Çörçilin Fulton çıxışı
Çörçilin Fulton çıxışı ("Sülhün əzələləri") (5 mart 1946) Müəllif: Uinston Çörçil Tərcüməçilər: naməlum |
Mən çox şadam ki, bu gün Vestminster kollecində çıxış edirəm və xeyli məmnunam ki, mənə fəxri elmi dərəcə vermək qərarına gəlmisiniz. "Vestminster" adı mənə tanışdır. Sanki mən onu haradasa eşitmişəm. Mən məhz Vestminsterdə siyasət, dialektika, ritorika və bəzi başqa şeylər haqqında təhsilimin böyük bir hissəsini almışam. Mahiyyət etibarilə biz sizinlə eyni və ya oxşar təhsil müəssisələrində təhsil almışıq.
Həmçinin, akademik auditoriyaya Birləşmiş Ştatların prezidenti tərəfindən təqdim olunmaq, fərdi şəxs üçün demək olar ki, unikal bir şərəfdir. Çox sayda arzulamadığı müxtəlif qayğılar və vəzifələrlə yüklənən, amma onlardan qaçmayan prezident, öz iştirakı ilə bizim bugünkü görüşümüzü şərəfləndirmək və onun əhəmiyyətini vurğulamaq üçün minlərlə mil yol qət etmiş, bununla mənə bu doğma ölkəyə, mənim okeanın o tayındakı həmvətənlərimə və bəlkə də bəzi digər ölkələrə müraciət etmək imkanı vermişdir. Prezident artıq öz arzusu haqqında dedi, mən əminəm ki, bu sizinki ilə də üst-üstə düşür — mən bu narahat və qarışıq dövrdə sizə öz səmimi və doğru məsləhətlərimi verməkdə sərbəst olum.
Mən təbii ki, verilən bu sərbəstlikdən istifadə edəcəyəm və üstəlik özümü bunu etməyə tam haqlı hiss edirəm, çünki mənim gənc vaxtlarımda malik ola biləcəyim hər hansı şəxsi ambisiyalar çoxdan, ən dəlisov arzularımdan daha artığına kimi yerinə yetib. Amma, açıq olaraq bildirməliyəm ki, mənim heç bir rəsmi missiyam, yaxud hər hansı xüsusi statusum yoxdur və mən indi yalnız öz adımdan çıxış edirəm. Odur ki, qarşınızda nə görürsünzsə, odur. Buna görə mən öz həyat təcrübəmə istinad etməklə tam hərbi qələbəmizdən dərhal sonra qarşılaşdığımız problemlərə toxunmağı, bu cür qurbanlar və məhrumiyyətlər bahasına əldə edilənlərin bəşəriyyətin gələcək şərəfi və təhlükəsizliyi naminə qorunub saxlanılacağına əmin olmaq üçün səy göstərməyi özümə borc bilirəm.
Hazırda Birləşmiş Ştatlar öz qüdrətinin ən yüksək zirvəsindədir. Amerika demokratiyası üçün bu, çox mühüm bir məqamdır. Belə ki, güc üstünlüyü müəyyən öhdəliklər yaradır və gələcəkdə məhz bu öhdəliklər üzrə hesabat vermək lazım gələcək. Ətrafınıza nəzər salsanız təkcə öz vəzifənizi yerinə yetirdiyinizə görə məmnunluq hissi deyil, həm də təşviş hissi keçirmiş olarsınız — necə edək ki, əldə olunmuş səviyyədən aşağı enməyək, ad-sanımıza layiq olmaqda davam edək? Tamamilə aydındır ki, hər iki ölkəmiz üçün əlverişli məqam yetişmişdir. Əgər biz özümüzü elə göstərsək ki, guya bu belə deyil və yaranmış imkanları saya salmasaq, bu ona gətirib çıxarar ki, əldən verilənlərə görə bizi gələcəkdə qınağa çəkərlər. Prinsiplərə sədaqət, ünvanlı məqsəd və qərarların müdrik sadəliyi ingilisdilli xalqların həyatını və siyasətini müharibə illərində olduğu kimi, dinc dövrlərdə də müəyyən etməlidir. Biz buna qadir olduğumuzu sübut etməliyik və mən bilirəm ki, biz bunu sübut edə biləcəyik.
Cənab Rektor Maklür, Amerika hərbçiləri hansısa bir ciddi durumla üzləşdikdə bununla bağlı hazırladıqları sənədin başlığında adətən “ümumi strateji konsepsiya” kimi ifadələr işlədirlər. Bu, düzgün üsuldur, belə ki, bu cür ifadə fikrin və şərhin dürüstlüyünü ehtiva edir. Bəs bizim bu gün qurmalı olduğumuz bu konsepsiya necə olacaqdır? Bu konsepsiya, ilk növbədə, bütün ölkələrdə bütün ocaqların və ailələrin, bütün kişi və qadınların ümumi təhlükəsizliyi və firavanlığını, azadlığı və tərəqqisini nəzərdə tutacaqdır.
