Kəşfül-Həqayiq/Müqəddimə: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Səhifəni '{{Başlıq | başlıq = Kəşfül-Həqayiq<br/>Müqəddimə | müəllif = Mirməhəmməd Kərim Bakuvi | keçidsiz müəllif = | tərcüməçi...' ilə yarat
(Fərq yoxdur)

06:21, 18 may 2020 versiyası

Ön Söz Kəşfül-Həqayiq
Müqəddimə
(1904)
Müəllif: Mirməhəmməd Kərim Bakuvi
əl-Fatihə Surəsi
Sister Projects. Həmçinin baxın: Haqqında • Mənbə: Kəşfül-Həqayiq. I cild. səh. 16-22. Bakı. 2014. ISBN: 978-9952-82-21-9-9


Bismillahir-Rəhmanir-Rəhim
MÜQƏDDİMƏ

Varlığı yaradan, həqiqi yaradıcı olan Allaha sonsuz həmdsəna olsun ki, insanları digər varlıqlar arasından sənət və bilik baxımından seçib, elmlərin müşküllərini həll etmələri üçün onlara hidayət edib, aləmdəki sənətkarlığın incəliklərini kəşf etmələrini tənzimləmişdir. Hər nə qədər zamanın dövranı ilə ecazkar və qəribə elmlər insanlar tərəfindən yaradılsa da, bunların hamısı yeganə yaradıcı olan Allahın elm və qüdrətinə dəlil və sübutdur. Hidayət yolunu göstərənlərin ən fəzilətlisi, ən alimi və ən mü kəmməlinin pak ruhuna, rəhməti və neməti sonsuz olan Allahdan salam olsun ki, hənif dini olan islamı təsis etmək səbəbi ilə aləmin cəhalətini elmə, zülməti isə nura çevirdi. Bununla, Hz. Məhəmməd ibn Abdullah ibn Əbdülmüttəlib ibn Hişam ibn Əbdimənaf ibn Qusayy ibn əl-Qüreyşini nəzərdə tuturam. Günəş və ayın doğuş və batması miqdarı qədər o cənabın müqəddəs ruhuna Allah-Təaladan əfv və rəhmət olsun. Yenə onun fəzilətli nəsli və xeyirli səhabələri göz açıb yumacaq qədər də ilahi rəhmətdən uzaq qalmasınlar.

İslam dininə bağlı olub, onun öyrənilməsi vacib olan hökmlərinə tabe olub, itaət edənlər üçün hər şeydən əhəmiyyətli və vacib olan şey Qurani-Şərifin uca mənalarını anlayıb, ondakı faydalardan mənfəət əldə etməkdir. Çünki Qurani-Şərif ən üstün əxlaqı əmr edən, vəhşilik və cəhaləti qadağan edəndir. Qurani-Şərifin əsası islam dini olduğuna görə, hər müsəlman kişi və qadın insanlıq xüsusiyyətləri baxımından kamilləşmək üçün ondakı hökmləri, Onun açıq-aşkar olan ayələrinin içində örtülü qalan incəlikləri və rəmzləri öyrənməlidir. Qurani-Şərifi özünə rəhbər edən, onun nuru ilə hidayət tapan heç kimdən heç vaxt insaf və mürüvvətin ziddinə bir əməl meydana gəlməz.

Qurani-Şərif ərəb dilində olduğuna görə, başqa dildə danışan millətlər üçün onun ehkamını və incəliklərini anlamaq mümkün deyil. Madam ki, Qurani-Şərifin mənası ucadır, elə isə o, hər bir millətin dilinə tərcümə və təfsir edilməsə, ondan lazım olduğu qədər faydalana bilməzlər. Hərçənd fars, türk, hind və başqa dilli şəxslərin içində ərəb dilinə agah olan şəxslər həmişə olub və indi də var və onlar Quranın ehkamını xalqa anladırlar. Amma bu hökmləri bir alimdən dinləməklə şəxsin öz dilində olan təfsirdən Qurani-Şərifin incəlik və ehkamlarını oxuyub dərk etməsi arasında böyük fərq vardır. Ərəb dilində həddindən çox təfsir vardır və digər bəzi dillərdə də təfsirlər yazılıbsa da, onlardan mühüm bir fayda əldə edilmir. Məsələn, fars dilində bir neçə təfsir vardır ki, o təfsirlərdə Quranın kəlmələrinə xas qrammatika qaydalarını və bəzi kəlmələri izah etməkdən başqa, Qurani-Şərifin incəliklərindən heç bir şeyi qeyd etməyiblər. Əksinə, müsəlman millətlərinin içində təfriqəyə səbəb olan sözlərdən bəhs olunub. Halbuki Qurani-Şərif başqa millətlərlə müsəlmanlar arasında və bütün millətlərlə sülh, ədalət və insaf üzrə hərəkət etməyi əmr edir.

