"Əkinçi", 5 oktyabr 1875, №6/Əkin və ziraət xəbərləri
←Daxiliyyə | "Əkinçi", 5 oktyabr 1875, №6 |
Məktubat→ |
Hər əkinçiyə vacibdir ki, öz yerinin xasiyyətin bilsin. Onu aşağıda zikr olan imtahan ilə bilmək olur.
Əkin yerinin şuxm olunan yerlərinin bir neçə tərəfindən 5 ya 6 ovuc torpaq götürüb onu qəlbirdən keçirib, təmizləyib ev içində bir az sərib sonra ondan 200 misqal çəkib onun 100 misqalını bir qabda saxlayıb,
O biri 100 misqalın bir qaba sərib günə qoyub ol qədər tərpətsin ki, bilmərrə qurusun. Ol vaxtda o qurumuş torpağı çəkib bilmək olur ki, torpaqda nə qədər su var imiş. Tutalım o quruyandan sonra onun 88 misqal ağırlığı var. Pəs onun 100 misqalında 12 misqal su var imiş.
Sonra qurumuş torpağı bir saxsı qaba töküb ocaq üstə ol qədər qovursun ki, onda olan yanar şeylər tamam yanıb tələf olsun. Ol vaxtda tutalım 88 misqaldan 80 misqal qalıb. Pəs torpağın 100 misqalında 8 misqal yanar şeylər, yəni çürümüş ot var imiş. Pəs məlum olur ki, ol yerin 100-dən 12 hissəsi su və 8 hissəsi çürümüş ot imiş.
İndi o biri qabda saxlanan 100 misqal torpağın üstə su töküb onu qarışdıranda su bulanıq olacaqdır, onu bir-iki dəqiqə tərpətməyib sonra bulanıq suyu süzüb genə təzə su töküb qarışdırıb saxlayıb süzmək gərək. Xülasə, ol qədər onun üstə su töküb qarışdırıb süzmək lazımdır ki, təzə su qarışdırmaqdan bulanıq olmasın. Ol vaxtda torpağın gili lilə dönüb su ilə süzülür və qabda ancaq qum qalır. O qumu qurudub çəkib ağırlığını bilmək olur. Tutalım onun 30 misqal ağırlığı var. Pəs əkin yerinin 100-də 12 su, 8 çürümüş ot, 30 qum və 50 misqal gil var imiş.
İndi qum dediyimiz 30 misqalın üstə tünd sirkə ya kükürd cövhəri töküb qarışdıranda onun içində olan əhəng qaynayıb turşuya qarışır, sonra onu bir neçə dəfə təmiz su ilə yaxalayıb qurudub çəkib əhəngin qədərini bilmək olur. Tutalım indi torpağın ağırlığı 25 misqaldır. Pəs onda 5 misqal əhəngi var imiş ki, turşuya qarışıb, yaxalamaqdan rədd olub.
Bu imtahandan bildik ki, zikr olan yerin 100 misqalında 12 su, 8 çürümüş ot, 50 gil, 5 əhəng və 25 misqal qum var imiş və həmçinin bu minval ilə hər bir əkin yerinin hissələrin bilmək olur və əkin yerinin xasiyyəti onun hissələri ilədir.