdan yorulmuşam.
«Qəzəbini küçədə olan uşaqların,
Yığılan cavanların üzərinə tök.
Bəli, ər də, arvad da,
Qoca da, yaşa dolmuş adam da ələ keçəcək.
12[12] Evləri, tarlaları və arvadları da
Başqalarına qalacaq.
Çünki əlimi ölkədə yaşayanlara qarşı uzadacağam»
Rəbb belə bəyan edir.

13 «Ona görə ki böyüyündən kiçiyinə qədər
Hər kəs haram qazanc dalınca qaçır.
Peyğəmbərdən kahinə qədər hər kəs hiylə qurur.
14[13] Xalqımın yarasını yüngülcəsinə müalicə edirlər,
“Sülh, sülh” deyirlər,
Amma sülh yoxdur.
15 İyrənc işlər görəndə utanırlarmı?
Yox, heç utanmırlar,
Utanıb qızarmaq bilmirlər.
Buna görə yıxılanlar arasında
Onlar da olacaq.
Mən onları cəzalandıranda
Yerə səriləcəklər» deyir Rəbb.

16[14] Rəbb belə deyir:
«Yolayrıcında dayanıb baxın,
Əzəldən olan yolları soruşun.
Yaxşı yolun harada olduğunu öyrənin,
O yolla gedin.
Onda ürəyiniz dinclik tapar.
Ancaq siz “o yolla getməyəcəyik” dediniz.
17 Mən sizin üzərinizə
Gözətçilər qoyub dedim:
“Şeypur səsinə qulaq asın!”
Ancaq siz “qulaq asmayacağıq” dediniz.
18 Buna görə də, ey millətlər, qulaq asın,
Ey camaat, bilin ki,
Onların başına nə gələcək.
19 Eşit, ey yer üzü,
Mən bu xalqın başına fəlakət gətirəcəyəm.
Bu onların niyyətlərinin bəhrəsi olacaq.
Çünki Mənim sözlərimə qulaq asmadılar,
Mənim qanunumu rədd etdilər.
20 Səbadan gətirilən kündür,
Uzaq ölkədən gəlmiş ətirli qamış
Nəyimə lazımdır?
Yandırma qurbanlarınız Mənə məqbul deyil,
Başqa qurbanlarınız da Mənə xoş deyil».
21 Buna görə də Rəbb belə deyir:
«Mən bu xalqın qabağına
Maneələr qoyacağam.
Atalar və oğullar birlikdə
Onlara ilişib yıxılacaq.
Qonşu dostu ilə birgə həlak olacaq».

22 Rəbb belə deyir:
«Budur, şimal ölkəsindən
Bir xalq gəlir,
Dünyanın uzaq yerlərindən
Böyük bir millət hərəkətə gəlir.
23 Onlar əllərində ox-kaman və nizə tutub,
Rəhmsizdirlər, heç kəsə acımırlar.
Səsləri dəniz kimi gurlayır,
Atlara miniblər.
Onlar yekdilliklə səninlə
Müharibəyə hazırdır, ey Sion qızı!»

24 Onlar haqqında xəbər eşitdik,
Əllərimiz yanımıza düşdü.
Doğan qadın kimi bizi
Sıxıntı və əzab bürüdü.
25 Çölə çıxma, yola düşmə,
Çünki düşməndə qılınc,
Hər tərəfdə dəhşət var.

26 Ey əziz xalqım!
Çul geyin və küldə yuvarlan.
Vahid oğluna yas tutan kimi
Yas tutub acı-acı ağla.
Çünki məhv edən qəflətən başımızın üstünü alacaq.

27 Rəbb deyir: «Ey Yeremya, Mən səni qoydum ki,
Xalqımı yoxlayıb imtahan edəsən,
Onlara nəzər qoyub əməllərini sınayasan.
28 Hamısı inadkar dönükdür,
Böhtançılar kimi dolaşan adamlardır.
Tunc və dəmir kimi sərtdirlər,
Hamısı pozğun olub.
29 Körük basılır,
Atəşində qurğuşun əriyir.
Ancaq dəmirçi nahaq yerə əridir,
Çünki pislər ayrılmır.
30 Onlara isə “atılmış gümüş” deyəcəklər,
Çünki Rəbb onları atdı».

7 redaktə

Məbəddə bütpərəstlik

1 Rəbdən Yeremyaya bu söz nazil oldu: 2 «Rəbbin məbədinin qapısında dur və orada bu sözü elan edib söylə ki, ey bütün Yəhuda, Rəbbə ibadət etmək üçün bu qapılardan girənlər, Rəbbin sözünə qulaq asın. 3 İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Yollarınızı və əməllərinizi islah edin ki, Mən sizi bu yerdə yaşamağa qoyum. 4 ‹Burada Rəbbin məbədi var, Rəbbin məbədi var, Rəbbin məbədi var› deyib yalan sözlərə güvənməyin. 5 Əgər yollarınızı və əməllərinizi tamamilə islah etsəniz, bir-birinizlə, həqiqətən, ədalətlə rəftar etsəniz, 6 qəribə, yetimə və dul qadına zülm etməsəniz, bu yerdə günahsız qan tökməsəniz, özünüzə zərər vuraraq başqa allahların tərəfdarı olmasanız, 7 o zaman burada əbədilik atalarınıza verdiyim torpaqda sizi yaşamağa qoyacağam.

8 Siz isə faydasız olan yalan sözlərə güvənirsiniz. 9 Siz oğurluq edirsiniz, adam öldürürsünüz, zina edirsiniz, yalandan and içirsiniz, Baal bütlərinə buxur yandırır, tanımadığınız başqa allahların tərəfdarı olursunuz. 10 Sonra bütün bu iyrənc işləri görmək üçün Mənim adımla çağırılan bu məbədə gəlib önümdə durur və ‹biz əmin-amanlıqdayıq› deyirsiniz. 11[15] Mənim adımla çağırılan bu məbəd, sizcə, quldur yuvasına çevrildimi? Amma Mən nə etdiyinizi görürəm” Rəbb belə bəyan edir.

12[16] “İndi adımı ilk dəfə qoyduğum Şilodakı məskənimə gedin və xalqım İsrailin pisliyinə görə ona nə etdiyimi görün”. 13 Rəbb bəyan edir: “Siz bütün bu işləri gördünüz, dəfələrlə xəbərdarlıq etdiyim halda Mənə qulaq asmadınız, sizi çağırdığım halda cavab vermədiniz. 14 Buna görə də Şilo ilə necə rəftar etdimsə, Mənim adımla çağırılan, güvəndiyiniz məbədlə, sizə və atalarınıza verdiyim bu yerlə də elə rəftar edəcəyəm. 15 Efrayim nəslindən olan soydaşlarınızı necə rədd etdimsə, sizi də eləcə önümdən rədd edəcəyəm.

16 Sən isə, ey Yeremya, bu xalq üçün dua etmə, onlar üçün yalvarıb xahiş etmə və önümdə mərhəmət istəmə, çünki sözünə qulaq asmayacağam. 17 Yəhuda şəhərlərində, Yerusəlim küçələrində onların nə etdiklərini görmürsənmi? 18 Uşaqlar odun yığır, ataları od yandırır, qadınlar Göylər Mələkəsinə xəmir yoğurub kökə bişirir. Onlar başqa allahlara içmə təqdimləri verir ki, Məni qəzəbləndirsinlər”. 19 Rəbb bəyan edir: “Onlar Mənimi incidirlər? Məgər özlərini rüsvay etmirlərmi?” 20 Buna görə də Xudavənd Rəbb belə deyir: “Bax bu yerin, insanların, heyvanların, çöl ağaclarının, torpağın məhsulu üzərinə qəzəbim və qızğınlığım töküləcək, alışıb sönməyəcək”.

21 İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Yandırma qurbanlarımızı başqa qurbanlarınıza qatıb ət yeyin. 22 Çünki atalarınızı Misir torpağından çıxaran vaxt yandırma qurbanı və başqa qurban barədə onlara əmr etmədim və bir söz demədim. 23 Ancaq onlara bunu əmr edib dedim: ‹Sözümə qulaq asın. Onda Mən sizin Allahınız olacağam, siz də Mənim xalqım olacaqsınız. Hər barədə sizə əmr etdiyim yolla gedin ki, uğur qazanasınız›. 24 Ancaq Məni eşitmədilər, qulaq asmadılar. Bunun əvəzinə öz istəklərinə, pis ürəklərinin inadkarlığına görə hərəkət etdilər, irəliyə deyil, geriyə getdilər. 25 Atalarınız Misir torpağından çıxdıqları gündən bu günə qədər Öz qullarım olan peyğəmbərləri hər gün dəfələrlə yanınıza göndərdim. 26 Amma Məni eşitmədilər, qulaq asmadılar, inadkarlıq etdilər, atalarından da pis işlər gördülər.

27 Sən bütün bu sözləri onlara söyləyəcəksən, ancaq sənə qulaq asmayacaqlar, onları çağıracaqsan, ancaq sənə cavab verməyəcəklər”. 28 Sən onlara söylə: “Bu həmin xalqdır ki, öz Allahı Rəbbin sözünə qulaq asmır və cəzadan ibrət almır. Onlarda həqiqət yox oldu, həqiqətdən heç danışmırlar.

29 Ey Yerusəlim, saçını kəsib at,
Çılpaq təpələr üzərində mərsiyə oxu,
Çünki Rəbb qəzəbləndiyi nəsli
Rədd edib tərk etdi.

30 Ona görə ki Yəhuda övladları gözümdə pis olan işlər gördü” Rəbb belə bəyan edir. “Mənim adımla çağırılan məbədə iyrənc bütlərini qoyub oranı murdarladılar. 31[17][18] Onlar oğul və qızlarını odda yandırmaq üçün Ben-Hinnom dərəsindəki Tofetdə səcdəgahlar düzəltdilər. Mən belə bir şeyi nə buyurdum, nə də ağlıma gətirdim”».

32 Rəbb bəyan edir: «Buna görə də bir gün gələcək ki, oraya Tofet yaxud Ben-Hinnom dərəsi deyil, Qırğın dərəsi deyiləcək. Tofetdə yer qalmayana qədər ölüləri basdıracaqlar. 33[19] Bu xalqın cəsədləri göydəki quşlara, yerdəki heyvanlara yem olacaq, onları qorxudub qaçıran olmayacaq. 34[20] Yəhuda şəhərlərində, Yerusəlim küçələrində sevinc və şadlıq sədasını, bəy-gəlin səsini kəsəcəyəm, çünki ölkə viran olacaq».

8 redaktə

1 Rəbb bəyan edir: «O vaxt Yəhuda padşahlarının və başçılarının, kahinlərinin, peyğəmbərlərin və Yerusəlimdə yaşayanların sümüklərini qəbirlərindən çıxarıb atacaqlar. 2 Onların sümükləri sevdikləri, qulluq etdikləri, tərəfdarı olduqları, müraciət və səcdə etdikləri günəşin, ayın və bütün səma cisimlərinin önünə töküləcək. Onlar bir yerə yığılıb basdırılmayacaq, torpağın üstündə peyin kimi olacaq. 3[21] Bu pis tayfadan sağ qalanların hamısı sürgün etdiyim hər yerdə həyatı yox, ölümü seçəcək» Ordular Rəbbi belə bəyan edir.

Günah və mükafat

 
4 Onlara söyləyəcəksən ki, Rəbb belə deyir:
«Yıxılanlar qalxmazmı?
Yoldan azan geri qayıtmazmı?
5 Bəs nə üçün bu xalq yoldan azdı?
Nə üçün Yerusəlim daim dönüklük edir?
Onlar yalandan bərk yapışıb,
Dönmək istəmir.
6 Mən diqqət edib qulaq asdım:
Heç kəs düz danışmır,
“Nə etdim?” deyib öz pisliyindən tövbə etmir.
Hər biri döyüşə atılan at kimi
Öz yoluna tərəf dönür.
7 Hətta göydə uçan leylək də
Öz vaxtını bilir,
Qumru, qaranquş, durna da
Uçub gələcəkləri vaxtı gözləyir,
Amma Mənim xalqım Rəbbin hökmlərini bilmir.

8 Nə haqla deyirsiniz ki, biz müdrikik,
Rəbbin Qanunu bizdədir?
Budur, alimlərin hiyləgər qələmi
Onu yalan şərh edir.
9 Müdriklər rüsvay oldu,
Çaşıb tora düşdü.
Onlar Rəbbin sözünü rədd etdi.
Bəs onların müdrikliyi nədədir?
10[22] Buna görə də arvadlarını başqa adamlara,
Tarlalarını isə başqa sahiblərə verəcəyəm,
Ona görə ki böyükdən kiçiyə qədər
Hər kəs haram qazanc dalınca qaçır.
Peyğəmbərdən kahinə qədər
Hər biri yalan iş görür.
11[23] Əziz xalqımın yarasını
Yüngülcəsinə müalicə edirlər.
“Sülh, sülh” deyirlər,
Amma sülh yoxdur.
12 İyrənc işlər görəndə utanırlarmı?
Yox, heç utanmırlar,
Utanıb-qızarmaq bilmirlər.
Buna görə yıxılanlar arasında
Onlar da olacaq.
Onları cəzalandırdığım vaxt
Yerə səriləcəklər» deyir Rəbb.

13 «Onları qırıb-çatacağam»
Rəbb belə bəyan edir.
«Tənək üzüm gətirməyəcək,
Əncir ağacı bar verməyəcək,
Yarpaqlar solacaq.
Mən onlara nə verdimsə,
Hamısı əllərindən alınacaq».

14 «Nə üçün yerimizdə oturmuşuq?
Yığılın, gedib qalalı şəhərlərə girək,
Orada həlak olaq,
Çünki Allahımız Rəbb
Bizi ölümə təslim etdi,
Bizə zəhərli su içirdi,
Ona görə ki Rəbbə qarşı günah etdik.
15 Sülh gözləyirik, amma xeyir gəlmir.
Şəfa vaxtını gözləyirik,
Amma dəhşət gəlir.
16 Dandan onların atlarının fınxırtısı eşidilir,
Ayğırlarının kişnəmə səsindən
Bütün ölkə titrəyir.
Onlar gəlir,
Torpağı və orada olan hər şeyi,
Şəhəri və orada yaşayanları yeyib-qurtarır.
17 Baxın Mən üstünüzə ilanlar,
Ovsunla ram olmayan gürzələr göndərəcəyəm,
Onlar sizi sancacaq» Rəbb belə bəyan edir.
Yeremyanın xalqın taleyi üçün narahatlığı
18 Dərdimə təsəlli yoxdur,
Ürəyim köksümdə taqətsizdir.
19 Baxın uzaq ölkədən
Əziz xalqımın fəryadını eşidirəm:
«Məgər Rəbb Sionda yoxdur?
Onun padşahı orada deyilmi?

Onlar nə üçün oyma bütləri,
Yad olan puç şeyləri ilə
Məni qəzəbləndirirlər?

20 Biçin sona çatdı, yay qurtardı,
Biz xilas olmadıq».

21 Əziz xalqımın yarasından
Mən də yaralandım,
Yas tutub dəhşətə gəldim.
22 Məgər Gileadda məlhəm yoxdur?
Orada həkim yoxdur?
Əgər varsa,
Əziz xalqıma nə üçün şəfa verilmədi?

9 redaktə

1 Kaş ki başım bulaq olaydı,
Gözlərim yaş çeşməsinə dönəydi,
Əziz xalqımdan öldürülənlərə
Gecə-gündüz yas tutaydım.
2 Kaş ki kimsə mənə səhrada
Səyyahların sığınacağını verəydi!
Mən xalqımı tərk edib
Onlardan uzaqlaşardım.
Çünki onların hamısı
Zinakar və xain yığınıdır.

3 «Dillərini yalan üçün
Kaman kimi dartırlar.
Həqiqət naminə güc göstərmirlər.
Çünki pisliyi pislik dalınca edirlər,
Məni tanımırlar» Rəbb belə bəyan edir.
4 «Hər kəs dostundan çəkinsin,
Heç qardaşına da etibar etməsin.
Çünki hər qardaş başqasına badalaq gəlir,
Hər dost böhtançıdır.
5 Hər kəs öz dostunu aldadır,
Doğru söyləmir.
Onlar dillərini yalan danışmağa öyrətdi,
Yorulana qədər günah işlətdi.
6 Ey Yeremya, hiylə içində yaşayırsan,
Hiylədən ötrü Məni tanımaq istəmirlər»
Rəbb belə bəyan edir.

7 Buna görə də Ordular Rəbbi belə deyir:
«Mən onları əridəcəyəm,
Sınaqdan keçirəcəyəm.
Axı Mən əziz xalqımla
Başqa cür necə rəftar edə bilərəm?
8 Dilləri öldürücü oxdur,
Məkrlə danışırlar.
Ağzı ilə qonşusuna xoş sözlər söyləyir,
Ürəyində isə ona tələ qururlar».
9 Rəbb bəyan edir:
«Bunlara görə Mən onlara cəza verməyimmi?
Belə bir millətdən qisas almayımmı?»

10 Dağlar üçün ağlayıb nalə çəkəcəyəm,
Çölün otlaqları üçün mərsiyə oxuyacağam.
Çünki hamısı yandı,
Daha kimsə oradan keçmir,
Naxırın böyürtüsü eşidilmir.
Quşlar və heyvanlar da qaçıb getdi.

11 «Yerusəlimi daş qalaqlarına,
Çaqqal yuvasına döndərəcəyəm.
Yəhuda şəhərlərini
Sakinsiz bir xarabalığa çevirəcəyəm» deyir Rəbb.
12 Bir müdrik adam varmı, bunu anlasın? Rəbbin dili ilə danışan bir adam varmı, bunu izah etsin? Niyə bu ölkə məhv oldu, səhra kimi yandı və heç kəs oradan keçmir? 13 Rəbb deyir: «Ona görə belə oldu ki, onlar üçün qoyduğum qanunumu rədd etdilər, sözümə qulaq asıb əməl etmədilər, 14 ürəklərinin inadkarlığına görə rəftar etdilər və atalarının öyrətdiyi kimi Baal bütlərinə itaət etdilər. 15[24] Buna görə də İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Mən bu xalqa yovşan yedirəcək, zəhərli su içirəcəyəm. 16 Onları özlərinin və atalarının tanımadıqları millətlər arasına səpələyəcəyəm. Onları məhv edənədək arxalarınca qılınc göndərəcəyəm”».
17 Ordular Rəbbi belə deyir:
«İndi düşünün,
Mərsiyəçi qadınları çağırın gəlsinlər,
Bu işdə bacarıqlı olanları
Gətirin gəlsinlər.
18 Qoy onlar tələsib o qədər
Bizim üçün fəryad etsinlər ki,
Gözlərimizdən yaş axsın,
Kirpiklərimizdən su süzülsün».
19 Çünki Siondan fəryad səsi eşidilir:
«Biz necə talan olunduq,
Yaman rüsvay edildik.
Çünki ölkəni tərk edirik,
Məskənlərimiz dağıdılır».

20 Ey qadınlar, Rəbbin sözünü eşidin,
Ağzından çıxan sözə qulaq asın.
Qızlarınıza fəryad etməyi öyrədin,
Hər kəs yoldaşına mərsiyə oxumağı öyrətsin.
21 Çünki ölüm pəncərələrimizə dırmaşdı,
Saraylarımıza girdi ki,
Küçədə uşaqları,
Meydanlarda cavanları qırıb-çatsın.

22 Sən söylə ki, Rəbb belə bəyan edir:
«İnsan cəsədləri tarlada peyin kimi,
Biçinçinin ardınca qalan taya kimi yerə yıxılacaq.
Onları yığıb aparan olmayacaq».

23 Rəbb belə deyir:
«Müdrik müdrikliyi ilə öyünməsin,
İgid öz gücü ilə öyünməsin,
Varlı öz sərvəti ilə öyünməsin.
24[25] Ancaq öyünən onunla öyünsün ki,
Mən Rəbbin dünyada
Məhəbbət, ədalət və salehlik yaratdığını
Dərk edir və Məni tanıyır.
Çünki Mən bunlardan xoşlanıram»
Rəbb belə bəyan edir.

25 Bəli, Rəbb bəyan edir: «Gün gələcək ki, yalnız bədəni sünnət olanları cəzalandıracağam. 26 Misiri, Yəhudanı, Edomu, Ammon övladlarını, Moavı, çöldə yaşayıb kəkillərini qırxanların hamısını cəzalandıracağam, çünki bütün bu millətlər sünnətsizdir, bütün İsrail nəslinin də ürəyi sünnətsizdir».

10 redaktə

Allaha ibadət və bütlərə pərəstiş

 
1 Rəbbin sizə söylədiyi sözü eşidin, ey İsrail nəsli! 2 Rəbb belə deyir:
«Başqa millətlərin yolu ilə getməyin,
Göy əlamətlərindən qorxmayın,
Bunlardan başqa millətlər qorxur.
3 Çünki xalqların adətləri boş şeydir.
Meşədə ağac kəsirlər,
Usta əli kəski ilə onu düzəldir.
4 Sonra qızıl-gümüşlə bəzəyirlər,
Çəkiclə, mıxla bərkidirlər ki,
Yerindən tərpənməsin.
5 Bütləri xiyar bostanındakı müqəvva kimi
Danışa bilmir.
Onları daşımaq lazımdır,
Çünki gedə bilmirlər.
Onlardan qorxmayın,
Çünki nə pislik edə bilərlər,
Nə də yaxşılıq».

6 Sənin kimi Allah yoxdur, ya Rəbb.
Sən böyüksən, əzəmətdə adın ucadır.
7 [26] Ey millətlərin Padşahı,
Sənə kim hörmət etməz?
Sənə hörmət yaraşır,
Çünki millətlərin bütün müdrikləri arasında,
Bütün ölkələrində Sənin kimisi yoxdur.
8 Bütlərə səcdə edənlərin hamısı
Ağılsız və axmaqdır,
Boş şeylərdən təlim alırlar.
Büt bir ağacdır!
9 Tarşişdən döyülmüş gümüş,
Ufazdan qızıl gətirilir.
Ustanın və zərgərin əli ilə düzəldilən bütə
Bənövşəyi və tunc qırmızı paltar geyindirilir.
Hamısı bacarıqlı toxucu işidir.
10 Ancaq Rəbb həqiqi Allahdır.
Var olan Allahdır,
Əbədi Padşah Odur.
Qəzəbindən dünya titrəyər,
Hiddətinin qarşısında
Millətlər dura bilməz.
11 Allah mənə dedi ki, onlara belə söylə: «Yeri və göyü yaratmayan allahlar yer üzündən və göyün altından yox olacaq».[27]

12[28] Rəbb qüdrəti ilə yer üzünü yaratdı,
Hikməti ilə dünyanı qurdu,
Dərrakəsi ilə göyləri yaydı.
13[29] O gurlayanda göylərdəki sular çağlayır,
Yerin ucqarlarından buludları yüksəldir,
Yağış üçün şimşək çaxdırır,
Anbarlarından külək çıxarır.
14 Hər kəs ağılsız oldu,
Bilikləri qalmadı.
Hər zərgər düzəltdiyi bütdən utanacaq,
Çünki onun tökdüyü büt puçdur,
Onda nəfəs yoxdur.
15 Onlar boş şey,
Masqaraçıların işidir.
Cəza vaxtı məhv olacaqlar.
16 Yaquba Nəsib Olan isə onlara bənzəməz,
Çünki hər şeyi yaradan Odur.
İsrail Onun irs qəbiləsidir,
Onun adı Ordular Rəbbidir.

17 Ey sən mühasirəyə alınan şəhərdə yaşayan,
Şələ-küləni yerdən yığışdır.
18 Çünki Rəbb belə deyir:
«Mən bu dəfə ölkənin sakinlərini
Sapandla kənara atacağam.
Onları dara salacağam ki,
Düşmən əlinə keçsinlər».
Yeremyanın duası
19 Əzabıma görə vay halıma!
Yaram sağalmaz.
Ancaq mən dedim:
«Həqiqətən, bu mənim dərdimdir,
Mən də ona dözməliyəm.
20 Çadırım yıxıldı,
Bütün iplərim qopdu.
Uşaqlarım məni tərk etdi,
Onlar artıq yoxdur.
Çadırımı quran, pərdələrimi asan qalmadı.
21 Çünki xalqın çobanları ağılsız oldu,
Rəbdən soruşmadılar.
Buna görə də uğur qazanmadılar,
Bütün sürüləri dağıldı.
22 Dinləyin, bir xəbər yayılır:
Şimal ölkəsindən böyük gurultu gəlir ki,
Yəhuda şəhərlərini xarabalığa,
Çaqqal yuvasına çevirsin.

23 Ya Rəbb, bilirəm ki,
İnsanın ömrü öz əlində deyil.
Addımlarını düzəltmək
Gedən adamın işi deyil.
24 Mənə cəza ver, ya Rəbb,
Ancaq qəzəbinlə yox, ədalətinlə.
Yoxsa məni heçə çıxardarsan.
25 * Qəzəbini Səni tanımayan millətlərin,
Adını çağırmayan tayfaların üzərinə tök.
Çünki onlar Yaqub nəslini yedi,
Onu yeyib-qurtardı,
Yurdunu viran etdi».

11 redaktə

Allahla olan əhdə xəyanət

1 Rəbdən Yeremyaya bu söz nazil oldu: 2 «Bu əhdin sözlərinə qulaq asın, Yəhuda adamlarına və Yerusəlimdə yaşayanlara söyləyib 3 bildirin ki, İsrailin Allahı Rəbb belə deyir: “Bu əhdin sözlərinə qulaq asmayana lənət olsun. 4 Bu əhd barəsində Mən atalarınızı Misir torpağından, dəmir əridən sobanın içindən çıxardığım vaxt əmr edib dedim: ‹Mənim sözümə qulaq asın, sizə əmr etdiyim hər şeyi edin. Onda siz Mənim xalqım, Mən də sizin Allahınız olacağam. 5 Belə etsəniz, Mən də atalarınıza and içib vəd verdiyim şeyə əməl edərəm, bu gün sizin olan torpağı – süd və bal axan torpağı sizə verərəm›”». Mən də cavab verib «amin, ya Rəbb» dedim.

6 Rəbb mənə dedi: «Bu sözlərin hamısını Yəhuda şəhərlərində və Yerusəlim küçələrində car çəkib söylə: “Bu əhdin sözlərinə qulaq asın, onlara əməl edin”. 7 Bəli, Mən atalarınıza onları Misir torpağından çıxardığım gündən indiyə qədər ciddi xəbərdarlıq etdim. Onlara dəfələrlə xəbərdarlıq edib dedim: “Mənim sözümə qulaq asın”. 8 Ancaq onlar qulaq asmadı, diqqət etmədi, inadkarlıqla qara ürəklərinin istədiyinə uydu. Buna görə də Mən əhddə deyilən bütün cəzaları onların başına gətirdim. Mən onlara bu əhdə əməl etməyi əmr etmişdim, onlarsa əməl etmədi».

9 Sonra Rəbb mənə dedi: «Yəhuda adamları və Yerusəlimdə yaşayanlar arasında bir qəsd üzə çıxdı. 10 Sözlərimə qulaq asmaq istəməyən əcdadlarının günahlarına qayıtdılar, başqa allahların tərəfdarı olub onlara qulluq etdilər. İsrail və Yəhuda nəsli onların ataları ilə bağladığım əhdimi pozdu. 11 Buna görə də Rəbb belə deyir: “Mən onların üzərinə bəla gətirəcəyəm və onun içindən çıxa bilməyəcəklər. Onlar Mənə üz tutub fəryad edəcək, amma Mən onları eşitməyəcəyəm. 12 O zaman Yəhuda şəhərlərinin əhalisi və Yerusəlimdə yaşayanlar gedib buxur yandırdıqları allahlara üz tutub fəryad edəcək, amma başlarına bəla gələn vaxt bu allahlar onlara heç kömək etməyəcək. 13 Çünki şəhərlərinin sayı qədər sənin bütlərin var, ey Yəhuda. Siz Yerusəlim küçələrinin sayı qədər rüsvayçı şeylərə qurbangahlar, Baal bütlərinə buxur yandırmaq üçün qurbangahlar düzəltdiniz”.

14 Sən bu xalq üçün dua etmə, onlar üçün yalvarıb xahiş etmə. Çünki fəlakətlərindən ötrü Mənə tərəf fəryad edəndə qulaq asmayacağam.

15 Sevimli xalqım, pis niyyətlər qurarkən
Mənim evimdə nə işin var?
Təqdis olunmuş ətin çoxluğu ilə
Üzərinizdən bəla çəkilərmi?
Çünki sən pis iş görəndə sevinirsən.
16 Rəbb sənin adını
“Dadlı meyvəsi olan
Yaşıl zeytun ağacı” qoydu.
İndi isə böyük fırtınanın gurultusu ilə
Ağaca od vuracaq,
Onun budaqları qırılacaq.

17 Səni əkən Ordular Rəbbi başına fəlakət gətirməyə qərar verdi. Çünki İsrail və Yəhuda nəsli pislik etdi, Baal bütlərinə buxur yandırmaqla Məni qəzəbləndirdi».

Yeremyaya qarşı qəsd

18 O vaxt Rəbb onların etdiklərini mənə göstərdi. O bunu mənə aşkar etdi, mən də xəbərdar oldum. 19 Mənsə kəsilməyə aparılan müti quzu kimi idim, bilmirdim ki, onlar «ağacı və meyvəsini məhv edək, onu dirilər arasından yox edək ki, adı bir daha xatırlanmasın» deyərək mənə qəsd qururlar. 20 Ancaq, ey Ordular Rəbbi,

Ürəkləri və fikirləri sınayan ədalətli Hakim,
Mənə imkan ver ki, onlardan alacağın qisasını görüm!
Çünki mən öz işimi Sənə tapşırdım.

21 «Buna görə də Rəbb səni öldürmək istəyən və “Rəbbin adı ilə peyğəmbərlik etmə, yoxsa bizim əlimizdə ölərsən” deyən Anatot əhalisi barədə belə deyir. 22 Bəli, Ordular Rəbbi belə deyir: “Bax Mən onları cəzalandıracağam: cavanları qılıncla həlak olacaq, oğul və qızları aclıqdan öləcək. 23 Onların nəsli də qalmayacaq, çünki Mən onlar üçün cəza gəldiyi ildə Anatot əhalisinin başına fəlakət gətirəcəyəm”».

12 redaktə

Yeremyanın Allahla söhbəti

 
1 Əgər Səninlə mübahisə etsəm,
Sən haqlı çıxarsan, ya Rəbb.
Ancaq yenə də ədalət barədə
Səninlə danışmaq istəyirəm.
Nə üçün pis adamlar əməllərində
Uğur qazanır,
Bütün xainlər dinc yaşayır?
2 Onları Sən əkdin, kök saldılar,
Qol-budaq atdılar,
Bar verdilər.
Sən onların dillərinə yaxınsan,
Amma ürəklərindən uzaqsan.
3 Məni isə, ya Rəbb, Sən tanıyırsan,
Görürsən və sınayırsan.
Ürəyim Səninlədir.
Onları qurbanlıq qoyun kimi ayır,
Qırğın günü üçün hazırla.
4 Nə vaxta qədər torpaq yas tutacaq,
Bütün çöl otları quruyacaq?
Orada yaşayanların pisliyi üzündən
Heyvanlar və otlar məhv oldu.
Onlar isə «bu adam aqibətimizi görməyəcək» deyir.
Allahın cavabı
5 «Ey Yeremya, əgər sən piyadalarla qaçanda yoruldunsa,
Atlarla necə yarışa bilərsən?
Əgər əmin-amanlıq olan torpaqda büdrəsən,
İordan çayının kənarındakı sıx meşədə nə edəcəksən?
6 Hətta öz qardaşların – ata evin də
Sənə xəyanət etdi,
Onlar da sənin ardınca
Ucadan bağırdı.
Sənə yaxşı sözlər söyləsələr də,
Onlara inanma.

7 Evimi tərk etdim,
İrsimi əldən verdim,
Sevgilimi düşmənlərə təslim etdim.
8 İrsim Mənim üçün
Meşədəki aslan kimi oldu.
Üstümə nərə çəkdi,
Buna görə də ona nifrət etdim.
9 İrsim Mənim üçün
Alabəzək yırtıcı quş oldumu?
Hər tərəfdən yırtıcı quşlar
Onun üstünə töküldü.
Gedin bütün vəhşi heyvanları toplayın,
Yeyib-qurtarmaq üçün onun üstünə gətirin.
10 Çoxlu çoban bağımı viran etdi,
Tarlamı tapdalayıb əzdi,
Gözəl zəmimi boş çölə çevirdi.
11 Onu xaraba qoydular,
Xarabalıq içində önümdə ağlayır.
Bütün ölkə viran oldu,
Amma heç kəsin vecinə deyil.
12 Çöldəki bütün çılpaq təpələrə məhv edənlər gəldi.
Çünki ölkənin bir ucundan o biri ucuna qədər
Rəbbin qılıncı qırıb-çatır.
Heç kim salamat qalmır.
13 Onlar buğda əkdi, qanqal biçdi.
Zəhmət çəkdilər, xeyir görmədilər.
Rəbbin qızğın qəzəbindən ötrü
Məhsullarınızdan utanacaqsınız».

