"Əkinçi", 14 aprel 1876, №7/Daxiliyyə

"Əkinçi", 14 aprel 1876, №7

Əf’ali-əhli-dehat

Mənim dostum... mənə yazır ki, haçan elmi-əbdan bəhsindən əl çəkəcəksiniz və o bəhsin qəzetdə işi nədir? Ondan əlavə yazır ki, ol qədər qəzetdə elmi təhsil etmək xüsusunda yazırsınız ki, qorxuram bu ənqərib zamanda xalqın qəzet oxumaqdan rəğbəti kəsilsin.

Əvvələn, elmi-əbdan bəhsindən çoxdan əl çəkmişik və indi çap olunan cənaban Heydəri və Əhsənül-Qəvaidin məktublarının mətləbləri başqa mətləblərdir.

Saniyən, elmi-əbdan hədisi 1293-cü ildir ki, xalqın ipini əllərində saxlayan şəxslərə mə’lumdur. Amma onlar bəzi səbəblərə binaən buçağacan nə ki ol hədisi xalqa bəyan etməyiblər, amma özləri də onun dalınca olmayıb müsəlman millətini sərgərdan qoyublar.

Çünki qəzetin muradı xalqın gözünü açmaqdır, ona binaən peyğəmbər əleyhüssəlamın 1293 il əməl olunmayan qövlünü xalqa bəyan eləmək qəzetə vacibdir.

Salisən, qəzet dərviş kimi nağıl deyə bilməz, onun borcudur işlərin yaxşı və yamanlığını ayna kimi xalqa göstərsin, ta xalq öz nikbədindən xəbərdar olub onun əlacının dalıncan olsun.

Amma bizim xalqın işlərinə baxanda bir əməli-kamil görmək olmur ki, millət təəssübü çəkən qardaşlar ona fəxr etsin. Libasdan tutmuş bəzi yeməli şeylərəcən xaricə dövlətlərindən gətirdirik. Pəs heç olur ki, bu yoxsulluğumuzdan danışanda onun səbəbi elmsiz qalmağımız olduğun bəyan etməyək?

Ey qardaşlar, rəva deyil ki, sizin qəzetiniz də, bircə qəzetiniz ki "Əkinçi" olsun, sizə Əlif-Leyla nağılı desin.

Bu halda müsəlman milləti tufana düşmüş gəmi təkidir ki, hər ləpə onların bir hissəsini aparıb qərq edir. Belədə çox həmiyyətsizlik istər ki, qardaşlarımızın qərq olmağına baxa-baxa inək irəlidən yediyi çörəyi gövşəyən kimi Rüstəm Zalın nağılını oxuyub keçmişdə olanların qüvvətinə fəxr edək və öz qərq olmağımıza əlac etməyək.

Pəs, dostum, doğru deyiblər ki, əlhəqq mürrün (doğru söz acı olur). Amma bizə hökm olub ki: qülil-həqq və löv kanə mürrün (deyin sözün doğrusunu acı da olsa)!