Azad Qarabağın Azad Qəhrəmanı: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Səhifəni '{{Başlıq | başlıq = Azad Qarabağın Azad Qəhrəmanı | müəllif = Araz Yaquboğlu | keçidsiz müəllif = | tərcüməçi = | ke...' ilə yarat
(Fərq yoxdur)

10:14, 24 yanvar 2021 tarixindəki versiya

Azad Qarabağın Azad Qəhrəmanı (2021)
Müəllif: Araz Yaquboğlu
Mənbə: Azad Qarabağın Azad Qəhrəmanı

 
Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun məzarı başında düşüncələrim:
Əziz eloğlum, Azad. Bu gün sənin doğum günündür. İlk dəfədir ki, əzizlərin doğum gününü sənsiz qeyd edirlər. Qarlı-şaxtalı yanvarın 24-də doğulub səmi 24 bahar yaşadın. Etiraf edim ki, şəhid olana qədər Səni tanımamışam. Ancaq şəhadətə qovuşduğun gündən sonra Sən nəinki mən, bütün xalqımız tərəfindən bir igid, qəhrəman kimi tanındın. Heç də təsadüfü deyil ki, sənin qəhrəmanlığını dövlətimiz də dəyərləndirdi, səni “Vətən Müharibəsi Qəhrəmanı” adı ilə ödülləndirdi. İndi mənə o qədər doğmasan, o qədər əzizsən ki, o sevgini sözlə ifadə etmək çox çətindir. Səni gec də olsa o qədər çox sevir, o qədər qəlbimə yaxın bilirəm, sanki, biz illərin tanışı-yaxını olmuşuq.
Şəhidim, igidim Azad! Sənin müqəddəs ruhun hər bir Azərbaycanlının qanında, canındadır. Sən elə bir yüksəklikdə qərar tutmusan ki, o ucalıq hər bəşər övladına nəsib olmaz. Hamı özünə o ucalığı arzulaya bilər, amma yetə bilməz. Bu 24 illik qısa ömrünü Sən elə yaşadın ki, dünya durduqca nə doğmaların, nə də xalqın Səni unutmaz. Ulularımız demişlər ki, şəhidlər ölməz. Sən ölməmisən əzizim, cənnət mələklərinin qanadlarında göylərin ucalığından dövrə vurub bizi seyr etdiyinə əminəm. Sadəcə cismən aramızda deyilsən...
Ruhun şad olsun, azad Qarabağın Azad oğlu.

Azad Hümbətov 24 yanvar 1996-cı ildə Bakı şəhərində doğulub. Gözünü dünyaya açandan Göyçə mahalının Daşkənd kəndində doğulan atası Arifdən vətən nisgilli, yurd həsrətli söhbətlərə, xatirələrə hakim kəsilmişdi, Azad. Beləcə onda vətənpərvərlik hissləri lap uşaqlıqdan baş qaldırmış, xalqımızın düşmənlərinə qarşı intiqam hissi alovlanmağa başlamışdı. Azad Nərimanov rayonunda yerləşən “Bakı şəhəri 291 №-li ekologiya liseyi”ni əla qiymətlərlə bitirsə də respublikanın heç bir sıradan olan universitetində təhsilini davam etdirmək istəmir. O, hərb yolunu seçir. Fikirləşir ki, yalnız vətəni hərbçi olaraq düşmənlərdən xilas edə bilər. Beləliklə o, 2013-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin tank bölüyü ixtisasına qəbul olur. Seçdiyi ixtisası sevə-sevə oxuyur, öyrənir. Təlim-tədris zamanı Azad həmişə öncüllər arasında olur. 2017-ci ildə hərbi məktəbi leytenant rütbəsi ilə bitirir. Təyinatı və istəyi üzrə elə həmin ildən də ön cəbhədə, Füzuli rayonunun Horadiz şəhərindəki N saylı hərbi hissədə öz vəzifəsinə başlayır.
Azad Hümbətov peşəkarlığını daha da artırmaq üçün Bakıda yerləşən Silahlı qüvvələrin təlim və tədris mərkəzində 45 gün müddətində zabit heyətinin təkmilləşdirmə kursunu keçərək baş leytenant hərbi rütbəsi alır. O, 2018-ci ildə “Azərbaycan Ordusunun 100 illiyi” münasibətilə keçirilən hərbi tədbirdə ön sırada bayraqdar vəzifəsini daşıyır. Bu tədbirdən sonra ona “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı Müdafiə nazirliyi tərəfindən təqdim olunur.
Azad Hümbətovun 2020-ci ilin sentyabrında uşaqlıqdan boy verən arzuları – düşməndən qisas almaq, işğal altında olan torpaqları azad etmək xəyalları gerçəkləşir. O, Füzuli rayonundakı ermənilərin keçilməz sədd adlandırdığı cəbhə xəttinin yarılmasında qəhrəmanlıq göstərir. Tank tağımı komandiri olaraq öndə gedən Azadın döyüşçü yoldaşları da onunla bərabər düşmənə sarsıdıcı zərbələr endirirlər. O, tağım heyəti ilə bərabər düşmənin 5 tankını qənimət kimi ələ keçirmiş və öz mövqelərinə gətirib çıxarmışlar.
Döyüşlərin birində etdiyi qəhrəmanlıq haqqında əmisi Bakir belə deyir:
“Azad müharibənin ilk günlərində komandirlik etdiyi tankı ilə minaya düşür. Özü ayağından yaralanır. Buna baxmayaraq tank mexanikinin daha ağır xəsarətlər aldığını gördükdə onu yaralı halda belinə alaraq xilas etməyə çalışır. Düşmənə rast gəlməmək üçün meşəliklə təxminən 25 km yolu 2 günə öz döyüş postlarımıza gətirib çıxara bilir. Azadın özü də yaralı olduğu üçün onu Beyləqanda hospitala müalicə üçün göndərirlər. O isə müalicəsi qurtarmamış yenidən döyüş meydanına qayıdır.”
Baş leytenant Azad Hümbətov Füzuli, Xocavənd, Qubadlı, Laçın və digər cəbhələrdə düz bir ay yoruldum demədən, dincəlmədən sərasər döyüşür. Və son döyüşü...
27 oktyabr 2020-ci ildə Vətən müharibəsinin çox əhəmiyyətli və ən strateji mövqeyi olan Laçın dəhlizi uğrunda gedən döyüşlərdə son qəhrəmanlıqlarını göstərərək şəhid olur. Şəhid olmağıyla da Azad bir evin yox, bir elin övladı olur. İndi o təkcə Arif və Leyla xanımın oğlu yox, bütün Azərbaycanın oğludur.
Baş leytenant Azad Hümbətov İkinci Fəxri Xiyabanda general-mayor Polad Həşimovla bir sırada dəfn olunub.
9 dekabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyevin sərəncamı ilə baş leytenant Hümbətov Azad Arif oğluna (ölümündən sonra) “Vətən Müharibəsi Qəhrəmanı” adı verildi. Bundan sonra Azad Hümbətov 15 dekabr 2020-ci ildə “Vətən uğrunda”, 25 dekabr 2020-ci ildə isə “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olundu.