14 Rəbb belə deyir: «Xalqım İsrailə irs olaraq verdiyim mülkə toxunan bütün bədxah qonşularıma gəlincə, Mən onları torpaqlarından çıxarıb atacağam, onların arasından Yəhuda nəslini də çıxarıb atacağam. 15 Amma onları çıxarıb atdıqdan sonra yenə hallarına acıyacağam. Hər kəsi öz mülkünə, öz torpağına qaytaracağam. 16 Əgər onlar xalqımın yolunu yaxşı öyrənsələr, xalqımı Baal adı ilə and içməyi öyrətdikləri kimi “var olan Rəbbə and olsun” deyib Mənim adımla and içsələr, o zaman xalqımın arasında sakin olacaqlar. 17 Ancaq qulaq asmasalar, o zaman belə bir milləti mütləq kökündən çıxarıb yox edəcəyəm» Rəbb belə bəyan edir.

13 redaktə

Kətan qurşaqla müqayisə

1 Rəbb mənə belə dedi: «Get özünə bir kətan qurşaq al və belinə bağla, amma onu suya qoyma». 2 Mən Rəbbin sözünə görə qurşaq aldım və belimə bağladım. 3 Mənə yenə Rəbbin sözü nazil oldu: 4 «Belindəki aldığın qurşağı götürüb qalx və Fərat çayına tərəf get. Onu orada qayanın oyuğunda gizlət». 5 Mən gedib Rəbbin əmr etdiyi kimi onu Fərat çayının yaxınlığında gizlətdim. 6 Uzun müddət sonra Rəbb mənə dedi: «Qalx Fərat çayına tərəf get və sənə gizlətməyi əmr etdiyim qurşağı oradan götür». 7 Mən Fərat çayına tərəf getdim və qurşağı gizlətdiyim yerdən qazıb götürdüm. Gördüm ki, qurşaq çürüyüb və daha heç nəyə yaramır.

8 O zaman mənə Rəbbin bu sözü nazil oldu: 9 «Rəbb belə deyir: “Yəhudanın təkəbbürünü və Yerusəlimin böyük qürurunu beləcə çürüdəcəyəm. 10 Sözlərimə qulaq asmayan, inadkarlıqla ürəklərinin istədiyinə uyan, başqa allahlara qulluq və səcdə edərək onların tərəfdarı olan bu pis xalq heç bir şeyə yaramayan həmin qurşaq kimi olacaq”. 11 Rəbb deyir: “Qurşaq insanın belinə necə yapışırsa, bütün İsrail nəslini və Yəhuda nəslini özümə eləcə yapışdırdım ki, Öz xalqım olub Mənə şöhrət, tərif və izzət gətirsinlər, ancaq onlar qulaq asmadı”.

12 Buna görə onlara bu sözü çatdır ki, İsrailin Allahı Rəbb belə deyir: “Hər tuluq şərabla dolacaq”. Onda sənə deyəcəklər: “Hər tuluğun şərabla dolacağını biz də bilmirikmi?” 13 O zaman onlara söylə ki, Rəbb belə deyir: “Bütün bu ölkədə yaşayanları, Davudun taxtı üzərində oturan padşahları, kahinləri, peyğəmbərləri, bütün Yerusəlimdə yaşayanları sərxoş olana qədər şərabla doyduracağam”. 14 Rəbb bəyan edir: “Mən onları ata və oğulları ilə birlikdə bir-birlərinə çırpacağam. Onlara rəhm etməyəcək, aman verməyəcək, həlak etməyə heyfsilənməyəcəyəm”».

Əsarət barədə xəbərdarlıq
15 Eşidin və qulaq asın,
Qürurlu olmayın,
Çünki Rəbb belə söylədi.
16 O nə qədər ki qaranlıq çökdürməyib,
Zülmət dağlarında ayaqlarınız büdrəməyib,
Allahınız Rəbbi izzətləndirin.
Siz işıq gözləyirsiniz,
Amma Rəbb onu ölüm kölgəsinə çevirər,
Dərin zülmətə döndərər.
17 Ancaq siz ona qulaq asmasanız,
Gözlərim acı-acı yaş tökəcək,
Göz yaşları sel kimi axacaq.
Çünki Rəbbin sürüsünü
Sürgün etdilər.

18 Padşaha və onun anasına söylə:
«Taxtınızdan enin,
Çünki şərəf tacınız başınızdan düşdü».
19 Negev şəhərlərinin darvazaları bağlandı,
Açan yoxdur.
Bütün Yəhuda sürgün edildi,
Hamı sürgün edildi.
20 Başınızı qaldırıb
Şimaldan gələnləri görün.
Sənə verilən sürü,
Sənin gözəl sürün haradadır?
21 Rəbb müttəfiq kimi hazırladığın adamları
Sənə hakim qoyanda nə deyəcəksən?
Məgər doğan qadının çəkdiyi sancı kimi
Səni də ağrı tutmayacaqmı?
22 Əgər ürəyində
«Bütün bunlar nə üçün başıma gəldi» desən,
Bil ki, günahının çoxluğundan
Ətəklərin qaldırıldı və zorlandın.

23 Kuşlu öz dərisini,
Bəbir öz xallarını dəyişdirə bilərmi?
Pislik etməyə alışmış
Siz də yaxşılıq edə bilməzsiniz.
24 «Bundan ötrü səni çöl küləyi ilə
Sovrulan saman çöpü kimi səpələyəcəyəm.
25 Sənə düşən püşk,
Mənim sənə ayırdığım pay budur»
Rəbb belə bəyan edir.
«Çünki Məni unutdun,
Yalana güvəndin.
26 Bundan ötrü Mən də sənin ətəklərini
Üzünə qaldıracağam ki,
Ayıbın görünsün.
27 Çöldəki təpələr üzərində
Gördüyün iyrənc işləri,
Zinakarlığını, şəhvətlə kişnəməyini,
Həyasız əxlaqsızlığını gördüm.
Vay halına, ey Yerusəlim!
Sən nə vaxta qədər
Təmizlənə bilməyəcəksən?»

14 redaktə

Qılınc, aclıq, vəba

1 Bu, quraqlıq haqqında Yeremyaya nazil olan Rəbbin sözüdür.
2 «Yəhuda yas tutur,
Onun şəhər darvazaları qəmli görünür.
Adamlar qara geyinmişlər,
Yerusəlimin fəryadı ucalmışdır.
3 Əyanlar nökərlərini su dalınca göndərir,
Onlar isə quyu yanına gəlib
Su tapmır,
Boş qablarla geri dönürlər,
Utanıb xəcalət çəkərək
Başlarını örtürlər.
4 Ölkədə yağış olmadığı üçün
Torpaq cadar-cadar oldu.
Əkinçilər utanır,
Başlarını örtür.
5 Hətta çöldəki maral da
Balasını doğub tərk edir,
Çünki ot yoxdur.
6 Vəhşi eşşəklər çılpaq təpələrdə durub,
Çaqqal kimi tez-tez nəfəs alır.
Onların gözləri korlaşır,
Çünki otlaq yoxdur».

7 Ya Rəbb, hərçənd təqsirlərimiz
Bizə qarşı şəhadət edir,
Sən Öz adından ötrü səy göstər.
Çünki dəfələrlə dönüklük etmiş,
Sənə qarşı günah etmişik.
8 Ey İsrailin Ümidgahı,
Məşəqqət zamanı Xilaskarı!
Nə üçün Sən bu torpaqda bir qərib,
Gecələmək üçün yoldan ayrılan bir səyyah kimisən?
9 Nə üçün çaşmış adam,
Qurtarmağa gücü çatmayan
İgid kimi olmusan?
Ancaq Sən aramızdasan, ya Rəbb.
Biz Sənə məxsusuq,
Bizi tərk etmə.

10[30] Rəbb bu xalq barədə belə deyir: «Onlar gəzib-dolaşmağı o qədər sevir ki, ayaq saxlamırlar. Buna görə də Rəbb onlardan razı deyil. İndi onların təqsirkarlığını yada salacaq, günahları üçün cəza verəcək».

11 Rəbb mənə dedi: «Sən bu xalqın uğur qazanması üçün dua etmə. 12 Oruc tutsalar da, Mən onların fəryadını eşitməyəcəyəm. Yandırma qurbanı və taxıl təqdimi gətirdikləri zaman onlardan razı olmayacağam. Mən onları qılınc, aclıq və vəba ilə qırıb-çatacağam».

13 Mən dedim: «Ah, Xudavənd Rəbb, peyğəmbərlər onlara belə deyir: “Qılınc görməyəcəksiniz, aclıq olmayacaq. Ancaq Mən bu yerdə sizə həqiqi sülh verəcəyəm”». 14 Rəbb mənə dedi: «Peyğəmbərlər Mənim adımla yalançı peyğəmbərlik edir. Onları Mən göndərməmişəm, onlara əmr edib söz deməmişəm. Sizə peyğəmbərlik etdikləri şeylər yalan bir görüntü, falçılıq, boş bir şey, öz ürəklərinin uydurmasıdır. 15 Buna görə də Rəbb o peyğəmbərlər barədə belə deyir: “Onları göndərmədiyim halda Mənim adımla peyğəmbərlik edən, ‹bu torpaqda qılınc və aclıq olmayacaq› deyən bu peyğəmbərlər özləri qılınc və aclıqdan həlak olacaq. 16 Peyğəmbərlik etdikləri xalq da qılınc və aclıq üzündən Yerusəlim küçələrinə atılacaq. Onların özlərini, arvadlarını, oğullarını və qızlarını basdıran olmayacaq, çünki onların pisliklərini öz başlarına gətirəcəyəm”.

17 Onlara bu sözü söylə:
“Qoy gözlərim gecə-gündüz
Dayanmadan yaş töksün.
Çünki bakirə qıza bənzəyən əziz xalqım
Ağır bir yara aldı,
Şiddətli bir zərbə yedi.
18 Çölə çıxıram,
Qılıncla öldürülənləri görürəm,
Şəhərə girirəm,
Aclıqdan üzülənləri görürəm.
Çünki peyğəmbər də, kahin də
Bixəbər olaraq ölkəni dolaşır”».

19 Məgər Sən Yəhudanı birdəfəlik rədd etmisən?
Məgər Siona nifrət edirsən?
Niyə bizi elə vurdun ki,
Sağaltmaq mümkün olmasın?
Sülh gözlədik, amma xeyir gəlmədi.
Şəfa vaxtını gözlədik,
Ancaq dəhşət gəlir.
20 Ya Rəbb, pisliyimizi,
Atalarımızın təqsirkarlığını bilirik.
Çünki Sənə qarşı günah etdik.
21 Öz adın naminə bizdən imtina etmə,
Öz izzətli taxtını alçaltma.
Bizimlə olan əhdini pozma, yada sal.
22 Millətlərin bütləri arasında
Yağış yağdıra biləni varmı?
Göylər leysan tökə bilərmi?
Bunu edən Sən deyilsənmi, ya Rəbb Allahımız?
Ümidimiz Sənədir.
Çünki bütün bu şeyləri Sən etdin.

15 redaktə

Yəhuda xalqının məhvi

1 [31][32] Rəbb mənə dedi: «Musa ilə Şamuel önümdə dursalar da, yenə ürəyim bu xalqa tərəf yönəlməz. Onları qarşımdan rədd et ki, getsinlər. 2[33] Sənə “Hara gedək?” dedikləri zaman onlara söylə ki, Rəbb belə deyir:

“Vəba üçün ayrılanlar vəbaya,
Qılınc üçün ayrılanlar qılınca,
Aclıq üçün ayrılanlar aclığa,
Sürgün üçün ayrılanlar sürgünə”.

3 Rəbb bəyan edir: “Onların başına dörd növ bəla gətirəcəyəm: öldürmək üçün qılıncı, parçalamaq üçün itləri, yeyib həlak etmək üçün göydəki quşları və yerdəki heyvanları. 4[34] Yəhuda padşahı Xizqiya oğlu Menaşşeyə, onun Yerusəlimdə etdiyi işlərə görə onları yer üzünün bütün ölkələrinin qarşısında dəhşətli hala salacağam”.

5 Ey Yerusəlim, bəs sənə kim acıyacaq?
Sənin üçün kim yas tutacaq?
Halını soruşmaq üçün
Kim yolundan dönüb sənin yanına gələcək?
6 Rəbb bəyan edir: “Sən Məni rədd etdin,
Geri çəkildin.
Mən də əlimi uzadıb səni məhv edirəm.
Daha bağışlamaqdan yoruldum.
7 Onları ölkənin şəhər darvazalarında
Kürəklə sovurdum,
Xalqımı övladsız qoydum,
Onları məhv etdim.
Çünki yollarından dönmədilər.
8 Mənim önümdə onların dul qadınlarının sayı
Dəniz qumundan da çox oldu.
Günorta çağı
Cavanlarının analarını ağlar qoymaq üçün
Məhv edəni gətirdim.
Qəflətən onları qorxu və dəhşətə saldım.
9 Yeddi uşaq doğan qadın zəifləyib can verdi,
Onun günəşi günorta çağı batdı,
Utanıb alçaldı.
Onlardan sağ qalanlarını
Düşmənlərinin önündə
Qılınca təslim edəcəyəm”»
Rəbb belə bəyan edir.

10 Vay mənim halıma!
Ey anam, sən məni bütün ölkə ilə
Mübahisə və dava etmək üçün doğmusan!
Mən heç kəsə sələm vermədim,
Heç kəs də mənə sələm vermədi.
Ancaq hamı məni lənətləyir.

11 Rəbb dedi:
«Bundan sonra mütləq səni
Xeyir üçün xilas edəcəyəm.
Bəla və kədər vaxtı düşmənlərini
Sənə yalvarmağa məcbur edəcəyəm.
12 Dəmiri, şimaldan gələn dəmiri və tuncu
Kim qıra bilər?

13 Sənin sərvətini və xəzinələrini
Qarət malı kimi başqalarına havayı verəcəyəm.
Bunu ölkənin hər tərəfində
Sənin günahlarından ötrü edəcəyəm.
14 Mən səni tanımadığın ölkədə
Düşmənlərinə qul edəcəyəm.
Çünki qəzəbim od tutub
Sizi yandıracaq».

15 Sən bilirsən, ya Rəbb!
Məni yada sal və qayğıma qal.
Məni təqib edənlərdən qisasımı al,
Səbirli olduğuna görə məni həlak etmə.
Bil ki, Sənin üçün rüsvay oldum.
16 Sözlərini tapıb yedim,
Sözlərin mənə sevinc və ürəyimə şadlıq gətirdi.
Çünki Sənə məxsusam,
Ey Ordular Allahı Rəbb!
17 Kef çəkənlərin məclisində oturaraq
Sevinib coşmadım,
Əlin üzərimdə olduğuna görə
Tək-tənha oturdum.
Çünki məni qəzəblə doldurmuşdun.
18 Nə üçün ağrım kəsilməz,
Yaram çarəsizdir,
Şəfasına ümid yoxdur?
Məgər mənim üçün suyu qurumuş,
Etibarsız bir vadi olacaqsan?

19 Buna görə Rəbb belə deyir:
«Əgər sən tövbə etsən,
Səni yenə qəbul edib xidmətimə təyin edərəm.
Əgər cəfəngiyat danışmaq əvəzinə
Qiymətli sözlər söyləsən,
O zaman Mənim dilimlə danışacaqsan.
Onlar özləri sənə tərəf dönəcək,
Amma sən onlara tərəf qayıtmayacaqsan.
20 Səni bu xalq üçün
Möhkəm tunc bir divar edəcəyəm.
Sənə qarşı döyüşəcəklər,
Ancaq qalib gələ bilməyəcəklər.
Çünki Mən səninlə olacağam ki,
Səni qurtarıb azad edim»
Rəbb belə bəyan edir.
21 «Səni pis adamların əlindən azad edəcəyəm,
Zülmkarların pəncəsindən satın alacağam».

16 redaktə

Fəlakət dövrü

1 Mənə Rəbbin bu sözü nazil oldu: 2 «Özünə arvad alma, qoy bu yerdə oğulların və qızların olmasın. 3 Çünki bu yerdə doğulan oğullar və qızlar, onları doğan analar və onları törədən atalar üçün Rəbb belə deyir: 4 “Onlar ölümcül xəstəliklərdən öləcək. Onlar üçün yas tutulmayacaq, basdırılmayacaqlar, torpağın üstündə peyin kimi olacaqlar. Qılınc və aclıqla qırılıb-qurtaracaqlar. Cəsədləri də göydəki quşlara və yerdəki heyvanlara yem olacaq”. 5 Çünki Rəbb belə deyir: “Yas evinə girmə, ağlamaq üçün getmə, başsağlığı vermə, çünki bu xalqın arasından Öz sülhümü, məhəbbətimi və mərhəmətimi götürdüm” Rəbb belə bəyan edir. 6 “Bu ölkədə böyüklər də, kiçiklər də öləcək, qəbirə qoyulmayacaq, adamlar onlar üçün yas tutmayacaq, özlərini yaralayıb saçlarını qırxmayacaq. 7 Ölüdən ötrü yas tutana təsəlli vermək üçün kimsə onunla çörək kəsməyəcək, ata-anaları üçün onlara təsəlli kasasını içirməyəcək. 8 Sən onlarla oturaraq yeyib-içmək üçün ziyafət məclislərinə də girmə”. 9[35] Çünki İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Bax bu yerdə sizin günlərinizdə gözlərinizin önündə sevinc və şadlıq sədasını, bəy-gəlin səsini yox edəcəyəm”. 10 Bütün bu sözləri xalqa bildirəndə onlar sənə belə deyəcək: “Nə üçün Rəbb başımıza bu qədər böyük bəla gətirəcəyini söylədi? Təqsirimiz nədir? Allahımız Rəbbə qarşı nə günah etmişik?” 11 Sən onlara söylə ki: “Sizin atalarınız Məni tərk etdi” Rəbb belə bəyan edir. “Başqa allahların tərəfdarı oldular, onlara qulluq və səcdə etdilər, Məni tərk edib qanunuma əməl etmədilər. 12 Siz atalarınızdan da artıq pislik etdiniz, özünüz də Mənə qulaq asmayaraq qara ürəklərinizin inadı ilə hərəkət etdiniz. 13 Buna görə də sizi bu ölkədən atalarınızın və özünüzün tanımadığı bir ölkəyə atacağam. Orada gecə-gündüz başqa allahlara qulluq edəcəksiniz, çünki sizə mərhəmət etməyəcəyəm”».

14 Buna görə də Rəbb bəyan edir: «Bir gün gələcək ki, insanlar artıq “İsrail övladlarını Misir torpağından çıxaran Rəbbin varlığına and olsun” deməyəcəklər, 15 amma “İsrail övladlarını şimal ölkəsindən və qovduğu başqa ölkələrdən çıxaran Rəbbin varlığına and olsun” deyəcəklər. Çünki onları atalarına verdiyim torpağa qaytaracağam».

16 Rəbb bəyan edir: «Mən çoxlu balıqçı göndərəcəyəm, onları tutacaqlar. Ondan sonra Mən çoxlu ovçu göndərəcəyəm, hər dağ və təpə üzərindən, qaya oyuqlarından onları ovlayacaqlar. 17 Çünki Mənim nəzərim onların bütün yollarını izləyir. Onlar Məndən gizlənə bilməz, təqsirləri də Mənim nəzərimdən qaça bilməz. 18 İlk növbədə onların təqsirlərinin və günahlarının əvəzini alacağam. Çünki iyrənc bütlərinin qurbanları ilə ölkəmi murdarladılar, mülkümü murdar bütlərlə doldurdular».

19 Ya Rəbb, qüvvətim və qalam,
Sıxıntı günündə sığınacağım!
Millətlər yer üzünün qurtaracağınadək hər yerdən
Sənin yanına gəlib deyəcək:
«Atalarımız saxta və puç bütlərə –
Heç bir fayda görmədikləri şeylərə varis oldu.
20 Adam da özünə bütlər düzəldər?
Axı onlar allah deyil.

21 Buna görə də onlara göstərəcəyəm,
Əlimi və qüdrətimi nümayiş etdirəcəyəm.
Onda biləcəklər ki, adım Rəbdir.

17 redaktə

Yəhudanın günahı və cəzası

 
1 Yəhudanın günahı dəmir qələmlə yazıldı,
Ürəklərinin lövhələri və qurbangahlarının buynuzları üzərinə
Almaz uclu alətlə həkk edildi.
2 Onlar kölgəli ağacların yanında,
Yüksək təpələrdə, çöldəki dağlarda
Qurbangahlarına və Aşera bütlərinə
Öz uşaqlarına göstərdikləri qədər maraq göstərir.
3 Sənin mal-dövlətini,
Bütün xəzinələrini, səcdəgahlarını
Ölkənin hər tərəfində işlənən günahlardan ötrü
Qarətə təslim edəcəyəm.
4 Sənə verdiyim irsi
Öz qəbahətinlə yox edəcəksən.
Tanımadığın ölkədə səni
Düşmənlərinə qul edəcəyəm.
Çünki siz Mənim qəzəbimdən
Od alışdırdınız,
O əbədi yanacaq».

5 Rəbb belə deyir:
«O adam lənətlidir ki,
İnsana güvənir,
Bəşərin gücünə arxalanır,
Ürəyi Rəbdən ayrılır.
6 O, çöldəki yulğun ağacı kimi olacaq,
Xeyir gələndə onu görməyəcək.
Səhrada olan quraq yerlərdə
Heç kəs yaşamayan şoranlıqda sakin olacaq.
7 Nə xoşbəxtdir o adam ki
Rəbbə güvənir,
Rəbbi özünə arxa sayır.
8[36] O, sular kənarında
Əkilmiş ağac kimi olacaq.
Elə ağac ki çay kənarında kök salar,
İsti gələndə qorxmaz,
Yarpağı həmişə yaşıl qalar,
Quraqlıq olan il qayğı çəkməz,
Bəhər verməkdən qalmaz».

9 İnsan ürəyi hər şeydən hiyləgərdir,
Çarəsi yoxdur.
Onu kim başa düşə bilər?
10[37][38] «Mən Rəbb ürəyi yoxlayıram,
İnsanın fikrini sınayıram ki,
Hər kəsə əməllərinə görə,
İşlərinin bəhrəsinə görə əvəz verim».

11 Haqsızlıqla var-dövlət toplayan adam
Özünün yumurtlamadığı yumurtaların üstünə
Oturan kəklik kimidir.
Ömrünün ortasında var-dövləti əldən gedəcək,
Axırda o adam axmaq çıxacaq.

12 Müqəddəs məkanımızdakı yer
Əvvəlcədən ucaldılmış izzət taxtıdır.
13 Ya Rəbb, İsrailin Ümidgahı,
Səni tərk edənlərin hamısı utanacaq.
Rəbb deyir:
«Məndən üz döndərənlərin adı
Toz-torpağa yazılacaq,
Çünki Rəbbi – axar sular mənbəyini tərk etdilər».

14 Ya Rəbb, mənə şəfa versən,
Mən sağalaram.
Məni xilas etsən,
Mən xilas olaram.
Çünki həmd etdiyim Sənsən.
15 Bax onlar mənə
«Rəbbin sözü hanı?
Qoy yerinə yetsin!» deyir.
16 Mən Sənin xidmətində
Çoban olmaqdan boyun qaçırmadım.
Bəla gününün gəlməsini istəmədim.
Sən bilirsən ki,
Ağzımdan nə çıxdısa,
Sənin gözünün önündədir.
17 Məni dəhşətə salma,
Fəlakət günündə sığınacağım Sənsən.
18 Qoy məni təqib edənlər utansın,
Mənsə utanmayım.
Qoy onlar qorxuya düşsün,
Mən isə qorxmayım.
Qara günü onların başına gətir,
Tamamilə qırılana qədər onları qır.
Şənbə gününə əməl edilməsi

19 Rəbb mənə belə dedi: «Get Yəhuda padşahlarının girib-çıxdıqları Xalq darvazasında və Yerusəlimin bütün darvazalarında dayanıb 20 onlara söylə ki, ey Yəhuda padşahları, Yəhuda və Yerusəlimin bütün əhalisi, bu darvazalardan girənlər, Rəbbin sözünə qulaq asın. 21[39] Rəbb belə deyir: “Öz canınızı qorumaq üçün Şənbə günü yük daşımayın, Yerusəlim darvazalarından içəri gətirməyin. 22[40] Şənbə günü evlərinizdən yük çıxarmayın, heç bir iş görməyin. Atalarınıza əmr etdiyim kimi Şənbə gününü təqdis edin. 23 Ancaq onlar eşitmədi, qulaq asmadı. İnadkarlıq edərək Məni eşitmədilər və nəsihət almaq istəmədilər”.

24 Rəbb bəyan edir: “Əgər siz Şənbə günü bu şəhərin darvazalarından yük daşımamaq, Şənbə gününü təqdis etmək və bu gün heç bir işlə məşğul olmamaqla Mənə, həqiqətən, itaət etsəniz, 25 o zaman Davudun taxtında oturan padşahlar və başçılar döyüş arabalarına və atlara minib Yəhuda adamları, Yerusəlimdə yaşayanlarla birgə bu şəhərin darvazalarından girəcək. Bu şəhər əbədi olaraq məskunlaşmış qalacaq. 26 Yəhuda şəhərlərindən, Yerusəlimin ətrafından, Binyamin torpağından, yamaclı-düzənlikli bölgədən, dağlıq bölgədən və Negevdən adamlar gəlib Rəbbin məbədinə yandırma qurbanları, başqa qurbanlar, taxıl təqdimləri, kündür və şükür təqdimləri gətirəcək. 27 Əgər siz Şənbə günü yük daşıyıb Yerusəlim darvazalarından girərək Şənbə gününü təqdis etməməklə Mənim sözümə qulaq asmasanız, onda Mən şəhərin darvazalarına od vuracağam, alov Yerusəlimin saraylarını yandırıb-yaxacaq və heç vaxt sönməyəcək”».

18 redaktə

Yeremya dulusçunun evində

1 Rəbdən Yeremyaya bu söz nazil oldu: 2 «Qalx dulusçunun evinə en, orada sözlərimi sənə bildirəcəyəm». 3 Mən dulusçunun evinə endim. Gördüm ki, o, çarx üzərində işləyir. 4 Palçıqdan düzəltdiyi qab əlində xarab olanda dulusçu özünün istədiyi kimi palçıqdan başqa bir qab düzəldirdi. 5 Mənə yenə Rəbbin sözü nazil oldu: 6 «Ey İsrail nəsli, Mən də sizinlə bu dulusçunun etdiyi kimi rəftar edə bilmərəmmi?» Rəbb belə bəyan edir. «Bilin ki, palçıq dulusçunun əlində necədirsə, siz də Mənim əlimdə o cürsünüz, ey İsrail nəsli. 7 Bir vaxt Mən bir milləti yaxud ölkəni kökündən dağıdacağımı, yıxıb məhv edəcəyimi söyləyəndə 8 əgər Mənim xəbərdarlıq etdiyim bu millət öz pis əməlindən dönərsə, ona göndərmək istədiyim bəladan vaz keçəcəyəm. 9 Başqa vaxt bir milləti yaxud da ölkəni qurub-tikəcəyimi söyləyəndə 10 əgər bu millət sözümə qulaq asmayıb pis əməl edərsə, ona vəd verdiyim yaxşılıqdan vaz keçəcəyəm. 11 İndi Yəhuda adamlarına, Yerusəlimdə yaşayanlara söylə ki, Rəbb belə deyir: “Mən sizə bir bəla hazırlayıram, sizə bir qəsd qururam. İndi hər biriniz öz pis yolunuzdan dönüb yaşayışınızı və əməllərinizi islah edin”.

12 Ancaq onlar deyir: “Boş sözdür, biz öz niyyətlərimizin dalınca gedəcəyik, hər birimiz öz qara ürəyimizin inadına görə rəftar edəcəyik”».

13 Buna görə Rəbb belə deyir:

«İndi millətlər arasında soruşun ki,
Kim belə sözlər eşitmişdir?
Bakirə qıza bənzəyən İsrail
Dəhşətli bir iş etdi.
14 Livanın qarı qayalı dağ yamaclarından
Heç əskik olarmı?
Uzaqdan axan soyuq sular quruyarmı?
15 Amma xalqım Məni unutdu,
Saxta allahlara buxur yandırdı.
Bu allahlar onların gedəcəyi yollarda,
Qədim yollarda büdrəmələrinə səbəb oldu,
Onları hamar olmayan
Dolanbac yollarda gəzdirdilər.
16 Ölkələri viran ediləcək,
Əbədi kinayə hədəfinə çevriləcək.
Onda oradan ötən hər kəs
Heyrətə gəlib başını bulayacaq.
17 Onları səmum küləyi kimi
Düşmən önündə pərən-pərən salacağam.
Onlara fəlakət günündə
Üzümü deyil, arxamı göstərəcəyəm».

18 O zaman onlar dedi: «Gəlin Yeremyaya qəsd quraq. Çünki qanunu öyrədəcək kahin, nəsihət verəcək müdrik adam, söz deyəcək peyğəmbər heç vaxt əskik olmayacaq. Gəlin ona dilimizlə hücum edək, sözlərinə qulaq asmayaq».

19 Ya Rəbb, mənə yaxşı qulaq as,
Mənimlə çəkişənlərin sözünü eşit.
20 Yaxşılığın əvəzində pislik edilərmi?
Onlar canımı almaq üçün quyu qazır.
Unutma, mən önündə ona görə dayanmışam ki,
Onlar üçün yaxşı şey istəyim,
Onlardan qəzəbini döndərim.
21 Buna görə də onların övladlarını
Aclığa ver, qılınc ağzına təslim et.
Qadınları uşaqsız və dul qalsın,
Ərlərini ölüm aparsın.
Cavanlarını müharibədə qılınc öldürsün.
22 Sən onların üzərinə
Qəflətən qarətçilər göndərəndə
Qoy evlərindən fəryad eşidilsin.
Çünki məni tutmaq üçün quyu qazdılar,
Ayağımın altında gizlincə tələ qurdular.
23 Ancaq, ya Rəbb, məni öldürmək üçün
Qurduqları bütün qəsdləri Sən bilirsən.
Təqsirlərini bağışlama,
Günahlarını önündən silmə.
Sənin önündə yıxılsınlar,
Qəzəbin vaxtı onlara qarşı hərəkət et.

19 redaktə

Sınmış kuzə ilə müqayisə

1 Rəbb belə dedi: «Get, dulusçunun düzəltdiyi bir gil kuzə al. Sonra isə xalqın və kahinlərin ağsaqqallarından bir neçəsini götür, 2[41] Xarsit[42] darvazasının girişində olan Ben-Hinnom dərəsinə get. Sənə deyəcəyim sözləri orada elan edib söylə ki, 3 ey Yəhuda padşahları, Yerusəlimdə yaşayanlar, Rəbbin sözünü eşidin, İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Bax Mən bu yerin üzərinə elə bir bəla gətirəcəyəm ki, hər eşidənin qulağı cingildəyəcək. 4 Çünki onlar Məndən üz döndərdi, buranı yad bir ölkəyə çevirdi. Orada özlərinin, atalarının və Yəhuda padşahlarının tanımadıqları başqa allahlara buxur yandırdılar və bu yeri günahsız qanla doldurdular. 5[43] Öz uşaqlarını odda Baal bütlərinə yandırma qurbanı vermək üçün Baal səcdəgahlarını qurdular. Mən belə bir şeyi nə buyurdum, nə söylədim, nə də ağlıma gətirdim”». 6 Rəbb bəyan edir: «Buna görə də bir gün gələcək ki, daha bu yerə Tofet yaxud Ben-Hinnom dərəsi deyil, Qırğın dərəsi deyiləcək. 7 Bu yerdə Yəhuda ilə Yerusəlimin niyyətlərini boşa çıxaracağam.[44] Onları düşmənlərinin önündə canlarını almaq istəyənlərin əli ilə qılıncla həlak edəcəyəm. Cəsədlərini göydəki quşlara və yerdəki heyvanlara yem olaraq verəcəyəm. 8 Bu şəhəri viran edəcəyəm, rişxənd hədəfinə çevirəcəyəm. Oradan keçən hər kəs onun başına gələn bəlaları görüb heyrət içində fit çalacaq. 9 Oğullarının və qızlarının ətini özlərinə yedirdəcəyəm. Canlarını almaq istəyən düşmənləri onları mühasirəyə alanda çəkdikləri sıxıntıdan ötrü bir-birlərinin ətini yeyəcəklər».

