Puşkinin ölümünə Şərq poeması

Puşkinin ölümünə Şərq poeması (XIX əsr)
Müəllif: Mirzə Fətəli Axundzadə
Tərcümə edən: Mikayıl Müşfiq

Gecə etdim uyqumu gözümdən kənar,
Sordum:
«Ey sirr çeşməsi – ürəyim, nə var?
Nədən ötməz bağçanın şeyda bülbülü,
Nədən qılmaz nitqinin tutisi göftar?
Şeir yolun, söz yolun yoxsa kəsilmiş,
Hanı xəyal qasidin o yünkül çapar?
Yaz gəlmiş; hər tərəfdə çəmən qızları,
Bəzənib, camalını etmiş aşikar.
Çevrilmiş çayır, çəmən bənöşəliklə
Baqda odlu qönçələr açmış budaqlar,
Çöl gəlini bəzənmiş; dağlar onunçun
Ətək-tək çiçəkdən çəvahir saçar.
Başına taç qoyub da şükufələrdən,
Oturmuş ağacların şahı pürvüqar.
Süsən, zanbaq içirlər jalə şərabdan
Lalə qədəhlərində təkrar... təkrar...
Göy çəməni yasəmən öylə donatmış,
Nərgizin süzgün gözü baxsa qamaşar.
Dimdiyində töhfəsi, – gül yarpağından
– Xoş gəldin, – deyə bülbül ötər bəxtiyar.
Bəstəkömər buludlar sular gülşəni.
Ətirli dan yelləri olmuş bir əttar.
Yumşaq səslərlə quşlar deyir, səbzəyə.
– Götür qorpaq pərdəni uzündən, ey yar!
Həpsinin əli dolu, həpsi sevdalı,
Bu bazarda nə dürlu məta' desən var.
Kimi gözəlliyilə cilvə göstərib
Kimi fəğanla eylər eşqini izhar
Keçirməkdə vaxtını şənliklə həpsi.
Həpsi qəmdən, qüssədən eyləmiş fərar.
Bu şadlıqdan, ey könül, nəsibsiz qalıb,
Sənsən ancaq olmayan uyqudan bidar.
Ürəyində həvəs yox, başında sevda,
Dolaşırsan şöhrətdən, xəyaldan kənar.
Söylə, sən haman könül deyilmisən ki,
Dür sözlərçin fikirlər bəhrinə cumar,
Mə'na gözəllərindən ötrü yapardın
İnci düzümlərindən ziynəti-ruxsar?
Bəs bu məlamət nədir, bu məlal nədir?
Nədir varlığa qarşı bunca iğbirar?..
Könlüm dedi:
«Ey mənim təklik yoldaşım,
Var, get, bir də toxunma hissimə zinhar!.
Çəmən qızları kimi, mən bilməmişdim
Yaz yelinin dalınça payız yeli var.
Söz atını qovub da, qılınc dilimlə
Adından hər tərəfdə çəkəcəyəm car.
Bizim axırımız da bəllidir bu gün,
Bu vəfasız dövrana yoxdur e'tibar.
Ağılsızdır o quş ki, tordan çıxarkən,
Danəyçin olur yenə tora giriftar.
Bu nə şandır ki, bilməm, guclü sədası,
Səma boşluqlarında şiddətlə gurlar.
Başqa xəyal etmə ki, bəllidir, fələk
Əhliylə daim eylər tərsinə rəftar.
Ey dünyadan xəbərsiz, eşitmədinmi
Söz ordusu başçısı Puşkindən əxvar?
O Puşkin ki, nüktəyə başlayan zaman
Hər bucaqdan qopardı, coşqun alqışlar?
O Puşkin ki, kağızda qaralanırdı,
Qələmi etsin deyə, üstündən güzar?
Xəyalı tovuz kimi bərli-bəzəkli,
Sözdən qərib naxışlar eylərdi izhar?
Nəzm evini süsləyən Lomonosovdu,
Orda Puşkin xəyalı oldu bərqərar.
Derjavin tutmuşdusa sözün mülkünü,
Yerində Puşkin oldu nəzmilə muxtar.
Camə bilik meyini tökdü Karamzin,
Puşkinə qismət oldu o cami-gülnar.
Çar kimi, Çindən tutub Tatara qədər
Dolaşırdı şöhrəti diyarbədiyar.
Şimalın göylərində – Şərq hilalı tək –
Barmağı bir işarə eylərdi ixtar.
Bu dildə, bu zəkada bir oğul hələ
Görməmiş «yeddi» ata, «dörd» ana zinhar!
Təəccüblə dinlə ki, böylə valideyn
Sərt davranıb, etmədi bu sərtlikdən ar.
Onu əcəl oxuna nişan qoyub da,
Varlığını eylədi ölüm tarimar.
Zülüm qara buludlardan dolu yağdırıb,
Tökdü ömür barını, etdi xakisar.
Söndürdü əcəl yeli çıraq ruhunu,
Susqun gecələr kimi cismi oldu tar.
El bağında, əlində sitəm külüngü
Cavan belini qırdı zalim ruzigar.
İncili mə'naların məxsəni bir baş
Olmuş ilan məskəni, bir xərabəzar.
Cisminin yuvasından uçdu can quşu,
Böyük, kiçik qəmindən çəkdi ahü zar.
Bulbul, təbinə həmdəm qonça könlündən
Xəbər verməz torpaqdan baş çıxarsa xar.
Rus torpağı, yas tutub, fəqan qızlar ki:
– Ey qatillər əlilə ölən namidar!
Qürtulmadın zamanın qanlı şərindən,
Tilsimin də olmadı sənə havadar.
Sən ki, çıxdın dostların əlindən, burax
Üstünə haq rəhməti olsun sayədar.
Torpağına saçmağa iki gül ətri
Qopar Bağçasaraydan bir incə ruzgar.
Tutulub bu xəbərdən ağ saçlı Qafqaz
Səbuhinin şe'rilə yasını saxlar.

Wikipedia logo Puşkinin ölümünə Şərq poeması haqqında Vikipediyada məqalə var.