Həsbi-hal (1) (H.Cavid): Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Səhifəni '{{Başlıq | başlıq = Həsbi-hal (1) | müəllif = Hüseyn Cavid | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi...' ilə yarat
 
(Fərq yoxdur)

Səhifəsinin 11:08, 25 iyun 2017 tarixinə olan son versiyası

Həsbi-hal (1) (1910)
Müəllif: Hüseyn Cavid
Mənbə: H.Cavid Əsərləri. 5 cilddə. V cild. Bakı: "Lider-nəşriyyat", 2005. 288 səh.


Bir millətin tərəqqi və tədənnisini bilmək için o millətin məktəblərini, daha doğrusu ibtidai məktəblərini görmək kifayət edər. Avropaya meydan oquyan Almaniyanın, qoca Rusiyayı həyəcana düşürən Japoniyanın bütün bu tərəqqiyyati-ciddiyyələri həp ibtidai məktəblər sayəsindədir. Türkiyədə əsnayi-inqilabda vüquə gələn müvəffəqiyyətlər, qılıc parıltısından, qol zorundan ziyadə məktəb tərbiyəsinə və o məktəbləri idarə edən müəllimlərə mədyundur. Demək ki, bir millətin hər halını tədqiq etmək için ən doğru me’yar, ən kəsdirmə yol o millətin məktəbləridir. Dünyada hər iş, hər hərəkət bir qanuna, bir rəhbərə möhtacdır ki, o rəhbər də olsa-olsa yenə məktəblər ol bilir. Hər kəs yaşamağa möhtacdır. Rahat və məs’ud yaşamaq için də xüsusi bir məslək, bir iş tutmaq iqtiza edər. Lakin hər iş sahibi öz işini layiqilə becərə bilmək için bəhərhal qüsurlarını anlayıb, sənətində mahir olmalıdır, o məharəti bizə öyrədən şey isə elmdir, məktəbdir. Zira elmi-iqtisad bilməyən bir tacir mənfəət yerinə zərər görür. Tarixi-ədyan, fəlsəfeyi-din bilməyən bir xoca hidayət, şəriət yerinə səfsətə, zəlalət toxumu saçar. Elmi-ziraətdən başı çıqmayan bir mülkədar, yaxud əkinçi buğda əkərsə çavdar biçər, həndəsə bilməyən bir me’mar qübbə ilə uğraşırkən divarları çatlamış bulur. Tə’lim və tərbiyədən anlamayan bir müəllim tənviri-əfkar edəcək yerdə fəsadi-əxlaqa bais olur. Fəzilət yerinə rəzalət öyrədir, elm yerinə cəhalət törətmiş olur. Məktəb təbiətin bir mə’kəsi-həqiqisidir. Aləmi-təbiətdə hər nəyə təsadüf etsək onun ən mükəmməl tarixini, ən gözəl nümunəsini məktəb sıralarında görə biliriz. Hasili hər hanki məsləkə süluk etsək məktəb otağını ziyarət etməkdən müstəğni ola bilməyiz. Lakin məktəb də “məktəb” nami-məcləbəsinə haqqilə layiq olmalıdır. Şimdiyə qadar məktəblərimiz bir ətalətxanədən başqa bir şey deyildi. Hətta nafiz bir nəzərlə tədqiq edəcək olsaq, o pərişan hal şimdi belə hökmfərma olmaqdadır. Bir çoq məktəblərdə müəllimlər vaqt öldürməkdən başqa bir şeyə yaramıyorlar. Daima şagirdlərdən miskinanə bir inqiyad, cahilanə bir itaət istərlər. Dərsləri hərfi-hərfinə tutuquşu kibi əzbərlətməyi kəndilərincə üsuli-cədid zənn edib öz-özlərini aldatıyorlar. Ciddi müəllim pək şərəfli, pək böyük bir adamdır; əgər üsulitə’limi və öz vəzifəsini bilirsə. Cahil müəllim pək bayağı, pək aşağı bir insandır, əgər həddini aşıb tə’lim və tərbiyə meydanına atılırsa... Qafqasiyanın yedi, səkiz yıl bundan əvvəlki halı xatirdədir. Məktəb naminə iki-üç evcik ya var, ya yoq idi. Allaha şükür, bu son zamanlarda ötədəbəridə beş-üç məktəbə