10 Sonra səninlə gedən adamların gözü önündə kuzəni sındırıb 11 onlara söylə ki, Ordular Rəbbi belə deyir: «Necə ki dulusçunun əlində qab sınanda bir də düzəlmir, Mən də bu xalqı və şəhəri beləcə məhv edəcəyəm. Basdırmağa yer qalmadığı üçün ölüləri Tofetdə də basdıracaqlar. 12 Bu yer və sakinləri ilə belə rəftar edəcəyəm, bu şəhəri Tofet kimi edəcəyəm» Rəbb belə bəyan edir. 13 «Yerusəlimin evləri və Yəhuda padşahlarının sarayları Tofetin ərazisi kimi murdar olacaq, çünki bütün evlərin damları üzərində səma cisimlərinə buxur yandırdılar, yad allahlara içmə təqdimləri gətirdilər». 14 Peyğəmbərlik etmək üçün Rəbbin Tofetə göndərdiyi Yeremya oradan qayıtdı. O, Rəbbin məbədinin həyətində dayanıb bütün xalqa dedi: 15 «İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Mən bu şəhər barədə söylədiyim bütün fəlakətləri onun və ətrafında olan kəndlərin üzərinə gətirəcəyəm, çünki inadkarlıq edərək sözlərimə qulaq asmırlar”».

20 redaktə

Yeremyanın Paşxurla mübahisəsi

1 Rəbbin məbədində baş nəzarətçi olan kahin İmmer oğlu Paşxur Yeremyanın bu sözlərlə peyğəmbərlik etdiyini eşitdi. 2 Paşxur Yeremya peyğəmbəri döydü və Rəbbin məbədinin yanındakı Yuxarı Binyamin darvazasında olan kündəyə[45] saldı. 3 Ertəsi gün Paşxur Yeremyanı kündədən çıxartdı. Yeremya ona dedi: «Rəbb sənin adını Paşxur deyil, Maqor-Missaviv[46] qoydu. 4 Çünki Rəbb belə deyir: “Bax Mən səni özün və bütün səni sevənlər üçün dəhşətə çevirəcəyəm. Onlar öz düşmənlərinin qılıncı ilə həlak olacaq və sənin gözlərin bunu görəcək. Bütün Yəhudanı Babil padşahına təslim edəcəyəm. O, xalqı Babilə sürgün edəcək və qılıncla həlak edəcək. 5 Bu şəhərin bütün var-dövlətini, qazancını, qiymətli şeylərini və Yəhuda padşahlarının bütün xəzinələrini düşmənlərə təslim edəcəyəm. Onları qarət edəcəklər, götürüb Babilə aparacaqlar. 6 Sən Paşxur və evində yaşayanların hamısı Babilə sürgün olunacaqsınız. Sən və yalandan peyğəmbərlik etdiyin bütün dostların orada öləcəksiniz, orada da basdırılacaqsınız”».

Yeremyanın şikayəti

7 Ya Rəbb, Sən məni məcbur etdin,
Mən də məcbur oldum.
Sən məndən güclüsən,
Sən mənə üstün gəldin.
Bütün gün mənə gülürlər,
Hər kəs mənimlə əylənir.
8 Çünki mən danışmağa başlayan kimi
Fəryad edib
«Zorakılıq və talan!» deyə qışqırıram.
Rəbbin sözündən ötrü
Mən bütün gün rüsvay oldum,
Təhqir edildim.
9 Mən fikirləşdim:
«Daha Onu yada salmayacağam,
Onun adı ilə danışmayacağam».
Onda Onun sözü sümüklərimdə həbs edilən,
Ürəyimdə yanan bir od oldu.
Onu içimdə saxlamaqdan yoruldum,
Artıq bunu edə bilmirəm.
10[47] Çünki çoxlarının
«Hər tərəfdə dəhşət!
Onu mühakimə edin,
Biz də onu mühakimə edək!»
Deyə pıçıldaşdığını eşitdim.
Bütün güvəndiyim adamlar
Büdrəməyimi gözləyərək
«Bəlkə aldanar, onda onu məğlub edərik,
Ondan qisasımızı alarıq» dedilər.
11 Ancaq Rəbb igid bir döyüşçü kimi mənimlədir.
Buna görə də məni təqib edənlər büdrəyəcək,
Qalib gələ bilməyəcək.
Uğur qazana bilmədikləri üçün
Böyük xəcalət çəkəcəklər.
Rüsvayçılıq əbədi olacaq,
Heç vaxt unudulmayacaq.

12 Ancaq, ey Ordular Rəbbi,
Sən salehi sınağa çəkirsən,
Fikri və ürəyi görürsən.
Qoy gözüm Sənin onlardan alacağın
Qisası görsün!
Çünki işimi Sənə tapşırdım.

13 Rəbbi tərənnüm edin,
Rəbbə həmd edin!
Çünki fəqiri
Zalımların əlindən qurtardı.

14[48] Doğulduğum gün lənətə gəlsin!
Anamın məni doğduğu günə
Bir daş düşsün!
15 Atamı çox sevindirərək
«Bir oğlan uşağın oldu!»
Deyə müjdə verən adam
Lənətə gəlsin.
16 Qoy o adam Rəbbin
Yazığı gəlməyib dağıtdığı
Şəhərlər kimi olsun!
Səhər fəryad,
Günorta nalə eşitsin.
17 Çünki bətndə ikən məni öldürmədi.
Onda anamın qarnı qəbrim olardı,
Bətni daim hamilə qalardı.
18 Nə üçün ana bətnindən çıxdım?
Əzab-əziyyət görmək,
Ömrümü rüsvayçılıqla keçirmək üçünmü?

21 redaktə

Allahın Sidqiyanın sözünü rədd etməsi

1 Padşah Sidqiya Malkiya oğlu Paşxuru və Maaseya oğlu Sefanyanı Yeremyanın yanına göndərəndə Rəbdən Yeremyaya söz nazil oldu. Paşxur ilə Sefanya belə demişdi: 2[49] «Gəl bizim barəmizdə Rəbdən soruş. Çünki Babil padşahı Navuxodonosor bizə qarşı müharibə edir. Bəlkə Rəbb keçmişdə etdiyi möcüzələrə bənzər bir şey edər və Navuxodonosor bizdən əl çəkər?» 3 O zaman Yeremya onlara dedi: «Sidqiyaya söyləyin ki, 4 İsrailin Allahı Rəbb belə deyir: “Divarların o tərəfində sizi mühasirəyə alan Babil padşahı və Xaldeylilərlə müharibədə istifadə etdiyiniz silahları özünüzə qarşı çevirəcəyəm. Silahlarınızı bu şəhərin ortasına toplayacağam. 5 Mən sizə qarşı əl qaldıracağam, güclü qolumla, qızğınlıq, qəzəb və böyük hiddətlə sizinlə vuruşacağam. 6 Bu şəhərdə yaşayan insanı da, heyvanı da məhv edəcəyəm. Onlar şiddətli vəbadan öləcək”. 7 Rəbb belə bəyan edir: “Bundan sonra Yəhuda padşahı Sidqiyanı və əyanlarını, həmçinin bu şəhərdə vəbadan, qılıncdan və aclıqdan sağ qalanları Babil padşahı Navuxodonosora və canlarını almaq istəyən düşmənlərinə təslim edəcəyəm. O onları qılıncdan keçirəcək, onlara nə rəhm, nə şəfqət, nə də mərhəmət edəcək”. 8 Bu xalqa söylə ki, Rəbb belə deyir: “Budur, həyat yolunu və ölüm yolunu önünüzə qoyuram. 9 Bu şəhərdə qalan qılınc, aclıq və vəbadan öləcək. Lakin kim bayıra çıxıb sizi mühasirəyə alan Xaldeylilərə təslim olsa, sağ qalacaq, heç olmasa öz canını qurtaracaq. 10 Ona görə ki bu şəhərə yaxşılıq deyil, pislik etməyə niyyət etdim” Rəbb belə bəyan edir. “Bura Babil padşahına təslim ediləcək, o da buranı yandırıb yox edəcək”. Zalım padşahları məzəmmət

11 Yəhuda padşahının ailəsinə söylə ki,
Rəbbin sözünü eşidin.
12 Ey Davud nəsli, Rəbb belə deyir:
“Hər səhər ədalətlə rəftar edin,
Məzlumu zalımın əlindən qurtarın.
Yoxsa pis əməllərinizə görə
Qəzəbim od kimi çıxıb yandıracaq,
Onu söndürən olmayacaq”.
13 Rəbb bəyan edir:
“Mən sənə qarşıyam,
Ey vadinin üstündəki
Yaylada olan qayada oturan Yerusəlim!”
Siz deyirsiniz:
“Üstümüzə kim gələr?
Məskənlərimizə kim girər?”
14 Rəbb bəyan edir:
“Mən sizi əməllərinizin
Bəhrəsinə görə cəzalandıracağam.
Meşələrinə elə od vuracağam ki,
Ətrafındakı hər şeyi yandırıb-yaxacaq”».

22 redaktə

Allahın padşah sülaləsinə müraciəti

1 Rəbb belə dedi: «Yəhuda padşahının sarayına get, orada bu sözü bildirib söylə ki, 2 ey Davudun taxtı üzərində oturan Yəhuda padşahı, ey bu darvazalardan girən əyanlarla xalq, Rəbbin sözünü eşidin. 3 Rəbb belə deyir: “Ədalət və salehliklə rəftar edin. Məzlumu zalımın əlindən qurtarın. Qəribə, yetimə və dul qadına haqsızlıq etməyin, zorakılıq etməyin, bu yerdə günahsız qan tökməyin. 4 Əgər siz bu əmrə, həqiqətən, əməl etsəniz, o zaman Davudun taxtında oturan padşahlar döyüş arabalarına və atlara minib əyanları və xalqları ilə birgə bu sarayın darvazalarından girəcək. 5 Lakin bu sözləri eşitməsəniz, Öz varlığıma and içirəm ki, bu ev viran qalacaq” Rəbb belə bəyan edir. 6 Bəli, Yəhuda padşahının sarayı barədə Rəbb belə deyir:

“Sən Mənim üçün Gilead,
Livanın zirvəsi kimisən.
Ancaq Mən hökmən səni bir çölə,
Kimsənin yaşamadığı şəhərlərə çevirəcəyəm.
7 Sənə qarşı həlak edənlər təyin edəcəyəm,
Hamısının əlində silah olacaq.
Sənin ən yaxşı sidr ağaclarını kəsəcəklər,
Onları oda atacaqlar.

8[50] Bir çox millətlər bu şəhərin yanından keçib bir-birlərindən soruşacaq: ‹Bu böyük şəhəri Rəbb niyə belə xaraba qoydu?› 9 Onda deyəcəklər: ‹Çünki özlərinin Allahı Rəbbin əhdini tərk etdilər, başqa allahlara səcdə və qulluq etdilər›”».

Padşah Şallum barədə vəhy

10 Ölən padşah üçün ağlamayın,
Yas tutmayın.
Ancaq sürgünə gedən üçün acı-acı ağlayın,
Çünki daha qayıtmayacaq,
Doğma vətənini görməyəcək.

11 Bəli, atası Yoşiyanın yerinə Yəhuda padşahı olan və buradan çıxıb gedən Yoşiya oğlu Şallum barədə Rəbb deyir: «O daha bura qayıtmayacaq, 12 sürgün olunduğu yerdə öləcək və artıq bu ölkəni görməyəcək. Padşah Yehoyaqim barədə vəhy

13 Vay o adamın halına ki,
Sarayını haqsızlıqla,
Yuxarı otaqlarını ədalətsizliklə tikir,
Öz soydaşını müftə işlədir,
Ona muzdunu vermir.
14 Vay o adamın halına ki,
“Özümə geniş yuxarı otaqları olan
Böyük bir saray tikdirəcəyəm” deyib
Oraya pəncərələr açır,
Ətrafını sidr ağacı ilə örtür.
Qırmızı rənglə boyayır.
15 Çoxlu sidr ağacın olduğu üçünmü
Özünü padşah sanırsan?
Atan da doyunca yeyib-içirdi,
Ədalət və salehliklə rəftar edirdi.
Ona görə də işləri uğurlu oldu.
16 Məhkəmədə məzlum, yoxsul adamın işinə baxırdı,
Ona görə də işləri uğurlu oldu».
Rəbb bəyan edir: «Məni tanımaq
Elə bu deyilmi?
17 Ancaq sənin gözlərin və ürəyin
Öz haram qazancında,
Tökmək istədiyin günahsız qanda,
Etmək istədiyin qəddarlıqda,
Zorakılıqda qalıb».

18[51] Buna görə də Yəhuda padşahı Yoşiya oğlu Yehoyaqim barədə Rəbb belə deyir:

«Onun üçün “vay qardaşım, vay bacım” söyləyib yas tutmayacaqlar,
“Vay ağam, heyf onun izzəti” söyləyib yas tutmayacaqlar.
19 Onu sürüyüb Yerusəlim darvazalarından kənara atacaqlar,
Eşşək basdırılan kimi basdırılacaq».

Yerusəlim barədə vəhy

20 «Livana qalxıb fəryad et,
Başanda səsini ucalt,
Avarimdən nalə çək,
Çünki bütün müttəfiqlərin əzildi.
21 Hər şeyin əmin-amanlıqda olanda
Sənə nəsihət etdim,
Ancaq “qulaq asmayacağam” dedin.
Uşaqlığından xasiyyətin belədir,
Sözümə qulaq asan deyilsən.
22 Külək bütün başçılarını alıb-aparacaq,
Müttəfiqlərin sürgünə gedəcək.
O zaman etdiyin bütün pisliklərdən ötrü
Utanıb rüsvay olacaqsan.
23 Ey sən “Livanda” [52] yaşayan,
Yuvasını sidr ağacından quran!
Sənə hamilə qadın kimi
Ağrılar, sancılar gələndə
Necə ah-zar edəcəksən!»

Padşah Yehoyakin barədə vəhy 24[53] Rəbb bəyan edir: «Varlığıma and olsun ki, ey Yəhuda padşahı Yehoyaqim oğlu Yehoyakin, sağ əlimdəki möhür üzüyü olsan da, səni çıxarıb atardım. 25 Canını almaq istəyənlərə, qorxduğun adamlara, Babil padşahı Navuxodonosora və Xaldeylilərə səni təslim edəcəyəm. 26 Özünü, səni doğan ananı doğulmadığınız yad bir ölkəyə atacağam və orada öləcəksiniz. 27 Qayıtmağa can atdığınız ölkəyə bir daha qayıtmayacaqsınız».

28 Bu adam – Yehoyakin xor baxılan qırıq bir kasa, heç kəsin bəyənmədiyi bir qabdırmı? Bəs nə üçün özü də, övladları da aparılıb tanımadıqları bir ölkəyə atıldı? 29 Ölkə, ey ölkə, Rəbbin sözünü eşit, ey ölkə! 30 Rəbb deyir: «Bu adamı övladsız, ömründə işləri uğurlu olmayan bir kişi hesab edin. Çünki nəslindən heç kim uğur qazanmayacaq. Nəslindən heç kim Davudun taxtında oturmayacaq, Yəhudada bir daha padşahlıq etməyəcək».

23 redaktə

Saleh padşah

1 Rəbb bəyan edir: «Otlağımın qoyunlarını məhv edən və pərən-pərən salan çobanların vay halına!» 2 Buna görə də İsrailin Allahı Rəbb xalqımı otaran çobanların əleyhinə belə deyir: «Siz Mənim sürümü pərən-pərən salıb qovdunuz, onların qayğısına qalmadınız. İndi Mən də etdiyiniz bəd əməllərə görə cəzanızın qayğısına qalacağam» Rəbb belə bəyan edir. 3 «Sürümün qalanlarını sürgün etdiyim bütün ölkələrdən yığıb-toplayacağam, onları yenə ağıllarına qaytaracağam və törəyib çoxalacaqlar. 4 Üstlərinə onları otaracaq çobanlar qoyacağam. Daha qorxub dəhşətə düşməyəcəklər, biri də itməyəcək» Rəbb belə bəyan edir.

5[54] «Budur, Davud üçün saleh bir Pöhrə
Çıxaracağım günlər gəlir.
Bu Padşah müdrikliklə padşahlıq edəcək,
Ölkədə ədalətli və saleh işlər görəcək»
Rəbb belə bəyan edir.
6 «Onun dövründə Yəhuda xilas olacaq,
İsrail əmin-amanlıqda yaşayacaq.
Onu “Rəbb salehliyimizdir” çağıracaqlar».

7 Buna görə də Rəbb bəyan edir: «Bir gün gələcək ki, insanlar artıq “İsrail övladlarını Misir torpağından çıxaran Rəbbin varlığına and olsun” deməyəcək, 8 amma “İsrail nəslindən törəyənləri şimal ölkəsindən və sürgün etdiyi bütün başqa ölkələrdən geri qaytaran Rəbbin varlığına and olsun” deyəcək. Beləcə öz torpaqlarında yaşayacaqlar». Yəhudanın yalançı peyğəmbərləri

9 Peyğəmbərlər haqqında:
Ürəyim içimdə parçalandı,
Bütün sümüklərim titrədi.
Rəbbə görə,
Onun müqəddəs sözlərinə görə
Bir sərxoş kimi,
Şəraba aludə olan adam kimiyəm.
10 Çünki ölkə zinakarlarla doludur,
Lənətə görə yas tutur.
Çöldəki otlaqlar quruyub,
Adamlar pis yola düşüb.
Güclərini zorakılığa sərf edirlər.
11 Rəbb bəyan edir:
«Peyğəmbər də, kahin də allahsızdır,
Məbədimdə pisliklərini gördüm.
12 Buna görə getdikləri yol
Qaranlıqda sürüşkən yer kimi olacaq,
Orada qovulub yıxılacaqlar.
Çünki cəzalanacaqları il
Başlarına fəlakət gətirəcəyəm»
Rəbb belə bəyan edir.
13 «Samariya peyğəmbərləri arasında
Bu iyrənc işi gördüm:
Baalın adı ilə peyğəmbərlik edərək
Xalqım İsraili yoldan azdırdılar.
14[55] Yerusəlim peyğəmbərləri arasında
Bu qorxunc işi gördüm:
Zina edirlər,
Yalan dalınca gedirlər.
Zorakıların qoluna güc verirlər.
Beləcə heç kəs pisliyindən dönmür.
Hamısı Mənim üçün Sodom kimi,
Şəhər xalqı Homorra kimi oldu».

15 Buna görə də Ordular Rəbbi
Peyğəmbərlər haqqında belə deyir:
«Baxın Mən onlara yovşan yedirəcəyəm,
Zəhərli su içirəcəyəm.
Çünki allahsızlıq Yerusəlim peyğəmbərlərindən
Bütün ölkəyə yayıldı».
16 Ordular Rəbbi belə deyir:
«Sizin üçün peyğəmbərlik edən
Peyğəmbərlərin sözünə qulaq asmayın.
Onlar sizə boş şeylər öyrədir.
Rəbbin ağzından çıxanları deyil,
Özlərinin uydurduqları görüntüləri söyləyirlər.
17 Onlar Mənə xor baxanlara deyir:
“Rəbb söylədi ki, sizin üçün
Əmin-amanlıq olacaq”.
İnadkarlıqla ürəklərinin istədiyinə uyanlara deyirlər:
“Üstünüzə fəlakət gəlməyəcək”.
18 Rəbbin sözünü anlayıb eşitmək üçün
Rəbbin məclisində kimsə durubmu?
Onun sözünə qulaq asıb eşidən varmı?
19 Budur, Rəbbin fırtınası qəzəblə qopacaq,
Qasırğa fırlanıb
Pis adamların başında çatlayacaq.
20 Ürəyinin istəyinə çatana qədər,
Onu bitirənə qədər
Rəbbin qəzəbi dayanmayacaq.
Gələcək günlərdə bunu açıq-aşkar anlayacaqsınız.

21 Bu peyğəmbərləri Mən göndərmədim,
Amma ora-bura qaçdılar.
Onlara Mən söz demədim,
Amma peyğəmbərlik etdilər.
22 Ancaq onlar məclisimdə dursaydılar,
Sözlərimi xalqıma çatdırardılar.
Pis yollarından, şər əməllərindən
Xalqı çəkindirərdilər».

23 Rəbb bəyan edir:
«Mən yalnız yaxında olan Allah deyiləm,
Həm də uzaqda olan Allaham.
24 Kimsə gizli yerlərdə saxlana bilər ki,
Mən onu görə bilməyim?»
Rəbb belə bəyan edir.
«Yeri, göyü Mən doldurmamışammı?»
Rəbb belə bəyan edir.

25 «Mənim adımdan yalan söyləyən peyğəmbərlərin “Yuxu gördüm, yuxu gördüm!” sözlərini eşitdim. 26 Nə vaxta qədər yalan söyləyən, öz ürəklərinin uydurmalarını bildirən peyğəmbərlər bu işlə məşğul olacaq? 27 Ataları necə Baal bütünə görə adımı unutdularsa, onlar da zənn edir ki, bir-birlərinə danışdıqları yuxularla xalqıma adımı unutduracaq. 28 Yuxu görən peyğəmbər yuxusunu söyləsin. Amma sözüm nazil olan adam onu dəqiq danışsın. Daha buğdanın yanında saman nədir?» Rəbb belə bəyan edir. 29 «Mənim sözüm bir od kimi, qayaları parçalayan gürz kimi deyilmi?» Rəbb belə bəyan edir. 30 «Buna görə də Mən peyğəmbərlərə qarşıyam, onlar sözlərimi bir-birlərindən oğurlayır» Rəbb belə bəyan edir. 31 «Bax Mən peyğəmbərlərə qarşıyam. Onlar öz dillərini tərpədib “Rəbb belə deyir” söyləyir» Rəbb belə bəyan edir. 32 «Bax Mən yalançı yuxular görüb peyğəmbərlik edənlərə qarşıyam» Rəbb belə bəyan edir. «Onlar bu yuxuları danışıb yalanları və boş lovğalıqları ilə xalqımı yoldan azdırır. Onları Mən göndərmədim, onlara heç nə buyurmadım. Bu xalqa heç bir faydaları yoxdur» Rəbb belə bəyan edir.

33 «Əgər bu xalqdan biri yaxud bir peyğəmbər ya da bir kahin səndən “Bəs Rəbbin yük olan kəlamı nədir?” soruşsa, ona söylə: “Yük sizsiniz. Mən sizi atacağam” Rəbb belə bəyan edir. 34 “Rəbbin yük olan kəlamıdır” deyən peyğəmbərə, kahinə yaxud adi adama gəlincə, Mən o adamı da, onun ailəsini də cəzalandıracağam. 35 Hər biriniz öz yoldaşınıza, soydaşınıza belə deyin: “Rəbb nə cavab verdi? Rəbb nə söylədi?” 36 Bir daha Rəbbin yük olan kəlamını yada salmayacaqsınız, çünki hər kəsin sözü özünə yük olacaq. Bununla siz var olan Allahın, Ordular Rəbbinin, Allahımızın sözlərini təhrif etdiniz. 37 Peyğəmbərə belə söylə: “Rəbb sənə nə cavab verdi? Rəbb nə söylədi?” 38 “Rəbbin yük olan kəlamıdır” desəniz də, Rəbb hökmən belə deyər: “‹Rəbbin yük olan kəlamıdır› deyirsiniz, halbuki Mən sizə xəbərdarlıq edib ‹Rəbbin yük olan kəlamıdır› deməməyi söyləmişdim. 39 Buna görə də sizi tamamilə unudacağam, sizi də, özünüzə və atalarınıza verdiyim şəhəri də önümdən rədd edəcəyəm. 40 Üzərinizə heç vaxt unudulmayan biabırçılıq, əbədi rüsvayçılıq gətirəcəyəm”».

24 redaktə

İki səbət əncirlə müqayisə

1[56] Babil padşahı Navuxodonosor Yəhuda padşahı Yehoyaqim oğlu Yehoyakini, Yəhuda başçılarını, ustaları və sənətkarları Yerusəlimdən sürgün edib Babilə apardı. Bu hadisədən sonra Rəbb mənə Öz məbədi önündə qoyulmuş iki səbət əncir göstərdi. 2 Bir səbətdə ilk məhsula oxşayan çox yaxşı əncirlər, o biri səbətdə isə əzik olduqları üçün yeməyə yararsız olan çox pis əncirlər var idi. 3 Rəbb mənə dedi: «Nə görürsən, Yeremya?» Mən dedim: «Əncir. Yaxşı əncirlər çox yaxşıdır, pis əncirlər isə çox pis, əzilib yararsız hala düşmüşdür, onları yemək olmaz».

4 Mənə Rəbbin bu sözü nazil oldu: 5 «İsrailin Allahı Rəbb belə deyir: “Buradan Xaldey ölkəsinə sürgünə göndərdiyim Yəhuda əsirlərini bu yaxşı əncirlər kimi yaxşı hesab edəcəyəm. 6 Yaxşı yaşasınlar deyə gözlərim onların üzərində olacaq və onları yenə bu ölkəyə qaytaracağam. Onları dirçəldəcəyəm, yıxmayacağam, onları əkəcəyəm, çıxarmayacağam. 7 Onlara ürək verəcəyəm ki, Mənim Rəbb olduğumu bilsinlər. Onlar Mənim xalqım, Mən də onların Allahı olacağam, çünki onlar bütün qəlbləri ilə Mənə üz tutacaq”.

8 Rəbb belə deyir: “Amma Yəhuda padşahı Sidqiyanı, onun başçılarını, Yerusəlimdə salamat qalıb bu ölkədə yaxud Misirdə yaşayanları yeməyə yararsız olan əzik əncir kimi edəcəyəm. 9 Onları yer üzünün bütün ölkələrinin qarşısında dəhşətli hala salacağam. Onlar sürgün etdiyim hər yerdə rüsvay olub ibrətə çevriləcək, kinayə və lənət qazanacaqlar. 10 Özlərinə və atalarına verdiyim torpaqdan silinib qurtarana qədər üstlərinə qılınc, aclıq və vəba göndərəcəyəm”».

25 redaktə

Yetmiş illik sürgün

1[57] Yəhuda padşahı Yoşiya oğlu Yehoyaqimin padşahlığının dördüncü ilində bütün Yəhuda xalqı barədə Yeremyaya söz nazil oldu. Bu, Babil padşahı Navuxodonosorun padşahlığının birinci ilində oldu. 2 Yeremya peyğəmbər bütün Yəhuda xalqına və Yerusəlimdə yaşayanların hamısına bu sözü bildirib dedi: 3 «İyirmi üç il ərzində – Yəhuda padşahı Amon oğlu Yoşiyanın padşahlığının on üçüncü ilindən bu günə qədər Rəbbin sözü mənə nazil oldu. Mən də dəfələrlə bu sözləri sizə bildirdim, amma siz qulaq asmadınız. 4 Rəbb peyğəmbər qullarını dəfələrlə yanınıza göndərdi, amma eşitmədiniz, qulaq asmadınız. 5 Onlar sizə belə söylədi: “İndi öz pis yolunuzdan, pis əməllərinizdən dönün ki, Rəbbin əbədi olaraq sizə və atalarınıza verdiyi torpaqda yaşayasınız. 6 Başqa allahlara qulluq və səcdə edərək onların tərəfdarı olmayın, əl işiniz olan bütlərlə Məni qəzəbləndirməyin ki, Mən də sizə pislik etməyim”. 7 Rəbb bəyan edir: “Ancaq siz Mənə qulaq asmadınız, əl işiniz olan bütlərlə Məni qəzəbləndirib özünüzə ziyan vurdunuz”.

8 Buna görə də Ordular Rəbbi deyir: “İndi ki sözlərimə qulaq asmadınız, 9 Mən də bütün şimal tayfalarını və qulum Babil padşahı Navuxodonosoru çağıracağam”. Bu, Rəbbin sözüdür. “Onları bu ölkənin, burada yaşayanların və bütün ətraf millətlərin üstünə gətirəcəyəm. Bunları tamamilə məhv edəcəyəm, ölkəni dəhşət və rişxənd hədəfinə çevirəcək, əbədi bir xarabalığa döndərəcəyəm. 10[58] Sevinc və şadlıq sədasını, bəy-gəlin səsini, dəyirman daşlarının taqqıltısını, çıraq işığını onların içindən yox edəcəyəm. 11[59] Bütün bu ölkə xarabaya, dəhşətli bir yerə çevriləcək. Bu millətlər Babil padşahına yetmiş il qulluq edəcək”. 12 Rəbb bəyan edir: “Yetmiş il bitəndən sonra isə günahlarına görə Babil padşahını, onun millətini və Xaldey ölkəsini cəzalandıracağam. Oranı əbədi olaraq viranəliyə çevirəcəyəm. 13 O ölkə üçün söylədiklərimin hamısını, Yeremyanın bütün millətlər barəsində bu kitabda yazılmış peyğəmbərlik sözlərinin hamısını oranın başına gətirəcəyəm. 14 Bir çox millət, böyük padşahlar onları özlərinə qul edəcək. Əməllərinə və əllərinin işinə görə onlara əvəz verəcəyəm”». Rəbbin qəzəb kasası 15 Bəli, İsrailin Allahı Rəbb mənə belə dedi: «Budur, qəzəbimlə dolu bir şərab kasası! Onu əlimdən al və səni yanına göndərəcəyim bütün millətlərə içirt. 16 Onlar içən kimi səndələyəcəklər, üstlərinə göndərəcəyim qılıncın qorxusundan ağılları çaşacaq».

17 Onda mən kasanı Rəbbin əlindən aldım və Onun məni yanlarına göndərdiyi bütün millətlərə içirtdim. 18 Kasadan bunlar içdi: indiki kimi viranəliyə, dəhşətə, rişxənd hədəfinə və lənətə düçar olsunlar deyə Yerusəlim əhalisi, Yəhuda şəhərləri, padşahları və başçıları, 19 Misir padşahı firon, əyanları, başçıları və bütün xalqı, 20 Misirdə yaşayan bütün yadellilər, Us ölkəsinin bütün padşahları, Filişt ölkəsinin bütün padşahları – Aşqelon, Qəzzə, Eqron padşahları və Aşdodda sağ qalanlar, 21 Edom, Moav, Ammon övladları, 22 bütün Sur və Sidon padşahları, dənizin o tayındakı ölkələrin padşahları, 23 Dedan, Tema, Buz və kəkillərini qırxanların hamısı, 24 bütün Ərəbistan padşahları, səhrada yaşayan yadelli xalqın padşahları, 25 bütün Zimri, Elam və Midiya padşahları, 26 sıra ilə bütün yaxın və uzaq şimal padşahları, yer üzünün bütün padşahları. Hamıdan sonra bu kasanı Şeşak[60] padşahı da içəcək.

27 «Sən onlara söylə ki, İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “İçib sərxoş olun, sonra qusun, üstünüzə göndərəcəyim qılıncla vurulub-yıxılın və bir daha ayağa qalxmayın”. 28 Əgər onlar kasanı əlindən alıb içmək istəməsələr, söylə ki, Ordular Rəbbi belə deyir: “Mütləq içməlisiniz! 29 Bax Mənim adımla çağırılan şəhərin üstünə fəlakət gətirməyə başlayıram. Elə sanırsınız ki, siz cəzasız qalacaqsınız? Sizi cəzasız qoymayacağam. Mən yer üzündə yaşayan hər kəsin üstünə qılınc gətirəcəyəm” Ordular Rəbbi belə bəyan edir.

30[61] Buna görə də bütün bu peyğəmbərlik sözlərini onlara bildirib söylə:

“Rəbb uca yerdən nərə çəkəcək,
Müqəddəs məskənindən gurlayacaq.
Öz otlağına qarşı şiddətlə nərə çəkəcək,
Dünyada yaşayanların hamısına qarşı hayqıracaq,
Üzüm əzənlər kimi bağıracaq.
31 Hay-küy dünyanın ucqarlarına qədər yayılacaq,
Çünki Rəbbin millətlərlə davası var.
Bütün bəşəri mühakimə edəcək,
Pisləri qılınca təslim edəcək”
Rəbb belə bəyan edir.

32 Ordular Rəbbi belə deyir:
“Bax millətdən millətə bəla yayılır,
Dünyanın uzaq yerlərindən
Böyük qasırğa qopur”.

33 O gün Rəbb dünyanı bir ucundan o biri ucuna qədər öldürülənlərlə dolduracaq. Onlar üçün yas tutulmayacaq, bir yerə yığılıb basdırılmayacaqlar, torpağın üstündə peyin kimi olacaqlar.

34 Ey çobanlar, ağlayıb fəryad edin,
Ey sürü başçıları, torpaqda eşələnin.
Çünki qətl olunma,
Pərən-pərən salınma vaxtınız çatdı.
Siz qiymətli bir qab kimi yıxılacaqsınız.
35 Çobanlar qaça bilməyəcək,
Sürü başçıları qurtula bilməyəcək.
36 Çobanların fəryadını,
Sürü başçılarının bağırtısını eşit,
Çünki Rəbb onların otlaqlarını viran edir.
37 Rəbbin qızğın qəzəbindən
Dinc pəyələr də məhv oldu.
38 Rəbb cavan aslan kimi
Yuvasını tərk etdi.
Rəbbin qəzəbi üzündən –
Zor işlədənin qızğın qəzəbi üzündən
Ölkələri viran oldu».

