"Əkinçi", 29 mart 1876, №6/Təzə xəbərlər

Məktubat "Əkinçi", 29 mart 1876, №6

Həzrət sərdarın dəftərxanasından Badkubə qubernatoruna yazıblar ki, Məkkəyə gedən müsəlmanlara mə’lum olsun İskəndəriyyə şəhərində olan Rusiya konsulu yazır ki, müsəlmanlar Məkkədən qayıdan zaman Cəddadən gəmiyə oturub İskəndəriyyəyə gəlirlər, amma oradan İstanbula gəmi olmadığına ləng olurlar. Ona binaən yaxşı olar ki, onlar Rus ya Avstriya və ya Xədifiyyə camaatının gəmisinə otursunlar ki, onlar birbaş İstanbula gedər.

Rusiya Kokanı zəbt edəndən sonra İngilis dövləti çox təşvişə düşüb istəyirlər, öz padşahlarına imperator desinlər ki, Asiya qitəsinin sakinləri onları güclü hesab etsin. Onlar qorxur ki, Rus Türküstanı, Bilucistanı, Əfqanıstanı zəbt edib Hindistanı alsın. Amma Rus qəzetləri yazır ki, bizim qonşular qanun üzünə öz işlərinə məşğul olsa, onlar ilə işimiz yoxdur. Çünki Hindistanda İngilis qanunu işləyir, ona binaən oraya getmək bizim heç xəyalımıza gəlmir.

  • * *

Peterburq qəzetlərində martın 2-də yazırlar ki, 2 aydan sonra ə’la-həzrət İahənşahi-İran əsgər cəm edib, Məşhədə türkmanlar ilə cəng etməyə gedəcək.

  • * *

"Türküstan qəzeti"ndə yazırlar ki, Kokan xanlığı zəbt olandan sonra Abtavabaşçını və qeyr sərkərdələri tutub Rusiya göndəriblər. Və'dəsi tamam olan əsgər adamına izin olmayıb ki, evlərinə qayıtsınlar.

  • * *

Misir əsgərləri Həbəş əsgərini pərakəndə edib, amma İngilisin məsləhətinə binaən Zəngibar yerinə getməyiblər. Ona binaən Zəngibarın soltanı İngilisə xoş gəlmədən ötrü öz vilayətində olan qulları tamam azad edib.

  • * *

Martın 10-da İngilis padşahının oğlu Hindistandan geri qayıdıb.

  • * *

Misir dövləti martın 11-də Parij şəhərində təzədən 6 milyon manat borc edib.

  • * *

Sibirdə məxsusi mə’dən zavodlarında 1875-ci ildə 1390 pud qızıl əmələ gəlib.

  • * *

İved dövlətində bir libas ixtira ediblər ki, yanğı olanda onu geyib oda girmək olur.

  • * *

Dünyada dərya içində, yəni su altında olan teleqraf məftillərinin 75000 verst tuli var. Əgər Dəryayi-Mühitin bir hissəsi ki, Çin və Amerikanın arasındadır, oradan tel aparılsa, yerin ətrafında birbaşa tel olacaq ki, tuli 8900 verst olsun.