Yazdım dərdimi, bəlkə edəsən dərman

Yazdım dərdimi, bəlkə edəsən dərman! (1998)
Müəllif: RAUF CAVAD

Sanma ki, bu can unudub səni, Canan!
Alışıb yanır bu bədəndə ruh, bu can!

Dərd qəminə bürünüb gizli ruh-bədən,
Ağrayır ruh-bədəndə can, bilsən nədən!
Söz dil açıb ahü-zar eyləyir Səndən,
Yar, yetişmədimi naməm sənə, məndən?!
Gəl yetiş dadıma ey sevgili Hicran!

Yazdım yenə köhnəlməyən sevgi sözün,
Bilirəm həsrətdir sözə, ümid gözün!
Artıq yetər, yoxdur ruh-bədəndə dözüm,
İzin ver öpsün dodağından bu sözüm!
Yazdım dərdimi, bəlkə edəsən dərman!

Acı fərağın edib könlümü qübar,
Vəfa yoxmu səndə, ey gül üzlü Nigar!?
Könül istər ki, ola qoynunda xumar,
Yeyə dodağın qaymağın, edə nübar!
Deyirlər ki, hər dərdə çarədir Loğman!

Mən könlü dəli-xəstə, gəl ol təbibim!
Can verim ağuşunda mən, ey Həbibim!
Titrəyir bədəndə ruhum, gəl eylə Rəhm!
Ölüm qollarında durum, gəl eylə Rəhm!
Rauf gözlər yolunu, gəl sənə Heyran!