26 redaktə

Yeremyanın ölümlə hədələnməsi

1[62] Yəhuda padşahı Yoşiya oğlu Yehoyaqimin padşahlığının əvvəlində Rəbdən bu söz nazil oldu: 2 «Rəbb belə deyir: “Rəbbin məbədinin həyətində dur, ibadət etmək üçün Yəhuda şəhərlərindən oraya gələn hər kəsə müraciət et. Sənə buyurduğum hər şeyi onlara bildir, bir söz də əskiltmə. 3 Bəlkə qulaq asarlar, öz pis yollarından dönərlər. Mən də pis əməllərinə görə başlarına gətirəcəyim fəlakətdən vaz keçərəm”. 4 Onlara söylə ki, Rəbb belə deyir: “Əgər sizə verdiyim qanuna görə davranmasanız, Mənə qulaq asmasanız, 5 dəfələrlə sizin yanınıza göndərdiyim qullarım olan peyğəmbərlərin sözlərinə qulaq asmasanız – necə ki qulaq asmırsınız – o zaman 6[63] bu məbədi də Şilo kimi edəcəyəm, bu şəhəri yer üzünün bütün millətləri arasında lənətə düçar edəcəyəm”».

7 Kahinlər, peyğəmbərlər və bütün xalq Yeremyanın Rəbbin məbədində söylədiyi bu sözləri eşitdi. 8 Yeremya Rəbbin xalqa çatdırmasını buyurduğu sözləri deyib qurtaranda kahinlər, peyğəmbərlər və oradakı bütün xalq onu tutub söylədi: «Sən ölməlisən. 9 Nə üçün “bu məbəd Şilo kimi olacaq, bu şəhər xaraba qalacaq, orada yaşayan olmayacaq” deyib Rəbbin adı ilə peyğəmbərlik edirsən?» Rəbbin məbədində olan bütün xalq Yeremyanın ətrafına yığıldı.

10 Yəhuda başçıları bunları eşidən kimi padşah sarayından çıxıb Rəbbin məbədinə qalxdı və məbədin Yeni darvazasının girəcəyində oturdu. 11 O zaman kahinlər və peyğəmbərlər başçılara və bütün xalqa söylədi: «Bu adam ölümə layiqdir, çünki öz qulağınızla eşitdiyiniz kimi bu şəhərin əleyhinə peyğəmbərlik etdi».

12 Onda Yeremya bütün başçılara və xalqa dedi: «Rəbb məni göndərdi ki, bu məbədin və şəhərin əleyhinə eşitdiyiniz bütün peyğəmbərlik sözlərini bildirim. 13 İndi yaşayışınızı və əməllərinizi islah edin. Allahınız Rəbbin sözünə qulaq asın. O zaman Rəbb başınıza gətirəcəyini bildirdiyi bəladan vaz keçəcək. 14 Mən isə sizin ixtiyarınızdayam. Gözünüzdə nə yaxşı və düzdürsə, mənimlə eləcə də rəftar edin. 15 Ancaq yaxşı bilin ki, məni öldürsəniz, günahsız qanın məsuliyyətini özünüzün, bu şəhərin və orada yaşayanların üzərinə götürmüş olursunuz. Çünki Rəbb, həqiqətən, məni yanınıza göndərdi ki, bütün bu sözləri sizə çatdırım».

16 Başçılar və bütün xalq kahinlərə və peyğəmbərlərə dedi: «Bu adama ölüm hökmü çıxarmaq olmaz, çünki bizimlə Allahımız Rəbbin adından danışdı». 17 Ölkə ağsaqqallarından bir neçəsi qalxıb toplaşmış bütün xalqa dedi: 18[64] «Yəhuda padşahı Xizqiyanın dövründə Moreşetli Mikeya peyğəmbərlik edib bütün Yəhuda xalqına söylədi ki, Ordular Rəbbi belə deyir:

“Sion tarla kimi şumlanacaq,
Yerusəlim daş qalağına dönəcək,
Məbədin tikildiyi dağ
Meşəli təpələrə çevriləcək”.

19 Yəhuda padşahı Xizqiya yaxud Yəhuda xalqından biri onu öldürdümü? Əksinə, Xizqiya Rəbdən qorxub Ondan lütf istədi, Rəbb də onlara göndərəcəyini söylədiyi bəladan vaz keçdi. Biz isə özümüzə böyük pislik gətirmək təhlükəsindəyik».

Padşahın Uriya peyğəmbəri öldürməsi

20 Qiryat-Yearimli Şemaya oğlu Uriya adlı bir adam da Rəbbin adı ilə peyğəmbərlik edirdi. O da eynilə Yeremya kimi danışaraq bu şəhərin və ölkənin əleyhinə peyğəmbərlik edirdi. 21 Padşah Yehoyaqim, bütün cəngavərləri və başçıları onun sözlərini eşitdi. Padşah onu öldürmək istədi. Ancaq Uriya bunu eşidən kimi qorxub Misirə qaçdı. 22 Bundan sonra padşah Yehoyaqim öz adamlarını – Akbor oğlu Elnatanı və bir neçə nəfəri Misirə göndərdi. 23 Uriyanı Misirdən çıxarıb padşah Yehoyaqimin yanına gətirdilər. Padşah onu qılıncla öldürüb ümumi qəbiristanlığa atdırdı. 24 Ancaq Yeremya öldürülmək üçün xalqa təslim edilmədi, çünki Şafan oğlu Axiqam onu qorudu.

27 redaktə

Yəhudanın Babilə təslim edilməsi

1[65] Yəhuda padşahı Yoşiya oğlu Sidqiyanın[66] padşahlığının əvvəlində Rəbdən Yeremyaya bu söz nazil oldu: 2 «Rəbb mənə belə dedi: “Özünə qayışlarla bağlanan taxta bir boyunduruq düzəlt və boynuna tax. 3 Sonra Yerusəlimə, Yəhuda padşahı Sidqiyanın yanına gələn qasidlər vasitəsilə Edomun, Moavın, Ammon övladlarının, Surun və Sidonun padşahlarına xəbər göndər”. 4 Ağalarına söyləmək üçün onlara bildir ki, İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Ağalarınıza söyləyin ki, 5 dünyanı da, yer üzündə olan insanı da, heyvanı da böyük gücümlə və uzanan qolumla Mən yaratdım və kimə istəsəm, ona da verərəm. 6 Bəli, bütün bu ölkələri Babil padşahı qulum Navuxodonosorun ixtiyarına verirəm. Hətta vəhşi heyvanları da xidmət etmək üçün ona verirəm. 7 Ölkəsinin axırı çatana qədər bütün millətlər ona, oğluna və nəvəsinə qulluq edəcək. Sonra isə bir çox millətlər və böyük padşahlar onu özlərinə qul edəcək.

8 Hansı millət və ölkə Babil padşahı Navuxodonosora qulluq etməsə, onun boyunduruğuna girməsə, həmin milləti onun əli ilə qırıb-çatana qədər qılınc, aclıq və vəba ilə cəzalandıracağam” Rəbb bəyan edir. 9 “Siz isə öz peyğəmbərlərinizə, falçılarınıza, yuxugörənlərinizə, gələcəyideyənlərinizə və cadugərlərinizə qulaq asmayın. Onlar sizə ‹Babil padşahına qulluq etməyəcəksiniz› söyləyir. 10 Onlar sizə yalandan peyğəmbərlik edir. Bunun nəticəsində öz ölkənizdən qovulacaqsınız. Sizi sürgün edəcəyəm və məhv olacaqsınız. 11 Ancaq Babil padşahının boyunduruğuna girən və ona qulluq edən milləti öz torpağında saxlayacağam. Torpağı əkib orada yaşayacaqlar” Rəbb belə bəyan edir».

12 Mən bütün bu sözləri Yəhuda padşahı Sidqiyaya bildirib dedim: «Babil padşahının boyunduruğuna girin, özünə və xalqına qulluq edin ki, sağ qalasınız. 13 Babil padşahına qulluq etmək istəməyən hər millət Rəbbin dediyi kimi məhv olacaq. Sən və xalqın qılınc, aclıq və vəbadan nə üçün öləsiniz? 14 Sizə “Babil padşahına qulluq etməyəcəksiniz” deyən peyğəmbərlərə qulaq asmayın, çünki onlar sizə yalandan peyğəmbərlik edir. 15 Rəbb bəyan edir: “Onları Mən göndərmədim, onlar Mənim adımla yalandan peyğəmbərlik edir. Bunun nəticəsində Mən sizi sürgün edəcəyəm, siz də, sizə peyğəmbərlik edən peyğəmbərlər də həlak olacaqsınız”».

16 Mən kahinlərə və bütün bu xalqa söylədim: «Rəbb belə deyir: “‹Rəbbin məbədindən götürülən əşyalar tezliklə Babildən geri qaytarılacaq› deyib sizə peyğəmbərlik edən peyğəmbərlərinizin sözlərinə qulaq asmayın. Çünki sizə yalandan peyğəmbərlik edirlər. 17 Onlara qulaq asmayın, Babil padşahına qulluq edin ki, sağ qalasınız. Bu şəhər niyə viran olsun? 18 Əgər onlar peyğəmbərdirsə, Rəbbin sözünü söyləyirlərsə, qoy indi Ordular Rəbbinə yalvarsınlar ki, Rəbbin məbədində, Yəhuda padşahının sarayında və Yerusəlimdə qalan əşyalar Babilə aparılmasın”.

19 Sütunlar, hovuz, ayaqlıqlar və bu şəhərdə qalan başqa əşyalar barədə Ordular Rəbbi belə deyir. 20 Bəli, Yəhuda padşahı Yehoyaqim oğlu Yehoyakini və Yəhuda ilə Yerusəlimin bütün əyanlarını Yerusəlimdən Babilə sürgün etdiyi zaman Babil padşahı Navuxodonosorun aparmadığı, 21 Rəbbin məbədində, Yəhuda padşahının sarayında və Yerusəlimdə qalan əşyalar barədə İsrailin Allahı Ordular Rəbbi belə deyir: 22 “Onlar Babilə aparılacaq və Babillilərin işinə baxacağım günə qədər orada qalacaq. O zaman onları oradan çıxaracağam və bu yerə qaytaracağam” Rəbb belə bəyan edir».

28 redaktə

Yalançı peyğəmbər Xananya

1 Həmin il Yəhuda padşahı Sidqiyanın padşahlığının əvvəlində – dördüncü ilinin beşinci ayında Giveonlu Azzur oğlu Xananya peyğəmbər Rəbbin məbədində, kahinlərin və bütün xalqın önündə mənə söylədi: 2 «İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Babil padşahının boyunduruğunu qırdım. 3 Əvvəl Rəbbin məbədində olan, Babil padşahı Navuxodonosorun buradan götürüb Babilə apardığı bütün əşyaları iki il ərzində bu yerə qaytaracağam. 4 Yəhuda padşahı Yehoyaqim oğlu Yehoyakini və Babilə sürgün olunmuş bütün Yəhudalıları bu yerə qaytaracağam” Rəbb belə bəyan edir, “çünki Babil padşahının boyunduruğunu qıracağam”».

5 O zaman Yeremya peyğəmbər kahinlərin və Rəbbin məbədində dayanan bütün xalqın önündə Xananya peyğəmbərə cavab verib 6 söylədi: «Amin! Qoy Rəbb belə etsin! Qoy Rəbb Öz evinin əşyalarını, sürgün olunmuş bütün adamları Babildən buraya qaytararaq söylədiyin peyğəmbərlik sözlərini yerinə yetirsin! 7 Ancaq indi sən və bütün xalq eşidərkən deyəcəyim bu sözə qulaq as: 8 qədim zamanlardan bəri məndən və səndən əvvəl yaşayan peyğəmbərlər bir çox ölkələrin və böyük padşahlıqların əleyhinə müharibə, fəlakət və vəba olacağını qabaqcadan söylədi. 9 Əgər salamatlıq olacağını söyləyən peyğəmbərin sözü doğru çıxarsa, həqiqətən, onun Rəbbin göndərdiyi peyğəmbər olduğu bilinər».

10 O zaman Xananya peyğəmbər Yeremya peyğəmbərin boynundan boyunduruğu götürüb qırdı. 11 Xananya bütün xalqın önündə söylədi: «Rəbb belə deyir: “İki il ərzində Babil padşahı Navuxodonosorun boyunduruğunu bütün millətlərin boynundan götürüb beləcə qıracağam”». Yeremya isə öz yoluna davam etdi. 12 Xananya peyğəmbər Yeremya peyğəmbərin boynundan boyunduruğu götürüb qırdıqdan sonra Yeremyaya Rəbbin bu sözü nazil oldu: 13 «Gedib Xananyaya söylə ki, Rəbb belə deyir: “Sən taxta boyunduruğu qırdın, ancaq onun yerinə dəmir boyunduruq düzəltməli olacaqsan”. 14 Çünki İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Bütün bu millətlərin boynuna dəmir boyunduruq taxdım ki, Babil padşahı Navuxodonosora qulluq etsinlər və onlar ona xidmət edəcək. Vəhşi heyvanları da onun ixtiyarına verdim”». 15 Yeremya peyğəmbər Xananya peyğəmbərə dedi: «İndi eşit, ey Xananya, axı səni Rəbb göndərməyib. Sən bu xalqı yalana inandırdın. 16 Buna görə də Rəbb belə deyir: “Bax Mən səni yer üzündən yox edəcəyəm. Bu il öləcəksən, çünki xalqı Rəbbə qarşı üsyana təhrik etdin”». 17 Xananya peyğəmbər həmin ilin yeddinci ayında öldü.

29 redaktə

Sürgün olunanlara məktub

1[67] Yeremya peyğəmbər sürgündə sağ qalan xalqın ağsaqqallarına, kahinlərə, peyğəmbərlərə və Navuxodonosorun Yerusəlimdən Babilə sürgün etdiyi bütün xalqa Yerusəlimdən bir məktub göndərdi. Məktubun mətni aşağıda verilir. 2 Bu məktub padşah Yehoyakinin, onun anasının, saray əyanlarının, Yəhuda və Yerusəlim başçılarının, ustaların, sənətkarların Yerusəlimdən sürgünə aparılmasından sonra göndərildi. 3 Onu Yəhuda padşahı Sidqiyanın Babil padşahı Navuxodonosorun yanına göndərdiyi Şafan oğlu Elasa və Xilqiya oğlu Gemarya apardı. Belə dedi:

4 «Mən İsrailin Allahı olan Ordular Rəbbi Yerusəlimdən Babilə sürgün etdiyim adamlara belə söyləyirəm: 5 “Evlər tikib yaşayın, bağçalar salıb meyvələrini yeyin. 6 Arvad alıb oğul-qız atası olun. Oğullarınıza arvad alın, qızlarınızı ərə verin ki, oğul-qızları olsun. Orada azalmayıb çoxalın. 7 Sizi sürgün etdiyim şəhərin rifahı üçün çalışın və o şəhər üçün Rəbbə dua edin. Çünki ora rifah içində olarsa, siz də rifahda yaşayarsınız”.

8 İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Aranızdakı peyğəmbərləriniz və falçılarınız sizi aldatmasın, gördüyünüz yuxulara əhəmiyyət verməyin. 9 Çünki onlar Mənim adımla sizə yalandan peyğəmbərlik edir. Onları Mən göndərmədim” Rəbb belə bəyan edir.

10[68] Çünki Rəbb belə deyir: “Babildə yetmiş iliniz bitəndə Mən sizə yenə baş çəkəcəyəm və sizi buraya qaytaracağım barədə verdiyim xoş sözü yerinə yetirəcəyəm. 11 Çünki sizin barənizdə olan fikirlərimi Özüm bilirəm” Rəbb belə bəyan edir. “Mən sizin pisliyiniz deyil, salamatlığınız barədə düşünürəm ki, sizə ümidli bir gələcək verim. 12 Siz Məni çağıracaqsınız, gəlib Mənə dua edəcəksiniz, Mən də sizi eşidəcəyəm. 13[69] Məni axtaracaqsınız, əgər bütün qəlbinizlə axtarsanız, tapacaqsınız. 14 Məni tapmağınıza izin verəcəyəm” Rəbb belə bəyan edir. “Sizi sürgündən geri qaytaracağam, sürgün etdiyim bütün yerlərdən və millətlərin arasından toplayacağam. Oradan sizi sürgün olunduğunuz yerə qaytaracağam” Rəbb belə bəyan edir.

15 Siz belə dediniz: “Rəbb bizə Babildə peyğəmbərlər verib”. 16 Davudun taxtında oturan padşah, bu şəhərdə yaşayan bütün xalq, sizinlə birgə sürgünə aparılmamış soydaşlarınız barədə Rəbb belə deyir. 17 Bəli, Ordular Rəbbi belə deyir: “Bax Mən onların üzərinə qılınc, aclıq və vəba göndərəcəyəm. Onları pisliyinə görə yeməyə yararsız olan əzik əncirə döndərəcəyəm. 18 Onları qılınc, aclıq və vəba ilə təqib edəcəyəm, yer üzünün bütün ölkələrinin qarşısında dəhşətli hala salacağam. Onları qovduğum bütün millətlərin arasında lənət, dəhşət, rişxənd və rüsvayçılıq hədəfi olacaqlar”. 19 Rəbb bəyan edir: “Ona görə ki sözlərimə qulaq asmadılar. Həmin sözləri qullarım olan peyğəmbərlər vasitəsilə dəfələrlə onlara çatdırdım, ancaq siz qulaq asmadınız” Rəbb belə bəyan edir. 20 Buna görə də, ey Yerusəlimdən Babilə göndərdiyim bütün sürgün olunmuş adamlar, Rəbbin sözünü eşidin.

21 Mənim adımla sizə yalandan peyğəmbərlik edən Qolaya oğlu Axav və Maaseya oğlu Sidqiya barədə İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Bax Mən onları Babil padşahı Navuxodonosora təslim edəcəyəm və o, gözlərinizin önündə onları öldürəcək. 22 Onlar barədə Babildəki bütün sürgün olunmuş Yəhudalılar bundan sonra ‹Rəbb səni Babil padşahının diri-diri yandırdığı Sidqiya və Axav kimi etsin› deyə lənət edəcək. 23 Çünki İsraildə çirkin işlər gördülər, qonşularının arvadları ilə zina etdilər, onlara əmr etmədiyim halda Mənim adımdan yalan sözlər söylədilər. Mən bunu bilirəm və buna şahidəm” Rəbb belə bəyan edir».

Şemayaya müraciət

24 Nexelamlı Şemaya barədə söylə ki, 25 İsrailin Allahı Ordular Rəbbi belə deyir: «Sən Yerusəlimdə olan başqa xalqa, kahin Maaseya oğlu Sefanyaya və başqa kahinlərə öz adından məktublar göndərdin. Sefanyaya belə dedin:

26 “Rəbb Öz məbədinin cavabdehi kimi Yehoyadanın yerinə səni kahin qoydu. Peyğəmbər kimi davranan hər dəliyə kündə və dəmir yaxa vurmalısan. 27 Bəs nə üçün sizə özünü peyğəmbər elan edən Anatotlu Yeremyanı məzəmmət etmirsən? 28 Çünki Yeremya biz Babildəkilərə bu xəbəri göndərdi ki, sürgün uzun çəkəcək. Buna görə də evlər tikib, içində yaşayın, bağça salıb, meyvələrini yeyin”».

29 Kahin Sefanya bu məktubu Yeremya peyğəmbərə uca səslə oxudu. 30 Bu vaxt Yeremyaya Rəbbin bu sözü nazil oldu: 31 «Bütün sürgün olunmuşlara xəbər göndərib söylə ki, Nexelamlı Şemaya barədə Rəbb belə deyir: “İndi ki Mən göndərmədiyim halda Şemaya peyğəmbərlik edib sizi yalana inandırdı, 32 Mən Rəbb də deyirəm ki, Nexelamlı Şemayanı və onun nəslini cəzalandıracağam. Bu xalqın arasında onun nəslindən olan bir kəs sağ qalmayacaq, xalqıma edəcəyim xeyirxahlığı görməyəcək, çünki o, xalqı Rəbbə qarşı üsyana təhrik etdi” Rəbb belə bəyan edir».

30 redaktə

Allahın öz xalqına vədi

1 Yeremyaya Rəbdən bu söz nazil oldu: 2 «İsrailin Allahı Rəbb belə deyir: “Sənə söylədiyim bütün sözləri bir kitaba yaz”. 3 Çünki Rəbb bəyan edir: “Xalqım İsraili və Yəhudanı sürgündən qaytaracağım günlər yaxınlaşır. Onları atalarına verdiyim torpağa qaytaracağam və oranı mülk edəcəklər”. Bu, Rəbbin sözüdür.

4 İsrail və Yəhuda üçün Rəbbin söylədiyi sözlər bunlardır. 5 Rəbb belə deyir:
“Qorxu səsi eşitdik,
Asayiş deyil, dəhşət səsi.
6 İndi soruşun, bilin ki,
Kişi də uşaq doğarmı?
Elə isə nə üçün doğan qadın kimi
Hər kişinin əllərini belində görürəm?
Nə üçün hamının bənizi solub?
7 Ah, bu nə dəhşətli gündür!
Bir daha belə gün olmayacaq,
Yaqub nəsli üçün sıxıntı dövrü olacaq,
Ancaq yenə də bundan qurtulacaq”.
8 Ordular Rəbbi bəyan edir: “O gün boynundakı boyunduruğu qıracaq, iplərini qoparacağam. Bundan sonra yadellilər onları özlərinə qul etməyəcək. 9 Ancaq özlərinin Allahı Rəbbə, onlara təyin edəcəyim padşahları Davuda qulluq edəcəklər”.

10[70] Rəbb bəyan edir:
“Qorxma, ey qulum Yaqub,
Dəhşətə düşmə, ey İsrail.
Çünki səni uzaq yerlərdən,
Nəslini sürgün olunduğu ölkədən qurtaracağam.
Yaqub nəsli yenə geri qayıdacaq,
Rahatlıq tapıb qayğısız olacaq,
Onu kimsə qorxutmayacaq.
11 Çünki Mən səninləyəm,
Səni qurtaracağam”
Rəbb belə bəyan edir.
“Səni aralarına apardığım
Millətlərin hamısını yox etsəm də,
Səni tamamilə məhv etməyəcəyəm,
Səni ədalətlə tərbiyələndirəcəyəm,
Amma cəzasız da qoymayacağam”.

12 Çünki Rəbb belə deyir:
“Sənin yaran şəfa tapmaz,
Xoran sağalmaz.
13 Məhkəmədə işinə baxan yoxdur,
Xəstəliyinə dərman yoxdur,
Sənin dərdinə əlac yoxdur.
14 Bütün müttəfiqlərin səni unutdu,
Səni arayıb-axtarmırlar.
Düşmən vuran kimi Mən səni vurdum.
Rəhmsizcəsinə cəzalandırdım.
Çünki təqsirkarlığın böyükdür,
Günahların çoxdur.
15 Niyə yarandan ötrü qışqırırsan?
Dərdin şəfa tapmaz.
Bu işləri ona görə sənə etdim ki,
Təqsirkarlığın böyükdür,
Günahların çoxdur.

16 Ancaq səni yeyənlərin də hamısı yem olacaq.
Bütün düşmənlərin sürgünə gedəcək.
Səni soyanlar soyulacaq,
Səni qarət edənlər qarət olunacaq”.
17 Rəbb bəyan edir:
“Mən səni yenə sağaldacağam,
Yaralarına şəfa verəcəyəm.
Çünki deyirlər ki,
Sion rədd edilib,
Onu axtaran yoxdur”.

18 Rəbb belə deyir:
“Mən Yaqubun çadırlarını
Sürgündən geri qaytaracağam.
Onun məskənlərinə rəhm edəcəyəm.
Şəhər yenidən viranələri üzərində tikiləcək,
Saray öz yerində bərpa olunacaq.
19 Onların arasından
Şükür və şənlik səsləri eşidiləcək.
Mən onları çoxaldacağam, azalmayacaqlar,
İzzətləndirəcəyəm, alçalmayacaqlar.
20 Övladları əvvəlki kimi olacaq,
İcması önümdə möhkəm duracaq.
Onları sıxışdıranların hamısını cəzalandıracağam.
21 Rəhbərləri özlərindən olacaq,
Başçıları aralarından çıxacaq.
Onu özümə yaxınlaşdıracağam,
O da Mənə yaxınlaşacaq.
Başqa cür kim Mənə özü yaxınlaşmağa
Cürət edə bilər?”
Rəbb belə bəyan edir.
22 “Beləcə siz Mənim xalqım,
Mən də sizin Allahınız olacağam”».

23 Budur, Rəbbin fırtınası qəzəblə qopacaq,
Şiddətli qasırğası
Pis adamların başında çatlayacaq.
24 Rəbb Öz ürəyinin istədiyini
Tamamilə edənə qədər
Qızğın qəzəbini söndürməyəcək.
Siz gələcəkdə bunu anlayacaqsınız.

31 redaktə

1 Rəbb bəyan edir: «O zaman Mən bütün İsrail qəbilələrinin Allahı olacağam, onlar da Mənim xalqım olacaq».
İsrail xalqının öz yurduna dönməsi
2 Rəbb belə deyir:
«Mən İsrailə dinclik verməyə gedəndə
Qılıncdan qaçıb qurtulan xalq
Çöldə lütf tapdı».
3 Rəbb uzaqdan mənə görünüb dedi:
«Səni əbədi bir məhəbbətlə sevdim,
Buna görə də sevgi ilə
Səni Özümə tərəf çəkdim.
4 Səni yenidən ayağa qaldıracağam,
Sən də ayağa qalxacaqsan,
Ey bakirə qıza bənzəyən İsrail!
Sən yenə dəflərinlə bəzənib
Şadlıq edənlərlə birgə rəqsə qoşulacaqsan.
5 Yenə də Samariya dağlarında bağ salacaqsan,
Bağ salanlar onun meyvələrindən dadacaq.
6 Bir gün gələcək ki,
Efrayimin dağlıq bölgəsində
Keşikçilər “qalxın, Siona,
Allahımız Rəbbin yanına çıxaq”
Deyə qışqıracaq».

7 Rəbb belə deyir:
«Yaqubu sevinclə tərənnüm edin,
Millətlərin başçısı üçün səs qaldırın!
Ucadan həmd edib bildirin!
“Ya Rəbb, xalqını,
İsraildən sağ qalanları xilas et!” deyin.
8 Mən onları şimal ölkəsindən qaytaracağam,
Dünyanın uzaq yerlərindən toplayacağam.
Aralarında kor, topal,
Hamilə və doğan qadın da olacaq.
Böyük bir camaat olub buraya qayıdacaqlar.
9 Onlar ağlaya-ağlaya gələcək,
Yalvardıqları zaman
Onlara yol göstərib geri qaytaracağam.
Axar sular boyunca
Büdrəməyəcəkləri düz yolla aparacağam.
Çünki Mən İsrailin atasıyam,
Efrayim də ilk oğlumdur.

10 Ey millətlər, Rəbbin sözünü eşidin,
Uzaqlardakı adalarda elan edib deyin:
“İsraili səpələyən onu bir yerə toplayacaq,
Sürüsünü qoruyan çoban kimi
Onu qoruyacaq”.
11 Çünki Rəbb Yaqubu satın aldı,
Ondan güclü olanın əlindən qurtardı.
12 Onlar Sionun yüksək təpəsinə gəlib
Tərənnüm edəcək.
Rəbbin verdiyi nemətlər –
Taxıl, təzə şərab, zeytun yağı,
Qoyun-keçi, mal-qara önünə axışacaqlar.
Canları sulanmış bağça kimi olacaq,
Bir daha taqətdən düşməyəcəklər.
13 O zaman bakirə qız, cavan və qoca kişilər
Birlikdə rəqs edib sevinəcək,
Mən onların yasını şadlığa çevirəcəyəm,
Sevincə çevirəcəyəm.
Kədərlərinə təsəlli verib
Onları sevindirəcəyəm.
14 Kahinləri bol yeməklə doyduracağam,
Xalqım nemətlərimlə doyacaq»
Rəbb belə bəyan edir.

15[71][72] Rəbb belə deyir:
«Ramada bir səs eşidildi,
Yas və acı fəryad səsləri!
Rəhilə uşaqları üçün ağlayır,
Təsəlli istəmir.
Çünki onlar daha yoxdur».
16 Rəbb belə deyir:
«Səsini ağlamaqdan,
Gözlərini yaş tökməkdən qoru,
Çünki çəkdiyin zəhmətin əvəzi veriləcək,
Xalqım düşmən ölkəsindən qayıdacaq»
Rəbb belə bəyan edir.
17 «Gələcəyin üçün ümid var,
Övladların öz yurdlarına dönəcək»
Rəbb belə bəyan edir.

18 Bəli, Mən Efrayimin nalələrini eşitdim:
«Sən məni
Öyrədilməmiş dana kimi tərbiyələndirdin,
Mən də tərbiyə aldım.
Məni geri qaytar, qayıdım,
Çünki Allahım Rəbb Sənsən.
19 Mən yolumdan azdıqdan sonra tövbə etdim,
Ağlım başıma gələndə əllərimi yanıma çırpdım.
Cavanlığımda etdiyim eyib işlərdən
Utandım, rüsvay oldum.
20 Efrayim əziz oğlum deyilmi?
Mənim razı olduğum övlad deyilmi?
Hər dəfə əleyhinə danışanda
Yenə onu yadıma salıram.
Ürəyim onun üçün sızlayır,
Ona hədsiz rəhmim gəlir»
Rəbb belə bəyan edir.

21 «Yol işarələri qoy,
Yol göstərən lövhələr düzəlt.
Böyük yola – getdiyin yola fikir ver.
Geri dön, ey bakirə qıza bənzəyən İsrail,
Öz şəhərlərinə qayıt!
22 Nə vaxta qədər sərgərdan gəzəcəksən,
Ey dönük qız?
Rəbb dünyada yeni bir şey yaradacaq:
Qadın kişini qoruyacaq».

23 İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: «Mən onların sürgün olunmuşlarını geri qaytaranda Yəhuda torpağında və onun şəhərlərində yenə belə söyləyəcəklər:

“Ey ədalət yurdu, ey müqəddəs dağ, Rəbb sənə xeyir-dua versin!”</poem>

24 Xalq – əkinçilər, sürüləri ilə gəzən çobanlar Yəhudada və onun şəhərlərində birlikdə yaşayacaq. 25 Çünki Mən yorğun adama su verəcəyəm, taqətsiz adamı doyduracağam».

26 Bu zaman oyanıb baxdım, yuxum şirin olmuşdu.

27 Rəbb bəyan edir: «İsrail və Yəhuda torpaqlarında insan toxumu və heyvan toxumu əkəcəyim günlər yaxınlaşır. 28 Kökündən çıxarıb yox edəndə, yıxıb-dağıdanda və bəla gətirəndə onlara necə nəzarət etdimsə, dirçəldib yerləşdirəndə də eləcə nəzarət edəcəyəm» Rəbb belə bəyan edir. 29[73] «O vaxt adamlar daha “atalar kal üzüm yedi, oğulların dişi qamaşır” deməyəcək. 30 Hər kəs öz təqsirinə görə öləcək. Kal üzüm yeyənin öz dişləri qamaşacaq».

Yeni Əhd

31[74][75] Rəbb bəyan edir: «İsrail xalqı və Yəhuda xalqı ilə Yeni Əhd bağlayacağım günlər yaxınlaşır. 32 Bu Əhd atalarını Misir torpağından çıxartmaq üçün əllərindən tutduğum gün onlarla bağladığım əhdə bənzəməyəcək. Onların ağası olduğum halda o əhdimi pozdular» Rəbb belə bəyan edir. 33[76] «O günlərdən sonra İsrail xalqı ilə bağlayacağım Əhd belədir: qanunumu onların daxilinə qoyub ürəklərinə yazacağam. Mən onların Allahı, onlar da Mənim xalqım olacaq» Rəbb belə bəyan edir. 34 «Bundan sonra bir kəs öz qonşusunu yaxud qardaşını “Rəbbi tanıyın” deyib öyrətməyəcək. Ona görə ki böyükdən kiçiyə qədər hamı Məni tanıyacaq. Çünki təqsirlərini bağışlayacağam, günahlarını daha yada salmayacağam» Rəbb belə bəyan edir.

35 Gündüz işıq olsun deyə günəşi çıxaran,
Gecə işıq olsun deyə aya və ulduzlara qaydalar qoyan,
Dalğaları kükrəsin deyə dənizi qabardan Rəbb –
Adı Ordular Rəbbi Olan belə deyir:
36 «Əgər qoyulan bu qayda-qanunlar
Önümdən götürülərsə,
Yalnız onda İsrail nəsli əbədilik
Bir millət olmaqdan çıxar»
Rəbb belə bəyan edir.
37 Rəbb belə deyir:
«Əgər yuxarıda göylər ölçülə bilsə,
Aşağıda yerin təməlləri üzə çıxarıla bilsə,
Mən də onda bütün etdikləri işlərdən ötrü
Bütün İsrail nəslini rədd edərəm»
Rəbb belə bəyan edir.

38 Rəbb bəyan edir: «Xananel qülləsindən Künc darvazasına qədər şəhərin Mənim üçün yenidən tikiləcəyi günlər gəlir. 39 Oradan da ölçü ipi Qarev təpəsinə doğru uzanıb Qoaya dönəcək. 40 Ölülərin və küllərin atıldığı bütün vadi, Qidron vadisinə qədər uzanan tarlalar, şərqdə At darvazasının küncünədək Rəbb üçün müqəddəs olacaq. Şəhər bir daha kökündən çıxarılmayacaq, heç vaxt dağıdılmayacaq».

