"Əkinçi", 20 sentyabr 1875, №5/Əkin yerindən danışır

Daxiliyyə "Əkinçi", 20 sentyabr 1875, №5

Elm xəbərləri

Əkin yeri iki qism şeydən əmələ gəlib, birisi cansız şeydən, yəni
cəmadatdan və birisi canlı şeydən, yəni heyvanat və nəbatatdan məxlutə olan
şeylərdən əmələ gəlib. Cəmadatdan əmələ gələn şeylər belə əmələ gəlib: daşlar su
və külək döyməyə binaən azalıb xırdalanırlar, bu xarda və narın şeyləri yağış suyu
ya qeyri su axan zaman aparıb alçaq və düz yerlərdə onlardan torpaq əmələ gəlir.
Pəs biz torpaq dediyimiz şey əkin yerinin cəmadatdan əmələ gələn hissəsidir. Əkin
yerinin heyvanat və nəbatatdan əmələ gələn hissəsi otların xəzəlləri və heyvanların
təzəyi və bədənləri çürüyüb məxlut olmaqlığı ilə əmələ gəlib. Əkin yerində olan
cəmadat bir neçə qismdir. Onların üçü ki birisi qum, birisi kül və birisi əhəngdir,
hər bir əkin yerində var. Bu üç şeyə əkin yerinin binası demək olur. Onlardan
hansının qədəri ziyadə olsa, onun adı ilə əkin yeri adlanır. Məsələn, qumu ziyadə
olan yerə qumlu yer deyilir və bir də əkin yerinin xasiyyəti ol şeylər ilədir. Qumu
ziyadə olan yer isti olur, yəni belə yerə basdırılan toxum tez göyərir, yağışdan
sonra tez quruyur. Belə yerə şeh, yəni şəbnəm az düşür. Küllü yer soyuq olur, yəni
belə yerə basdırılan toxum gec göyərir. Yağışın suyunu belə yer canına çox çəkir
və gec qurur. Belə yerə şəbnəm ziyadə düşür. Əhəngli yer qumlu yer kimi isti olur,
amma küllü yer kimi su saxlayan olur. Zikr olan şeylərdən savayı hər bir əkin
yerində gərək qeyri daşlardan əmələ gələn şeylər olsun. Məsələn, qarğaduzu,
xörəkdə işləddiyimiz duz, kükürd, soda, dəmir pası. Bu duzlar otlara xörəkdirlər. O
duzlar suda əriyəndən sonra onları sorub zindəganlıq edirlər və əgər onlar əkin
yerində olmasa, orada otlar üçün zindəganlıq olmaz.
Əkin yerinin canlı şeylərdən əmələ gələn hissəsi iki qismdir. Birisi hava
qismi şey və birisi bərk şeydir. Məsələn, bir otu yandıran zaman onun bir hissəsi
kül və bir hissəsi tüstü olur və bu şeylərin hər bir qismi otlara xörəkdirlər. Ondan
masəva bu şeylər zikr olan duzların bəzinə dəyəndə onları əridir, yoxsa onlar özləri
su dəyməkdən əriməzlər. Xülasə, cəmadatdan əmələ gələn duzlar və canlı
şeylərdən əmələ gələn şeylər gərək hər bir əkin yerində olsunlar ki, otlar orada
zindəganlıq edə bilsinlər və əgər duzlar və canlı şeylərdən əmələ gələn şeylər az ya
çox olsa, genə olmaz. Gərək onların hər birisinin qədəri lazım olduqcan olsun.
Bir yerdə bir neçə il dalbadal əkin əkiləndə zikr olan otlara xörək olan
şeylərin qədəri azaldığına əkin də ilbəil az bəhrə verir. Ona binaən belə yerə genə
məzkur şeyləri qarışdırmaq gərək ki, əkin irəliki kimi bəhrə versin. Və bir də hər
heyvan bir qism xörək yeməyən kimi, hər əkinin də öz xörəyi var. Məsələn, bir
yerdə küncüd bir neçə il dalbadal əkilsə, o yerin küncündə lazım olan xörəyi
azaldığına orada küncüd az bəhrə gətirər. Ona binaən o yerdə ya gərək qeyri əkin
əkəsən, ya küncüdə lazım olan şeyləri o yerə qarışdırıb sonra küncüd əkəsən ki,
küncüd genə yaxşı bəhrə versin.