Sağlamlığı keşiyində dayandığı insanların ruhuna da şeirləri ilə şəfa verən həkim-şair: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Səhifəni '{{Başlıq | başlıq = Sağlamlığı keşiyində dayandığı insanların ruhuna da şeirləri ilə şəfa verən həkim-şair | müəllif = Araz...' ilə yarat
 
(Fərq yoxdur)

Səhifəsinin 15:28, 4 fevral 2021 tarixinə olan son versiyası

Sağlamlığı keşiyində dayandığı insanların ruhuna da şeirləri ilə şəfa verən həkim-şair (2021)
Müəllif: Araz Yaquboğlu
Mənbə: Kamran Məmmədov, "Vətən sevgisi", Bakı, "Elm və təhsil", 2021.

 
Göyçə mahalı saz-söz xiridarları ilə zəngin bir mühit olub. Göyçə aşıq məktəbinin formalaşmasında, inkişafında mahalın ayrı-ayrı kəndlərində yetişən aşıq və şairlərin özünəməxsus yeri var. Bütün dövrlərdə yaradıcı insanlar ədəbi mühitin zənginləşməsi üçün öz töhfələrini veriblər. Daha geniş arenada tanınıb-tanınmamasından asılı olmayaraq, müəlliflər həmişə Göyçə ədəbi mühitinin ənənələrinə sadiq qalaraq bədii sözün urvatını qorumağa çalışıblar. Qarşımdakı “Vətən sevgisi” adlı kitabın əlyazmasını da elə bu əminliklə varaqlayıram.
Kitabın müəllifi Kamran Məmmədov Daşkənd kəndində doğulub. Uşaqlığı və gənclik illəri həm Göyçədə, həm də Kəlbəcərdə keçib. Bir dağın o üzü, bu üzü olan hər iki el-oba camaatının saz, söz, şeir həvəskarları olduğu hamıya məlumdur. Ona görə də bu məkanda böyüyən Kamran Məmmədov da yeniyetməlik çağlarından söz deməyə, şeir qoşmağa başlayıb. Dediklərimizə Kamran Məmmədovun XIX əsrdə yaşamış Azərbaycan şairi Məmmədhüseynin kötücəsi olduğunu da əlavə etsək, fikrimiz tam aydın olar.
Kamran Məmmədovun “Göyçə həsrəti” adlı ilk şeirlər kitabı 2005-ci ildə çap olunub. İnsan sağlamlığının keşiyində duran Kamran həkim həm də şeirləri ilə ürəklərə yol tapır, insan ruhuna şəfa verir. İki yaşından atasız böyüməsi, dövrün çətinlikləri ilə üzləşməsi onun şeirlərinin mövzusuna da təsirsiz ötüşməmişdir:

Elə bil ki qəmlə yaranmışam mən,
Dərddən ayrılmıram, gülmürəm niyə?
Deyirlər pis günün yaхşı günü var,
Bu yaşa çatmışam, görmürəm niyə?
(“Niyə”)

Çətinliklərə baxmayaraq həyata, vətənə sevgisi heç vaxt onu tərk etməmiş, hər zaman ümidlə yaşamışdır.
Şair-həkim Kamran Məmmədovun yaradıcılığında nəsihətamiz, ədəb-ərkan qaydalarından bəhs edən şeirləri çoxluq təşkil edir:

Su tökməklə quyu dolmaz,
Quyu özü dolu gərək.
Danlamaqnan ağıl olmaz,
Ata-baba yolu gərək.
(“Gərək”)


Pis əkən yaxşı biçməz,
Atalar misalıdı.
Yaxşı işlər ziyan verməz,
Bəd əməli olmasa.
Ədalətdən gəl yapış sən,
Yaxşıya yaman demə.
Məhşər günü çətin olar,
Cənab Əli olmasa.
(“Olmasa”)

Kəlbəcər rayonunda həkim işləyən Kamran Məmmədov 1980-ci illərdə qohumlarının daha çox yaşadığı Bərdə rayonunun Yeni Daşkənd kəndinə köçür. Burada da o el-oba arasında xoş xasiyyətinə, həlim davranışına görə sevilir, xətir-hörmət qazanır.
1988-ci ildəki Göyçə, 1993-cü ildəki Kəlbəcər köçkünlüyü, yurd itkisi də Kamran həkimin poeziyasından yan ötə bilməzdi:

Qara bulud başın üstə hərlənir,
Yenə qəmli keçir illərin, Göyçə.
Köçən qaçır, qalanların təklənir,
Deyəsən sayılır günlərin, Göyçə.
(“Göyçə”)


Qarabağda ocaq yandı,
Kəlbəcərə od ələndi.
Elim gəldi axın-axın,
Gözüm yaşı gilələndi.
(“Od ələndi”)

Şeirlərinin əksəriyyəti dağlardan ayrı düşən dağlar oğlunun ah-amanıdır. Çox şükürlər olsun ki, 2020-ci ilin sonuna yaxın müzəffər Azərbaycan ordusu İkinci Qarabağ Müharibəsində böyük qələbə qazanaraq xalqımıza hüdudsuz sevinc yaşatdı, torpaqlarımızı işğaldan azad etdi. Kamran həkim hələlik doğulduğu Göyçəyə gedə bilməsə də, bir vaxtlar yaşadığı Kəlbəcərə gedə biləcək. Dağların həsrətinə qoşduğu şeirlərin də indi mövzusu dəyişəcək, şeirlərini dağların gözəlliyinə həsr edəcək. El şairi Kamran həkimin ordumuzun şanlı qələbəsinə yazdığı şeirdən iki bəndlə sözümü bitirərək ona təbiət ovqatlı, zəfər soraqlı yaradıcılıq uğurları arzulayıram:

Baş Komandan əmr verdi,
Ordum dağlara yeridi.
Düşmən türkün gücün gördü,
Əl çəkib dala yeridi.

Laçın dağların gözəli,
Kəlbəcər elin gərəyi.
Şuşa bir sütun dirəyi,
O, gözəl yerə yeridi.