Yox, ümidlər heç zaman doğrulmur

Yox, ümidlər heç zaman doğrulmur
Müəllif: Qətran Təbrizi


Yox, ümidlər heç zaman doğrulmur,
Çünki dünyanın bünövrəsi etibarsızdır.
Gecə ilə gündüz bir-birini əvəzlədikcə, sən dəyişirsən
İllər yolda dayanmayıb, irəli tələsir.
Sən gələcəyə ümidlə xırda şeylərin dərdini çəkirsən,
Fələk isə pusquda durub səni fəlakətə yaxınlaşdırır.
Ey xoşbəxt, elə düşünürsən ki, bədbəxtlikdən qurtulacaqsan.
Gördüyün gözəllər də daim cavan qalacaq.
Dünyada gözəllikdə, bolluq və əzəmətdə
Təbrizdən yaxşı şəhər yox idi.
Orada əmir, rəiyyət, ordu başçıları və alimlər
Hər kəs istədiyi kimi yaşayırdı.
Bəziləri Allaha, bəziləri xalqa xidmət edirdi,
Kimi sərvət dalınca, kimi ad dalınca gedirdi.
Biri qəzəl dinləyir, şərab qədəhi istəyir,
Biri ceyran ovlamaq üçün şikara gedirdi.
Gündüzlər şirin dilli xanəndələrin
Gecələr isə gözəllərin nəğmələrini dinləyirdilər.
Heç kəs dostuna və qonşusuna böhtan atmırdı,
Kobud sözlər hamıya yabancı idi.
Birdən elə gün gəldi ki, yer titrədi
Hər şey bir-birinə qarışdı.
Yer aralandı, ağaclar yıxıldı
Dəli sel hər yanı ağzına aldı.
Bu bəladan canını qurtaranlar həmişəlik
Ağlaya-ağlaya qorxudan nal kimi əyildilər.
Allah dünyanın əvvəlki əzəmətini əlindən aldı,
Yerdəki gözəllik yerli-dibli yoxa çıxdı.