Komsomol poeması: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Teq: 2017 viki-mətn redaktoru
Humay bölməsi
Teq: 2017 viki-mətn redaktoru
Sətir 289:
Gördü ki, naqanı batmışdır qana.
Hirsindən bozarıb gözləri doldu,
Ömründə ilk dəfə o təslim oldu.
 
'''Humay'''
Humay düşündürür, Humay ağladır...
O nə Tatyanadır, nə Ofelyadır.
Həyata gəldiyi o gündən bəri
O küskün baxışlı qara gözləri
Nələr düşündürür...
Onun həyatı,
Sevgisi, taleyi, müqəddəratı
Hər zaman andırır vərəmli bir qış,
Bütün diləkləri gözündə qalmış.
İcazə versəniz danışaram mən
O, qız xəyalının incəliyindən:
Daldığı musiqi - sazların səsi,
Ya da ki, quşların vəhşi nəğməsi...
Dağların döşündə gəzinən çoban
Dərdlənib neyini çaldığı zaman,
Yaşarır Humayın qara gözləri,
Həyata gəldiyi o gündən bəri.
Bilirəm dərdini, bilirəm nədir,
Humay, tək ayaqlı bir qərinədir...
Əlinə ömründə kitab almamış,
Böyük şəhərlərdə qonaq qalmamış,
Nə bir dəmir yolu, nə də bir qatar
Görməmiş... Gecələr o qatar-qatar
Uzanan durnalar nələr andırar?
Humayın qəlbini niyə yandırar?
Bəzən qonşuluqda ağlaşma səsi,
Kəndli qadınların ediləşməsi.
Dil deyib ağlayan yaslı gəlinlər,
Qanadlı nalələr, ahlar, əninlər,
Qızın xəyalını qaldırıb yenə
Uçurur göylərin dərinliyinə...
Bəzən də göylərdə qızartı varsa,
Üfuqdə bir qızıl şimşək çaxarsa,
Qorxub təbiətin hikmətlərindən
Humay ahu kimi ürkərək həmən
Soxulur çadırın küncünə sarı,
Gözaltı seyr edir ta uzaqları.
Dünyanın sirrini nə bilir Humay;
Bəzən də göyləri gəzən sülğun ay
Yarıb buludları hücuma çıxar,
Onun səngəridir sıx-sıx buludlar.
Humay bu lövhədən maraqlanır pək,
Ayın arxasınca fikirləşərək,
Nəhayət yorulur, kütləşir başı,
Donub kölgələnir məyus baxışı.
Bilirəm dərdini, bilirəm nədir,
Humay təkayaqlı bir qərinədir...
O hər gün oyanır quşlardan qabaq,
Yaxın bir təpənin üstdən aşaraq,
Tərpənir sahilə - bulaq başına,
Qoyub səhəngini sahil daşına,
Seyr edir səslənən ormanlıqları,
Pozur saçlarını səhər ruzgarı...
Bir az da Humayın axşamlarından:
Qaranlıq döşünü gərdiyi zaman
Onun da ruhuna qaranlıq çökür.
Çırmayıb qolunu, itə yal tökür;
Qapının ağzında paltar-palazdan,
Nə varsa içəri götürür asta,
Cehiz sandığına bir qıfil vurur;
Humayın gündəlik işləri budur.
Əl-ayaq yığışır, hamı əyləşir,
Ağlına gələni danışır bir-bir.
Kişilər dəm vurur pəhləvanlıqdan.
Güləşdən, güllədən, ölümdən, qandan.
Qocalar qızışır, danışır hərdən
Zal oğlu Rüstəmdə olan hünərdən.
Sonra Koroğludan, bir də Qıratdan...
İnsan yorulmadı bu xatiratdan...
Molla Nəsrəddinin məzhəkələri
Ellərin ağzına düşəndən bəri,
Uşaqlar da onu sevərək oxşar,
Dünyanın qəribə macərası var...
Sonra qadınlar da növbəylə bir-bir
Qohumdan, qonşudan qeybət eləyir : -
Ay qız, Gülcamalın tutarı yoxdur,
Bu qoca vaxtında heç arı yoxdur.
Yenə sırğalanır, sığallanır, bax;
Deyən, ər axtarır bu qoca sarsaq:
Rəng alıb, rəng verir, gözlərin aydın.
Bu saxta sözləri deyən bir qadın.
Oynadır qaşını, süzür gözünü,
Gülünc bir şəkilə salır özünü.
Altmış ildir ki, sənəti budur,
Səhər dediyini axşam unudur...
Humay xoşlamayır bu söhbətləri
Əyrini, doğrunu seçəndən bəri.
