"Əkinçi", 22 iyul 1875, №1/Daxiliyyə
"Əkinçi", 22 iyul 1875, №1 |
İkinci daxiliyyə→ |
Əkinçi qəzetinin bina olmağının səbəblərindən o qəzeti çap etmək barəsində
göndərdiyimiz elamnamədə danışdıq. Əlbəttə o səbəblərdən savay buna qeyri
səbəblər də çoxdur. Amma onları burada ismən adlamaq məqdur deyil. Ona görə o
səbəblərdən danışmağı lazım bilməyib xahiş edirik bu "Əkinçi" qəzetinin əvvəlinci
nömrəsində o qəzetin məzmunundan güftügu edək. Əkinçi qəzetində bu aşağıda
adlanan fəsillər olacaqdır. Əvvəlinci fəsil daxiliyyə olacaqdır, yəni qəzetin
münşisinin öz tərəfindən yazılan şeylər olacaqdır. Ġkinci fəsildə əkin və ziraət
xəbərləri olacaqdır, yəni bizim ya qeyri vilayətlərdə olan əkinlərdən, onları əkib
becərməkdən, onları əkib becərən vaxtda işlənən əsbablardan, əkin yerin şuxm
etməkdən, əkin yerin qüvvətli etməkdən ötrü o yerə qeyri şeylər qarışdırmaqdan,
xülasə, əkindən və əkini biçib, götürüb qurudub döyüb saxlamaqdan danışıq
olacaqdır. Həmçinin bu ikinci fəsildə maldarlıqdan və mallardan əmələ gələn
şeylərdən danışıq olacaqdır, yəni bizim və ya qeyri vilayətlərdə nə qism mallar
saxlamaqdan və ya nə tövr saxlamaqdan və onlardan əmələ gələn şeyləri nə tövr
yaxşıraq əmələ gətirməkdən danışıq olacaqdır. Üçüncü fəsildə elm xəbərləri
olacaqdır, yəni elm və imtahan yolu ilə aşkar olan, məsələn insanın bədəninə və
malına nəfi olan xəbərlərdən danışıq olacaqdır. Dördüncü fəsildə təzə xəbərlər
olacaqdır və bu təzə xəbərlər bir neçə qisim olacaqdır. Əvvəla, ticarət xəbərləri
olacaqdır, yəni bizim vilayətimizdə və ya qeyri vilayətlərdə bir şey, məsələn,
buğda filan şəhərdə və ya filan kənddə nə qiymətə və nə tövr satılmaqdan xəbər
verəcəkdir. Sani, bizim Rusiya dövlətinin və qeyri dövlətlərin politika
xəbərlərindən danışıq olacaqdır, yəni padşahların və onların vüzəralarının
aralarında olan danışıqlardan dövlətlər arasında olan cənglərdən xəbər verəcəkdir.
Salis, Rusiya dövləti tərəfindən öz tabelərinə sadir olan hökmlərdən xəbər
verəcəkdir. Rabe’, bizim kənd sudlarında ya miravoy sudda və ya okrujnoy sudda
qət olan işlərin ümdəsinin qətnaməsi olacaqdır. Xamis, yuxarıda zikr olan
xəbərlərdən savayı hər bir vilayətdə aşkar olan məşhur naxoşluq ya yanqu, ya
oğurluq və ya qeyri qisim xəbərlərdən danışıq olacaqdır.
Bu məzmunda qəzeti müsəlmanlar üçün vacib bilib onun zəhmətini və zərərini qəbul edib başlayın və müsəlmanların anlıyan və pişrov kəslərindən iltimas edirik ki, xalqa bu qəzeti oxumağa mane olmasınlar, bəlkə səy etsinlər ki, onu oxuyan çox olsun. Bu təvəqqei anlıyan kəslərdən elədiyimizə səbəb odur ki, bizə məlumdur bizim müsəlmanlar həmişə öz anlıyan kəslərini əziz tutub onların sözlərinə əməl ediblər. Əlbəttə, anlıyan və pişrov kəslərə lazımdır ki, xalqın bu etibarına xəyanət etməyib onun gözləri açılmağa səy və guşeş etsinlər. Dünya bir şeydir ki, həmişə dövran edir və insan bu tövr dünyanın gərdişinə görə gərək habelə öz rəftarını da dəyişdirsin, necə ki, məsəldir deyirlər, zəmanə sənə saz olmasa, sən zəmanəyə saz olgilən. Pəs olmaz ki, dünyada həmişə bir qayda ilə rəftar olsun. Bizim zəmanənin dəyişilməyi, əlbəttə, hər anlıyan kəsə məlumdur və bu tövr zəmanənin dəyişilməyi bizim ilə deyil, həmçinin biz qadir deyilik ki, əmanəni dəyişilməkdən saxlayaq. Ol kəslər ki, həmişə bizə etibar edib bizim sözlərimizə əməl ediblər, zəmanə dəyişildiyinə görə gün-gündən tərəqqi edib irəli gedirlər. Onların belə irəli getməyinə mane olmaq, yəni onların keçən zəmanənin qaydası üzrə saxlamaq məsləhət deyil, ona görə ki, yolu onlar bizsiz də gedəcəkdirlər. Pəs bizim anlıyan və pişrov kəslərə eyni məsləhətdir bu yolu onlar ilə bir yerdə getsinlər, ta ki onların tez tərəqqi etməyinə səbəb olsunlar və buna görə gələcəkdə həmçinin onlara pişrov olsunlar.