32 redaktə

Yeremyanın tarla alması

1[77] Yəhuda padşahı Sidqiyanın padşahlığının onuncu, Navuxodonosorun padşahlığının on səkkizinci ilində Rəbdən Yeremyaya söz nazil oldu. 2 Bu zaman Babil padşahının ordusu Yerusəlimi mühasirəyə almışdı. Yeremya peyğəmbər Yəhuda padşahının sarayındakı mühafizəçilər həyətində məhbus idi. 3 Yəhuda padşahı Sidqiya onu burada həbs edərək demişdi: «Sən nə üçün bu cür peyğəmbərlik edib söyləyirsən ki, Rəbb belə deyir: “Bu şəhəri Babil padşahına təslim edəcəyəm, o buranı ələ keçirəcək. 4 Yəhuda padşahı Sidqiya Xaldeylilərin əlindən qaçıb qurtarmayacaq, hökmən Babil padşahına təslim ediləcək. Onunla üz-üzə söhbət edəcək, göz-gözə dayanacaq. 5 Sidqiya Babilə aparılacaq, Mən ona baş çəkənə qədər orada qalacaq. Əgər Xaldeylilərlə vuruşsanız, uğur qazanmayacaqsınız?” Rəbb belə bəyan edir».

6 Yeremya dedi: «Mənə Rəbbin bu sözü nazil oldu: 7 “Əmin Şallum oğlu Xanamel sənin yanına gəlib deyəcək ki, Anatotdakı tarlamı satın al. Çünki qəyyumum kimi tarlamın geri satınalma hüququ sənə məxsusdur”. 8 Sonra Rəbbin sözünə uyğun olaraq əmim oğlu Xanamel mühafizəçilər həyətində yanıma gəlib dedi: “Binyamin bölgəsində olan Anatotdakı tarlamı satın al, çünki miras haqqı da, qəyyumluq haqqı da sənə məxsusdur. Onu özün üçün satın al”. O zaman Rəbb sözünün yerinə yetdiyini başa düşdüm.

9 Beləcə Anatotdakı tarlanı əmim oğlu Xanameldən satın aldım. Tarlanın əvəzində ona on yeddi şekel gümüş çəkib verdim. 10 Satış qəbzini çağırdığım şahidlərin önündə imzalayıb möhürlədim, gümüşü tərəzidə çəkdim. 11 Qayda-qanunlar yazılmış, möhürlənmiş satış qəbzini və açıq müqavilə kağızını götürdüm. 12 Əmim oğlu Xanamelin, satış qəbzini imzalayan şahidlərin və mühafizəçilər həyətində oturan bütün Yəhudalıların gözü önündə satış qəbzini Maxseya oğlu Neriya oğlu Baruka verdim. 13 Onların gözü önündə Baruka əmr edib dedim: 14 “İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: ‹Uzun müddət qalsın deyə bu möhürlənmiş satış qəbzini və açıq müqavilə kağızını götürüb bir gil qabın içinə qoy›”. 15 Çünki İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Bu ölkədə yenə evlər, tarlalar və bağlar satın alınacaq”.

16 Satış qəbzini Neriya oğlu Baruka verdikdən sonra Rəbbə dua edib dedim: 17 “Ah Xudavənd Rəbb, böyük gücünlə və uzanan qolunla yeri, göyü yaratdın. Edə bilməyəcəyin heç bir şey yoxdur. 18 Sən minlərlə insana məhəbbət göstərirsən, amma ataların etdiyi günahların əvəzini övladlarından alırsan. Sən böyük və güclü Allahsan, adın Ordular Rəbbidir. 19 Tədbirlərin əzəmətli, işlərin böyükdür! İnsanların bütün əməlləri Sənin nəzərin altındadır, hər kəsə işlərinə və etdiklərinin nəticəsinə görə əvəz verirsən. 20 Sən Misirdə, İsraildə və bütün insanlar arasında bu günə qədər əlamətlər və möcüzələr göstərdin. Bu gün olduğu kimi şöhrət qazandın. 21 Sən Öz xalqın İsraili əlamətlərlə, möcüzələrlə, qüdrətli əllə, uzanan qolunla böyük dəhşət saçaraq Misir torpağından çıxartdın. 22 Atalarına verəcəyinə and içdiyin bu torpağı – süd və bal axan torpağı onlara verdin. 23 Onlar gəlib torpağı özlərinə mülk etdilər, amma Sənin sözünə qulaq asmadılar, Sənin qanununa uyğun yaşamadılar, əmr etdiyin şeylərin heç birinə əməl etmədilər. Buna görə də bütün bu fəlakətləri başlarına gətirdin. 24 Şəhəri ələ keçirmək üçün divarlarının yanına torpaq qalaqları yığılır. Şəhər qılınc, aclıq və vəba üzündən oraya hücum edən Xaldeylilərə təslim ediləcək. Söylədiklərin yerinə yetdi, Sən də bunu görürsən! 25 Amma, ya Xudavənd Rəbb, Sən mənə ‹tarlanı gümüşlə özün üçün satın al və şahidlər çağır› dedin. Şəhər isə Xaldeylilərə təslim edilir”».

26 Yeremyaya Rəbbin bu sözü nazil oldu: 27 «Bütün bəşərin Allahı Rəbb Mənəm. Mənim edə bilməyəcəyim bir şey varmı? 28[78] Buna görə də Rəbb belə deyir: “Bax Mən bu şəhəri Xaldeylilərə və Babil padşahı Navuxodonosora təslim edəcəyəm, o da oranı alacaq. 29 Şəhərə hücum edən Xaldeylilər gəlib oraya od vuracaq. Şəhəri də, evləri də yandıracaqlar. O evlərin damlarında Baalın şərəfinə buxur yandırıb başqa allahlara içmə təqdimləri gətirərək Məni qəzəbləndirmişdilər. 30 Çünki İsrail və Yəhuda övladları cavanlıqlarından bəri həmişə gözümdə pis olan işlər görür. İsrail övladları gördükləri işlərlə Məni qəzəbləndirməkdən başqa bir şey etmədi” Rəbb belə bəyan edir. 31 “Bu şəhər tikildiyi vaxtdan indiyə qədər Məni o qədər qəzəbləndirdi ki, onu önümdən rədd edib atacağam. 32 Çünki İsrail və Yəhuda övladlarının – özlərinin, padşahlarının, başçılarının, kahinlərinin, peyğəmbərlərinin, Yəhudada və Yerusəlimdə yaşayanların Məni qəzəbləndirmək üçün etdikləri pisliklərin sayı-hesabı yoxdur. 33 Onlar Mənə üzlərini deyil, arxalarını çevirdi. Onları dəfələrlə öyrətdimsə də, Mənə qulaq asmadılar və dərs almadılar. 34[79] Mənim adımla çağırılan bu məbədə iyrənc bütlərini qoyaraq onu murdarladılar. 35[80][81] Ben-Hinnom dərəsində Molek bütünə qurban olaraq oğullarını və qızlarını odda qurban etməkdən ötrü Baal üçün səcdəgahlar qurdular. Mən belə iyrənc bir şeyi etməyi və Yəhudanı günaha batırmağı nə onlara buyurdum, nə də ağlıma gətirdim.

36 Siz bu şəhər barədə ‹qılınc, aclıq və vəba ilə Babil padşahına təslim edilir› deyirsiniz”. Amma indi İsrailin Allahı Rəbb deyir: 37 “Onları qızğın qəzəb və böyük hiddətlə sürgün etdiyim bütün ölkələrdən toplayacağam. Onları buraya qaytarıb əmin-amanlıq içində yaşamalarını təmin edəcəyəm. 38 Onlar Mənim xalqım olacaq, Mən də onların Allahı olacağam. 39 Onlara eyni ürək, eyni həyat tərzi verəcəyəm ki, özlərinin və övladlarının yaxşılığı üçün Mənə həmişə hörmət etsinlər. 40 Onlarla əbədi bir əhd bağlayacağam. Onlara yaxşılıq etməkdən dönməyəcəyəm, ürəklərinə elə təsir edəcəyəm ki, Mənə hörmət etsinlər və Məndən heç vaxt ayrılmasınlar. 41 Onlara yaxşılıq etməyə şad olacağam. Həqiqətən, bütün ürəyimlə, bütün canımla onları bu ölkədə dirçəldəcəyəm”.

42 Rəbb belə deyir: “Bu xalqın başına bütün bu böyük fəlakətləri necə gətirdimsə, söz verdiyim bütün yaxşılıqları da onlara bəxş edəcəyəm. 43 Sizin ‹viran olmuş, insansız, heyvansız qalmış, Xaldeylilərə təslim olunmuş› dediyiniz bu torpaqda yenə tarlalar satın alınacaq. 44 Binyamin bölgəsində, Yerusəlim ətrafındakı kəndlərdə, Yəhuda şəhərlərində, dağlıq bölgənin, yamaclı-düzənlikli bölgənin və Negevin şəhərlərində tarlalar gümüşlə satın alınacaq, satış qəbzləri şahidlərin önündə imzalanıb möhürlənəcək, çünki onların sürgün olunmuşlarını geri qaytaracağam” Rəbb belə bəyan edir».

33 redaktə

Vətənə qayıtmaq vədi

1 Yeremya hələ mühafizəçilər həyətində məhbus olanda ikinci dəfə ona Rəbbin sözü nazil oldu. 2 O dedi: «Dünyanı yaradan, qurub möhkəmləndirən, adı Rəbb Olan belə deyir: 3 “Məni çağır, sənə cavab verim, bilmədiyin böyük, dərkedilməz şeyləri sənə bildirim”.

4 Mühasirə zamanı torpaq qalaqları və qılınca qarşı sipər olmaq üçün bu şəhərin uçurulmuş evləri və Yəhuda padşahlarının uçurulmuş sarayları barədə İsrailin Allahı Rəbb belə deyir: 5 “Xaldeylilər vuruşmaq, evləri qəzəb və qızğınlıqla həlak etdiyim insanların cəsədləri ilə doldurmaq üçün gələcək. Bu insanların etdikləri pisliklərə görə bu şəhərdən üz döndərdim. 6 Yenə də bu şəhərə sağlamlıq və şəfa verəcəyəm. Əhalisini sağaldacağam, onların tam salamatlıq və əmin-amanlıq içində yaşamalarını təmin edəcəyəm. 7 Yəhuda və İsrail sürgünlərini yenə geri qaytaracağam. Onları əvvəlki kimi dirçəldəcəyəm. 8 Onları Mənə qarşı etdikləri bütün günahlardan təmizləyəcəyəm. Mənə qarşı etdikləri günahları da, üsyankarlıqları da bağışlayacağam. 9 Dünyanın bütün millətlərinin önündə bu şəhər Mənim üçün sevinc, tərif və şərəf mənbəyinə çevriləcək. Bu millətlər Yerusəlim xalqına etdiyim yaxşılıqları, verdiyim əmin-amanlığı görəndə qorxuya düşüb titrəyəcək”.

10 Rəbb belə deyir: “Deyirsiniz ki, bu şəhər viran olmuş, insansız və heyvansız qalmışdır. Ancaq tərk edilmiş, insansız və heyvansız qalmış Yəhuda şəhərlərində, Yerusəlim küçələrində 11[82] sevinc və şadlıq sədası, bəy-gəlin səsi, Rəbbin məbədinə şükür təqdimləri gətirənlərin səsi yenə eşidiləcək:

‹Ordular Rəbbinə şükür edin,
Çünki O, xeyirxahdır,
Məhəbbəti əbədidir›.
Çünki Mən ölkədən sürgün olunanları əvvəlki kimi geri qaytaracağam” Rəbb belə bəyan edir.

12 Ordular Rəbbi deyir: “Viran olmuş, insansız və heyvansız qalmış bu ölkənin bütün şəhərlərində yenə çobanların öz sürülərini dincəltdikləri otlaqlar olacaq. 13 Dağlıq bölgənin, yamaclı-düzənlikli bölgənin, Negev, Binyamin bölgəsinin şəhərlərində, Yerusəlimin ətrafındakı kəndlərdə, Yəhuda şəhərlərində sürülər yenə çoban dəyənəyinin altından keçəcək” Rəbb belə deyir.

14[83] Rəbb bəyan edir: “İsrail və Yəhuda nəslinə verdiyim xoş vədi yerinə yetirəcəyim günlər gəlir.

15 O zaman, o günlər
Davud üçün saleh bir Pöhrə yetişdirəcəyəm.
O, ölkədə ədalət və salehliklə davranacaq.
16 O günlər Yəhuda xilas olacaq,
Yerusəlim əmin-amanlıqda yaşayacaq.
O, ‹Rəbb salehliyimizdir› deyə çağırılacaq”.

17[84] Rəbb belə deyir: “Davud nəslindən İsrail taxtında oturan bir adam heç vaxt əskik olmayacaq. 18[85] Levili kahinlərdən önümə yandırma qurbanı gətirən, taxıl təqdimi yandıran, qurban kəsən bir kəs heç vaxt əskik olmayacaq”». 19 Yeremyaya Rəbbin bu sözü nazil oldu: 20 «Rəbb belə deyir: “Necə ki müəyyən vaxtlarda gecə və gündüz olması üçün gecə-gündüzlə kəsdiyim əhdi poza bilməzsiniz, 21 eləcə də padşahlıq etməsi üçün taxtında oturan bir oğlu barədə qulum Davudla və Mənə xidmət edən Levili kahinlərlə bağladığım əhd pozula bilməz. 22 Qulum Davudun nəslini və Mənə xidmət edən Levililəri saysız-hesabsız göy cisimləri və ölçülməz olan dəniz qumu qədər çoxaldacağam”». 23 Yeremyaya Rəbbin bu sözü nazil oldu: 24 «Bu xalqın “Rəbb seçdiyi iki ailəni rədd etdi” dediyini görmürsənmi? Xalqımı artıq bir millət kimi saymayaraq ona xor baxırlar. 25 Rəbb belə deyir: “Necə ki gecə-gündüzlə əhd bağlayıb yer və göyün dəyişməz qaydalarını qoydum, 26 eləcə də Yaqub nəsli ilə qulum Davudu da rədd etməyəcəyəm. Davudun oğullarından birini İbrahim, İshaq və Yaqub nəslinə padşahlıq etmək üçün seçəcəyəm. Çünki Mən onların sürgün olunmuşlarını geri qaytaracağam və onlara rəhm edəcəyəm”».

34 redaktə

Padşah Sidqiyaya müraciət

1[86] Babil padşahı Navuxodonosor öz hakimiyyəti altındakı bütün padşahlıqlar və xalqlardan yığılan ordusu ilə birgə Yerusəlimə və ətrafındakı şəhərlərə qarşı döyüşən vaxt Rəbdən Yeremyaya bu söz nazil oldu: 2 «İsrailin Allahı Rəbb deyir ki, get Yəhuda padşahı Sidqiya ilə danış, söylə ki, Rəbb belə deyir: “Bu şəhəri Babil padşahına təslim edəcəyəm və o buraya od vuracaq. 3 Sən Sidqiya onun əlindən qaçıb qurtulmayacaqsan, mütləq ələ keçib ona təslim ediləcəksən. Babil padşahını öz gözünlə görəcəksən, o səninlə üzbəüz danışacaq. Sonra Babilə aparılacaqsan”. 4 Ancaq, ey Yəhuda padşahı Sidqiya, Rəbbin sözünə qulaq as. Rəbb sənin barəndə belə deyir: “Qılıncla öldürülməyəcəksən, 5 əmin-amanlıqda öləcəksən. Səndən əvvəl padşah olan atalarının şərəfinə ətirli maddə yandırdıqları kimi sənin də şərəfinə ətirli maddə yandırıb ‹ah, ağamız› deyərək yas tutacaqlar. Çünki Mən Rəbb bunu söylədim”».

6 Yeremya peyğəmbər bütün bu sözləri Yerusəlimdə Yəhuda padşahı Sidqiyaya söylədi. 7 Həmin vaxt Babil padşahının ordusu Yerusəlimə və Yəhudanın hələ ələ keçirilməmiş şəhərləri olan Lakişə və Azeqaya hücum edirdi. Yəhudanın qalalı şəhərlərindən yalnız bunlar qalmışdı.

Qullara azadlıq

8 Padşah Sidqiya Yerusəlimdəki xalqla əhd kəsərək qulların azadlığını elan etdikdən sonra Rəbdən Yeremyaya söz nazil oldu. 9 Bu əhdə görə hər kəs İbrani xalqından olan kişi və qadın qullarını azad etməli, Yəhudi soydaşını yanında qul kimi saxlamamalı idi. 10 Bir-birləri ilə belə əhd bağlayan bütün başçılar və xalq buna qulaq asıb öz kişi və qadın qullarını azad etdilər, bir daha heç kəsi özlərinə qul etməyəcəklərinə söz verdilər, qulaq asıb qullarını azad etdilər. 11 Amma sonra fikirlərini dəyişib azad etdikləri kişi və qadın qulları yenə özlərinə qul etdilər.

12 Bundan sonra Rəbdən Yeremyaya bu söz nazil oldu: 13 «İsrail Allahı Rəbb belə deyir: “Mən atalarınızı Misir torpağından – köləlik diyarından çıxardığım gün onlarla əhd bağlayıb dedim: 14[87] ‹Sizə satılıb altı il qulluq edən İbrani soydaşlarınızı yeddinci il azad edib sərbəst buraxın›. Ancaq atalarınız Məni eşidib qulaq asmadı. 15 İndi isə siz tövbə edib gözümdə doğru olanı etdiniz. Hamınız soydaşlarınızın azadlığını elan etdiniz. Mənim önümdə, Mənim adımla çağırılan məbəddə bu barədə əhd bağladınız. 16 Amma sonra fikrinizi dəyişib adıma hörmətsizlik etdiniz. İstəklərinə görə azad etdiyiniz kişi və qadın qullarınızı təzədən zorla qul etdiniz”.

17 Buna görə də Rəbb belə deyir: “Qul olan soydaşlarınızı – öz həmvətənlərinizi azad etməyərək Mənə qulaq asmadınız. İndi Mən də sizə azadlıq – qılınc, vəba və aclıqdan məhv olmanız üçün azadlıq elan edəcəyəm. Sizi yer üzünün bütün ölkələrinin qarşısında dəhşətli hala salacağam. 18 Əhdimi pozan, önümdə bağladığım əhdin şərtlərinə əməl etməyən bu adamları iki yerə bölüb parçaları arasından keçdikləri dana kimi edəcəyəm. 19 Dana parçalarının arasından keçmiş Yəhuda və Yerusəlim başçılarını, saray əyanlarını, kahinləri və bütün ölkə xalqını 20 öz düşmənlərinə – canlarını almaq istəyənlərə təslim edəcəyəm. Cəsədləri göydəki quşlara və yerdəki heyvanlara yem olacaq. 21 Yəhuda padşahı Sidqiyanı və onun başçılarını canlarını almaq istəyən düşmənlərinə – Babil padşahının üzərinizdən çəkilən ordusuna təslim edəcəyəm”. 22 Rəbb bəyan edir: “Mən əmr edib Babilliləri bu şəhərə tərəf geri qaytaracağam. Onlar hücum edib şəhəri ələ keçirəcək, ona od vuracaq. Yəhuda şəhərlərini heç kəsin yaşamadığı bir viranəliyə çevirəcəyəm”».

35 redaktə

Rekavlıların nümunəsi

1[88] Yəhuda padşahı Yoşiya oğlu Yehoyaqimin dövründə Rəbdən Yeremyaya bu söz nazil oldu: 2 «Rekavlıların evinə gedib onlarla danış. Onları Rəbbin məbədinin otaqlarından birinə aparıb içməyə şərab ver». 3 Bunun üçün Xavassinya oğlu Yeremya oğlu Yaazanyanı, onun qardaşlarını, bütün övladlarını və Rekav ailəsinin o biri üzvlərini yanıma alıb 4 Allah adamı İqdalya oğlu Xananın oğullarının Rəbbin məbədindəki otağına apardım. Bu otaq astana keşik çəkən Şallum oğlu Maaseyanın otağı üzərindəki başçılar otağının yanında idi. 5 Mən Rekav ailəsinin üzvlərinin qabağına şərab dolu camlar və kasalar qoyaraq «buyurun, şərab için» dedim. 6 Lakin onlar dedi: «Biz şərab içmirik. Çünki atamız Rekav oğlu Yehonadav bizə belə əmr etdi: “Siz və nəsliniz heç vaxt şərab içməyin! 7 Özünüz üçün ev tikməyin, toxum əkməyin, bağ salmayın. Bu şeyləri almayın, etməyin, ömrünüz boyu çadırlarda yaşayın. Belə etsəniz, köç etdiyiniz torpaqlarda uzun müddət yaşayarsınız”. 8 Atamız Rekav oğlu Yehonadavın bizə əmr etdiyi hər şeyə qulaq asdıq. Nə biz, nə arvadlarımız, nə də oğul-qızlarımız heç vaxt şərab içmədik. 9 İçində yaşamaq üçün evlər tikmədik, bağlar, tarlalar və əkinlər salmadıq. 10 Çadırlarda yaşadıq. Atamız Yehonadav nə əmr etdisə, hamısına qulaq asıb əməl etdik. 11 Amma Babil padşahı Navuxodonosor bu ölkəyə hücum edən zaman “gəlin Xaldey və Aram ordusundan qaçmaq üçün Yerusəlimə gedək” dedik. Buna görə də Yerusəlimdə qalırıq».

12 Bundan sonra Yeremyaya Rəbbin bu sözü nazil oldu: 13 «İsrailin Allahı olan Ordular Rəbbi deyir ki, get Yəhuda adamlarına və Yerusəlimdə yaşayanlara bunları söylə: “Siz heç bir dərs almayacaq, sözlərimə qulaq asmayacaqsınız?” Rəbb belə bəyan edir. 14 “Rekav oğlu Yehonadav öz nəslinə şərab içməmələrini əmr etdi, nəsli də onun əmrinə əməl etdi və bu günə qədər də şərab içmirlər. Çünki atalarının əmrinə qulaq asdılar. Mən isə sizinlə dəfələrlə danışdığım halda Mənə qulaq asmadınız. 15 Öz qullarım olan peyğəmbərləri dəfələrlə sizin yanınıza göndərdim. Onlar sizə dedi: ‹İndi hər biriniz öz pis yolunuzdan dönün, əməllərinizi islah edin, başqa allahların tərəfdarı olaraq onlara qulluq etməyin. Onda sizə və atalarınıza verdiyim ölkədə yaşayacaqsınız›. Amma Məni eşitməyib qulaq asmadınız. 16 Rekav oğlu Yehonadavın övladları atalarının əmr etdiyinə əməl etdi, amma bu xalq Mənə qulaq asmadı”. 17 Buna görə də İsrailin Allahı olan Ordular Allahı Rəbb belə deyir: “Mən söylədiyim bütün fəlakətləri Yəhuda və Yerusəlimdə yaşayan hər kəsin başına gətirəcəyəm. Çünki onlara xəbərdarlıq etdim, qulaq asmadılar, onları çağırdım, cavab vermədilər”».

18 Yeremya Rekav nəslinə dedi: «İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Siz atanız Yehonadavın əmrinə qulaq asdınız, onun bütün əmrlərinə əməl etdiniz, sizə əmr etdiyi hər şeyi yerinə yetirdiniz”. 19 Buna görə də İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Rekav oğlu Yehonadavın nəslindən Mənə xidmət edən bir adam heç vaxt əskik olmayacaq”».

36 redaktə

Yehoyaqimin Yeremyanın tumarını yandırması

1[89] Yəhuda padşahı Yoşiya oğlu Yehoyaqimin padşahlığının dördüncü ilində Rəbdən Yeremyaya bu söz nazil oldu: 2 «Bir tumar götür, Yoşiyanın dövründə səninlə ilk dəfə danışdığım gündən indiyə qədər İsrail, Yəhuda və başqa millətlər haqqında sənə söylədiyim bütün sözləri oraya yaz. 3 Bəlkə Yəhuda xalqı başına gətirməyi niyyət etdiyim bütün fəlakətlər barəsində xəbər alanda öz pis yolundan dönər, Mən də onların təqsirlərini və günahlarını bağışlayaram». 4 O zaman Yeremya Neriya oğlu Baruku çağırdı. Baruk da Rəbbin Yeremyaya söylədiyi bütün sözləri onun dilindən eşidib tumara yazdı. 5 Yeremya Baruka əmr edib dedi: «Mən məhbusam, Rəbbin məbədinə gedə bilmərəm. 6 Sən oruc günü Rəbbin məbədinə get. Oradakı xalqa mənim dilimdən eşidib tumara yazdığın Rəbbin sözlərini oxu. Yəhuda şəhərlərindən gələn bütün xalqa bunu oxu. 7 Bəlkə onda Rəbbə yalvarışla müraciət edib öz pis yollarından dönərlər. Çünki Rəbbin bu xalq barədə ifadə etdiyi qəzəb və hiddət böyükdür». 8 Neriya oğlu Baruk Yeremya peyğəmbərin əmr etdiyi hər şeyə əməl etdi, tumarda yazılmış Rəbbin sözlərini Onun məbədində oxudu.

9 Yəhuda padşahı Yoşiya oğlu Yehoyaqimin padşahlığının beşinci ilinin doqquzuncu ayında Yerusəlimdə yaşayan və Yəhuda şəhərlərindən Yerusəlimə gələn bütün xalq Rəbbin önündə oruc elan etdi. 10 Mirzə Şafan oğlu Gemaryanın yuxarı həyətdə, məbədin Yeni darvazasının girişindəki otağında Baruk tumardan Yeremyanın sözlərini Rəbbin məbədinə yığışmış bütün xalqa oxudu.

11 Şafan oğlu Gemarya oğlu Mikeya tumardan oxunan Rəbbin sözlərini eşidən kimi 12 aşağı enib saraydakı mirzə otağına getdi. Bütün başçılar orada toplaşmışdı: mirzə Elişama, Şemaya oğlu Delaya, Akbor oğlu Elnatan, Şafan oğlu Gemarya, Xananya oğlu Sidqiya və başqaları. 13 Mikeya Barukun xalqa oxuduğu tumardan hər şeyi onlara danışdı.

14 Bundan sonra bütün başçılar Kuşi oğlu Şelemya oğlu Netanya oğlu Yehudini Barukun yanına göndərdi. Yehudi Baruka «xalqa oxuduğun tumarı götür gəl» dedi. Neriya oğlu Baruk əlində tumar onların yanına getdi. 15 Başçılar ona dedi: «Buyur əyləş, bunu bizə də oxu». Baruk da tumarı onlara oxudu. 16 Onlar bütün bu sözləri eşidəndə qorxu içində bir-birlərinə baxıb Baruka dedilər: «Bütün bu sözləri mütləq padşaha bildirməliyik». 17 Sonra Barukdan soruşdular: «İndi bizə söylə, bütün bu sözləri necə yazdın? Yeremya diktə etdimi?» 18 Baruk onlara dedi: «Bütün bu sözləri Yeremya mənə diktə etdi, mən də mürəkkəblə tumara yazdım». 19 Başçılar Baruka dedi: «Sən də, Yeremya da gedin gizlənin. Harada olduğunuzu heç kəs bilməsin».

20 Sonra onlar tumarı mirzə Elişamanın otağında qoyub həyətdə olan padşahın yanına getdilər. Eşitdikləri hər şeyi ona danışdılar. 21 Padşah tumarı götürüb gətirməsi üçün Yehudini göndərdi. Yehudi tumarı mirzə Elişamanın otağından götürüb gətirdi. Onu padşaha və padşahın yanında duran bütün başçılara oxudu. 22 Bu zaman doqquzuncu ay idi və padşah qış sarayında yaşayırdı. Onun önündə odlu manqal yanırdı. 23 Yehudi tumardan hələ üç-dörd sütun oxumuşdu ki, padşah mirzə bıçağı ilə onları kəsib manqaldakı oda atdı. Bunu o vaxta qədər etdi ki, bütün tumar manqalda yanıb-qurtardı. 24 Tumardakı bütün sözləri eşidən padşah və onun əyanları nə qorxuya düşdülər, nə də paltarlarını cırdılar. 25 Elnatan, Delaya və Gemarya tumarı yandırmaması üçün yalvarsa da, padşah onlara qulaq asmadı. 26 Əksinə, o, şahzadə Yeraxmeelə, Azriel oğlu Serayaya və Avdeel oğlu Şelemyaya əmr etdi ki, mirzə Baruku və Yeremya peyğəmbəri tutsunlar. Ancaq Rəbb onları gizlətmişdi.

27 Barukun Yeremyanın dilindən eşidib yazdığı tumarı padşah yandırandan sonra Rəbdən Yeremyaya bu söz nazil oldu: 28 «Başqa bir tumar götür, bütün əvvəlki sözləri – Yəhuda padşahı Yehoyaqimin yandırdığı ilk tumarda olanları oraya yaz. 29 Yəhuda padşahı Yehoyaqim üçün də söylə ki, Rəbb belə deyir: “Sən bu tumarı yandırıb söylədin ki, nə üçün Babil padşahının mütləq gəlib bu ölkəni xarabalığa çevirəcəyini, oradakı insanları da, heyvanları da məhv edəcəyini bu tumara yazdın?” 30 Buna görə də Yəhuda padşahı Yehoyaqim barədə Rəbb belə deyir: “Onun nəslindən heç kəs Davudun taxtında oturmayacaq. Cəsədi gündüzün istisinə, gecənin ayazına atılacaq. 31 Özünü, nəslini və əyanlarını günahlarından ötrü cəzalandıracağam. Haqqında danışdığım bütün fəlakətləri onların, Yerusəlimdə yaşayanların və Yəhuda adamlarının başına gətirəcəyəm, çünki qulaq asmadılar”».

32 Yeremya başqa bir tumar götürüb mirzə Neriya oğlu Baruka verdi. Yəhuda padşahı Yehoyaqimin oda atıb yandırdığı tumardakı bütün sözləri Baruk Yeremyanın diktəsi ilə tumara yazdı. O sözlərə bənzər bir çox söz də oraya əlavə olundu.

37 redaktə

Yeremya həbsxanada

1[90] Babil padşahı Navuxodonosorun Yəhudaya təyin etdiyi Yoşiya oğlu Sidqiya, Yehoyaqim oğlu Yehoyakinin yerinə padşah oldu. 2 Ancaq Yeremya peyğəmbər vasitəsilə Rəbbin söylədiyi sözlərə nə padşah Sidqiya, nə onun əyanları, nə də ölkə xalqı qulaq asdı. 3 Padşah Sidqiya Şelemya oğlu Yehukalı və Maaseya oğlu kahin Sefanyanı Yeremya peyğəmbərin yanına göndərdi ki, ona desinlər: «Bizim üçün Allahımız Rəbbə dua et». 4 O vaxt Yeremya xalqın arasında açıq gedib-gəlirdi, çünki onu hələ zindana atmamışdılar. 5 Bu zaman fironun qoşunları Misirdən çıxmışdı. Yerusəlimi mühasirəyə alan Xaldeylilər bu barədə xəbər eşidən kimi Yerusəlimdən çəkildi.

6 O vaxt Yeremya peyğəmbərə Rəbbin bu sözü nazil oldu: 7 «İsrailin Allahı Rəbb belə deyir: “Məndən soruşmaq üçün sizi yanıma göndərən Yəhuda padşahına söyləyin ki, sizə kömək etməyə çıxan fironun ordusu öz ölkəsinə – Misirə qayıdacaq. 8 Xaldeylilər yenə gəlib bu şəhərə hücum edəcək və onu ələ keçirib yandıracaq”. 9 Rəbb belə deyir: “Xaldeylilər mütləq geri çəkiləcək” deyib özünüzü aldatmayın, çünki onlar geri çəkilməyəcək. 10 Əgər sizə hücum edən bütün Xaldey ordusunu məğlub etsəniz və onların arasında yalnız yaralı adamlar qalsa belə, yenə hər biri öz çadırından qalxıb bu şəhəri yandıracaq». 11 Firon ordusunun üzündən Xaldey ordusu Yerusəlimdən çəkilən zaman 12 Yeremya Binyamin torpağına getmək üçün Yerusəlimdən yola düşdü. Oradakı xalq arasında öz irs payını almaq istəyirdi. 13 Binyamin darvazasına çatanda keşikçilərin başçısı Xananya oğlu Şelemya oğlu İriyanı orada gördü. İriya «sən Xaldeylilərin tərəfinə keçirsən» deyərək onu tutdu. 14 Yeremya «yalandır, mən Xaldeylilərin tərəfinə keçmirəm» dedi. Ancaq İriya Yeremyaya qulaq asmadı və onu tutub başçıların yanına gətirdi. 15 Başçılar Yeremyaya qəzəblənib onu döydülər. Sonra onu mirzə Yonatanın evinə – həbsxanaya saldılar, çünki o evi həbsxana etmişdilər. 16 Yeremya çəni olan zirzəmidə zindana salındı, uzun müddət orada qaldı.