Sonra süfrə gəlir, oturub yerdən,
Qatıqdan, qaymaqdan, yağdan, pendirdən
Nə varsa yeyilir, üstündən də çay...
Hamıdan az yeyir, az içir Humay.
İştahı olsa da, hey çəkinərək:
"Qız olan bəndələr az yesin gərək".
Humay düşündürür, Humay ağladır...
O nə Tatyanadır, nə Ofelyadır.
Həyata gəldiyi o gündən bəri
O küskün baxışlı qara gözləri
Nələr düşündürür...
Onun həyatı,
Sevgisi, taleyi, müqəddəratı
Hər zaman andırır vərəmli bir qış,
Bütün diləkləri gözündə qalmış...
Bilirəm dərdini, bilirəm nədir,
Humay təkayaqlı bir qərinədir.
***
Şairim! Yaxanı bir qurtar da sən
İnsana dərd verən hadisələrdən.
Bizə yaşamaq da, ölmək da tanış,
Bir az da başqa bir aləmdən danış!
Ömür dedikləri dalğalı bir su...
Acdır insanların fikrı, duyğusu.
Həyatı güldürən dastanlar yarat,
Varsın da qədrini bilməsin həyat!
Ağardı saçların, ömrün də yarı;
Kasadlıq keçirir şeirin bazarı.
Gərək sinirlərin heç dincəlməsin,
Gecələr gözün? yuxu gəlməsin!
Hanı əsrimizin böyük Bayronu!
Qüdrətin varsa da, sən yarat onu!
Hanı Füzulinin ağlar qəzəli,
Vaqifin gözaltı gülən gözəli.
Söndümü duyğular, öldümü sənət,
Küsdümü şairə, şeirə təbiət?..
İndi gül dəmidir, fəsli-bahardır,
Hər gülün, çiçəyin bir sirri vardır.
Əsrimiz nə qədər böyük olsa da,
Çoxları möhtacdır bir təmiz ada.
Qüdrətin varsa da, bunlardan danış,
Bizə yaşamaq da, ölmək də tanış...
Mən bu xəyal ilə xeyli zamandır
Söykənib dururam yazı masama,
Könül viran qalan bir xanimandır,
Gözümdən kağıza yaş dama-dama
Söykənib dururam yazı masama,
Nədən şeirlərim ağıza düşüb,
Dağların çobanı məni anmasın?
Nədən karvanıyla quşlar ötüşüb,
Başımın üstündə havalanmasın?
Dağların çobanı məni anmasın?
Nədən bu torpağın şirin ləhcəsi
Şairəm deyənə biganə qalsın?
Niyə gurladıqca suların səsi
Ondakı qüvvəti ruzqarlar alsın?
Şairəm deyənə biganə qalsın?..
Nədən söyləməsin ana dililə
Öz odlu nitqini yoldaş komissar?
Türkcə danışmasın sevgilisilə...
Bu mənhus adətdo böyüklükmü var?
Məndən inciməsin yoldaş komissar!
Nədən şeirimizin baş qəhrəmanı
Gah Turandan gəlir, gah da İrandan?
Bəs mənim ölkəmin varlığı hanı?
Böyük bir şairin yazdığı dastan
Gah Turandan gəlir, gah da İrandan!..
Budur mən açdığım yarış meydanı! –
Gəlsin Verxarinı yamsılayanlar!..
Çoxdan danışmayan sevgilim hanı?
Gəlsin Verxarini yamsılayanlar!..
Kimindir sabahdan axşama qədər
Yağışda, yağmurda çalışan əllər?
Kimindir ğecələr yuxusuz qalan,
Səhvlər buraxan, töhmətlər alan,
Fəqət hər ağrıya köksünü gərən,
İşıqlı bir günə yollar göstərən,
Günəşin altında, suyun içində,
Əkində, tarlada, suda, biçində
Dərisi çatlayan, gönü qaralan,
Torpağın bağrını təpiklə yaran,
Tərlan səhərlərin laçın övladı?
Şeirə yaraşmazmı onların adı?
Kimindir bu oba, bu söhbət, bu saz?
Kimindir bəzəkli gəlin kimi yaz?
Baxın cərgələnib keçən əsgərə,
Səsinə səs verir hər dağ, hər dərə.
Baxın o növbədə duran süngüyə,
Baxın bu torpağa, baxın bu göyə.
Kainat qurğusu, canlı bir əsər...
Bəşər yaşadıqca yaşamaq istər!
Qanadlan ilhamım, havalı könlüm!
Daşlı, tikanlıdır uğurlu yolum.
Böyük bir ölkənin vətəndaşısan,
Çiynində torpaq da, daş da daşısan,
Ağ günlər sərinə çox görmə bunu...
Həyata, insana ödə borcunun
</poem>