Zülfi-xəmin ki, xəlq deyərlər, kəmənd ona

Zülfi-xəmin ki, xəlq deyərlər, kəmənd ona
Müəllif: Mirzə Əbdülxalıq Yusif
Mənbə: Mirzə Əbdülxalıq Yusif. Qəzəllər. Bakı,2012.

Zülfi-xəmin ki, xəlq deyərlər, kəmənd ona,
Bir damdır ki, aləm olub payibənd ona.

Çeşmin ki, ehtiyat eləyir çeşmi-zəxm üçün,
Ol çöhrə bənzər atəşə, xalın sipənd ona.

Ayinə tək camalına həsrətdir ayinə,
Baxsan, hər ayinə olur ayinəbənd ona.

Zahid ki, bilməyir nədi sevdayi-zülfü xal,
Sevdayi-xalü zülf nə gəlir sudmənd ona.

Dünyaya vəzü pənd edər, amma düzünə heç
Təsiri yoxdu, kargər olmaz ki, pənd ona.

Yusif ki, asitaneyi-dildara baş qoyub,
Yetməz məqami-rütbədə çərxi-bülənd ona.