Nə varsa, bizim əyri-üyrü qamətimizdəndir,
Yoxsa sənin hədiyyən heç kəsin boyuna qısa gəlməz.

Özünü alim kimi göstərənlərin yazıları islam ümmətini başqa millətlərin nəzərində insafsız, zalım və fəsadçı kimi göstərib, hətta onlar islamın əsası zülm və fəsad üzərinə qurulub deyib, islama həqarətlə baxırlar. Allah mühafizə etsin, islamda bir qüsur yoxdur. Qüsur ümmətin mənsublarındadır, nəinki islamın əsasında.

Hərçənd türk dilində olan təfsirlərin bəzisində Qurani-Şərifin mətləbləri həqiqətən, olduğu kimi açıqlanıbdır, lakin o təfsirlər osmanlıca yazıldığına görə bizim Azərbaycan türkcəsində danışanlar onlardan faydalana bilmirlər.

Həmd olsun, bu dövrdə islam ümməti arasında elm və maarif günbəgün yayılmağa başlayıb, elm və sənət öyrənmədə fövqəladə bir cəhd hiss olunur. Ana dilləri olan türk dilində kitabların nəşr edilməsi və sonsuz bir şövqlə onlara öz dillərində öyrədilməsi görülür. Türk dilində danışan müsəlmanların Qurani-Şərifin ehkamlarını, öyüd-nəsihətlərini mümkün olan qədər öz dillərində öyrənməsi fərzdir.

İslam aləminə edilən zahiri və batini ən böyük xidmət, türk dilində danışan müsəlmanlardan ötrü onların dilində sa də bir təfsir yazmaqdır ki, bu sayədə onlar Qurani-Şərifin mətləblərini asan şəkildə dərk edib, onun uca məzmunundan ləzzət alıb, həqiqi insanlıq xüsusiyyətlərinə sahib olsunlar. Bu sə bəbdən mən həqir hacı Mirməhəmməd Kərim Mircəfər əl-Ələvi əl-Hüseyni əl- Musəvi əl-Bakuvi özümə vacib saydım ki, Azərbaycan türkcəsində bir təfsir yazım ki, islam xadimləri arasında bizim də kiçik bir xidmətimiz var olsun. Hərçənd Quran ayələrinin təfsirini türk dilində ifadə etmək çətin olduğuna görə, bəzi müşküllər görülür, buna baxmayaraq, bu çətinlikləri özümüzə asan hesab edib, bu nəcib işə başladıq.

Bu təfsirdə qeyd olunan mətləbləri aşağıda göstərilən mötəbər təfsirlərdən alıb, diqqətlə təhqiq edərək öz kiçik araşdırmalarımı da onlara əlavə etdim. O təfsirlər bunlardır:

1- “Təfsiri-Kəşşaf”, müəllifi: Zəməxşəri
2- “Təfsiri-Kəbir”, müəllifi: Fəxrəddin-Razi
3- “Təfsiri Əbus-Suud”
4- “Məcməul-Bəyan”, müəllifi: Təbərsi
5- “Lübabüt-Təvil fi Məanit-Tənzil”, müəllifi: əl-Xazin Əbu
Mə həmməd əl-Bəğəvi
6- “Mədarikut-Tənzil və Həqaiqüt-Təvil”, müəllifi: ən-Nəsəfi
7- “Ənvarüt-Tənzil”, müəllifi: Qazi əl-Bəyzavi
8- “Ruhül-Bəyan”, müəllifi: Haqqı Əfəndi (İsmayıl Haqqı Bursəvi)

və bunlardan başqa, tarix və hədis kitablarından da istifadə edilmişdir. Bu kitaba baxan alimlərdən və digər maarif əhlindən istəyim odur ki, əgər bu kitabda bir səhv, qüsur və ya unudulmuş bir şey görsələr, mən həqiri üzrxah saysınlar. “İnsan unutqanlığa meyillidir, bəzən pəhləvan da səndələyər, bəzən qılınc da kəsməz”, - sözünü nəzərə alıb, mən həqirə insaf və mürüvvətdən kənar baxmasınlar və o səhvləri və qüsurları düzəltsinlər. Yardım Allahdandır, Ona etibar etdim. O, yardım edənlərin ən xeyirlisidir. Bilik, sənət və mənəvi kamillik elmini öyrənmək insanlara xas olduğundan onların elmdən qafil olmaları caiz deyil. Qurani-Şərif və hədislərdə sənət və elm öyrənməyin təşviq edilməsi, elm sahiblərinin aqil, elmsizlərin cahil və zalım ləqəbi ilə yad edilməsi heç bir elm və fəzilət əhlindən gizli deyil. İslam ümmətinin arasında ixtilaf zühur edəndən bəri hər bir qrup və onların rəhbərləri və ruhaniləri dinə zidd olan iddialarını dəstəkləmək üçün yalan hədislər uydurub, xalqın zehnini o yalanlarla doldurub, o yalanlara inandırıb, o yalanlar da, sanki, həqiqət imiş kimi onların arasında yayılıbdır.