17 O zaman padşah Sidqiya adam göndərib onu gətirtdi. Padşah öz sarayında gizlicə ondan soruşdu: «Rəbdən bir söz varmı?» Yeremya «var» deyə cavab verdi, «Babil padşahına təslim ediləcəksən». 18 Sonra Yeremya padşah Sidqiyaya dedi: «Sənə, əyanlarına və bu xalqa qarşı nə günah etdim ki, məni həbsxanaya saldınız? 19 “Babil padşahı sizə və bu ölkəyə hücum etməyəcək” deyə sizin üçün peyğəmbərlik edən peyğəmbərləriniz indi haradadır? 20 Ey ağam padşah, indi xahiş edirəm, qulaq as. Xahiş edirəm, bu yalvarışımı qəbul et və məni mirzə Yonatanın evinə qaytarma, qoy orada ölməyim». 21 Padşah Sidqiya əmr etdi və Yeremyanı keşikçilər həyətində saxladılar. Şəhərdə çörək ehtiyatı qurtarana qədər hər gün ona çörək bişirənlər küçəsindən gətirib bir parça çörək verirdilər. Beləcə Yeremya mühafizəçilər həyətində qaldı.

38 redaktə

Yeremyanın quyuya atılması

1 Mattan oğlu Şefatya, Paşxur oğlu Gedalya, Şelemya oğlu Yehukal və Malkiya oğlu Paşxur Yeremyanın bütün xalqa dediyi bu sözləri eşitdi: 2 «Rəbb belə deyir: “Bu şəhərdə qalan adam qılıncdan, aclıqdan və vəbadan öləcək. Ancaq Xaldeylilərə təslim olan yaşayacaq, heç olmasa öz canını qurtarıb sağ qalacaq”. 3 Rəbb belə deyir: “Bu şəhər hökmən Babil padşahının ordusuna təslim ediləcək və o bu şəhəri tutacaq”». 4 Başçılar padşaha dedi: «Qoy bu adam öldürülsün. Çünki belə sözlər deyib bu şəhərdə salamat qalan döyüşçüləri və bütün xalqı ruhdan salır. Yəqin bu adam xalqa yaxşılıq deyil, pislik arzulayır». 5 Padşah Sidqiya dedi: «Onu sizin əlinizə verirəm, çünki padşah sizin əleyhinizə bir iş görə bilməz». 6 O zaman onlar Yeremyanı götürüb padşahın oğlu Malkiyanın mühafizəçilər həyətində olan quyusuna atdılar. Yeremyanı kəndirlə oraya saldılar. Quyuda su yox idi, yalnız çirkab var idi. Yeremya çirkaba batdı.

7 Padşah sarayında olan hərəmağası Kuşlu Eved-Melek Yeremyanın quyuya atıldığını eşitdi. Bu zaman padşah Binyamin darvazasında oturmuşdu. 8 Eved-Melek padşah sarayından gəlib padşaha belə söylədi: 9 «Ağam padşah, bu adamlar Yeremya peyğəmbəri quyuya ataraq onunla pis rəftar etdi. O orada acından öləcək, çünki daha şəhərdə çörək qalmadı». 10 Padşah Kuşlu Eved-Melekə əmr edib dedi: «Özünlə otuz nəfər götür, nə qədər ki ölməyib, Yeremya peyğəmbəri quyudan çıxart». 11 Eved-Melek adamları özü ilə götürüb saray xəzinəsinin altında olan bir otağa girdi və oradan yırtıq paltarlar, cırıq əskilər götürdü. Sonra onları iplərlə quyuya Yeremyaya salladılar. 12 Kuşlu Eved-Melek Yeremyaya dedi: «Yırtıq paltarları və əskiləri iplərin üstündən qoltuqlarının altına qoy». Yeremya belə də etdi. 13 Yeremyanı iplərlə çəkib quyudan çıxartdılar. Yeremya mühafizəçilər həyətində qaldı.

Sidqiyanın yenə Yeremyaya sual verməsi

14 Padşah Sidqiya adam göndərib Yeremya peyğəmbəri öz yanına – Rəbbin məbədinin üçüncü girişinə gətirdi. Padşah Yeremyaya dedi: «Səndən bir şey soruşacağam, məndən heç nə gizlətmə». 15 Yeremya Sidqiyaya dedi: «Sənə bildirsəm, məni öldürəcəksən. Sənə nəsihət versəm də, mənə qulaq asmayacaqsan». 16 Padşah Sidqiya Yeremyaya gizlicə and içib dedi: «Bizə nəfəs verən, var olan Allaha and olsun ki, səni öldürməyəcəyəm və canını almaq istəyən adamlara təslim etməyəcəyəm».

17 Yeremya Sidqiyaya dedi: «İsrailin Allahı olan Ordular Allahı Rəbb belə deyir: “Əgər sən Babil padşahının başçılarına təslim olsan, canın qurtaracaq və bu şəhər də odda yanmayacaq, ailənlə birgə sağ qalacaqsan. 18 Ancaq Babil padşahının başçılarına təslim olmasan, bu şəhər Xaldeylilərə təslim ediləcək və onu yandıracaqlar. Sən də onların əlindən qaçıb qurtara bilməyəcəksən”». 19 Padşah Sidqiya Yeremyaya dedi: «Xaldeylilərin tərəfinə keçən Yəhudilərdən qorxuram. Xaldeylilər məni onların əlinə verə bilər, onlar da mənimlə pis rəftar edər». 20 Yeremya dedi: «Verməzlər. Xahiş edirəm, sənə söyləyəcəyimə əməl edərək Rəbbin sözünə qulaq as. Onda xeyir taparsan, canın da amanda qalar. 21 Ancaq sən təslim olmaq istəmədiyin halda Rəbb mənə bunu göstərir: 22 Yəhuda padşahının sarayında qalan bütün qadınlar Babil padşahına təslim ediləcək. Onda o qadınlar deyəcək:

“Güvəndiyin adamlar səni aldadıb
Məğlubiyyətə düçar etdi.
Ayaqların palçığa batanda
Onlar səni qoyub qaçdı”.

23 Sənin bütün arvadların və oğulların Xaldeylilərə təslim ediləcək. Özün də onların əlindən qaçıb qurtara bilməyəcəksən, Babil padşahı səni ələ keçirəcək. Bu şəhər də yandırılacaq».

24 Sidqiya Yeremyaya dedi: «Bu söhbəti heç kəs bilməməlidir, yoxsa ölə bilərsən. 25 Əgər səninlə danışdığımı başçılar eşitsə, yanına gəlib “padşaha nə söylədin və padşah sənə nə dedi, bizə bildir, bizdən gizlətmə, yoxsa səni öldürərik” desə, 26 onlara “padşaha yalvardım ki, məni Yonatanın evinə qaytarmasın və orada ölməyim” söylə».

27 Bütün başçılar Yeremyanın yanına gəlib ondan söz soruşdu. O da padşahın əmr etdiyi kimi bütün bu sözləri onlara söylədi. Daha ona bir söz demədilər, çünki bu söhbəti heç kəs eşitməmişdi. 28[91] Yerusəlim alındığı zaman Yeremya orada idi və mühafizəçilər həyətində qalırdı.

39 redaktə

Yerusəlimin süqutu
(2Pad. 25:1-12; Yer. 52:4-16)

1 Yəhuda padşahı Sidqiyanın padşahlığının doqquzuncu ilinin onuncu ayında Babil padşahı Navuxodonosor bütün ordusu ilə Yerusəlimin qarşısına gəlib şəhəri mühasirəyə aldı. 2 Sidqiyanın padşahlığının on birinci ilində, dördüncü ayın doqquzuncu günü şəhər divarında dəlik açıldı. 3 Babil padşahının bütün başçıları – Nerqal-Sareser, Samqar-Nevo, baş məmur Sarsekim, baş məsləhətçi Nerqal-Sareser və bütün başqa əyanlar içəri girib Orta darvazada oturdu.

4 Yəhuda padşahı Sidqiya və bütün döyüşçülər onları görəndə gecə vaxtı şəhərdən, padşah bağçası yolundan, iki divar arasındakı qapıdan çıxıb qaçdılar və Aravaya üz tutdular. 5 Xaldey ordusu onları təqib edib Yerixo düzənliyində Sidqiyaya çatdı. Sidqiyanı tutub Xamat torpağındakı Rivlaya, Babil padşahı Navuxodonosorun yanına gətirdilər. O, Sidqiya barədə hökm verdi. 6 Babil padşahı Rivlada Sidqiyanın gözü önündə onun oğlanlarını öldürtdü. Babil padşahı bütün Yəhuda əyanlarını da öldürtdü. 7 Sidqiyanın isə gözlərini kor etdi və onu Babilə aparmaq üçün zəncirlədi. 8 Xaldeylilər padşah sarayını və xalqın evlərini yandırdılar, Yerusəlimin divarlarını uçurtdular. 9 Keşikçilər rəisi Nevuzaradan şəhərdə sağ qalan xalqı, onun tərəfinə keçənləri – sağ qalan bütün əhalini Babilə sürgün etdi. 10 Keşikçilər rəisi Nevuzaradan xalqdan heç bir şeyi olmayan bəzi yoxsulları Yəhuda torpağında saxladı, həmin gün onlara üzümlüklər və zəmilər verdi.

Yeremyanın azad olunması

11 Babil padşahı Navuxodonosor Yeremya barədə keşikçilər rəisi Nevuzaradana əmr edib dedi: 12 «Onu aparıb yaxşı bax, pis rəftar etmə. Özü sənə nə desə, onu elə». 13 Keşikçilər rəisi Nevuzaradan, baş məmur Nevuşazban, baş məsləhətçi Nerqal-Sareser və Babil padşahının başqa əyanları adam göndərib 14 Yeremyanı mühafizəçilər həyətindən gətirdilər və evinə aparmaq üçün Şafan oğlu Axiqam oğlu Gedalyaya tapşırdılar. O da xalqın arasında yaşamağa başladı.

15 Mühafizəçilər həyətində məhbus ikən Yeremyaya Rəbbin bu sözü nazil olmuşdu: 16 «Get Kuşlu Eved-Melekə söylə ki, İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Bu şəhərin üzərinə yaxşılıq deyil, pislik gətirərək dediyim sözləri yerinə yetirəcəyəm. O gün bunlar sənin gözlərin önündə baş verəcək. 17 Ancaq o gün səni xilas edəcəyəm” Rəbb belə bəyan edir. “Qorxduğun adamlara təslim edilməyəcəksən. 18 Bəli, Mən səni xilas edəcəyəm, sən qılıncla həlak olmayacaqsan. Heç olmasa öz canını qurtaracaqsan, çünki sən Mənə güvəndin” Rəbb belə bəyan edir».

40 redaktə

Yeremya Gedalyanın yanında

1 Keşikçilər rəisi Nevuzaradan Yeremyanı Ramada qoyub getdikdən sonra Rəbbin sözü Yeremyaya nazil oldu. Nevuzaradan onu Babilə sürgün olunan bütün Yerusəlim və Yəhuda xalqı ilə birgə zəncirlənmiş halda Ramaya aparmışdı. 2 Keşikçilər rəisi Yeremyanı tapıb ona dedi: «Bu yerin başına Allahın Rəbb bu bəlanı gətirəcəyini söylədi, 3 sonra da onu yerinə yetirib dediyi kimi etdi. Çünki Rəbbə qarşı günah etdiniz, sözünə qulaq asmadınız, buna görə də başınıza bu iş gəldi. 4 İndi səni əlinə vurulan zəncirlərdən azad edirəm. Əgər mənimlə birgə Babilə getmək istəyirsənsə, gəl gedək, sənin qayğına qalaram. Ancaq mənimlə birgə Babilə getmək istəmirsənsə, getmə. Bax bütün ölkə sənin qarşındadır, hara getmək sənin üçün yaxşı və düzgündürsə, ora da get».

5 Yeremya hələ qayıtmamış Nevuzaradan dedi: «Babil padşahının Yəhuda şəhərləri üzərinə qoyduğu Şafan oğlu Axiqam oğlu Gedalyanın yanına qayıt və onunla birgə xalq arasında yaşa. Yaxud da hara getmək istəyirsən, ora get». Keşikçilər rəisi ona azuqə və hədiyyə verib buraxdı. 6 Yeremya Mispaya Axiqam oğlu Gedalyanın yanına getdi və onunla birgə ölkədə qalan xalq arasında yaşadı.

Gedalyanın öldürülməsi (2Pad. 25:22-26)

7 Çöldə olan bütün qoşun başçıları və onların adamları eşitdi ki, Babil padşahı, Axiqam oğlu Gedalyanı ölkəyə başçı qoymuş və ölkənin yoxsul əhalisindən Babilə sürgün olunmamış kişiləri, qadınları və uşaqları onun ixtiyarına vermişdir. 8 Bu adamlar Mispaya, Gedalyanın yanına gəldi: Netanya oğlu İsmail, Qareahın oğulları Yoxanan və Yonatan, Tanxumet oğlu Seraya, Netofalı Efayın oğulları, Maakalının oğlu Yezanya və onların adamları. 9 Şafan oğlu Axiqam oğlu Gedalya onlara və öz adamlarına and içib dedi: «Xaldeylilərə qulluq etməkdən qorxmayın. Ölkədə qalıb Babil padşahına qulluq edin, sizin üçün yaxşı olar. 10 Mənə gəlincə, bizim yanımıza gələcək Xaldeylilərin qabağında sizi təmsil etmək üçün Mispada qalacağam. Ancaq siz şərab, yay meyvələri və zeytun yağı yığıb qablarınıza doldurun və aldığınız şəhərlərdə yaşayın».

11 Moavda, Ammonlular arasında, Edomda və başqa ölkələrdə olan bütün Yəhudilər Babil padşahının Yəhudada müəyyən sayda əhali saxladığını və Şafan oğlu Axiqam oğlu Gedalyanı onlara başçı qoyduğunu eşitdi. 12 Yəhudilərin hamısı sürgün olunduqları bütün yerlərdən qayıtdı. Yəhuda torpağına, Mispada olan Gedalyanın yanına gəldilər, çoxlu şərab və yay meyvələri topladılar.

13 Qareah oğlu Yoxanan və çöllərdə olan bütün qoşun başçıları Mispada olan Gedalyanın yanına gəlib 14 ona dedi: «Ammonluların padşahı Baalisin sənin canını almaq üçün Netanya oğlu İsmaili göndərdiyini bilirsənmi?» Ancaq Axiqam oğlu Gedalya onlara inanmadı. 15 Qareah oğlu Yoxanan Mispada Gedalyaya gizlicə söylədi: «Burax gedim, Netanya oğlu İsmaili öldürüm, heç kəs bilməyəcək. Nə üçün o səni öldürsün və ətrafına yığılmış bütün Yəhudilər dağılsın, Yəhudadan sağ qalanlar da məhv olsun?» 16 Ancaq Axiqam oğlu Gedalya Qareah oğlu Yoxanana dedi: «Bu işi etmə, çünki İsmail barəsində yalan danışırsan».

41 redaktə

1[92] Elə oldu ki, yeddinci ayda padşah nəslindən və əyanlarından olan Elişama oğlu Netanya oğlu İsmail on nəfərlə birgə Mispaya, Axiqam oğlu Gedalyanın yanına gəldi. Orada birlikdə yemək yeyərkən 2 Netanya oğlu İsmail və onunla birgə olan on nəfər qalxıb Babil padşahının ölkəyə başçı qoyduğu Şafan oğlu Axiqam oğlu Gedalyanı qılıncla vurub-öldürdülər. 3 İsmail Mispada Gedalya ilə birgə olan bütün Yəhudiləri və oradakı Xaldey döyüşçülərini də öldürdü. 4 Gedalyanın öldürülməsindən bir gün sonra, hələ heç kəs olanları bilməyərkən 5 Şekemdən, Şilodan və Samariyadan saqqalları qırxılmış, paltarları cırıq, bədənlərinə yara vurmuş, Rəbbin məbədinə gətirmək üçün əllərində taxıl təqdimi və buxur olan səksən nəfər adam gəldi. 6 Onları qarşılamaq üçün Mispadan Netanya oğlu İsmail gəldi. O ağlaya-ağlaya adamların qabağına çıxıb onlara dedi: «Axiqam oğlu Gedalyanın yanına gəlin». 7 Adamlar şəhərə girəndə Netanya oğlu İsmail və yanında olan adamlar onları öldürüb cəsədlərini quyuya atdılar. 8 Ancaq onlar arasında olan on nəfər İsmailə dedi: «Bizi öldürmə, çünki bizim tarlada saxlanan buğda, arpa, zeytun yağı və balımız var». İsmail də fikrindən dönüb onları yoldaşları ilə birgə öldürmədi.

9 İsmailin öldürdüyü Gedalya ilə adamlarının cəsədlərini atdığı quyunu padşah Asa İsrail padşahı Baaşaya qarşı müdafiə tədbiri olaraq qazmışdı. Netanya oğlu İsmail onu öldürülənlərlə doldurdu. 10 Sonra İsmail keşikçilər rəisi Nevuzaradanın Axiqam oğlu Gedalyanın ixtiyarına verdiyi Mispadakı bütün xalqı və padşah qızlarını əsir tutdu. Netanya oğlu İsmail Mispada qalan bütün xalqı əsir götürüb Ammonlulara sığınmaq üçün yola düşdü. Yoxananın xalqı xilas etməsi

11 Qareah oğlu Yoxanan və onunla birgə olan bütün qoşun başçıları Netanya oğlu İsmailin etdiyi bütün pisliklər barədə eşitdi. 12 Onda bütün adamlarını götürüb Netanya oğlu İsmaillə vuruşmağa getdilər. Onu Giveonda olan böyük hovuzun yanında tapdılar. 13 İsmailin yanında olan bütün xalq Qareah oğlu Yoxananı və onunla olan bütün qoşun başçılarını görəndə sevindi. 14 İsmailin Mispadan sürgün etdiyi bütün xalq dönüb geri qayıtdı və Qareah oğlu Yoxananın yanına getdi. 15 Ancaq Netanya oğlu İsmail səkkiz nəfərlə birgə Yoxanandan qaçıb-qurtuldu və Ammonluların yanına getdi. 16 Qareah oğlu Yoxanan və yanındakı bütün qoşun başçıları sağ qalanların hamısını – Axiqam oğlu Gedalyanı öldürən Netanya oğlu İsmailin Mispadan əsir apardığı döyüşçüləri, qadınları, uşaqları və hərəmağalarını Giveondan götürüb gətirdilər. 17 Xaldeylilərdən qaçmaq üçün Misirə tərəf yola düşdülər və Bet-Lexem yaxınlığındakı Gerut-Kimhamda qaldılar. 18 Çünki Netanya oğlu İsmail Babil padşahının ölkəyə başçı qoyduğu Axiqam oğlu Gedalyanı öldürdüyü üçün Xaldeylilərdən qorxurdular.

42 redaktə

Yeremyanın duasına Rəbbin cavabı

1 Bütün qoşun başçıları, Qareah oğlu Yoxanan, Hoşaya oğlu Yezanya[93] və böyükdən kiçiyə qədər bütün xalq yaxınlaşıb 2 Yeremya peyğəmbərə dedi: «Xahiş edirik, yalvarışımız sənə məqbul olsun, bizim üçün – bu qalan xalq üçün Allahın Rəbbə dua et, çünki necə ki görürsən, o boyda xalqdan azalıb bu qədər qalmışıq. 3 Qoy hara gedəcəyimizi, nə edəcəyimizi Allahın Rəbb bizə bildirsin». 4 Yeremya peyğəmbər onlara dedi: «Razıyam. İstədiyiniz kimi Allahınız Rəbbə dua edəcəyəm və barənizdə Rəbb nə cavab versə, sizə bildirəcəyəm. Sizdən heç nəyi gizli saxlamayacağam». 5 Onlar Yeremyaya dedi: «Allahın Rəbbin bizə bildirmək üçün sənə nazil etdiyi hər sözə əməl etməsək, qoy Rəbb Özü əleyhimizə həqiqi və etibarlı şahid olsun. 6 Səni yanına göndərdiyimiz Allahımız Rəbbin sözünü bəyənsək də, bəyənməsək də, ona qulaq asacağıq ki, işimiz yaxşı getsin. Bəli, Allahımız Rəbbin sözünə qulaq asacağıq».

7 On gün sonra Rəbbin sözü Yeremyaya nazil oldu. 8 Qareah oğlu Yoxananı, onunla birgə olan bütün qoşun başçılarını, böyükdən kiçiyə qədər bütün xalqı çağırıb 9 onlara dedi: «Yalvarışınızı önünə təqdim etmək üçün məni yanına göndərdiyiniz İsrailin Allahı Rəbb belə deyir: 10 “Əgər bu ölkədə qalsanız, Mən sizi dirçəldərəm, daha dağıtmaram, sizi əkərəm, daha çıxarmaram. Çünki başınıza gətirdiyim bütün bəlalara görə təəssüflənirəm. 11 Babil padşahından qorxmayın. Siz ondan qorxursunuz, ancaq qorxmayın” Rəbb belə bəyan edir. “Çünki Mən sizinləyəm və sizi azad edib onun əlindən qurtaracağam. 12 Mən sizə mərhəmət göstərəcəyəm ki, o da rəhm edib sizi öz torpağınıza qaytarsın”. 13 Ancaq siz “bu torpaqda yaşamayacağıq” deyərək Allahınız Rəbbin sözünə qulaq asmasanız, 14 “yox, biz Misir torpağına gedəcəyik, orada müharibə görməyəcəyik, şeypur səsi eşitməyəcəyik, aclıq çəkməyəcəyik və orada qalacağıq” desəniz, 15 onda, ey qalan Yəhudalılar, Rəbbin sözünü eşidin. İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Əgər siz, doğrudan da, Misirə gedib orada sakin olmağı qərara alsanız, 16 o zaman qorxduğunuz həmin qılınc Misir torpağında sizə yetişəcək. Qorxduğunuz aclıq Misirdə sizi təqib edəcək və orada öləcəksiniz. 17 Misirə gedib sakin olmağı qərara alan hər kəs qılınc, aclıq və vəbadan öləcək. Onlardan heç kəs sağ qalmayacaq, başlarına gətirdiyim bəladan qaçıb qurtarmayacaq”.

18 Çünki İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Yerusəlimdə yaşayanların üzərinə necə qəzəbim və qızğınlığım töküldüsə, siz Misirə getsəniz, eləcə qızğınlığım üzərinizə töküləcək. Siz lənət, dəhşət, nifrin və rüsvayçılıq hədəfi olacaqsınız. Bir daha bu yeri görməyəcəksiniz”. 19 Ey Yəhudanın qalan camaatı, sizin üçün Rəbb “Misirə getməyin” söylədi. Yaxşı bilin ki, bu gün sizə xəbərdarlıq etdim. 20 Çünki siz fəlakət gətirən bir səhv etdiniz. Məni Allahınız Rəbbin yanına göndərib dediniz: “Allahımız Rəbbə bizim üçün dua et, Allahımız Rəbbin deyəcəyi hər şeyi bizə bildir, biz elə də edərik”. 21 Mən bu gün sizə xəbər verdim, ancaq siz məni yanınıza göndərdiyi heç bir işdə Allahınız Rəbbin sözünə qulaq asmadınız. 22 İndi yaxşı bilin ki, gedib sakin olmaq istədiyiniz yerdə qılınc, aclıq və vəbadan öləcəksiniz».

43 redaktə

Yeremyanın Misirə aparılması

1 Yeremya bütün xalqa özlərinin Allahı Rəbbin sözlərini, Onun Yeremya vasitəsilə onlara nazil etdiyi hər şeyi söyləməyi qurtaranda 2 Xoşaya oğlu Azarya, Qareah oğlu Yoxanan və bütün dikbaş adamlar Yeremyaya dedi: «Sən yalan söyləyirsən. “Gedib Misirdə sakin olmayın” demək üçün Allahımız Rəbb səni bizim yanımıza göndərmədi. 3 Ancaq Neriya oğlu Baruk səni bizə qarşı təhrik edir ki, Xaldeylilər bizi öldürsün yaxud da Babilə sürgün etsin». 4 Qareah oğlu Yoxanan, bütün qoşun başçıları və xalq Rəbbin Yəhuda torpağında qalmaq əmrinə qulaq asmadı. 5[94] Əksinə, Qareah oğlu Yoxanan və bütün qoşun başçıları sürgün olunduqları millətlərin arasından Yəhuda torpağında sakin olmaq üçün qayıdan Yəhudalıların qalanını – 6 kişiləri, qadınları, uşaqları, padşahın qızlarını, keşikçilər rəisi Nevuzaradanın Şafan oğlu Axiqam oğlu Gedalyanın yanında qoyduğu hər kəsi, Yeremya peyğəmbəri və Neriya oğlu Baruku götürüb getdilər. 7 Onlar Rəbbin sözünə qulaq asmayıb Misir torpağına getdi və Taxpanxesə çatdı. 8 Taxpanxesdə Yeremyaya Rəbbin bu sözü nazil oldu: 9 «Əlinə böyük daşlar al və onları Yəhuda kişilərinin gözü önündə Taxpanxesə firon sarayına girilən yerdə olan kərpic döşəmənin palçığında gizlət. 10 Sonra onlara söylə ki, İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Bax Mən xəbər göndərib qulum Babil padşahı Navuxodonosoru gətirdəcəyəm və gizlətdiyim bu daşların üstündə onun taxtını quracağam. Padşah öz çadırını onların üstündə açacaq. 11[95] O gəlib Misir ölkəsini məğlub edəcək. Ölüm üçün ayrılanlar ölümə, sürgün üçün ayrılanlar sürgünə, qılınc üçün ayrılanlar qılınca təslim ediləcək. 12 Misir allahlarının məbədlərində od qalayacağam. Babil padşahı onları yandıracaq, bütləri alıb aparacaq. Bir çoban paltarını necə bitdən təmizləyirsə, o da Misir ölkəsini eləcə təmizləyəcək. Sonra oradan sağ-salamat çıxacaq. 13 O, Misir torpağında Günəş allahının məbədinin dik daşlarını dağıdacaq, Misir allahlarının məbədlərini yandıracaq”».

44 redaktə

Yeremyanın Misirdəki Yəhudalılara müraciəti

1 Misir ölkəsində, Miqdolda, Taxpanxesdə, Nofda yaşayan və Patros torpağında sakin olan bütün Yəhudalılar barədə Yeremyaya bu söz nazil oldu: 2 «İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Yerusəlim və bütün Yəhuda şəhərləri üzərinə gətirdiyim bəlanın hamısını gördünüz. 3 Etdikləri pislikdən ötrü o şəhərlər bu gün viran olmuş və sakinsiz qalmışdır. Onlar özlərinin, sizin və atalarının tanımadıqları başqa allahlara buxur yandırıb qulluq edərək Məni qəzəbləndirdi. 4 Mən dəfələrlə qullarım olan peyğəmbərləri sizin yanınıza göndərib ‹Mənim nifrət etdiyim iyrənc işləri görməyin› dedim. 5 Ancaq onlar eşitmədi, qulaq asmadı. Pisliklərindən dönmədilər, başqa allahlara buxur yandırmağı dayandırmadılar. 6 Buna görə də qızğınlığım və qəzəbim daşıb-töküldü, Yəhuda şəhərlərində, Yerusəlim küçələrində od qaladı. Onlar bu gün olduğu kimi xaraba və viranə oldular”. 7 İndi İsrailin Allahı – Ordular Allahı Rəbb belə deyir: “Kişinizi də, qadınınızı da, uşağınızı da, südəmərinizi də Yəhuda içində qırıb-çatacağam ki, sizdən heç kəs sağ qalmasın. 8 Sakin olmaq üçün gəldiyiniz Misir torpağında əlinizlə düzəltdiyiniz başqa allahlara buxur yandırmaqla Məni qəzəbləndirdiniz. Beləcə öz başınıza fəlakət gətirirsiniz. Dünyanın bütün millətlərinin qarşısında lənət və rüsvayçılıq hədəfinə çevriləcəksiniz. 9 Yəhuda ölkəsində, Yerusəlim küçələrində atalarınızın, Yəhuda padşahlarının, onların arvadlarının, sizin və arvadlarınızın etdikləri pislikləri unutdunuzmu? 10 Bu günə qədər itaətkarlıq etmədilər, qorxmadılar, qanunuma, sizə və atalarınıza verdiyim qaydalara əməl etmədilər”. 11 Buna görə də İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Bax Mən sizə pislik edib bütün Yəhudalıları qırıb-çatmağı qərara aldım. 12 Misirə gəlib sakin olmağı qərara alan Yəhudanın sağ qalanlarını aradan götürəcəyəm və onların hamısı Misir ölkəsində həlak olacaq. Qılıncdan keçiriləcək və aclıqdan tələf olacaqlar, böyükdən kiçiyə qədər qılınc və aclıqdan öləcəklər. Lənət, dəhşət, nifrin və rüsvayçılıq hədəfinə çevriləcəklər. 13 Yerusəlimi qılınc, aclıq və vəba ilə necə cəzalandırdımsa, Misir torpağında yaşayanları da eləcə cəzalandıracağam. 14 Sakin olmaq üçün Misir torpağına gələn Yəhudanın sağ qalanlarından heç kəs qaçıb qurtarmayacaq, heç kəs salamat qalıb Yəhuda torpağına qayıtmayacaq. Oraya qayıdıb sakin olmaq istəsələr də, bir neçə qaçqından başqa qayıdan olmayacaq”».

15 Arvadlarının başqa allahlara buxur yandırdıqlarını bilən bütün kişilər, orada dayanan qadınlar – böyük bir camaat və Misir torpağında, Patrosda yaşayan bütün xalq Yeremyaya müraciət edib dedi: 16 «Sənin bizə Rəbbin adı ilə söylədiyin sözə qulaq asmayacağıq. 17 Dediyimiz hər şeyi mütləq edəcəyik: Göylər Mələkəsi ilahəyə buxur yandırıb içmə təqdimləri verəcəyik. Bir zamanlar bu işi biz, atalarımız, padşahlarımız və başçılarımız Yəhuda şəhərlərində, Yerusəlim küçələrində etdik. O zaman çörəklə doyur, uğur qazanır və heç bir zərər görmürdük. 18 Göylər Mələkəsi ilahəyə buxur yandırmağı, ona içmə təqdimlər verməyi dayandırdığımız vaxtdan bəri hər şeyə möhtac olduq, qılınc və aclıqdan həlak oluruq». 19 Qadınlar da dedi: «Biz Göylər Mələkəsi ilahəyə buxur yandırarkən, ona içmə təqdimləri verərkən məgər ərlərimizin xəbəri yox idi ki, onun təsvirinə oxşar kökələr düzəldib içmə təqdimləri veririk?»

20 O zaman Yeremya kişilərə və qadınlara – ona bu cavabı vermiş bütün xalqa belə dedi: 21 «Sizin, atalarınızın, padşahlarınızın, başçılarınızın və ölkə xalqının Yəhuda şəhərlərində və Yerusəlim küçələrində buxur yandırmağınızı Rəbb yadına salmadımı, ağlına gətirmədimi? 22 Rəbb pis işlərinizə, etdiyiniz iyrənc şeylərə daha dözə bilmir. Ona görə də indi ölkəniz sakini olmayan xarabalığa, viranəliyə və lənət hədəfinə çevrildi. 23 Siz buxur yandırıb Rəbbə qarşı günah etdiniz, Rəbbin sözünə qulaq asmadınız, qanununa, qaydalarına və göstərişlərinə əməl etmədiniz. Buna görə də bu gün başınıza bu fəlakət gəldi».

24 Yeremya qadınlar da daxil olmaqla bütün xalqa dedi: «Ey Misirdə olan bütün Yəhuda xalqı, Rəbbin sözünə qulaq asın. 25 İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Göylər Mələkəsi ilahəyə buxur yandırıb içmə təqdimləri gətirməklə verdiyimiz vədi mütləq yerinə yetirəcəyik” deyərək siz və arvadlarınız dilinizlə dediyinizi öz əlinizlə yerinə yetirdiniz. Eybi yox, verdiyiniz sözə əməl edin və vədlərinizi yerinə yetirin.

26 Ey Misir torpağında yaşayan bütün Yəhuda xalqı, bu işlərə görə Rəbbin sözünü eşidin: “Mən Öz böyük adıma and içdim ki, bir daha Misir torpağında heç bir Yəhudalı şəxs ‹var olan Xudavənd Rəbbin haqqına and olsun› deyib Mənim adımı çəkməyəcək. 27 İndi Mən onlara yaxşılıq etmək üçün deyil, pislik etmək üçün məqam gözləyirəm. Misir torpağında olan bütün Yəhudalılar yox olana qədər qılınc və aclıqdan həlak olacaq. 28 Az sayda adam qılıncdan qurtarıb Misir torpağından Yəhuda torpağına qayıdacaq. Misir torpağına sakin olmağa gələn Yəhuda xalqından sağ qalanların hamısı o zaman biləcək ki, kimin sözü yerinə yetdi, Mənimki yoxsa onlarınkı? 29 Mən sizi bu yerdə cəzalandıracağam ki, başınıza bəla gələcəyi barədə sözlərimin mütləq yerinə yetəcəyini biləsiniz” Rəbb belə bəyan edir. “Bunun əlaməti belə olacaq”. 30[96] Rəbb belə deyir: “Yəhuda padşahı Sidqiyanı canını almaq istəyən düşməni Babil padşahı Navuxodonosora necə təslim etdimsə, Misir padşahı firon Xofranı da canını almaq istəyən düşmənlərinə eləcə təslim edəcəyəm”».