təsadüf etmək mümkündür ki, bu da şayani-təbrik bir haldır. Lakin təəssüf ediləcək bir nöqtə varsa, o da bu məktəblərin nasıl idarə olunmasıdır. Hey’əti-idarənin kimlərdən və nə nev ə’zalardan mütəşəkkil bulunmasıdır. Məsələn: bir köydə, qəsəbədə, ya bir şəhərdə bir məktəb tə’sis etmək için ilk öncə bir seçki vüqu bulur. Təbiidir ki, seçki işi ümumə aid və əksəriyyətiaraya tabedir. Rə’yə iştirak edilir isə yüzdə doqsan beş payı təcrübəsiz, elmsiz, onunbunun ağzına baqanlardır. Açıq tə’bir ilə fanatizm əsirləri, cəhalət qurbanlarıdır. Yerdə qalan beş nəfər isə az-çoq tə’lim və tərbiyə işinə vaqif olsa belə, nə yapsınlar! Əksəriyyəti-araya malik olamayıb yoq hökmündə qalırlar. Ən nihayət seçki xitam bulur, bir taqım mühafizəkarlar ə’zalığa səlahiyyət qazanıb mükəmməl bir idarə vücudə gəlmiş olur. Şimdi hey’əti-idarə bu səlahiyyət və müvəffəqiyyətlərində həqirmi? – Əsla... Həqiqəti-hal nəzər diqqətə alınır isə həpsi nüfuzlu, mö’təmid, xalq arasında özünə məxsus bir heysiyyətə malik olan adamlardır. Yalnız işin uyğunsuzluğu məzkur hey’ətin dəröhdə etdikləri və mübaşir olduqları iştə həqqilə dərin bir vüquf və təməyyüzə malik olmamalarıdır. Onun için də tə’sis edilmiş məktəbə lazım olan fədakarlıqlar ifa ediləmiyor. Tə’lim və tərbiyədə haizi-əhəmiyyət olan nüqtələr bütün nəzəridiqqətdən qaçırılıyor. Sadə “üsuli-cədid” ünvanilə iktifa edilib, əski, pozuq müəssisələrdən daha bərbad bir surətdə qarışıb gediyor. Yarımyamalaq bir nümayişdən başqa hiç bir sağlam nəticəyə müvəffəq olunamıyor. Hey’ətin ədəmi-isabətindən istifadə edərək bir taqım cahil, təcrübəsiz, fənni-tərbiyəyə biganə adamlar da dürlü-dürlü yaltaqlıqlar, iltimaslar sayəsində dərs işlərinə daxil olub ortalığı zirü zəbər ediyorlar. Yarınkı gün qəzetə sütunlarına göz gəzdirirsən; filan məktəb bağlandı, filan qiraətxanə Allahın rəhmətinə getdi, filan müəssisə qapadıldı. Fəqət niçin? Cəhalət! İran məclisi-milliyyəsinin bugünkü halı hər kəsə mə’lumdur. Hər işdə bir tərəddüd, hər təşəbbüsdə bir qətiyyətsizlik görünməkdədir. Biçarə millət də müvəffəqiyyətsizliklərini düşünərək yürək oğuşdurmaqdan başqa bir şey yapamıyor; Fəqət bais kim?.. Yenə millət kəndisi. Səbəb nə?.. Yenə cəhalət! İranlı arqadaşlarımdan birilə Iran intixabatı haqqında dərdləşirdik. Diyor ki, haman intixabat başlar-başlamaz, görürsən ki, filan şəhərdə, ya filan gündə xalq bir-birinə girib çıqıyorlar. Kimi seçəlim? Seçmiyəlim? Nihayət, ya qolu zorba nüfuzlu, fəqət cahil bir xanı, yainki günü keçmiş, qaimülmeyl, saimün-nəhar ağsaqal bir xocanı məclisimilliyyəyə doğru fırlatıyorlar. Şimdi bu müstəbid, cahil xan, yaxud şu mö’min, zahid xoca ingilis, rus politikasının qarşısında nə yapa bilir? Təbii hiç... Yapacaqları bir iş varsa, o da biçarə millətdən ayda bir qaç yüz tümən məb’usluq haqqı naminə cib xərci almaqdır. Bu hal 34 sənə əvvəl Türkiyə məclisiməb’usanında da vüqu buldu. Lakin son inqilabda, yə’ni iki yıl əvvəl “Ittihad və tərəqqi” cəmiyyəti hürriyyəti istirdad edər-etməz, seçki