"Əkinçi", 21 avqust 1875, №3/Meşə salmaqdan danışır

Mal südündən yağ qayırmaqdan danışacaq "Əkinçi", 21 avqust 1875, №3

Pyatiqorskidən məktub

Meşənin xeyrini hər kəs bilir. Meşədən özümüz odun qırırıq. Onun
ağaclarından özümüzə evlər və qeyri şeylər təmir edirik. Xülasə, meşədən odun və
hər bir qism hacət əmələ gəlməyin hər kəs bilir. Onlardan masəva imtahan ilə
bilinib ki, meşə olan yerə ziyadə yağış yağır. Ol səbəbə bu yer artıq nəm olur, yəni
oranın havasında su buğu çox olur və belə havada su buğu ziyadə olmağa binaən o
yerin yayı çox isti və quraqlıq və qışı çox soyuq olmur və bir də meşə soyuq külək
gələn tərəfdə olanda o yeri küləkdən mühafizət edir. Çünki qədim zaman meşə çox
olduğuna insan onların xeyrini bilməyib dövlətli adamın pul qədri bilməyən
vəliəhdi o pulu tələf edən kimi onları tələf edibdir, ona binaən şimdi meşənin
xeyrini bilib hər vilayətdə əl ilə meşə salmağa səy edirlər. Çünki bizim Qafqazda
bıçaq sümüyə dayanıbdır, yəni biz də meşələrimizi qırıb tələf etmişik və hər
tərəfdən yayda müsəlman sədası və qışda təzək tüstüsü gəlir, ona binaən lazım
bilirik ki, burada meşə salmağın qaydasın bəyan edək. Əlbəttə, bir qüvvətli yeri
hasarlayanda orada özbaşına meşə əmələ gəlir. Amma belə meşədə əmələ gələn
ağaclar əyri və alçaq olduğuna görə onlardan yaxşı hacət olmaz. Bu səbəbə onun
xeyri də az olur. Ona binaən meşəni əl ilə belə salırlar.
Hər ağacın ömrü bir olmaz, məsələn, söyüd ağacı 10 ilə yetişir isə, çinar 60
ilə yetişir. Ona binaən bir kəs, məsələn, palıd ağacından meşə salmaq istəyir isə və
imtahan ilə bilir isə ki, palıd 30 ilə yetişir, ol vaxtda meşə salman yeri 30 yerə hissə
edib sonra bir qoruğu, yəni bağçanı 3 yerə hissə edir, bağçanın bir hissəsin şuxm
edib orada palıd toxumu əkir. Gələn il bağçanın ikinci hissəsin də əkir və üçüncü il
üçüncü hissəsin də əkir, sonra meşə yeri ki, 30 yerə hissə olunubdur, onun
əvvəlinci hissəsin şuxm edib payızda bağçanın əvvəlinci hissəsində əkilən palıd
ağacların çıxarıb o üçillik ağacları meşə yerinin məzkur əvvəlinci hissəsində şitil
edir, genə yazda bağçanın əvvəlinci hissəsində palıd toxumu əkir. Payızda meşə
yerinin ikinci hissəsin şuxm edib bağçanın ikinci hissəsində olan üçillik palıd
ağacların orada şitil edir. Bu minval ilə tamam meşə yerində cərgə ilə və bir-birindən beş və ya altı arşın aralı ağaclar əkir. Belə meşənin bir tərəfində təzə
əkilmiş və bir tərəfində otuz illik yetişmiş ağaclar olur. Otuz illik ağacları qırıb,
onların yerin şuxm edib bir il taxıl əkib gələn il genə üçillik palıd ağacları ilə şitil
edir. Gələn il meşənin ikinci hissəsini qırır. Xülasə, hər ildə onun bir yetişmiş
hissəsin qırıb, satıb onun yerin bir il taxıl əkib, sonra şitil edir. Ona binaən daim
hər ildə yetişmiş palıd ağacı satır. Belə meşəni yaxşıdır ki, dağların başında ya
soyuq külək gələn tərəfdə salasan. Onlar dağlar başında salınmağının xeyri odur ki,
bizim bulaqlar və çaylar dağlarda yağan yağış və qar suyundan əmələ gəlirlər.
Dağların başı meşə olduğuna, oraya artıq yağış yağdığına, çayların və bulaqların
suyu da ziyadə olur. Onu soyuq külək gələn tərəfdə salmağın xeyri odur ki, soyuq
küləkdən o yeri mühafizət edir. Belə meşəni yanğından və mallardan saxlamaqdan
ötrü yaxşıdır ki, onun çahar ətrafın xəndək edəsən.