"Həyat"ın "Gop-gop"una cavab

"Həyat"ın "Gop-gop"una cavab
Müəllif: Mirzə Ələkbər Sabir
Mənbə: Mirzə Ələkbər Sabir. "Hophopnamə. İki cilddə. I cild" (PDF) (az.). Bakı: Şərq-Qərb. 2004. səh. 81. ISBN 9952-418-26-1. İstifadə tarixi: 2024-07-04.


Bu tifl ki, nuri-bəsərü şireyi-candır,
Tabi-tənü arami-dilü ruhi-rəvandır,
Min zəhmət ilə bəslədiyin tazə cəvandır,
Göndərmə bunu məktəbə, rəhm eylə, amandır!

Qoy kuçədə naz ilə xuram eyləsin oğlun!
Öz xoşladığı əmrə qiyam eyləsin oğlun!

Bu bülbüli-şuridə ki, pakizə nəfəsdir,
Aludeyi-qəm etməyə mail behəvəsdir,
Bunca ki, gedib məktəbə, bildikləri bəsdir,
Məktəbdir adı, leyk həqiqətdə qəfəsdir;

Qoyma о dağılmışda məqam eyləsin oğlun!
Sübhün belə viranədə şam eyləsin oğlun!

Məktəbdə gedib dərs oxuyanları görürsən,
Nitqi çəkilən tazə cəvanları görürsən,
Qət’ən quruyub cismdə qanları, görürsən,
Arifsən, özün yaxşı-yamanları görürsən,

Qıyma ki, gedib fikrini xam eyləsin oğlun!
Ömrün qəmi-elm ilə təmam eyləsin oğlun!

Bavər edəməm elmdən olsun fərəh aid,
Elm artıq olursa, həm olur qəm mütəzaid,
İstərsən əgər oğlun edə kəsb fəvaid,
Həm sərvəti zaid ola, həm miknəti zaid,

Tərğib elə ta kəsbi-həram eyləsin oğlun!
Bir ad çıxarıb şöhrəti-tam eyləsin oğlun!

Biçarə kişi, qanmağa başın hələ keydir,
Axır mənə bir söylə görüm, elm nə şeydir?
Bilmək nə gərək kim, bu əlifdir, bu də beydir?
"Həvvəz", sora "hütti", bu nə heydir, о nə heydir?

Qoy pul qazanıb, sədri məqam eyləsin oğlun!
Bəy-xanlar ilə dəxl-kəlam eyləsin oğlun!

Gop-gop kimi bifaidə əhli-qələm olma,
Ol Başıqapazlı, vəli Bidərdü
Qəm olma, Qızdırmalı ol, Təşnələbü Didənəm olma,
Molla Mozalanlara uyuş, möhtərəm olma,

Qoy Hop-hop olub, şöhrəti-tam eyləsin oğlun!
Kəsbin buraxıb, şe’rə dəvam eyləsin oğlun!