məsələsini əsla nəzəri-diqqətdən çıqarmadılar. Məmləkətin hər tərəfinə dağılıb cəmiyyət şö’bələri tə’sis etdilər. Söz ilə, dil ilə, qorqu ilə, xülasə bir istibdadi-əhraranə ilə xalqı, avam camaatı huşlu, başlı, qanlı, canlı, zəki, fəal məb’uslar intixabına vadar etdilər. Bu üsulun nümunəsini İstanbulda belə görmək mümkün idi. Fəqət onların bu təşəbbüsatı sayəsində məb’usların üçdə iki payı ancaq məb’usluq naminə layiq zatlar ola bildi. Üçdə bir payı isə yenə “əski tas, əski hamam!” tə’birinə ləyaqət qazananlardır ki, onlar da bir taqım dişi düşmüş paşalardan, nüfuzlu mülkədarlardan, ağlı qaçmış xocalardan və Ərəbistan yadigarlarından ibarətdir. Məclis işə başladığı zaman diqqət edəcək olsan, görürsən ki, kimi dışarıda cığara içməklə məşğul, kimi də məclisin müzakirəsinə ağıl irdirə bilməyib uyumağa amadə kibi görünür. Gənc qəhrəmanlar isə hər tərəfdən peydərpey od yağdırıyorlar, odlu fikirlər saçıyorlar. Mevzui-bəhs edilən maddələrdə hər kəs kəndi hissiyyatını dinləyib iste’dadına görə sözə iştirak ediyor. Hər biri təcrübəli, mühakiməli, diplomalı olduğu halda yenə söyləyəcəyi sözlərdə ixtisas “ispetsializm”ə riayət etməkdən çəkinmiyor. Biri elmi-iqtisadda mütəxəssis və təcrübəkar isə iqtisad məsələsinə ən çoq bəyani-fikir edən o olur. Biri siyasi isə o da siyasiyyata aid bir çoq mütaliat sərf ediyor. Hasili, müxtəlif işlərdə, müxtəlif əfkara malik olduqları halda “təqsimi ə’mal” qanununa riayət edər, hər kəs öz iste’dad və ixtisasına görə söz söyləyər, onun için də bütün Avropanın nəzəri-diqqətini cəlb etdilər. Hürriyyət və heysiyyətə malik bir millət olduqlarını isbat elədilər. Lakin bu müvəffəqiyyətlərin başlıca səbəbi ittihad və tərəqqi cəmiyyətinin əl altından yapdığı istibdadihürriyyətpərvəranədən başqa bir şey deyildir. Bir qətiyyəti-riyaziyyə ilə müsbətdir ki, Asiyada, Japoniyadan başqa hər tərəfə baqsan yüzdən 99 pay avam, bir pay ancaq iş bilir, maarifdən anlar adamlardır. Rə’y məsələsinə gəldikdə təbiidir ki, qələbə avam, cahil tərəfində olacaqdır. Cühəla isə elmin fəzilətini və nə yolda iləriləməsini təqdir edəməz, çünki cahildir. Maarif sevən adam hiç bir zaman cahil qalmaz idi, şübhəsiz, təhsil edib alim olmuş olurdu. Fəqət şimdi nə yapmalı? Hər işimizə müdaxilə edən də yenə onlar... Yeganə bir çarə varsa hər kəs, daha doğrusu, gözü açıq adamlarımız insafı araya qoymalı, şəxsiyyətdən, qərəzkarlıqdan vaz keçməli, hər işi iş sahibinə tapşırmalı, hər seçkidə də yuqarıdakı istibdadiəhraranəyi unutmamalı və hər işdə, hər təşəbbüsdə ixtisas və iste’dadı nəzəridiqqətə almalıdır. Sözümüz pək uzun sürdü. Nerdən başladıq, nerdə bitirdik. Yazmış olduğum şu dağınıq fikirlər xəyalımda belə yoq idi. Tə’lim və tərbiyəyə aid bir qaç sətir yazmaq istərkən dağdan-daşa, dərədən-təpəyə düşdük. Fəqət hər məktəbin ilk əsası onun tə’sisindən və hey’ətiidarəsindən başladığı için yenə faydasız çıqmaz zənn edərim. İnşallah gələcək nömrələrdə bir qaç dəfə tə’lim-tərbiyə haqqında həsbi-hal edəriz

Qeydlər redaktə