Qurani-Şərifin inci kimi parlaq olan öyüd-nəsihətləri və hikmətləri xalqın zehnindən birdəfəlik silinib, xalqın rəhbərləri də Qurani-Şərifin mətləblərini onlara öyrətməkdən çəkinib, hətta avam xalq Qurani-Şərifin mətləblərindən danışanda şiddət və qorxutmaq yolu ilə onlara o mətləbləri tərk etməyi əmr edirlər. Hətta bizim bu dövrdə ruhanilərin əksəriyyəti Quranın mövzularından danışmağı haram elan edib, xalqa onu tərk etməyi təşviq edirlər. İddiaları da budur ki, imamlardan başqası Quranın mətləblərini dərk edə bilməz.

Qurani-Şərifin açıq-aşkar olan ayələrində hər bir hökm və öyüd-nəsihət barəsində möminlərə xitab edilibdir və şübhəsiz ki, o hökm və nəsihətlərə əməl etmək vacib olub, möminlərin də ondan məsul olmaları bəhs olunan sözün doğruluğuna açıq bir dəlil və sübutdur. Əmirəl-möminin Hz. Əli öz xütbələrindən birində buyurubdur: “Quranı özünüzə imam və rəhbər seçin”. Görəsən, Quranı imam seçməkdə məqsəd nədir? Məqsəd Qurani-Şərifdəki elm və hikmətləri dərk edib öyrənməkdən başqa bir şey deyil. Yenə Hz. Əli öz kəlamlarından birində insanları iki qismə ayırır: birinci qrup – alimlər, ikinci qrup elm öyrənənlərdir, onlardan başqasını isə yer üzündəki qədir-qiyməti olmayan heyvanlara – həşərata bərabər sayıbdır.

İnsanın şərəfi və iftixar qaynağı onun elmindədir. Vəhşicəsinə əməllər edən cahil və nadan şəxsləri islam dininə görə müsəlman adlandırmaq böyük xətadır. Möhtərəm peyğəmbərimiz (s.ə.s) de yib dir: “Müsəlman o şəxsdir ki, xalq onun əlindən və dilindən sa lamat olar”. (Buxari, İman 4; Nəsai, İman 9.)

İnsandan əmələ gələn hər bir xəta onun cəhalətindən qaynaqlanır. Hər bir dövrdə hansı elmlər və sənətlər yayılıbsa, o elm və sənəti öyrənmək lazımdır. Hansı dildə olursa olsun o elmi öyrənmək vacibdir. Peyğəmbərimizin dediyi kimi; “Elm Çində, olsa da, öyrənin”. (bax: Acluni, Kəşf’ü-l Xəfa, I/138; Beyhaqi, Şuəbul-İman, II/254)

İslam dinində qadınlar da kişilər ilə eyni səviyyədə dini ehkamlar qarşısında bərabər olduğuna görə, müqəddəs şəriətin sahibinə görə, elm öyrənmək mə sələsində də hər ikisi bərabər səviyyədədir. Onun dediyi kimi; “Hər bir mü səlman kişi və qadına elm öyrənmək lazımdır”. (Kuleyni, Üsul, 1/30; İbn Macə, Müqəddimə, 17.) Elm ancaq dinin cüzi hökmlərindən ibarət deyil, necə ki, bu dövrdə xalqa bundan başqa heç bir elm öyrədilmir. Əksinə, əvvəlcə dini elmlər, ondan sonra bəşəriyyətin məişəti üçün lazım olan elmlər öyrədilməlidir. Məsələn, tarix, həndəsə, coğrafiya, riyaziyyat, astronomiya elmləri. Qurani-Şərifdə bu elmlərin hamısının öyrənilməsi üçün açıq-aşkar ayələr mövcuddur. Fəqihlər öz kitablarında mirasdan bəhs edəndə riyaziyyata əsaslanırlar, halbuki bu dövrdə elm dalınca gedən tələbələrin əksəriyyəti riyaziyyatdan bixəbərdirlər. Habelə namaz ehkamında fəqihlər qiblədən bəhs edəndə astronomiyaya əsaslanırlar, amma bu dövrdə fiqh müəllimləri və tələbələr tədris vaxtı qibləni təyin mövzusuna çatanda ustad və tələbələrin hamısı aciz və çaşqın qalırlar, bir bölgənin en və uzunluq dairələrini o bölgənin yer səthinə aid hesab edib, bölgənin hüdudlarını onun en və uzunluq dairəsi hesab edirlər.