45 redaktə

Allahın Baruka vədi

1[97] Yəhuda padşahı Yoşiya oğlu Yehoyaqimin padşahlığının dördüncü ilində Neriya oğlu Baruk, Yeremyanın dediyi bu sözləri kitaba yazanda Yeremya peyğəmbər ona belə söylədi: 2 «Ey Baruk, sənin barəndə İsrailin Allahı Rəbb belə deyir: 3 “Sən dedin ki, vay mənim halıma! Çünki Rəbb dərdlərimə kədər də qatdı, iniltimdən yoruldum, rahatlıq tapmıram”. 4 Sən ona söylə ki, Rəbb belə deyir: “Bax Mən tikdiyimi dağıdacağam, əkdiyimi çıxaracağam, özü də bütün ölkədə. 5 Əgər sən özün üçün çox şey istəyirsənsə, istəmə. Çünki Mən bütün bəşərin üzərinə bəla gətirəcəyəm” Rəbb belə bəyan edir. “Ancaq hara gedirsən, get, heç olmasa canını qoruyacağam”».

46 redaktə

Misirin məğlub olması

1 Bu, millətlər barədə Yeremya peyğəmbərə nazil olan Rəbbin sözüdür. 2[98] Misir haqqında, Misir padşahı firon Nekonun ordusu barədə nazil olan sözdür. Bu ordu Fərat çayı sahilində olan Karkemişdə idi. Yəhuda padşahı Yoşiya oğlu Yehoyaqimin padşahlığının dördüncü ilində Babil padşahı Navuxodonosor onu məğlub etdi.
3 «Qalxan və sipər hazırlayıb
Döyüşə girin!
4 Atlarınızı yəhərləyin,
Ayğırlarınıza minin, ey atlılar!
Dəbilqə geyinib sıraya düzülün,
Nizələrinizi itiləyib zireh geyinin!
5 Nə üçün mən bunu gördüm?
Onlar dəhşətə düşüb geri döndü,
Döyüşçüləri məğlub oldu,
Tez qaçıb heç geriyə də baxmadı.
Hər tərəfdə dəhşət var!»
Rəbb belə bəyan edir.
6 «Bərk qaçan qaça bilməyəcək,
Güclü qurtula bilməyəcək.
Şimalda Fərat çayı sahilində
Büdrəyib yıxılacaqlar.

7 Nil kimi qalxan,
Suları sel kimi çalxalanan kimdir?
8 Nil kimi qalxan,
Suları sel kimi çalxalanan Misirdir.
O deyir: “Qalxıb yer üzünü basacağam.
Şəhərləri və orada yaşayanları həlak edəcəyəm”.
9 Ey atlar, şahə qalxın!
Ey döyüş arabaları, dəli kimi cumun!
Ey qalxanla silahlanmış Kuş və Put döyüşçüləri,
Kaman götürən və onu çəkən Ludlular, irəli gedin!

10 O gün Ordular Rəbbi Xudavəndin günüdür,
Düşmənlərindən qisas alması üçün
Qisas günüdür.
Onları qılınc yeyib-doyacaq,
Qanlarını içib susuzluğunu yatıracaq.
Çünki şimal ölkəsində, Fərat çayı sahilində
Ordular Rəbbi Xudavənd qurban kəsir.
11 Ey bakirə qıza bənzəyən Misir,
Gileada çıx, məlhəm al.
Çoxlu dərman içməyin əbəsdir,
Sənin dərdinə əlac yoxdur.
12 Millətlər sənin rüsvayçılığını eşitdi,
Fəryadın yer üzünü bürüdü.
Çünki döyüşçü döyüşçünü büdrətdi,
İkisi də birdən yıxıldı».
13[99] Babil padşahı Navuxodonosorun gəlib Misir torpağına hücum edəcəyi barədə Rəbb Yeremya peyğəmbərə bu sözləri nazil etdi:
14 «Misirdə bildirin,
Miqdolda eşitdirin,
Nofda və Taxpanxesdə elan edib deyin:
“Qalx və hazırlaş,
Çünki ətrafında olanları
Qılınc yeyib-qurtardı”.
15 Cəngavərlərin nə üçün yerə yıxıldı,
Dayana bilmədi?
Çünki Rəbb onu yerə vurdu.
16 Dəfələrlə büdrədilər,
Bir-birlərinin üstünə yıxılıb dedilər:
“Qalxın zalımların qılıncından qaçıb
Öz xalqımızın yanına,
Doğma vətənimizə qayıdaq”.
17 Orada onlar bağırdılar:
“Misir padşahı firon boşboğazdır,
O, fürsəti əldən verdi”.

18 Adı Ordular Rəbbi olan Padşah bəyan edir:
“Varlığıma and olsun ki,
Tavor və dəniz sahilindəki Karmel dağları
Dağlar arasında necə nəzərə çarparsa,
Gələn şəxs də elə olacaq.
19 Ey Misirdə yaşayan,
Sürgünə getmək üçün əşyalarını hazırla.
Çünki Nof viran olub yanacaq,
İçində bir sakin qalmayacaq.

20 Misir çox gözəl bir düyədir,
Ancaq şimaldan üstünə mozalan gəlir.
21 Onun muzdlu əsgərləri də
Bəslənmiş dana kimidir.
Onlar üz çevirib birlikdə qaçdı,
Yerlərində durmadı.
Çünki fəlakətlərinin günü,
Cəzalarının vaxtı gəlmişdi.

22 Sürünən ilan kimi fışıltıları gəlir,
Çünki ordu ilə irəliləyirlər,
Ağac kəsənlər kimi ona qarşı
Balta ilə gəlirlər.
23 Keçilməz olsa da,
Yenə meşəni kəsəcəklər”
Rəbb belə bəyan edir.
“Çünki onlar çəyirtkələrdən çoxdur,
Hesaba gəlməzlər.
24 Misir utandırılacaq,
Şimal xalqına təslim ediləcək”.

25 İsrailin Allahı olan Ordular Rəbbi deyir: “Mən No şəhərinin allahı Amonu, fironu, Misiri, onun allahlarını, padşahlarını və firona güvənənləri cəzalandıracağam. 26 Canlarını almaq istəyənlərə – Babil padşahı Navuxodonosora və onun əyanlarına təslim edəcəyəm. Ancaq sonra əvvəllər olduğu kimi adamlar yenə Misirdə yaşayacaq” Rəbb belə bəyan edir.

Rəbbin Öz xalqına vədi
27[100] “Qorxma, ey qulum Yaqub,
Dəhşətə düşmə, ey İsrail.
Çünki səni uzaq yerlərdən,
Nəslini sürgün olunduğu ölkədən qurtaracağam.
Yaqub geri qayıdacaq,
Rahatlıq tapıb qayğısız olacaq,
Onu qorxudan olmayacaq.
28 Qorxma, ey qulum Yaqub,
Çünki Mən səninləyəm”
Rəbb belə bəyan edir.
“Səni aralarına sürgün etdiyim
Millətlərin hamısını yox etsəm də,
Səni tamamilə məhv etməyəcəyəm,
Ədalətlə tərbiyələndirəcəyəm.
Amma cəzasız qoymayacağam”».

47 redaktə

Filiştlilər barədə vəhy

1[101] Firon Qəzzəyə hücum etməzdən əvvəl Yeremya peyğəmbərə Filiştlilər barədə Rəbbin bu sözü nazil oldu:
2 «Rəbb belə deyir:
“Budur, şimaldan sular qalxır,
Onlar sel kimi daşacaq,
Ölkənin və oradakı hər şeyin,
Şəhərin və orada yaşayanların üstünə axacaq.
İnsanlar fəryad edəcək,
O ölkədə yaşayanların hamısı nalə çəkəcək.
3 Ayğırlarının yeri döyən dırnaqlarının səsindən,
Döyüş arabalarının vəlvələsindən,
Təkərlərinin gurultusundan
Əlləri taqətdən düşdüyü üçün
Atalar dönüb oğullarına baxmır.
4 Çünki Filiştlilərin məhv ediləcəyi gün gəlir.
Sur və Sidona yardım edə bilən,
Sağ qalan hər kəs yox ediləcək.
Rəbb Kaftor sahilindən gələn[102]
Filiştlilərin sağ qalanlarını həlak edəcək.
5 Qəzzə saçını yolacaq,
Aşqelon susdurulacaq.
Ey düzənliklərində sağ qalanlar,
Nə vaxta qədər bədənlərinizi yaralayacaqsınız?
6 ‹Ey Rəbbin qılıncı,
Nə vaxt sakitləşəcəksən?
Qınına dön, dayan və sakit ol!› deyəcəksiniz.
7 Rəbb əmr etdiyi halda
Qılınc necə susa bilər?
Rəbb onu oraya – Aşqelona,
Dəniz sahilinə qarşı göndərdi”».

48 redaktə

Moav barədə vəhy

1[103] Moav barədə İsrailin Allahı olan Ordular Rəbbi belə deyir:
«Vay Nevonun halına!
Çünki viranəliyə çevriləcək.
Qiryatayim dağılacaq,
Ələ keçiriləcək.
Qalası dağılacaq,
Darmadağın olacaq.
2 Artıq Moavın şöhrəti qalmayıb.
Xeşbonda[104] onun məhvi üçün niyyət qururlar:
“Gəlin onu yox edək ki,
Daha bir də belə millət olmasın”.
Ey Madmen,[105] sən də susdurulacaqsan,
Qılınc səni qovacaq.

3 Xoronayimdən fəryad səsi gələcək:
“Şəhər dağıldı və böyük qırğın oldu!”
4 Moav dağıdıldı,
Övladlarının fəryadı ucaldı.
5[106] Ağlaya-ağlaya
Luxit yoxuşundan çıxırlar,
Çünki Xoronayim enişində
Qırğına görə acı fəryadlar eşidilir.
6 Qaçın, canınızı qurtarın!
Çöldəki yulğun ağacı kimi az-az görünün.

7 Öz istehkamlarına və mal-dövlətinə güvəndiyin üçün
Sən də ələ keçiriləcəksən.
Allahın Kemoş da kahinləri və başçıları ilə birlikdə
Sürgün ediləcək.
8 Rəbbin söylədiyi kimi
Məhv edən hər şəhərin üstünə gələcək,
Heç bir şəhər qurtulmayacaq.
Vadi yerlə yeksan olacaq,
Yayla viran ediləcək.
9 Moav torpağına duz tökün ki,
Bərəkətsiz olsun.
Şəhərləri elə viran olacaq ki,
Orada kimsə yaşamayacaq.

10 Rəbbin işini yarımçıq görənə
Lənət olsun!
Qılıncını qan tökməkdən saxlayana
Lənət olsun!
11 Moav cavanlığından bəri qayğısız idi.
Tortası dibdə qalan şəraba oxşayırdı.
Qabdan qaba boşaldılmadı,
Sürgünə getmədi.
Buna görə də dadını dəyişmədi,
Ətrini itirmədi.

12 Ancaq onu qabdan qaba tökəcək adamları göndərəcəyim günlər gəlir» Rəbb belə bəyan edir. «Bəli, onu tökəcəklər, qablarını boşaldacaqlar, küplərini parça-parça edəcəklər. 13 İsrail xalqı güvəndiyi Bet-Eldən necə utandısa, Moav da allahı Kemoşdan eləcə utanacaq.

14 Nə üçün “biz igidik,
Döyüşə qabil əsgərlərik” deyirsiniz?
15 Moav məhv olacaq,
Onun şəhərlərinə hücum edəcəklər.
Ən seçmə döyüşçüləri öldürülməyə gedəcək»
Adı Ordular Rəbbi olan Padşah bunu bəyan edir.
16 «Moavın fəlakəti gəlmək üzrədir,
Onun bəlası sürətlə yaxınlaşır.
17 Ey onun ətrafında olanlar,
Onun adını bilənlər,
Onun üçün yas tutub deyin:
“Qüdrətli əsa, əzəmətli dəyənək
Necə də qırıldı!”

18 Ey qıza bənzəyən Divonun sakini,
Cah-calalından düş,
Susuz yerdə otur.
Çünki Moavı məhv edən
Sənin də üstünə gələcək,
Qalalarını dağıdacaq.
19 Ey Aroer sakini,
Yol kənarında durub gözlə!
Qaçan kişidən, qurtulan qadından
“Nə olub?” deyə soruş.
20 Moav alçaldıldı,
Çünki dağıldı.
Fəryad et, bağır!
Moavın məhv olduğunu
Arnon vadisində bildir.

21 Yayladakı şəhərlər – Xolon, Yahsa, Mefaat, 22 Divon, Nevo, Bet-Divlatayim, 23 Qiryatayim, Bet-Qamul, Bet-Meon, 24 Qeriyot, Bosra – uzaq və yaxın bütün Moav şəhərləri məhkum oldu. 25 Moavın buynuzu kəsildi, qolu qırıldı» Rəbb belə bəyan edir. 26 «Moavı sərxoş edin, çünki Rəbbin qarşısında qürurlandı. Moav öz qusduğuna bələnəcək, masqaraya çevriləcək. 27 Bəs İsrail sənə masqara olmadımı? Məgər o, oğrular arasında tutuldu ki, ondan danışanda həqarətlə başını yelləyirsən?

28 Ey Moav sakinləri,
Şəhərlərinizi tərk edib
Qayalara sığının.
Yuvasını uçurumun ağzında quran
Göyərçin kimi olun.
29[107] Moavın qüruru, onun hədsiz məğrurluğu,
Təkəbbürü, təşəxxüsü, lovğalığı,
Özünü yüksək tutması barədə biz eşitmişdik.
30 Azğınlığını bilirəm»
Rəbb belə bəyan edir.
«Öyünməsi də boş şeydir, etdikləri də.
31 Buna görə də Moav üçün nalə çəkəcəyəm,
Bütün Moav üçün fəryad edəcəyəm,
Qir-Xeres xalqı üçün yas tutacağam.
32 Ey Sivma tənəyi,
Sənin üçün Yazer xalqından çox ağlayacağam.
Budaqların Ölü dənizi aşıb Yazerə çatdı.
Məhv edən sənin yay meyvələrinin,
Yetişmiş üzümünün üstünə atıldı.
33 Moavın meyvə bağlarından, tarlalarından
Sevinc və fərəh götürüldü.
Üzümsıxanlardan axan şərabı kəsdim.
Heç kəs sevinc nidası ilə üzüm əzmir.
Gələn səda sevinc nidası deyil.

34[108] Xeşbonun fəryadı Elaleyə qədər eşidilir. Yahsaya qədər, Soardan Xoronayimə, Eqlat-Şelişiyaya qədər səslərini ucaltdılar. Çünki Nimrim suları da qurudu. 35 Moavda səcdəgahlarda qurban gətirənləri, öz allahlarına buxur yandıranları məhv edəcəyəm» Rəbb belə bəyan edir. 36 «Buna görə də Moav üçün ürəyim ney kimi inləyir. Qir-Xeres xalqı üçün ürəyim ney kimi inləyir. Çünki əldə etdiyi mal-dövlət yox oldu. 37 Hər kəs saçını, saqqalını kəsəcək, əlini yaralayacaq, belinə çul sarıyacaq. 38 Moav damlarından, meydanlarından yalnız ağlaşma səsi gəlir. Çünki Moavı heç kəsin bəyənmədiyi bir qab kimi qırdım» Rəbb belə bəyan edir. 39 «Moav necə viran oldu! Necə də fəryad edirlər! Moav xəcalətdən arxaya dönür. Bütün ətrafındakılar üçün rişxənd və dəhşət nümunəsi oldu».

40 Rəbb belə deyir:
«Bax düşmən qartal kimi uçub
Moav üzərində qanadlarını gərəcək.
41 Qeriyot ələ keçiriləcək,
Qalalar alınacaq.
O gün Moav döyüşçülərinin ürəyi
Doğuş ağrısı çəkən qadının ürəyi kimi olacaq.
42 Moav viran olacaq,
Xalqlar arasından silinəcək.
Çünki Rəbb qarşısında qürurlandı.
43[109] Ey Moav sakinləri,
Qarşınıza dəhşət, dərin çuxur və tələ çıxacaq»
Rəbb belə bəyan edir.
44 «Dəhşətdən qaçan dərin çuxura düşəcək,
Dərin çuxurdan çıxa bilən tələyə düşəcək.
Çünki Moavın üzərinə
Cəza ilini gətirəcəyəm»
Rəbb belə bəyan edir.
45[110] «Xeşbonun kölgəsində
Qaçqınlar taqətsiz durmuşlar.
Çünki Xeşbondan od,
Sixonun ortasından alov çıxdı.
Moavın alnını,
Hər yana səs salanların başlarını
Yandırıb-yaxdı.
46 Vay halına, ey Moav!
Kemoşun xalqı yox oldu.
Oğulların sürgünə göndərildi,
Qızların əsir alındı.

47 Ancaq gələcəkdə
Moavdan sürgün olunanları geri qaytaracağam»
Rəbb belə bəyan edir.

Moav barədəki hökm burada sona çatır.

49 redaktə

Ammon barədə vəhy

 
1[111] Ammon övladları barədə Rəbb belə deyir:
«İsrailin övladları yoxmu?
Onun varisi yoxmu?
Elə isə nə üçün Milkom Qada sahib oldu?
Niyə onun xalqı Qad şəhərlərində yaşayır?
2 Bu səbəbdən də o günlər gəlir ki,
Ammon övladlarının Rabba şəhərinə
Döyüş nərələri eşitdirəcəyəm»
Rəbb belə bəyan edir.
«Rabba bir xarabalıq qalağı olacaq,
Qəsəbələri yandırılacaq.
Beləcə İsrail onu torpağından qovanları qovacaq»
Rəbb belə deyir.

3 «Nalə çək, ey Xeşbon,
Çünki Ay şəhəri viran oldu.
Fəryad edin, ey Rabba qızları,
Çula bürünüb yas tutun.
Divarlar arasında ora-bura qaçın.
Çünki Milkom kahinləri və başçıları ilə birlikdə
Sürgünə gedəcək.
4 Vadilərlə nə üçün öyünürsən?
Taqətin kəsilir,
Ey dönük qız!
Sən mal-dövlətinə güvənərək
“Üstümə kim gələ bilər” deyirdin.
5 Ətrafında olanların hamısından
Sənin üzərinə dəhşət gətirəcəyəm»
Ordular Rəbbi Xudavənd belə bəyan edir.
«Hamı o yan-bu yana qaçacaq,
Qaçanları toplayan olmayacaq.
6 Ancaq bundan sonra sürgün olunan
Ammon övladlarını geri qaytaracağam»
Rəbb belə bəyan edir.
Edom barədə vəhy
7[112] Edom barədə Ordular Rəbbi belə deyir:
«Teman şəhərində müdriklik qalmadımı?
Ağıllı adamların nəsihəti tükəndimi?
Onların müdrikliyi söndümü?
8 Qaçın, arxaya dönün,
Dərin mağaralarda gizlənin,
Ey Dedanda yaşayanlar!
Çünki Esavı cəzalandırdığım vaxt
Başına fəlakət gətirəcəyəm.
9 Əgər üzüm yığanlar sənin bağına gəlsəydi,
Bir neçə salxımı saxlamazdılarmı?
Gecə oğrular gəlsəydi,
Yalnız istədiklərini oğurlamazdılarmı?
10 Amma mən Esavı çıl-çılpaq soyunduracağam.
Onun gizli yerlərini aşkar edəcəyəm.
Özü də gizlənə bilməyəcək,
Övladları, qohum-qonşuları həlak olacaq,
Özü də məhv olacaq.
11 Öz yetimlərini burax,
Onları Mən yaşadaram.
Dul qadınların da Mənə güvənsin».
12 Rəbb belə deyir: «Layiq olmayanlar da cəza kasası içmək məcburiyyətində ikən sənmi cəzasız qalacaqsan? Yox, cəzasız qalmayacaqsan, mütləq bu kasadan içəcəksən». 13 Rəbb bəyan edir: «Adım naminə and içirəm ki, Bosra xarabalığa çevriləcək, dəhşət, rüsvayçılıq, viranəlik və lənətə düçar olacaq. Bütün şəhərləri əbədi olaraq viran qalacaq.
14 Rəbdən bir xəbər eşitdim:
Millətlər arasına göndərdiyi qasid
“Edoma hücum etmək üçün yığılıb
Döyüşə hazırlaşın!” deyir.
15 Bax səni millətlər arasında kiçildəcəyəm,
İnsanlar sənə xor baxacaq.
16 Ey sən qaya[113] çatları arasında məskən salan,
Təpələrin başını əldə saxlayan!
Saldığın dəhşət və ürəyinin qüruru səni aldatdı.
Yuvanı qartal kimi yuxarılarda qursan da,
Səni oradan endirəcəyəm»
Rəbb belə bəyan edir.

17 «Edom dəhşət hədəfi olacaq,
Oradan keçən hər kəs
Bütün yaralarından ötrü
Heyrət içində ona fit çalacaq».
18[114] Rəbb deyir:
«Sodomla Homorranı və ətrafındakı kəndləri
Necə dağıtdımsa,
Orada da kimsə yaşamayacaq,
O yerdə bəşər oğlu sakin olmayacaq.
19 Budur, aslan İordan çayının kənarındakı sıx meşədən
Yaxşı sulanan otlağa qalxdığı kimi
Mən də Edomluları bir anda öz yurdundan qovacağam.
Seçib ona rəhbər qoyacağım adam kimdir?
Mənim kimisi varmı?
Mənimlə dava edən,
Mənim qabağımda duran bir çoban varmı?»
20 Buna görə də Rəbbin Edoma qarşı fikrini,
Temanda yaşayanlara qarşı məqsədini eşidin:
Sürünün ən kiçikləri də sürgün ediləcək,
Xalqına görə Edom otlaqları
Səhraya çevriləcək.
21 Dağılmalarının gurultusundan
Yer üzü titrəyəcək.
Qışqırıqlarının səsi
Qırmızı dənizədək eşidiləcək.
22 Düşmən qartal kimi qalxıb üstünə cumacaq,
Bosra üzərində qanadlarını gərəcək.
O gün Edom döyüşçülərinin ürəyi
Doğuş ağrısı çəkən qadının ürəyi kimi olacaq.
Dəməşq barədə vəhy
23[115] Bu sözlər Dəməşq barədədir:
«Xamat və Arpad utanacaq,
Çünki pis xəbər eşidib
Ruhdan düşdülər.
Sakit durmayan dəniz kimi
Coşub narahat oldular.
24 Dəməşq əldən düşdü,
Qaçmağa üz qoydu,
Onu vahimə bürüdü.
Doğan qadın kimi
Onu sancı və ağrı tutdu.
25 Necə oldu ki, Məni sevindirən,
Şöhrətli şəhər tərk edilmədi?
26 Buna görə də cavanları
Meydanlarında həlak olacaq.
O gün bütün döyüşçüləri susdurulacaq»
Ordular Rəbbi belə bəyan edir.
27 «Dəməşqin divarlarına od salacağam,
Ben-Hadadın saraylarını yandırıb məhv edəcək».
Qedar və Xasor barədə vəhy
28 Babil padşahı Navuxodonosorun məğlub etdiyi Qedar və Xasor padşahlıqları barədə Rəbb belə deyir:
«Qalxın Qedara hücum edin,
Şərq xalqını məhv edin.
29 Onların çadırlarını və sürülərini
Əllərindən alacaqlar,
Çadır pərdələri, bütün əşyaları və dəvələri
Götürülüb aparılacaq.
Onlara “Hər tərəfdən dəhşət!”
Deyib bağıracaqlar.
30 Ey Xasorda yaşayanlar,
Qaçın, uzaqlaşın,
Dərin mağaralarda gizlənin»
Rəbb belə bəyan edir.
«Çünki Babil padşahı Navuxodonosor
Sizin barənizdə bir fikrə gəldi,
Sizə qarşı tədbir tökdü.
31 Qalxın qayğısız və asayiş içində yaşayan
Xalqın üzərinə hücum edin»
Rəbb belə bəyan edir.
«Onların şəhər darvazaları və sürgüləri yoxdur,
Xalqı da özbaşına buraxılıb.
32 Dəvələri qarət ediləcək,
Saysız sürüləri qənimət kimi aparılacaq.
Kəkillərini qırxanları
Dörd tərəfə səpələyəcəyəm.
Hər yandan başlarına fəlakət gətirəcəyəm»
Rəbb belə bəyan edir.
33 «Xasor çaqqal yuvasına,
Əbədi viranəliyə çevriləcək.
Orada kimsə yaşamayacaq,
O yerdə bəşər oğlu sakin olmayacaq».
Elam barədə vəhy
34 Yəhuda padşahı Sidqiyanın padşahlığının əvvəlində Rəbb Yeremya peyğəmbərə Elam barədə bu sözləri nazil etdi:
35 «Ordular Rəbbi belə deyir:
“Baxın Elamın kamanını,
Əsas qüvvələrini sındıracağam.
36[116] Elam üzərinə göylərin hər tərəfindən
Dörd küləyi gətirəcəyəm,
Xalqını dörd tərəfə səpələyəcəyəm.
Elamdan sürgün olunanların
Aralarına getmədiyi bir millət qalmayacaq.
37 Düşmənlərinin qarşısında,
Canını almaq istəyənlərin önündə
Elamı dəhşətə salacağam.
Başlarına fəlakət gətirib
Şiddətli qəzəbimi yağdıracağam”
Rəbb belə bəyan edir.
“Onları tamamilə yox edənə qədər
Arxalarınca qılınc göndərəcəyəm.
38 Elamda taxtımı quracaq,
Elam padşahı ilə başçılarını məhv edəcəyəm”
Rəbb belə bəyan edir.
39 “Ancaq gələcəkdə
Elamdan sürgün olunanları geri qaytaracağam”
Rəbb belə bəyan edir».

50 redaktə

Babil barədə vəhy

1[117] Rəbb Babil və Xaldey ölkəsi barədə Yeremya peyğəmbər vasitəsilə bu sözləri nazil etdi:
2 «Millətlərə bildirib elan edin.
Bayraq qaldırıb xəbər verin,
Heç nəyi gizlətməyin!
Deyin ki, Babil ələ keçiriləcək,
Bel allahı utandırılacaq,
Marduk allahı dəhşətə düşəcək,
Bütləri alçaldılacaq,
Məbudları parça-parça olacaq.
3 Çünki onun üstünə şimaldan
Bir millət hücum edəcək,
Ölkəsini viran edəcək.
Orada yaşayan olmayacaq,
İnsan da, heyvan da qaçıb gedəcək».

4 Rəbb bəyan edir: «O gün, o zaman
İsrail xalqı ilə Yəhuda xalqı
Birlikdə gələcək,
Onlar ağlaya-ağlaya gəlib
Özlərinin Allahı Rəbbi axtaracaq.
5 Üzləri Siona tərəf
Oraya gedən yolu soruşacaqlar,
Onlar gəlib unudulmaz, əbədi bir əhdlə
Rəbbə bağlanacaq.
6 Xalqım itmiş qoyunlar kimidir,
Çobanları onları azdırdı,
Dağlarda özbaşına dolandırdı,
Onlar dağdan təpəyə getdi,
Yatdıqları yeri unutdu.
7 Kim onları tapdısa, yedi.
Düşmənləri dedi:
“Biz təqsirkar deyilik,
Çünki onlara əsl otlaq olan Rəbbə –
Atalarının Ümidgahı Rəbbə qarşı günah etdilər”.

8[118] Babildən qaçıb qurtarın!
Xaldey ölkəsini tərk edin,
Sürüyə yol göstərən təkə kimi olun!
9 Çünki Mən şimal ölkəsindən
Babilə qarşı böyük millətlər ittifaqını
Oyandırıb çıxaracağam.
Babilin önündə düzülüb
Onu şimaldan ələ keçirəcəklər.
Oxları mahir döyüşçü oxları kimi olacaq,
Heç biri əliboş qayıtmayacaq.
10 Xaldey ölkəsi qarət olunacaq,
Onu qarət edənlər maldan doyacaq»
Rəbb belə bəyan edir.

11 «Ey irsimi talayanlar,
İndi ki sevinib şadlıqla coşursunuz,
Xırmanda taxıl döyən düyə kimi tullanırsınız,
Ayğır kimi kişnəyirsiniz,
12 Ananız çox utanacaq,
Sizi doğanın üzü qızaracaq.
Xaldey millətlərin ən zəifi,
Quraq, boz bir səhra olacaq.
13 Rəbbin qəzəbi üzündən
Heç kəs orada yaşamayacaq,
Tamamilə viran olacaq.
Hər keçən Babilin aldığı
Bütün yaraları görəndə
Heyrət içində fit çalacaq.

14 Ey bütün kaman çəkənlər,
Babilin ətrafında döyüş üçün düzülün.
Oraya ox atın, oxunuzu əsirgəməyin.
Çünki o, Rəbbə qarşı günah etdi.
15 Hər tərəfdən ona qarşı nərə çəkin,
O təslim oldu,
Qüllələri yıxıldı, divarları uçuldu.
Çünki bu, Rəbbin qisasıdır.
Ondan qisas alın,
O nə etdisə, başına onu gətirin.
16 Babildə əkinçiləri məhv edin,
Biçin vaxtı oraqçıları rədd edin.
Zalımların qılıncı üzündən
Hər kəs öz xalqının yanına qayıtsın,
Hamı öz ölkəsinə qaçsın.
İsrailin qayıtması
17 İsrail dağılmış bir sürüyə bənzər,
Onu aslanlar qaçırtdı.
Onu əvvəl Aşşur padşahı yedi,
Sonra Babil padşahı Navuxodonosor
Onun sümüklərini qırdı».
18 Buna görə də İsrailin Allahı olan
Ordular Rəbbi belə deyir:
«Aşşur padşahını necə cəzalandırdımsa,
Babil padşahı ilə ölkəsini də
Eləcə cəzalandıracağam.
19 Lakin İsraili yenə öz otlağına gətirəcəyəm,
O, Karmeldə və Başanda otlayacaq.
Efrayim və Gilead dağlıq bölgələrində
İstədiyi qədər yeyib-doyacaq.
20 O gün, o zaman
İsraildə təqsir axtarılacaq,
Ancaq olmayacaq.
Yəhudada da günah axtarılacaq,
Ancaq tapılmayacaq.
Çünki salamat qoyduğum adamları bağışlayacağam»
Rəbb belə bəyan edir.
Rəbbin Babili cəzalandırması
21 «Meratayim torpağına,
Peqodda yaşayanlara hücum et.
Onları təqib edib öldür,
Bütünlüklə yox et»
Rəbb belə bəyan edir.
«Sənə nə buyururamsa, hamısını et.
22 Ölkədə müharibə və böyük qırğın
Gurultusu eşidilir.
23 Bütün dünyanın gürzü
Necə də qırılıb parçalandı!
Babil necə də millətlər arasında
Viranə oldu!
24 Sənin üçün tələ qurdum, ey Babil,
Sən də bilmədən tələmə düşdün.
Tutulub yaxalandın,
Çünki Rəbbə qarşı çıxdın.
25 Rəbb cəbbəxanasını açdı,
Qəzəbinin silahlarını çıxartdı.
Çünki Ordular Rəbbi Xudavəndin
Xaldey ölkəsində edəcəyi bir iş var.
26 Hər yandan ona hücum edin,
Anbarlarını açın,
Mallarını qalaq-qalaq yığın.
Onu tamamilə məhv edin,
Ondan bir şey qalmasın.
27 Bütün buğalarını kəsin,
Sallaqxanaya getsinlər.
Vay onların halına!
Çünki onların günü,
Cəza vaxtı gəldi.
28 Allahımız Rəbbin qisasını,
Onun məbədinin qisasını
Sionda elan etmək üçün
Babil ölkəsindən qaçıb qurtaranların
Səsini eşidin!

29[119] Bütün oxçuları, kaman çəkənləri
Babilə qarşı çağırın.
Ətrafını mühasirəyə alın,
Heç kəs qaçıb qurtara bilməsin.
Ona işlərinə görə əvəz verin.
O nə etdisə, başına onu gətirin.
Çünki Rəbbə, İsrailin Müqəddəsinə qarşı
Məğrurluq etdi.
30 Buna görə də cavanları
Meydanlarda həlak olacaq,
O gün bütün döyüşçüləri susdurulacaq»
Rəbb belə bəyan edir.
31 «Budur, Mən sənə qarşıyam, ey məğrur»
Ordular Rəbbi Xudavənd belə bəyan edir.
«Çünki sənin günün,
Səni cəzalandıracağım vaxt gəldi.
32 Məğrur büdrəyib-yıxılacaq,
Onu qaldıran olmayacaq,
Şəhərlərinə od salacağam,
Bütün ətrafda olanları
Yandırıb yox edəcək».

