"Əkinçi", 18 noyabr 1875, №9/Təzə xəbərlər
←İrəvandan məktubdur | "Əkinçi", 18 noyabr 1875, №9 |
Sentyabrın 25-də "Türküstan" qəzetində general Kaufmanın bu məzmunda hökmü çap olunub: nəhri-Sırdəryanın, yəni Seyhun çayının sağ tərəfi ki, Kokan xanının itaətində imiş, imperaturi-Rusdan əlahiddə hökm oluncan Rusiyaya tabe hesab olunsun. Ol yerlərdən ki, 5 bəylik hesab olunur imiş, bir Namancan adlı okruq bina olunub və oraya Sobolev adlı polkovnik naçalnik təyin olub.
Osmanlı dövləti öz qərzdarlarına mə’lum edib ki, onlara borcların sələminin nisfini nə qədər verəcək, amma nisfinin əvəzində onlara təzə kağız verib borclu olacaq. Bu barədə qərzdarların və onlar tabe olan dövlətlərin, yəni ingilis və firəng vüzəralarının arasında danışıq var. Bəzi məsləhət edir ki, Osmanlı dövləti vəqf olunan mülk və mallara maliklənib onu xalqın xoşgüzəranının artırmağa xərc edib onların təhmilatını artırsın ki, borcların sələmini vermək olsun. Bəzi deyir ki, Osmanlı dövlətinin tamam təhmilatını qərzdarlara versinlər ki, onlar pullarının sələmini götürüb artıq qalanını dövlət işlərinə məsrəf etsinlər. Amma bəzi deyir ki, yaxşıdır Osmanlı dövlətinin paytaxtı İstanbul şəhərini satıb ondan cəm olan məbləği qərzdarlara versinlər ki, Osmanlı dövləti birdən borcdan xilas olub Asiya qitəsində özünə təzə paytaxt bina etsin.
Misirdən yazırlar ki, xədivin əsgəri Həbəş hökumətinin sərhəddini keçib Həbəş yerinə daxil olubdur. Buçağacan həbəş əsgərlərilə cəng düşməyib.
İngilis padşahının oğlu Hindistana daxil olub. Bombey şəhərindən oktyabrın 26-da yazırlar ki, şahzadənin qabağına Hindistan knyazlarından 70 adam çıxıb. 200000 tamaşaçı küçələrdə olub.
Peterburq qəzetində yazırlar ki, əlahəzrət Nəsrəddin şah Moskva şəhərində olanda onun xidmətində olan xanların birisi ki, onun ismi Mirzə Mahmud Hacı Hüseyn xan imiş, xaçpərəst olub Moskvada qalmış imiş, indi Sergey adlı monastra gedir.
İngilis vilayətində hər bir sənətkarların və hər bir cürə fəhləlik edənlərin icmaı var ki, hər kəs ol icmaya öz güzəranına görə xərc verir. O pul ilə icma şikəst ya naxoş olan və qulluğu olmayan kəsləri saxlayır və bir neçə dəfə ol icmalar sözü bir edib fəhləliyə artıq pul istəyib alıblar. Bir neçə il bundan əqdəm kənizlər icma bina ediblər. İndi yazırlar ki, nökərlər də icma edib istəyirlər ki, onlara həftədə 3 gün oxumağa rüxsət versinlər.
Oktyabrın 17-də Peterburqda polisə ərz elədiyinə Mirovoy sudya Kiselyov adlı qəssab iyimiş ət satmaqdan ötrü bağlanan işə mülahizə edib. Əgərçi Kiselyov sübut edib ki, ondan ət alanlar iyimiş olmağını bilib alıblar, amma mirovoy qət edib: çünki iyimiş ətin bədənə zərəri var, ona binaən Kiselyovdan 50 manat cərimə alınsın.