Tarix elmi isə dəyərli bir elmdir. Qurani-Şərifdə tarix elmindən də bəhs edilir. Amma islam ümmətinin alim və tələbələri belə bir elmdən bixəbər qalıblar. Keçmiş dövrlərdəki alimləri araşdıran şəxslərə gizli deyil ki, onlar bütün bu bəhs edilən elmlərə agah olub, bu sahədə kitablar da yazıblar.

Qurani-Şərifin uca mətləbləri zülmət pərdəsinin arxasında qaldığına görə, islam ümmətinin içində cəhalət yayılıb, müsəlmanlar öz həvəs və nəfslərinə tabe olub, hər kəs özü üçün islamMüqəddimə da bir yol seçib və onların arasından ədalət və insaf yox olub, zülm açıq-aşkar yayılıbdır.

Əmirəl-möminin Hz. Əli (ə.s) hər bir elmə sahib olmaqdan başqa, riyaziyyat elminə də agah idi. Bir gün o cənab ayağını üzəngiyə qoyanda riyaziyyat elminə agah olan bir yəhudi o cənabdan soruşdu ki, ya əmirəl-möminin, o hansı ədəddir ki, onun bölünməsi 9-da biri qədər olsun?* (*Yəni onun yarısı və 3-dən biri, 4-dən biri, 5-dən biri, 6-dan biri, 7-dən biri, 8-dən biri, 9-dan biri, 10-dan biri olsun?) O cənab elə ayağı üzəngidə olaola buyurdu: “Həftənin günlərini bir-birinə vur, o saydan ilin günlərinə hasil olan rəqəm sənin cavabındır”. O cənab bu sözü buyurub, atına minib yola düşdü. Ondan sonra yəhudi gedib hesabladı və cavabın doğru olduğunu gördü. (Əgər o hesabı burada qeyd etsəm, uzunçuluq olub, əsl mətləbdən çıxmış olarıq. Kitabın mövzusundan başqa, bir mətləbə qarışmaq gözəl bir şey deyildir). Dünya və axirət səadəti ancaq elmlə mümkündür. Elm öz sahibinə ancaq şərəf verər. Əgər Qurani-Şərifin ayələrini birbir mülahizə eləsən, görərsən ki, elmin ucalığına və elm sahibinin fəzilətinə, ona zinət verənin elm olduğuna necə dəlildir. Dinin zahiri və batini ilk mərtəbəsi Allah-Təalanı bilməkdir və bu da ancaq elm yolu ilə mümkündür. Bütpərəstlik, yəni Allah-Təalaya şirk qoşmaq, hamısı cəhalət və nadanlıqdan qaynaqlanır. Atababanı təqlid etməyi tərk edib, elmin nuru ilə gedənlər zülmət və cəhalət vadisindən xilas olub, maarif aləminin zirvələrində məskun olublar.

Necə fəzilətli şəxslər elmdən uzaqlaşmaları səbəbi ilə səfil insanlar qrupuna qatılıb, zillət vadisində çaşqın və sərgərdan qalıblar. Amma necə adi insanlar elm öyrənmək üçün zamanlarını verib, zəhmət və çətinliklərə qatlanmağı özlərinə şəfa sayıb, az bir zamanda sərvət və səadət sahibi oldular. Bunu yaxşı anla, fürsəti qənimət bil və şükür edənlərdən ol!

Bundan sonra Qurani-Şərifin təfsiri başlayır. Müvəffəq edən və yardım edənlərin ən xeyirlisi Odur. Bu təfsir “Kəşfül-həqaiq an nükətil-ayati vəd-dəqaiq” adıyla adlanıb, 3 cilddən ibarət olacaqdır. İlk cildin əvvəli Fatihə, axırı Tövbə, 2-ci cildin əvvəli Yunus, axırı Ənkəbut, 3-cü cildin əvvəli Rum, axırı Nas surəsidir. Buna görə, təfsir üç cilddən ibarət olacaqdır ki, asanlıqla daşına bilsin. Habelə hər bir ayəni tapmaq asan olsun deyə, ayələr nizam ilə sıralanıb. Hər bir cildə daxil olan ayələrin təfsiri verilib. Və hər bir surədəki ayələrin sayı o surənin əvvəlində qeyd olunub, ondan sonra təfsir əsnasında nizam içində bəyan olunub. “Hürufu-müqəttə`” (kəsik hərflər) ki, bəzi surələrin əvvəllərində vaqe olubdur, məsələn, Əlif Ləm Mim, Əlif Ləm Ra, Ha Mim, Ta Sin Mim kimi. Bunların mənalarında böyük ixtilaflar ediblər. Təfsirçilərin hər biri bir məna verib, hamısından yaxşısı Zəməxşərinin verdiyi mənadır ki, surələrin əvvəlində gələn bu hərflər o surələrin adıdır. Mən həqir də bu fikri mənimsəyib, bu hərflərin o surələrin adı olması fikrini qeyd etdim.