Bu saysız-hesabsız ailə ocaqlarının təhlükəsizliyini təmin etmək üçün, hər şeydən əvvəl, onları bu iki ən qorxunc talançıdan — müharibədən və tiraniyadan xilas etmək lazımdır.
Bizim amerikalı hərbçi həmkarlarımız “ümumi strateji konsepsiya”nı bəyan etdikdən və sərəncamda olan bütün ehtiyatları hesabladıqdan sonra növbəti mərhələyə — metoda keçirlər. Burada da hərtərəfli razılaşma əldə edilmişdir. Əsas məqsədə — müharibənin qarşısını almaq məqsədinə çatmaq üçün artıq beynəlxalq təşkilat yaradılmışdır. Millətlər Liqasının varisi olan və Birləşmiş Ştatların qoşulması ilə həlledici, müstəsna əhəmiyyət daşıyan Birləşmiş Millətlər Təşkilatı artıq öz işinə başlamışdır. Onun fəaliyyətinin səmərəli olması üçün, bu fəaliyyətin gözdən pərdə asmaq deyil, gerçək olması üçün əlimizdən gələni əsirgəməməliyik.
Bununla belə, hazırda mənim praktik yöndə bir sıra konkret təkliflərim var ki, biz fəaliyyətə bunları həyata keçirməklə başlaya bilərik. Əlbəttə, indi məhkəmə sistemi də fikirləşib qurmaq olardı, hakimləri də təyin etmək olardı, lakin şerif və konstebellərin yoxluğu səbəbindən onlar, onsuz da, fəaliyyət göstərə bilməyəcəkdilər. BMT təcili olaraq öz hərbi qüvvələrini yaratmağa başlamışdır. Bu işdə biz tədricən də irəliləyə bilərik, lakin işə yubanmadan indi başlamaq lazımdır. Hər bir dövlətə təklif edilməlidir ki, beynəlxalq təşkilatın sərəncamına müəyyən miqdarda aviasiya eskadrilyaları “ayırsın”. Bu eskadrilyalar təlim və hazırlığı öz ölkələrində keçməli, lakin ehtiyac olduqda bir ölkədən o birinə göndərilməlidir. Onlar öz ölkələrinin hərbi formasını daşıya bilərlər, lakin onların fərqlənmə nişanları başqa cür olmalıdır. Onlar öz ölkələrinə qarşı fəaliyyət göstərməyə bilərlər, lakin bütün digər hallarda beynəlmiləl komandanlığın əmrlərinə tabe olmağa borcludurlar. Bu birgə hərbi qüvvələr ilk vaxtlar az sayda da ola bilər, lakin qarşılıqlı inam artdıqca onların sayı da artırıla bilər. Vaxtı ilə, Birinci dünya müharibəsindən sonra məndə təxminən belə bir şeyi təcrübədə yoxlamaq istəyi olmuşdur, indi inanıram ki, bu, mümkündür və mütləq həyata keçiriləcəkdir.
İndi isə mən bəşər ocağını və sadə insanları hədələyən ikinci bir təhlükə, yəni tiraniya barədə söz açmaq istəyirəm. Bizim — Britaniya imperiyasının bütün vətəndaşlarının istifadə etdikləri azadlıqların bir çox ölkələrdə (özü də bunların bəziləri xeyli qüdrətə malikdir) olmaması faktına heç cür göz yuma bilmərik. Bu ölkələrdə sadə insanlar üzərində nəzarət çeşidli polis hökumətləri vasitəsilə hərtərəfli şəkildə həyata keçirilir; bu nəzarət dərəcəsi cəmiyyəti boğur və demokratiyanın bütün prinsiplərinə ziddir. Həmin ölkələrdə dövlət hakimiyyətini qeyri-məhdud surətdə ya diktator, ya da hakim partiyanın və siyasi polisin vasitəsilə fəaliyyət göstərən bir ovuc oliqarx həyata keçirir. Qarşıda duran çətinliklərin bu qədər çox olduğu bir zamanda bizim vəzifəmiz müharibə zamanı fəth etmədiyimiz ölkələrin daxili işlərinə zorakı müdaxilə etmək deyil. Lakin bununla belə, biz anqlosakson dünyasının ümumi mirası olan və Magna Carta, Hüquqlar Haqqında Bill, Habeas Corpus, andlılar qarşısında məhkəmə araşdırması və Ümumi İngilis Hüququ vasitəsilə ABŞ-ın İstiqlaliyyət Bəyannaməsində öz məşhur ifadəsini tapmış böyük azadlıq prinsiplərini və insan hüquqlarını cəsarətlə bəyan etməkdən heç vaxt imtina etməməliyik.
