"Əkinçi", 15 mart 1876, №5/Əkin və ziraət xəbərləri
←Daxiliyyə | "Əkinçi", 15 mart 1876, №5 |
Məktubat→ |
Siçan insana zərər edən heyvandır. Onun 4 qabaq dişləri çox tez uzandığına siçan gərək onları sürtüb gödəltsin ki, onlar uzanıb onun ağzını tutmasınlar. Ona binaən onun zikr olan dişləri uzanan zaman hər bir şey ona rast gəlsə onu çeynəmək ilə dişlərini gödəldib itiləyirlər. Bu səbəblərə xalq ona kəsəyən deyir. Siçan ildə 4-5 dəfə və hər səfər 8-dən 13-cən doğur və onun balaları bir neçə aydan sonra özləri də doğurlar. Belə olan surətdə onun düşməni çox isə də, ziyadə artıban indi tamam dünyanı tutub.
Siçan yerin hər bir tərəfində ola bilir. Onun üçün dağ ya düz, soyuq ya isti tərəf birdir. Hər yerdə siçan insana mehmandır. Bizim evlərimiz və ambarlarımız onun üzünə açıqdır. Xülasə, siçan insanın dalınca öz kölgəsi gedən kimi gedib. Ġndi hətta cəzirələrdə həm ona mehman olubdur. Siçanın zərəri bizim ambarlarımızda nə qədər ziyadə olsa, elə mə’lum etməz. Ona binaən ki, ambarı olan kəs tavanalı olduğuna onun zərərini görməz. Amma vay kənd əhlinin halına ki, onların əkininə siçan düşə! Həzar müsibət ilə əkinçi taxılı yetirib, onun bəhrəsini gözləyən zaman siçan onun əməyini zay edib, taxıl tələf edib onu gözüyaşlı qoyur. Və əgər bir il belə taxılı tələf olmaq ilə ondan xilas olseydi, xoşbəxt olur idi. Amma siçan taxılı yeyən zaman ondan özünə qış üçün azuqə saxlayıb ilbəil artıb dəxi ziyadə zərər edər. Bu səbəblərə binaən bir yerə siçan düşəndə onu qırıb tələf etmək gərək. Siçanı belə tələf etmək olur:
Əvvələn, siçan düşən yerə qoyun, mal sürülərini çıxardıb ol yeri taptadmaq ilə. Çünki günorta vaxtı siçan öz dəməyində olur, ona binaən ol zaman mallar yeri tapdalamaqdan dəməklərin deşikləri tutulduğuna siçanın nəfəsi darıxıb boğulub tələf olur. Amma lazımdır ki, mal çox olsun, onlar gəzəndə sıx, yəni bir-birinə yavıq gəzsinlər ki, dəməklərin tamam deşiklərini tutsunlar. Zikr olan qayda ilə 4-5 gün ol yeri tapdadanda siçan tələf olur.
Saniyən, siçan bərk yerdə məskən edir ki, onun dəməyinin qıraqları uçub onu incitməsin. Ona binaən payızın axırında belə yeri dərin şuxm edəndə ol yer narınladığına siçan çıxıb qeyri yerə gedir. Və əgər getməsə də, belə narın yerə yağış və qar suyu ziyadə daxil olduğuna siçan nəmişlikdən tələf olur.
Salisən, əkin yerində quyu qazmaq ilə ki, onların dərini bir arşın və qıraqları dik ola, belə quyunu hər 30-40 arşında birisini qazıb, onun qıraqlarını daş ilə döyüb bərkidmək gərək. Ya quyuların əvəzində zikr olan qayda ilə ol yerə iki şirli qalğalar, yəni bəstilər basdırmaq ilə ki, onların da dərini bir arşınacan və ağzı yerin üzü ilə bərabər ola. Zikr olan qalğalara və quyulara bir az piy ya qeyr iy siçana xoş gələn şey qoyulsa, dəxi yaxşıdır. Onlara düşən siçanlar bir-birilə dava edib, birbirini yediklərinə həftədə bir gedib onlardan sümükləri çıxarıb təmizləmək gərək. Rabiən, siçan dəməyinin deşiklərini bərk torpaqlayıb bir deşikdən dəməyi tüstü ilə doldurub onları tələf etmək olur. Bir kasa kimi dəmir ya mis qabın bir böyrünə bir kiçik körük və o biri tərəfinə bir düdük möhkəm edib düdüyü deşiyə salıb kasanın içində əsgi ya qeyr şeylər və bir az kükürd yandırıb körüyü basanda yanan şeylərin tüstüsü dəməyə daxil olur, sonra ol deşiyi də tutanda siçanlar boğulub tələf olurlar və əgər sabahısı günü bir neçə deşik açılmış isə, mə’lum olur ki, bəzi siçan sağ qalıb. Ona binaən onları da zikr olan qayda ilə boğmaq gərək. Habelə siçanları suya basdırıb tələf etmək olur.
Xamisən, bəzi heyvanat, məsələn, quşlardan yapalaq, bayquş, süd əmən heyvanatdan pişik, tülkü və kirpi siçanı yeyib tələf elədiyinə, Avropa kəndlərində onları siçan düşən yerdə saxlayırlar. Məsələn, yapalaq üçün ağac başında yuva qururlar. Deyirlər ki, hər yapalaq bir oturuma 40 siçan yeyir.
Zikr olan qaydalardan savayı siçanları mərgəmuş və ya qeyr zəhərlər ilə zəhərləyib tələf etmək olur. Amma sərhesab olmaq gərək ki, qeyr heyvanat zəhərlənməsin və bir də qarğaduzunu bişirib, un kimi əzib ərimiş piyə qarışdırıb, siçan deşiklərinə salıb, bir qabda su qoyanda siçanlar onu yeyib, su içəndə qarğaduzu onların mədəsində daşa dönüb onları həlak edir.