Həqiqət bir gizli sirdir: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Səhifəni '{{Başlıq | başlıq = Həqiqət bir gizli sirdir | müəllif = Şah İsmayıl Xətai | keçidsiz müəllif = | tərcüməçi = | keç...' ilə yarat
(Fərq yoxdur)

10:55, 12 iyun 2020 tarixindəki versiya

Həqiqət bir gizli sirdir
Müəllif: Şah İsmayıl Xətai
Mənbə: Şah İsmayıl Xətayi. "Sazım", Gənclik n., Bakı, 1973


Həqiqət bir gizli sirdir,
Aça bilirsən, gəl bəri.
Küfr içində iman vardır,
Seçə bilirsən, gəl bəri.

Açıldı cənnət qapusu,
Ləlü gövhərdir yapusu,
Qıldan incədir körpüsü,
Keçə bilirsən, gəl bəri.

Canımız mələk canıdır,
Tənimiz Səlman tənidir,
İçdiyim arslan qanıdır,
İçə bilirsən, gəl bəri.

Pirimdən öyüd almışam,
Ustadımdan dərs almışam,
Mən qanadım bağlamışam,
Uça bilirsən, gəl bəri.

Mən bağçaların güleyəm,
Ayini-cəm bülbülüyəm,
Qırx qapunun kilidiyəm,
Aça bilirsən, gəl bəri.

Şah Xətayim eydür: həman,
Dağları bürüdü duman,
İştə İncil, iştə Quran,
Seçə bilirsən, gəl bəri.