Bu o deməkdir ki, hər hansı bir ölkənin xalqı tamamilə azad seçkilər və gizli səsvermə vasitəsilə öz ölkəsində hökumət tərkibini və idarəetmə formasını seçmək, yaxud dəyişdirmək, konstitusional formada təsbit edilmiş hüquqa malikdir; bu o deməkdir ki, söz azadlığı və fikir azadlığı həyata keçirilməlidir; bu o deməkdir ki, icraedici hakimiyyətdən asılı olmayan, heç bir partiyaya hesabat verməyən hakimlər ədalət mühakiməsini böyük əksəriyyət tərəfindən qəbul olunmuş və bəyənilmiş, yaxud zamanın və ənənələrin əziz tutduğu qanunlar əsasında həyata keçirməlidir. Amerika və Britaniya xalqları bəşəriyyətə və insanlığa, bax, bunları bəxş edə bilər. Gəlin necə davranırıqsa, onu elə də təbliğ edək və təbliğ etdiyimiz kimi də davranaq.
İndi mən hələ də ümumi strateji konsepsiyamızın həyata keçirilməsi metoduna əməl edərək buraya deməyə gəldiyim məsələnin tədricən zirvə nöqtəsinə yaxınlaşıram. Mənim “İngilisdilli xalqların qardaşlıq assosiasiyası” adlandırdığım birlik olmadan nə müharibənin qarşısını etibarlı şəkildə almaq, nə də beynəlxalq təşkilatın genişləndirilməsi mümkündür.
Bu, bir tərəfdən, Britaniya Millətlər Birliyi və imperiyası, digər tərəfdən Birləşmiş Ştatlar arasında xüsusi münasibətlər deməkdir. İndi ümumi sözlərlə danışmaq vaxtı deyil. Mən dəqiq danışmaq cəsarətindəyəm. Britaniya assosiasiyası təkcə bizim iki cəmiyyətin geniş və qohum sistemləri arasında artan dostluğun və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsini deyil, həm də bizim hərbi müşavirlər arasında yaxın münasibətlərin qorunub saxlanılmasını, mümkün təhlükələrin birgə öyrənilməsini, silah və tədris vəsaitlərinin eyni olmasını, habelə zabit və (hərbi) kollec kursantlarının mübadiləsini tələb edir. Bu, qarşılıqlı təhlükəsizlik naminə yaradılmış indiki şəraitin, dünyanın müxtəlif yerlərində bu iki ölkəyə məxsus olan bütün hərbi dəniz və aviasiya bazalarından birgə istifadə etmək yolu ilə qorunub saxlanılmasıyla müşayiət olunmalıdır. Ola bilsin ki, bu, Amerika donanması və aviasiyasının çevikliyini ikiqat artırardı, Britaniya imperiya qüvvələrinin çevikliyini yüksəldərdi və işdir, dünya sakitləşməyə başlasaydı, o sakitləşdikcə bu, böyük maliyyə qənaətinə gətirib çıxarardı. Biz artıq neçə-neçə adadan birgə istifadə edirik. Ola bilsin ki, tezliklə bizim istifadəmizə bundan da çox ada veriləcəkdir.
