"Azərbaycanlıların soyqırımı haqqında" Azərbaycan Respublıkası prezidentinin Fərmanı
Azərbaycanlıların soyqırımı haqqında Azərbaycan Respublıkası prezidentinin Fərmanı (1998) Müəllif: Heydər Əliyev |
Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 26 mart 1998-ci il
Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir. 1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlandı. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. Soyqırımı Azərbay-can torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildi. İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq öz havadarlarının himayəsi altında "Erməni vilayəti" adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular. Belə süni ərazi bölgüsü ilə, əslində, azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyuldu. "Böyük Ermənistan" ideyaları təbliğ olunmağa başlandı. Bu uydurma dövlətin Azərbaycan torpaqlarında yaradılmasına "bəraət qazandırmaq məqsədilə" erməni xalqının tarixinin saxtalaşdırılmasına yönəlmiş geniş miqyaslı proqramlar reallaşdırıldı. Azərbaycanın və ümumən Qafqazın tarixinin təhrif olunması həmin proqramların mühüm tərkib hissəsini təşkil edirdi. "Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə geniş miqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin avantürist torpaq iddialarını pərdələmişlər. Birinci dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci ilin mart ayından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir. Azərbaycan Xalq Cumhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirmişdir. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cumhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin, Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi. Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını Ermənistan SSR-in ərazisi elan etdilər. Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atdılar. Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947- ci il "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" xüsusi qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail oldular. Erməni millətçiləri öz havadarlarının köməyi ilə 50-ci illərdən etibarən Azərbaycan xalqına qarşı kəskin mənəvi təcavüz kompaniyasına başladılar. Keçmiş sovet məkanında müntəzəm şəkildə yayılan kitab, jurnal və qəzetlərdə milli mədəniyyətimizin, klassik irsimizin, memarlıq abidələrimizin ən nəfis nümunələrinin erməni xalqına mənsub olduğunu sübut etməyə çalışırdılar. Eyni zamanda onlar tərəfindən bütün dünyada azərbaycanlıların mənfi obrazını formalaşdırınaq cəhdləri də güclənirdi. "Yazıq, məzlum erməni xalq"ının surətini yaradaraq əsrin əvvəlində regionda baş verən hadisələr şüurlu surətdə təhrif olunur, azərbaycanlılara qarşı soyqırım törədənlər soyqırım qurbanları kimi qələmə verilirdi. Əsrin əvvəlində əksər əhalisi azərbaycanlı olan İrəvan şəhərindən və Ermənistan SSR-in digər bölgələrindən soydaşlarımız təqiblərə məruz qalaraq kütləvi surətdə qovulur. Azərbaycanlıların hüquqları ermənilər tərəfindən kobudcasına pozulur, ana dilində təhsil almasına əngəllər törədilir, onlara qarşı repressiyalar həyata keçirilir. Azərbaycan kəndlərinin tarixi adları dəyişdirilir, toponimika tarixində misli görünməyən qədim toponimlərin müasir adlarla əvəzolunma prosesi baş verir. Saxtalaşdırılmış erməni tarixi gənc ermənilərin şovinist ruhunda böyüməsinə zəmin yaratmaq üçün dövlət siyasəti səviyyəsinə qaldırılır. Böyük humanist ideallara xidmət edən Azərbaycan ədəbiyyatı və mədəniyyəti ruhunda tərbiyə olunmuş yeni nəslimiz ekstremist erməni ideologiyasının təqiblərinə məruz qalır. Azərbaycan xalqının mənəviyyatına, milli qüruruna və mənliyinə yönəlmiş böhtanlar siyasi və hərbi təcavüz üçün ideoloji zəmin yaradırdı. Xalqımıza qarşı aparılan soyqırım siyasəti özünün siyasi-hüquqi qiymətini tapmadığı üçün tarixi faktlar sovet mətbuatında ermənilər tərəfindən təhrif olunur və ictimai fikir çaşdırıldırdı. Ermənilərin Sovet rejimindən bəhrələnərək həyata keçirdikləri və 80-cı illərin ortalarında daha da güclənən antiazərbaycan təbliğatına Azərbaycan Respublikasının rəhbərliyi vaxtında lazımi qiymət vermədi. 1988-ci ildən ortaya atılan qondarma Dağlıq Qarabağ konfliktinin ilkin mərhələsində yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından qovulmasına da respublikada düzgün siyasi qiymət verilmədi. Azərbaycanın Dağlıq Qarabağ Muxtar vilayətinin Ermənistan SSR-in tərkibinə daxil edilməsi haqqında ermənilərin qeyri-konstitusiyon qərarını və Moskvanın əslində bu vilayəti Xüsusi İdarəetmə Komitəsi vasitəsilə Azərbaycanın tabeliyindən çıxarmasını xalqımız ciddi narazılıqla qarşıladı və mühüm siyasi aksiyalara əl atmaq məcburiyyəti qarşısında qaldı. Respublikada keçirilən mitinqlər zamanı torpaqlarımızın işğalı siyasəti qətiyyətlə pislənsə də Azərbaycan rəhbərliyi öz passiv mövqeyindən əl çəkmədi. Məhz elə bunun nəticəsi olaraq 1990-cı ilin yanvar ayında getdikcə güclənən xalq hərəkatını boğmaq məqsədilə Bakıya qoşunlar yeridildi, yüzlərlə azərbaycanlı məhv və şikəst edildi, yaralandı, digər fiziki təzyiqlərə məruz qoyuldu. 1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdu. Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə yeksan edilməsi ilə qurtardı. Millətçi-separatçı ermənilərin Dağlıq Qarabağda başladığı avantürist hərəkətin nəticəsi olaraq bu gün bir milyondan artıq soydaşımız erməni qəsbkarları tərəfindən öz doğma yurd-yuvalarından didərgin salınmış, çadırlarda yaşamağa məhkum edilmişdir. Ərazimizin 20 faizinin erməni silahlı qüvələri tərəfindən işğalı zamanı minlərlə vətəndaşımız şəhid olmuş, xəsarət almışdır. Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə - 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cumhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırım hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədilə qərara alıram: 1. 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilsin. 2. Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun ki, Azərbaycanlıların soyqırımı ilə bağlı hadisələrə həsr olunmuş xüsusi sessiyanın keçirilməsi məsələsinə baxsın.