Yana-yana
Müəllif: Aşıq Məhərrəm Alçalı
Mənbə: Sazlı-sözlü Göyçə (II kitab) (az). Elm və təhsil (2018). Orijinal mənbədən 2018-06-01 tarixində arxivləşdirilib. Yoxlanılıb 2018-06-01.

Bir üzügülməzin, bəxtiküskünün,
Ağladım dərdinə ha yana-yana.
Aşıq deyər ha yana,
Qəlbin oda ha yana.
Yaxşı dostu unutma,
Canın oda ha yana.
Çəksən də zəhmətin qədirbilməzin,
Axırda qalarsan ha yana-yana.

Ağanın hökmü ilə dərya dayandı,
Suya qərq olana dərya da yandı.
Aşıq deyər nə yandı,
Nə yandırdı, nə yandı.
Kərəm oldu eşq əhli,
Axır oda nə yandı.
Məcnunu öldürdü Leyli həsrəti,
Eşqi sinəsində ha yana-yana.

Məhərrəm, qəlbini üzən nə qandı?
Düşünməzlər bu dünyadan nə qandı?
Aşıq deyər nə qandı,
Nə yaradı, nə qandı.
Ağıllı yüz ad dedi,
Qanmaz ondan nə qandı?
Bir gün olar bu dünyadan köçərsən,
Ağlıyar dostların ha yana-yana.