33 Ordular Rəbbi belə deyir:
«Bütün İsrail xalqı da,
Yəhuda xalqı da əziyyət çəkir.
Onları əsir tutanlar möhkəm saxlayır,
Buraxmaq istəmir.
34 Amma onların Satınalanı güclüdür,
Onun adı Ordular Rəbbidir.
Rəbb mütləq onların işinə baxacaq ki,
Ölkəyə rahatlıq versin,
Amma Babil sakinlərinə təşviş gətirsin».

35 Rəbb bəyan edir: «Xaldeylilərə qarşı qılınc gəlsin!
Babildə yaşayanlara, Babil başçılarına,
Müdriklərinə qarşı qılınc gəlsin!
36 Yalançı peyğəmbərlərə qarşı qılınc gəlsin!
Axmaqlıqları üzə çıxacaq.
Döyüşçülərinə qarşı qılınc gəlsin!
Onlar çaşqınlığa düşəcək.
37 Atlarına, döyüş arabalarına,
Aralarındakı yadelli muzdlulara qarşı qılınc gəlsin!
Hamısı arvad kimi ürkək olacaq.
Xəzinələrinə qarşı qılınc gəlsin!
Onlar qarət ediləcək.
38 Sularına quraqlıq gəlsin!
Onlar quruyacaq.
Çünki Babil bütlər ölkəsidir,
Onlar qorxunc bütlərlə dəli oldu.

39[120] Buna görə də orada vəhşi heyvanlar,
Çaqqallar, bayquşlar yaşayacaq,
Daha insan yaşamayacaq,
Əbədi olaraq orada heç kəs sakin olmayacaq.
40[121] Sodomla Homorranı və ətrafındakı kəndləri
Allah necə dağıtdısa,
Orada kimsə yaşamayacaq,
O yerdə bəşər oğlu sakin olmayacaq.

41 Budur, şimaldan bir ordu gəlir,
Dünyanın uzaq yerlərindən
Böyük bir millət və çoxlu padşahlar
Hərəkətə gəlir.
42 Onlar ox-kaman və nizə ilə silahlanmış,
Qəddar və rəhmsizdir.
Atların üstündə gələrkən
Səsləri dəniz kimi gurlayır.
Döyüşə hazır döyüşçülər
Önündə düzüləcək, ey Babil xalqı!
43 Babil padşahı onların xəbərini eşitdi,
Əlləri yanına düşdü.
Doğan qadın kimi
Onu üzüntü və sancı bürüdü.

44 Budur, aslan İordan çayının kənarındakı sıx meşədən
Yaxşı sulanan otlağa qalxdığı kimi
Mən də Xaldeyliləri bir anda öz yurdundan qovacağam.
Seçib ona rəhbər qoyacağım adam kimdir?
Mənim kimisi varmı?
Mənimlə dava edəcək,
Mənim qabağımda duracaq
Bir çoban varmı?»
45 Buna görə də Rəbbin Babilə qarşı fikrini,
Xaldey ölkəsinə qarşı məqsədini eşidin:
«Sürünün ən kiçikləri də sürgün ediləcək,
Xalqına görə otlaqlar səhraya çevriləcək.
46 “Babil süqut etdi” səsindən yer üzü titrəyəcək,
Millətlər arasında onun fəryadı eşidiləcək».

51 redaktə

1 Rəbb belə deyir:
«Mən Babildə və Lev-Qamayda[122] yaşayanlara qarşı
Həlakedici bir külək əsdirəcəyəm.
2 Babilə taxılsovuranlar[123] göndərəcəyəm,
Onu sovurub ölkəsini boş qoyacaqlar,
Qara gündə hər yandan ona hücum edəcəklər.
3 Oxçu kamanını çəkməsin,
Zirehini geyməsin.
Onun cavanlarına rəhm etməyin,
Ordusunu tamamilə məhv edin.
4 Öldürülənlər Xaldey ölkəsində,
Yaralılar Babil küçələrində
Yerə səriləcək.

5 Ancaq İsrailin Müqəddəsinə qarşı
Ölkələri təqsirlə dolduğu halda
Özlərinin Allahı Ordular Rəbbi
İsrail və Yəhuda xalqlarını tərk etmədi.

6[124] Babilin içindən qaçın!
Hər kəs canını qurtarsın!
Onun günahına görə məhv olmayın.
Çünki Rəbbin qisas zamanıdır,
Ona öz əvəzini verəcək.
7[125] Babil Rəbbin əlində bir qızıl kasa idi,
Bütün dünyanı sərxoş edirdi.
Millətlər onun şərabını içdi,
Ona görə də çılğınlaşdı.
8[126] Babil qəflətən düşüb parça-parça olacaq,
Onun üçün yas tutun!
Yarasına məlhəm sürtün,
Bəlkə şəfa tapar.
9[127] Babilə şəfa vermək istədik,
Amma sağalmadı.
Onu tərk edək,
Hər birimiz öz ölkəmizə qayıdaq.
Çünki Babilin hökmü göylərə çatır,
Buludlara qədər yüksəlir.
10 Rəbb bizə bəraət verdi.
Gəlin Allahımız Rəbbin nələr etdiyini
Sionda elan edək!

11 Oxları itiləyin,
Kaman qablarını doldurun!
Rəbb Midiya padşahlarını hərəkətə gətirdi.
Məqsədi Babili yox etməkdir,
Rəbb Öz qisasını, məbədinin qisasını alacaq.
12 Babil divarlarına qarşı
Bayraq yüksəldin!
Keşikçiləri çoxaldın,
Növbətçiləri öz yerinə qoyun,
Pusquda durun.
Çünki Rəbb Babildə yaşayanlara qarşı
Həm niyyət qurdu,
Həm də söylədiyini yerinə yetirdi.
13[128] Ey axar suların sahilində yaşayanlar,
Çoxlu xəzinələri olanlar,
Axırınız gəldi,
Vaxtınız yetişdi».
14 Ordular Rəbbi Öz varlığına and içdi:
«Səni çəyirtkə sürüsü ilə dolduran kimi
Mütləq əsgərlərlə dolduracağam,
Sənə qarşı zəfər nərəsi çəkəcəklər».
Rəbbin mədhi
15 Rəbb qüdrəti ilə yer üzünü yaratdı,
Hikməti ilə dünyanı qurdu,
Dərrakəsi ilə göyləri yaydı.
16[129] O gurlayanda göydəki sular çağlayır,
Yerin ucqarlarından buludları yüksəldir,
Yağış üçün şimşək çaxdırır,
Anbarlarından külək çıxarır.
17 Hər kəs ağılsız oldu,
Bilikləri qalmadı.
Hər zərgər düzəltdiyi bütdən utanacaq,
Çünki onun tökdüyü büt puçdur,
Onda nəfəs yoxdur.
18 Onlar boş şey, masqaraçıların işidir,
Cəza vaxtı məhv olacaqlar.
19 Yaquba Nəsib Olan isə onlara bənzəməz,
Çünki irs qəbiləsi ilə birgə
Hər şeyi yaradan Odur.
Onun adı Ordular Rəbbidir.
Babilin cəzalanması
20 «Sən mənim toppuzum, döyüş silahımsan,
Səninlə millətləri qırıram,
Səninlə padşahlıqları məhv edirəm.
21 Səninlə atları və süvariləri qırıram,
Səninlə döyüş arabaları və minicilərini qırıram,
22 Səninlə kişi və qadınları qırıram,
Səninlə qoca və cavanları qırıram,
Səninlə gənc oğlan və qızları qırıram.
23 Səninlə çoban və sürüsünü qırıram,
Səninlə əkinçi və öküzlərini qırıram,
Səninlə valilərlə vəkilləri qırıram.
24 Amma Babildə və Xaldey ölkəsində yaşayanlara
Sionda etdikləri bütün pis əməllərinin əvəzini
Gözlərinizin önündə verəcəyəm»
Rəbb belə bəyan edir.

25 «Budur, sənə qarşıyam,
Ey həlak edən dağ»
Rəbb belə bəyan edir.
«Ey bütün dünyanı həlak edən!
Sənə əlimi qaldırıb
Qayanın başından yuvarlayacağam,
Səni yanmış bir dağa çevirəcəyəm.
26 Səndən künc və təməl daşı götürməyəcəklər,
Sən əbədi bir viranə olacaqsan»
Rəbb belə bəyan edir.

27 «Yer üzündə bayraq qaldırın!
Millətlər arasında şeypur çalın!
Millətləri Babilə qarşı döyüşə hazırlayın!
Urartu, Minni və Aşkenaz padşahlıqlarını
Ona qarşı toplayın.
Ona qarşı bir sərkərdə təyin edin,
Üstünə çəyirtkə sürüsü qədər atlar göndərin.
28 Millətləri – Midiya padşahlarını,
Valilərini və bütün vəkillərini,
Başçılıqları altındakı bütün ölkələri
Babilə qarşı döyüşə hazırlayın!
29 Ölkə titrəyib lərzəyə gəlir!
Çünki Rəbbin Babilə qarşı niyyəti –
Oranı sakinsiz bir viranəyə çevirmə niyyəti
Yerinə yetməlidir.
30 Babil döyüşçüləri vuruşmaqdan əl çəkdi,
Öz qalalarında oturdu.
Gücləri tükəndi,
Ürkək qadınlara döndülər.
Yaşadıqları yerlər oda verildi,
Darvaza sürgüləri qırıldı.
31 Qasid qasid dalınca,
Xəbərçi xəbərçi dalınca qaçıb
Bu xəbəri Babil padşahına çatdırır:
“Şəhər hər tərəfdən alındı,
32 Çay keçidləri tutuldu,
Qamışlıqlar yandırıldı,
Döyüşçülər çaşqınlığa düşdü”».

33 İsrailin Allahı olan Ordular Rəbbi belə deyir:
«Vaxtı gələndə xırman yeri necə tapdalanırsa,
Babil xalqı da elə olacaq.
Qısa müddətdən sonra
Onun da biçin zamanı gələcək».

34 «Babil padşahı Navuxodonosor
Bizi əzib yedi,
Boş bir qaba çevirdi.
Canavar kimi uddu,
Gözəl yeməklərimizlə qarnını doydurdu.
Sonra bizi qusdu.
35 Bizə və əhalimizə qarşı edilən zorakılıq
Babilin başına gəlsin»
Deyir Sion sakini.
«Tökülən qanımızın haqq-hesabı
Qoy Xaldeylilərdən soruşulsun»
Deyir Yerusəlim.
Rəbbin İsrailə köməyi
36 Buna görə Rəbb belə deyir:
«Məhkəmədə işinizə Mən baxacağam,
Qisasınızı Mən alacağam.
Onun çayını qurudacaq,
Bulağının suyunu kəsəcəyəm.
37 Babil daş qalaqlarına,
Çaqqal yuvasına dönəcək.
Dəhşət hədəfi olacaq,
İstehza ilə ona fit çalacaqlar.
Orada heç kəs yaşamayacaq.
38 Xalqı cavan aslanlar kimi kükrəyəcək,
Şir balaları kimi nərildəyəcək.
39 Ancaq qızışdıqları vaxt
Ziyafət düzəldib onları sərxoş edəcəyəm.
Qoy keflənsinlər,
Əbədi yuxuya dalsınlar,
Heç vaxt oyanmasınlar»
Rəbb belə bəyan edir.
40 «Onları quzu, qoç və təkə kimi
Kəsməyə aparacağam.
Babilin sonu
41 Şeşak[130] necə alındı!
Bütün dünyanın qürurlandığı yer
Necə dəhşətli hala düşdü.
Babil millətlər arasında
Necə dəhşətli hala düşdü!
42 Babili çay basacaq,
Onu gurlayan dalğalar örtəcək.
43 Qəsəbələri viran olacaq,
Torpaqları heç kəsin yaşamadığı,
Bəşər oğlunun keçmədiyi
Quraq bir çölə dönəcək.
44 Babildə Bel bütünü cəzalandıracağam,
Udduğunu ona qusduracağam.
Artıq millətlər oraya axın-axın gəlməyəcək,
Babil divarı da yıxılacaq.

45[131] Oradan çıx, ey xalqım!
Hamınız canınızı qurtarın!
Rəbbin qızğın qəzəbindən qaçın!
46 Ölkədə eşitdiyiniz şayiələrə görə
Cəsarətinizi itirib qorxmayın.
Bir il bir şayiə gəlir,
O biri il başqası.
Ölkədə zorakılıq,
Başçının başçıya qarşı çıxması barədə
Şayiələr yayılır.
47 Buna görə də yəqin ki
Babilin bütlərini cəzalandıracağım günlər gəlir.
Bütün ölkə utandırılacaq,
Öldürülənləri onun ortasında yerə səriləcək.
48[132] O zaman yer, göy və onlardakı hər şey
Babilin başına gələnlərə sevinəcək.
Çünki şimaldan gələn məhv edənlər
Ona hücum edəcək»
Rəbb belə bəyan edir.
49[133] «İsrailin öldürülənlərinə görə
Babil də məhv olmalıdır,
Necə ki yer üzündə öldürülən hər kəs
Babilə görə məhv oldu.

50 Ey qılıncdan qurtulanlar,
Qaçın, ləngiməyin!
Rəbbi uzaqdan yada salın,
Yerusəlim barədə düşünün!»
51 Biz utandıq,
Çünki təhqir eşitdik,
Üzümüzü rüsvayçılıq örtdü.
Çünki yadellilər Rəbbin məbədinin
Müqəddəs yerlərinə girdi.

52 «Buna görə də bütlərini
Cəzalandıracağım günlər gəlir,
Bütün ölkədə yaralılar inildəyəcək»
Rəbb belə bəyan edir.
53 «Babil göylərə çıxsa da,
Ucalardakı qalasını möhkəmləndirsə də,
Məhv edənləri üstünə göndərəcəyəm»
Rəbb belə bəyan edir.

54 «Babildən fəryad,
Xaldey ölkəsindən böyük qırğın səsi eşidilir.
55 Çünki Rəbb Babili məhv edir,
Onun hay-küyünü susdurur.
Düşmən dalğaları axar sular kimi kükrəyir,
Səslərinin gurultusu ucalır.
56 Çünki Babilə qarşı bir məhv edən çıxacaq,
Döyüşçüləri əsir tutulacaq,
Kamanları qırılacaq.
Çünki Rəbb əvəz verən bir Allahdır,
Mütləq cəzalandıracaq.
57 Babil başçılarını, müdriklərini,
Valilərini, vəkillərini, döyüşçülərini
Elə sərxoş edəcəyəm ki,
Əbədi yuxuya dalacaq,
Heç vaxt oyanmayacaqlar»
Adı Ordular Rəbbi olan Padşah belə bəyan edir.

58 Ordular Rəbbi deyir:
«Babilin qalın divarları yerlə yeksan ediləcək,
Uca darvazaları oda veriləcək.
Xalqlar boş-boşuna zəhmət çəkir,
Ümmətlərin çəkdiyi əziyyət
Oda təslim ediləcək».
Yeremyanın sözünün Babilə çatması

59 Yəhuda padşahı Sidqiyanın padşahlığının dördüncü ilində ordu təsərrüfatçısı Maxseya oğlu Neriya oğlu Seraya, Sidqiya ilə birgə Babilə gedərkən Yeremya peyğəmbər ona bu əmri tapşırdı. 60 Yeremya Babilin başına gələcək bütün fəlakətləri, Babil barədə yazılmış bütün bu sözləri bir tumara yazdı.

61 Yeremya Serayaya dedi: «Babilə çatanda bütün bu sözləri oxumağı unutma. 62 De ki: “Ya Rəbb, buranı dağıdacağını, içində insanın da, heyvanın da yaşamayacağını, ölkənin əbədi viran qalacağını söylədin”. 63[134] Bu tumarı oxuyub qurtaranda sən ona bir daş bağlayıb Fərat çayının ortasına at və 64 söylə: “Qoy Babil də belə batsın və Mənim onun başına gətirəcəyim fəlakətdən bir daha çıxa bilməsin, qoy onlar taqətdən düşsün”». Yeremyanın sözləri buraya qədərdir.

52 redaktə

Yerusəlimin süqutu (2Pad. 24:18-25:21)

1 Sidqiya padşah olduğu vaxt iyirmi bir yaşında idi və Yerusəlimdə on bir il padşahlıq etdi. Anası Livnalı Yeremyanın qızı olub adı Xamutal idi. 2 O, Yehoyaqimin etdiyi kimi Rəbbin gözündə pis olan işlər gördü. 3 Həqiqətən, Rəbbin qəzəbinə görə Yerusəlimin və Yəhudanın başına bu iş gəldi. Axırda Rəbb onları hüzurundan kənar etdi. Sidqiya Babil padşahına qarşı üsyan etdi.

4[135] Sidqiyanın padşahlığının doqquzuncu ilində, onuncu ayın onuncu günü Babil padşahı Navuxodonosor bütün ordusu ilə Yerusəlimin üzərinə hücum etdi, oraya qarşı ordugah qurdu və ətrafında mühasirə divarları düzəltdi. 5 Padşah Sidqiyanın hakimiyyətinin on birinci ilinə qədər şəhər mühasirədə qaldı. 6 Dördüncü ayın doqquzuncu günü şəhərdə aclıq elə gücləndi ki, ölkə xalqının yeməyə çörəyi qalmadı. 7[136] Həmin vaxt şəhərin divarlarında dəlik açıldı. Gecə ikən Xaldeylilər şəhərin ətrafında olanda bütün döyüşçülər padşah bağçasının yanında olan iki divar arasındakı darvazadan qaçıb Arava yoluna çıxdı. 8 Ancaq Xaldeylilərin qoşunu padşahı təqib etdi və Yerixo düzənliyində Sidqiyaya çatdı. Sidqiyanın bütün ordusu onu tərk edib dağıldı. 9 Padşahı tutub Xamat torpağındakı Rivlaya, Babil padşahının yanına apardılar. Babil padşahı onun haqqında hökm verdi. 10 O, Sidqiyanın gözü önündə oğullarını öldürtdü, sonra bütün Yəhuda başçılarını da Rivlada öldürtdü. 11[137] Həmçinin Sidqiyanın gözlərini çıxartdı, onu qandallayıb Babilə apardı. Babil padşahı onu ölənə qədər zindanda saxladı.

12 Babil padşahı Navuxodonosorun padşahlığının on doqquzuncu ilində, beşinci ayın onuncu günü Babil padşahına xidmət edən keşikçilər rəisi Nevuzaradan Yerusəlimə gəldi. 13 O, Rəbbin məbədinə, padşah sarayına, Yerusəlimdəki bütün evlərə od vurub bütün əsas binaları yandırdı. 14 Keşikçilər rəisinə tabe olan bütün Xaldey ordusu hər tərəfdən Yerusəlim divarlarını uçurtdu. 15 Keşikçilər rəisi Nevuzaradan yoxsul adamların bir hissəsini, şəhərdə qalan xalqı, Babil padşahının tərəfinə keçən fərariləri və sağ qalan sənətkarları sürgün etdi. 16 Ancaq o, bağçılıq, əkinçilik etmək üçün ölkədəki yoxsulların bir hissəsini orada saxladı.

17[138] Xaldeylilər Rəbbin məbədində olan tunc sütunları, dayaqları və tunc hovuzu parçalayıb tunclarını Babilə apardı. 18 İbadət zamanı işlədilən qazanları, kürəkləri, maqqaşları, piyalələri, nimçələri və bütün tunc qabları götürüb apardılar. 19 Keşikçilər rəisi xalis qızıldan və gümüşdən olan tasları, buxurdanları, piyalələri, qazanları, çıraqdanları, nimçələri, kasaları götürüb apardı. 20 Rəbbin məbədi üçün padşah Süleymanın düzəltdiyi iki sütun, hovuz və altındakı on iki tunc buğa heykəli və dayaqlardan alınan tuncun ağırlığı hesaba gəlməzdi. 21 Bir sütunun hündürlüyü on səkkiz qulac idi, dairəsi on iki qulac idi. Hər biri dörd barmaq qalınlığında idi, içləri boş idi. 22 Üzərində tunc bir başlıq var idi. Başlığın hündürlüyü beş qulac idi. Bu başlığın ətrafında hörmə tor və narlar var idi, hamısı tuncdan düzəldilmişdi. O biri sütun da narlarla bəzənmişdi və əvvəlkinə bənzəyirdi. 23 Yanlarda doxsan altı nar var idi. Başlığı əhatəyə alan hörmə torların üzərində cəmi yüz nar var idi. 24 Keşikçilər rəisi Nevuzaradan başçı kahin Serayanı, başçı kahinin müavini Sefanyanı və astanada keşik çəkən üç nəfəri əsir aldı. 25 Şəhərdə qalan döyüşçülərin sərkərdəsini, padşahın məsləhətçilərindən şəhərdə olan yeddi nəfəri, ölkə xalqını orduya yazan sərkərdənin mirzəsini və ölkə xalqından şəhərdə qalan altmış nəfəri əsir tutdu. 26 Keşikçilər rəisi Nevuzaradan onları götürüb Rivlaya, Babil padşahının yanına apardı. 27 Babil padşahı Xamat torpağında olan Rivlada onları öldürdü. Beləcə Yəhuda xalqı öz ölkəsindən sürgün olundu. 28 Navuxodonosorun sürgünə apardığı xalqın sayı belədir: yeddinci ildə üç min iyirmi üç nəfər Yəhudi; 29 Navuxodonosorun padşahlığının on səkkizinci ilində Yerusəlimdən səkkiz yüz otuz iki nəfər; 30 iyirmi üçüncü ilində keşikçilər rəisi Nevuzaradanın sürgün etdiyi yeddi yüz qırx beş nəfər Yəhudi. Ümumilikdə dörd min altı yüz nəfər idi.

Padşah Yehoyakinin azad edilməsi
(2Pad. 25:27-30)

31 Yəhuda padşahı Yehoyakinin sürgündə olmasının otuz yeddinci ilində Evil-Merodak Babil padşahı oldu. Həmin ilin on ikinci ayının iyirmi beşinci günü Evil-Merodak Yəhuda padşahı Yehoyakinə mərhəmət göstərərək onu zindandan azad etdi. 32 Onunla mehribanlıqla söhbət etdi və onun üçün özü ilə birgə Babildə olan padşahların taxtından yuxarı bir taxt qoydurdu. 33 Yehoyakin həbsxana paltarlarını əynindən çıxartdı. O yaşadığı müddətdə həmişə Babil padşahının süfrəsində yemək yeyərdi. 34 Bütün ömrü boyu ona Babil padşahı tərəfindən öləcəyi günə qədər gündəlik azuqə verilirdi.

Qeydlər redaktə

  1. 2Pad. 22:3-23:27; 2Saln. 34:8-35:19
  2. 2Pad. 23:36-24:7; 2Saln. 36:5-8
  3. 2Pad. 24:18-25:21; 2Saln. 36:11-21
  4. Badam – ibrani mətnində şaqed və sayıq – şoqed.
  5. Kittim – İsrailin qərbindəki ölkələr nəzərdə tutulur.
  6. Qedar – İsrailin şərqindəki ölkələr nəzərdə tutulur.
  7. Şixor – Nil çayının qollarından biri.
  8. 2Pad. 22:1-23:30; 2Saln. 34:1-35:27
  9. Huş. 10:12
  10. Yeş. 6:9-10; Yez. 12:2; Mark 8:18-19
  11. Əyy. 38:8-11
  12. Yer. 8:10-12
  13. Yer. 8:11; Yez. 13:10
  14. Mat. 11:29
  15. Mat. 21:13; Mark 11:17; Luka 19:46
  16. Yeşua 18:1; Zəb. 78:60; Yer. 26:6
  17. Lev. 18:21
  18. 2Pad. 23:10; Yer. 32:35
  19. Qanun. 28:26
  20. Yer. 16:9; 25:10; Vəhy 18:23
  21. Əyy. 3:21; Vəhy 9:6
  22. Yer. 6:12-15
  23. Yer. 6:14; Yez. 13:10
  24. Vəhy 8:11
  25. 1Kor. 1:31; 2Kor. 10:17
  26. Vəhy 15:3-4
  27. Bu ayə arami dilində yazılmışdır.
  28. Yer. 51:15-18
  29. Zəb. 135:7; Yer. 51:16
  30. Huş. 8:13
  31. Çıx. 32:11-14; Say. 14:13-19
  32. 1Şam. 7:5-9
  33. Yer. 43:11; Vəhy 13:10
  34. 2Pad. 21:1-16; 2Saln. 33:1-9
  35. Yer. 7:34; 25:10; Vəhy 18:23
  36. Zəb. 1:3
  37. Zəb. 62:12; Yer. 32:19
  38. Vəhy 2:23
  39. Neh. 13:15-22; Yəh. 5:10
  40. Çıx. 20:8-10; Qanun. 5:12-14
  41. 2Pad. 23:10; Yer. 7:30-32; 32:34-35
  42. Xarsit – ibrani dilində saxsı qırığı.
  43. Lev. 18:21
  44. Boşa çıxarmaq – ibrani mətnində baqa və kuzə – baqbuq (19:1,10).
  45. Kündə – dustaqları bağlamaq üçün cəza aləti.
  46. Paşxur – ibrani dilində azad, Maqor-Missaviv – ibrani dilində hər tərəfdə dəhşət.
  47. Zəb. 31:13
  48. Əyy. 3:1-19
  49. 2Pad. 25:1-11; 2Saln. 36:17-21
  50. Qanun. 29:24-26
  51. 2Pad. 23:36-24:6; 2Saln. 36:5-7
  52. Livan – Yerusəlimdəki padşah sarayının adı. Bax: 1Pad. 7:2.
  53. 2Pad. 24:8-15; 2Saln. 36:9-10
  54. Yer. 33:14-16
  55. Yar. 18:20
  56. 2Pad. 24:12-16; 2Saln. 36:10
  57. 2Pad. 24:1; 2Saln. 36:5-7; Dan. 1:1-2
  58. Yer. 7:34; 16:9; Vəhy 18:22-23
  59. 2Saln. 36:21; Yer. 29:10; Dan. 9:2
  60. Şeşak – şifrli şəkildə ifadə olunanda Babil adını bildirir.
  61. Yoel 3:16; Amos 1:2
  62. 2Pad. 23:36-24:6; 2Saln. 36:5-7
  63. Yeşua 18:1; Zəb. 78:60; Yer. 7:12-14
  64. Mik. 3:12
  65. 2Pad. 24:18-20; 2Saln. 36:11-13; Yer. 28:1
  66. Sidqiyanın – bəzi ibrani əlyazmalarında, süryani və ərəb tərcümələrində belədir, əksər ibrani əlyazmalarında isə Yehoyaqimin.
  67. 2Pad. 24:12-16; 2Saln. 36:10
  68. 2Saln. 36:21; Yer. 25:11; Dan. 9:2
  69. Qanun. 4:29
  70. Yer. 46:27-28
  71. Mat. 2:18
  72. Yar. 35:16-19
  73. Yez. 18:2
  74. İbr. 8:8-12
  75. Mat. 26:28; Mark 14:24; Luka 22:20; 1Kor. 11:25; 2Kor. 3:6
  76. İbr. 10:16-17
  77. 2Pad. 25:1-7
  78. 2Pad. 25:1-11; 2Saln. 36:17-21
  79. 2Pad. 23:10; Yer. 7:30-31; 19:1-6
  80. Lev. 18:21
  81. 2Pad. 23:10; Yer. 7:31
  82. 1Saln. 16:34; 2Saln. 5:13; 7:3; Ezr. 3:11; Zəb. 100:5; 106:1; 107:1; 118:1; 136:1
  83. Yer. 23:5-6
  84. 2Şam. 7:12-16; 1Pad. 2:4; 1Saln. 17:11-14
  85. Say. 3:5-10
  86. 2Pad. 25:1-11; 2Saln. 36:17-21
  87. Çıx. 21:2; Qanun. 15:12
  88. 2Pad. 23:36-24:6; 2Saln. 36:5-7
  89. 2Pad. 24:1; 2Saln. 36:5-7; Yer. 45:1; Dan. 1:1-2
  90. 2Pad. 24:17; 2Saln. 36:10
  91. Yez. 33:21
  92. 2Pad. 25:25
  93. Yezanya – yaxud Azarya. Bax: Yer. 43:2.
  94. 2Pad. 25:26
  95. Yer. 15:2; Vəhy 13:10
  96. 2Pad. 25:1-7
  97. 2Pad. 24:1; 2Saln. 36:5-7; Yer. 36:1; Dan. 1:1-2
  98. Yeş. 19:1-25; Yez. 29:1-32:32
  99. Yer. 43:10-13
  100. Yer. 30:10-11
  101. Yeş. 14:29-31; Yez. 25:15-17; Yoel 3:4-8; Amos 1:6-8; Sef. 2:4-7; Zək. 9:5-7
  102. Kaftor – indiki Krit adası.
  103. Yeş. 15:1-16:14; 25:10-12; Yez. 25:8-11; Amos 2:1-3; Sef. 2:8-11
  104. Xeşbon – ibrani dilində niyyət qurmaq sözünə oxşayır.
  105. Madmen – ibrani dilində susdurmaq sözünə oxşayır.
  106. Yeş. 15:5
  107. Yeş. 16:6,8,10
  108. Yeş. 15:2,4
  109. Yeş. 24:17
  110. Say. 21:28-29
  111. Yez. 21:28-32; 25:1-7; Amos 1:13-15; Sef. 2:8-11
  112. Yeş. 34:5-17; 63:1-6; Yez. 25:12-14; 35:1-15; Amos 1:11-12; Mal. 1:2-5
  113. Qaya – ibrani mətnində sela. Sela Edomun paytaxtı idi.
  114. Yar. 19:24-25
  115. Yeş. 17:1-3; Amos 1:3-5; Zək. 9:1
  116. Dan. 7:2; Vəhy 7:1
  117. Yeş. 13:1-14:23; 47:1-15
  118. Vəhy 18:4
  119. Vəhy 18:6
  120. Yeş. 13:20; Vəhy 18:2
  121. Yar. 19:24-25
  122. Lev-Qamay – ibrani dilində düşmənlərimin ürəyi mənasında olub Xaldey ölkəsinin rəmzi adıdır.
  123. Taxılsovuranlar – yaxud yadellilər.
  124. Vəhy 18:4
  125. Vəhy 17:2-4; 18:3
  126. Yeş. 21:9; Vəhy 14:8; 18:2
  127. Vəhy 18:5
  128. Vəhy 17:1
  129. Zəb. 135:7; Yer. 10:13
  130. Şeşak – bax: 25:26.
  131. Vəhy 18:4
  132. Vəhy 18:20
  133. Vəhy 18:24
  134. Vəhy 18:21
  135. Yez. 24:2
  136. Yez. 33:21
  137. Yez. 12:13
  138. 1Pad. 7:15-47

Yaradılış Kitabı • Çıxış Kitabı • Levililər Kitabı • Saylar Kitabı • Qanunun Təkrarı Kitabı • Yeşua Peyğəmbərin Kitabı • Hakimlər Kitabı • Rut Kitabı • Birinci Şamuel Kitabı • İkinci Şamuel Kitabı Birinci Padşahlar Kitabı • İkinci Padşahlar Kitabı • Birinci Salnamələr Kitabı • İkinci Salnamələr Kitabı • Ezra Kitabı • Nehemya Kitabı • Ester Kitabı • Əyyub Kitabı • Zəbur • Süleymanın Məsəlləri • Vaiz Kitabı • Nəğmələr Nəğməsı Kitabı • Yeşaya Peyğəmbərin Kitabı • Yeremya Peyğəmbərin Kitabı • Mərsiyələr Kitabı • Yezekel Peyğəmbərin Kitabı • Daniel Peyğəmbərin Kitabı • Huşə Peyğəmbərin Kitabı • Yoel Peyğəmbərin Kitabı • Amos Peyğəmbərin Kitabı • Avdıya Peyğəmbərin Kitabı • Yunus Peyğəmbərin Kitabı • Mikeya Peyğəmbərin Kitabı • Nahum Peyğəmbərin Kitabı • Habaqquq Peyğəmbərin Kitabı • Sefanya Peyğəmbərin Kitabı • Haqqay Peyğəmbərin Kitabı • Zəkəriyyə Peyğəmbərin Kitabı • Malaki Peyğəmbərin Kitabı • Mattanın Nəql Etdiyi Müjdə • Markın Nəql Etdiyi Müjdə • Lukanın Nəql Etdiyi Müjdə • Yəhyanın Nəql Etdiyi Müjdə • Həvarilərin İşləri • Paulun Romalılara Məktubu • Paulun Korinflilərə Birinci Məktubu • Paulun Korinflilərə İkinci Məktubu • Paulun Qalatiyalılara Məktubu • Paulun Efeslilərə Məktubu • Paulun Filipililərə Məktubu • Paulun Kolosselilərə Məktubu • Paulun Saloniklilərə Birinci Məktubu • Paulun Saloniklilərə İkinci Məktubu • Paulun Timoteyə Birinci Məktubu • Paulun Timoteyə İkinci Məktubu • Paulun Titə Məktubu • Paulun Filimona Məktubu • İbranilərə Məktub • Yaqubun Məktubu • Peterin Birinci Məktubu • Peterin İkinci Məktubu • Yəhyanın Birinci Məktubu • Yəhyanın İkinci Məktubu • Yəhyanın Üçüncü Məktubu • Yəhudanın Məktubu • Yəhyaya Nazil Olan Vəhy