Ya Rəb, həmişə lütfünü et rəhnüma mana

Ya mən əhatə elmükəl-əşya’ə külləha Ya Rəb, həmişə lütfünü et rəhnüma mana
Müəllif: Məhəmməd Füzuli
Tərcümə edən: Hüseyn Cəlilov
Ey mələksima ki, səndən özgə heyrandır sana


 Ya Rəb, həmişə lütfünü et rəhnüma mana,[1]
Göstərmə ol təriqi ki, getməz sana, mana.[2][3]

Qət’ eylə aşinalığm ondan ki, qeyridir,[4]
Ancaq öz aşinalərin et aşina mana.[5]

Bir yolda sabit et qədəmi-e’tibarimi[6]
Kim, rəhbəri-şəriət ola müqtəda mana.[7]

Yox məndə bir əməl sənə şayistə, ah əgər[8]
Ə’malimə görə verə ədlin cəza mana.[9]

Xövfi-xətadə müztəribəm, var ümid kim,[10]
Lütfün verə bəşarəti-əfvü əta mana.[11]

Mən bilməzəm mənə gərəgin, sən həkimsən,[12]
Mən’ eylə, vermə, hər nə gərəkməz sana, mana.[13]

Oldur mənə murad ki, oldur sənə murad,[14]
Haşa ki, səndən özgə ola müddəa mana.[15]

Həbsi-həvadə qoyma Füzulisifət əsir,[16]
Ya Rəb, hidayət eylə təriqi-fəna mana![17][18][19]

Qeydlər redaktə

  1. Ey Rəbbim, lütfünü(hədiyyəni, bəxş etdiyini, rəhmini) mənə daim yol göstərən et.
  2. O yolu mənə göstərmə ki, o yol parlaqlığa daimi nura getməz.
  3. Daimi nur sözünün izahına Azərbaycanca Divanın 2-ci qəzəlinin 7-ci beytində baxa bilərsiniz.
  4. Səndən qeyri olan dostluqlarımı qət et(keç)
  5. Ancaq öz dostlarını mənə dost et
  6. Qədəmimi etibarını bir yolda sabit et
  7. Hansı ki, o yolda mənim müqtədam(başçım) Sənin şəriətinin rəhbəri olsun
  8. Məndə sənə layiq, münasib bir əməl yoxdur
  9. Ah, mən neyləyəcəm ədalətin mənə əməllərimə görə cəza versə?
  10. Etdiyim xətaların, günahların qorxusundan narahatam, amma yenədə ümidim var
  11. Bəlkə lüftün(rəhmin, hədiyyən) mənə əfv(bağışlanma) muştuluğunu verər
  12. Mən mənə nəyin lazım olduğunu bilməsəm də, Sən Həkimsən, Hikmətlisən
  13. Nə ki, sənə gərəkməz, onu mənə qadağan et, vermə
  14. Mənim muradım(Arzum) odur ki, o Sənin arzundur
  15. Nə həddimə ki, səndən özgə bir arzum, fikrim ola
  16. Həva həbsində Füzuli kimi əsir qoyma
  17. İlahi, fəna yolunun yolçularını hidayət eylə
  18. Fəna yolu deyilərkən dünya hərsiliyi, dünya eşqi nəzərdə tutulur
  19. Həva sözünün iki mənası vardır. 1-cisi Hava kütləsi. Bu dünyaya nişanədir. İkinci mənası isə eşq, sevgi mənasındadır.