Üç yaşına çatıram
Üç yaşına çatıram Müəllif: Aşıq Heydər |
Mənbə: "Aşıq Heydər" (Əsərləri, dastan-rəvayətlər, xatirələr), Bakı: ABX NPM, 2014. 472 səh. (tərtibçilər: Tacir Səmimi, Xurşud Məmmədli, Əbülfət Heydər) |
Tale küsüb, qismət qaçıb, bəxt yatıb,
Kövrəlmişəm, üç yaşına çatıram.
Ağıl başda deyil, ruh da bədəndə,
Xəstə düşüb qürbət eldə yatıram.
Həm Əliyəm, həm Vəliyəm, həm dəli,
Işlərim ah – vayla getmir irəli.
Vətəndi könlümün şeyrü, qəzəli,
Aç mədahın, nə istəsən satıram.
Sol qolu sağ əllə tuta bilmirəm,
Yumulmur kirpiyim, yata bilmirəm,
Qəm mənə yoldaşdı, ata bilmirəm,
Yavaş - yavaş qəm gölündə batıram.
Əs, ey səba yeli, dolan dağları,
Vətəndi kiridən mən tək ağları.
Ömür bostanımın solur tağları,
Qəza tutub, mən ağlımı atıram.