"Əkinçi", 21 avqust 1875, №3/Daxiliyyə
"Əkinçi", 21 avqust 1875, №3 |
Mal südündən yağ qayırmaqdan danışacaq→ |
Bir aydır bizim qəzet çap olunur, amma onu oxuyanların bu çağacan biz
çəkdiyimiz zəhmətlərdən xəbəri yoxdur. Əlbəttə, bu işə girəndə o zəhmətləri biz
qəbul etmişik. Ona binaən indi onları izhar etməyi lazım bilirik. Amma bizə
məlumdur ki, bəzi kəslər bizim işə artıq diqqət edirlər. Bu diqqət edən kəslərə o
zəhmətlərdən bir az danışmağı vacib bilirik. Dörd ildir ki, qəzeti çap etməyə izn
istəmişik və bu zamanda dünyanı gəzib bu hürufatı tapmışıq. Bu zəhmətlərə heç bir
qəzeti öz nəf indən ötrü çap elədən razı olmaz və əgər qəzet basdırmaqdan bizim
muradımız ondan mənfəətbərdar olmaqlığımız olseydi, onun qiymətini gərək
iyirmi, bəlkə otuz manat qoyaydıq. Keçən zamanın zəhmətini və xərcini kənarda
qoyub şimdi olunan zəhmətlərdən və xərclərdən söyləyək. Bizim müştərilərdən
cəm olan məbləğ indi qəzetə olunan xərcə çatışmır və bizim zəhmətimizin
əvəzində bu halda nə ki bizə bir həddə, bir quruş qalmır, bəlkə artıcaq zərər də
olur.
Bizim zəhmətimiz həddən çıxıb. Bir mətləbi özümüz yazıb ağardıb
çapxanaya vermək ilə zəhmətdən xilas olseydik, çox xoşbəxt olurduq. Amma iş
belə düşübdür ki, biz gərək çapxanada da işləyək. Dünyada hər qəzeti beş ya on
adam inşa edib onu çap elədən, hərflərin düzən, qələtlərin düzəldən başqa kəslər
olur. Amma bu işlərin hamısını gərək mən tək özüm görüm, hətta bizim müsəlman
şəhərində bir savadı olan müsəlman yoxdur ki, qəzetə baxıb onun qələtini düzəltsin
ya hüruflarını düzsün. Hərgah bu zəhmətlərdən artıq zəhmət olmasaydı, genə bir
tövr yola gedərdik. Amma dərd budur bizim elə zəhmətimiz var ki, qeyri qəzet
basdıranların onlardan heç xəbəri yoxdur. Əvvələn bu hürufat Ġstanbulda alınıb.
Çünki bizim dildə bəzi hərflər, məsələn, q, k, r və l artıq işlənir, ona binaən ol
hüruflar qəzetə çatışmır. Bu səbəbə bir mətləbi yazan vaxtında nə ki ol mətləbin
məzmununu və qeyri əhvalatları yoxlayın, amma məzkur hüruflar az işlənməkdən
ötrü bəzi sözləri götürüb onun əvəzində başqa sözlər yazırıq ki, bu sözlərdə məzkur
hərflər olmasın. Əlbəttə, belə olan surətdə mətləb biz istədiyimiz kimi vazeh olmur
və bunu diqqət edənlər bizə təqsir hesab edirlər. Saniyən bizim məxsusi
çapxanamız yoxdur. Qəzetimiz qubernski pravleniyanın çapxanasında basılır.
Əlbəttə, özgələr bizim işə özümüz kimi can yandırmır və bu barədə olan kəsirlər
bizim təqsirimiz deyil. Pəs, bizə diqqət edənlər, bu qəzetin kəsrini görəndə
gülməyin. Gülmək yeri deyil, siz ağlayız ki, bizim müsəlmanların bircə qəzeti də
basdırmağa adamı yoxdur.