"Əkinçi", 20 oktyabr 1875, №7/Təzə xəbərlər

Elm xəbərləri "Əkinçi", 20 oktyabr 1875, №7


General Kaufman Kokan şəhərinə daxil olandan sonra ətraf sakinlərinə bu məzmunda e'lamnamə göndərib: hər kəs Rus dövlətinə tabe olur isə, ona xoşgüzəranlıq müyəssər olur.

Rus dövlətinin müsəlman tabeləri öz şəriətlərini işlətməyə dövlət mane olmur.

Xudayar xan Peterburqa göndərlənib. Onu Rus dövləti Kokana xan etməyəcəkdir.

Səmərqənddən “Türküstan" qəzetinə yazırlar ki, Kokan ilə Rusiya cəng edən zaman Buxaranın xanı məsləhət ilə kokanlıların tərəfin saxlayıb və bu halda səy edir ki, genə onları tutuşdursun. Ona binaən Rusiya tərəfindən Buxaranın sərhəddinə bir neçə yüz kazak qarovulu qoyulubdur.

Türküstandan sentyabrın 22-dən yazırlar ki, Kokan sərkərdəsi odabaşı Əbdürrəhman öz əsgəri məğlub olandan sonra genə təzədən 10000 əsgər cəm edib Rusiya ilə cəng başlamaq istəyib. Amma rus əsgərini görəndə onun əsgəri qaçıb dağıldığına özü beş adam ilə qaçıb Buxara sərhəddinə gedib.

Qerdseqovinə tamam Osmanlı əsgəri ilə zəbt olunubdur. Əgərçi Qerdseqovinənin əhli genə hərdən bir cəng edib, amma ol cənglərdə həmişə məğlub olur.

Qeyri slavyan yerlərindən onlara köməyə gedənlər geri qayıdırlar. Sülh barəsində danışıq var. Bu danışıqdan ötrü Rus və Almaniya dövlətləri Avstriya dövlətinin konsulunu vəkil edibdirlər.

Əgərçi Qerdseqovinə əhlinin muradı oldur ki, onlara artıq ixtiyar versinlər, amma dövlət ona razı olmur.

Osmanlı dövləti hökm edibdir ki, 1873-cü sənəyəcən kəsir olan təhmilatı xalqdan almasınlar və dəh yeki yüzdən on iki alınırdı, yüzdən on alsınlar.

Osmanlı teleqrafxanalarında Qerdseqovinə buntu aşkar olandan sonra gizdin, yəni məxfi dildə tel vurmaq qadağan olmuş idi. İndi genə heylə tel vurmağa izn var.

Hindistanda 300000000 can məğluq var: o cümlədən 60000000 can müsəlman, 150000000 can bütpərəst və 20000000 can atəşpərəstdirlər. 150 sənə bundan əqdəm ingilis vilayətində bir ticarət icmalı əmələ gəlib. Ol icma Hindistanın dərya kənarında öz dadistədləri üçün bir az yer alıb sonra mürur ilə tamam Hindistanı zəbt edib. Bir neçə il bundan əqdəm məzkur icma tamam Hindistanı İngilis dövlətinə veribdir. İndi İngilisin kralının oğlu Hindistana gəzməyə gedir. Qəzetlərdə yazırlar ki, bu oktyabr ayının 11-də İngilisdən çıxıb Misirdən Süveyş kanalı ilə Hindistana gedəcəkdir.

İrandan yazırlar ki, şah Avropa səyahətindən geri qayıdandan sonra xalqa izn veribdir ki, hər bir cəbr barəsində onun özünə ərz etsinlər. Ondan masəva indi təhmilatı cəm etməkdən ötrü təzə qayda qoyub, onu icarəyə verməyi qadağan edib.

Həmədanda bir yəhudi müsəlmanların məzhəbinə yaman deməkdən ötrü onu müsəlmanlar oda salıb yandırıblarmış. İndi Tehrandan yazırlar ki, ol yəhudini yandıran kəslərə tənbeh olunubdur və yəhudilərə söz verilib ki, bir də onların haqqında belə zülm olunmayacaqdır.

Misirdən yazırlar ki, Misir ilə Həbəş hökumətinin arasında danışıq düşdüyünə xədifi-Misir Həbəşin sərhəddinə əsgər göndəribdir.

Rusiyanın 82000000 xalqı var. O cümlədən 9000000 müsəlman, 649000 erməni, 2785000 yəhudi, 277000 bütpərəstdir.

Rusiyanın 780000 əsgəri var, əsgərdə qulluq edən 460000 əfsəri var.

Rusiyanın dəryalarda 29 üzü dəmirli, yəni branonos, 198 üzü dəmirsiz cəng gəmisi var. Onlardan 527 top, 24500 əsgər var, o cümlədən 3817 əfəsrdir.

Peterburq şəhərində 768 təbib var ki, onların hər birisinin yanına hər kəs hər gündə gedib öz naxoşluğu barəsində məsləhət edə bilər.

Badkubə şəhərinin Malakan bağının yanında cənab Vixman sakin olduğu evin qiblə tərəfi satılır.