Mən bayaq, ledi və centlmenlər, ötəri də olsa, sülh evi məsələsinə toxundum. Bu məbəd bütün dünya ölkələri nümayəndələrinin birgə səyi ilə ucaldılmalıdır. Əgər onun qurucularından ikisi bir-birini yaxşı tanıyırsa, yaxud köhnə dostlardırsa, ailəlikcə dostluq edirlərsə, onların ümumi məqsədləri və ümumi gələcəkləri vardırsa, onlar bir-birlərinin nöqsanlarını bağışlamağı bacarırlarsa, bu halda nə üçün də onlar dostlar və həmkarlar kimi bir vahid vəzifə üzərində çiyin-çiyinə çalışmasınlar? Nə üçün də onlar öz əmək alətlərini mübadilə etməklə əmək məhsuldarlığını artırmağa çalışmasınlar? Həqiqətən də, onlar məhz bu cür hərəkət etməlidirlər, əks halda bu məbədin heç vaxt ucaldılmaması, ucaldılsa da az sonra uçub dağılması qorxusu var; bununla da sübut etmiş olardıq ki, bizə heç nə dərs olmayıb, biz heç nə öyrənə bilməmişik; o zaman biz daha bir təlim kursu — müharibə dərsini yenidən keçmək təhlükəsi qarşısında qalmış olarıq, bu müharibə isə ötən il başa çatmış müharibədən qat-qat dəhşətli ola bilər. Elmin parlaq qanadlarında orta əsrlər, hətta daş dövrü uçub gələr və insanlığın üzərinə var-dövlət yağdıra biləcək tərəqqi onun kökünü yer üzündən siləcək alətə çevrilə bilər. Buna görə deyirəm: özünüzü gözləyin, ola bilsin ki, vaxtımız lap az qalıb. Əgər mən dediyim formada qardaşlıq ittifaqı yaratmaq mümkün olsaydı, ölkələrimiz bundan çox böyük fayda götürə bilərdi, qüvvələr birliyi qüdrətimizi artırar, təhlükəsizliyimizi möhkəmlədərdi; belə birlik əldə edilsə, əlbəttə ki, bu barədə, onun bütün dünyada sülhün möhkəmləndirilməsi və sabitləşdirilməsi işində oynayacağı mühüm rol barədə dünya ictimaiyyətinə dərhal xəbər verilməlidir. Bu, ağıllı və düzgün yoldur. Profilaktika həmişə müalicədən yaxşıdır.
Hələ bu yaxınlaracan müttəfiqlərin qələbəsiylə işıqlandırılmış torpaqlara kölgə düşürdü. Hazırda heç kəs bilmir ki, Sovet Rusiyası və onun beynəlxalq kommunist təşkilatı yaxın gələcəkdə nə etmək niyyətindədir, yaxud onların ekspansionist meyllərinin və prozelitizmə (Tərc. başqa əqidəyə cəlbetmə fəaliyyəti) canatmalarının sərhədləri, əgər bu sərhədlər həqiqətən mövcuddursa, hara qədərdir. Mən qəhrəman rus xalqına və müharibə dövrü yoldaşım marşal Stalinə dərindən heyranam və ehtiram bəsləyirəm, İngiltərə və heç şübhəsiz elə bu ölkə də Rusiyanın bütün xalqlarına şəfqət və xeyirxahlıqla yanaşır və onlar da bir çox fikir ayrılıqlarına və uğursuzluqlara baxmayaraq, möhkəm dostluq əlaqələri yaratmaq əzmindədirlər.
Lakin mənim vəzifəm Avropanın indiki vəziyyəti ilə bağlı bəzi faktları sizə təqdim etməkdir.
Baltikadakı Ştettindən başlayaraq Adriatikdəki Triyestə qədər uzanan kontinentin böyük bir hissəsinin üzərinə dəmir pərdə enmişdir. Mərkəzi və Şərqi Avropanın qədim dövlətlərinin bütün xəzinələri bu örtüyün arxasında qalmışdır. Varşava, Berlin, Praqa, Vyana, Budapeşt, Belqrad, Buxarest, Sofiya — bütün bu məşhur şəhərlər və bu ərazilərin əhalisi sovet dairəsindədir və hamısı bu və ya digər formada təkcə sovet təsirinə deyil, həm də xeyli dərəcədə artmaqda olan Moskvanın nəzarətinə tabedir. Yalnız azadlıq beşiyi kimi şöhrətlənmiş Afina öz müqəddəratını ingilislərin, amerikalıların və fransızların müşahidəsi altında seçkilərdə həll edəcəkdir. Rusların ağalığı altında olan Polşa hökuməti özünün Almaniyaya qarşı böyük və ədalətsiz iddialarında şirnikləndirilir. Milyonlarla almanın, təəssüf ki, bizim təsəvvürə belə gətirə bilmədiyimiz miqyaslarda kütləvi surətdə qovulması faktları mövcuddur. Bütün bu Avropa dövlətlərində bir vaxtlar elə bir əhəmiyyəti olmayan kommunist partiyaları onların sayını xeyli üstələyən müstəsna qüvvəyə dönmüşlər və hər yerdə total nəzarəti bərqərar etməyə çalışırlar. Bütün bu ölkələrdə polis hökumətləri üstünlük təşkil edir və Çexoslovakiya istisna olunmaqla, bu ölkələrin heç birində əsl demokratiya əlaməti yoxdur. Türkiyə və İran Moskva hökumətinin onlara qarşı irəli sürdüyü iddialara və göstərdiyi təzyiqə görə bərk təşviş və narahatlıq duymaqdadırlar.
Bu faktlardan, bunlar isə həqiqətən faktlardır, hansı nəticələrin çıxarılmasından asılı olmayaraq bir şey aydındır ki, artıq bu, yaranışı uğrunda mübarizə apardığımız həmin o azad edilmiş Avropa deyildir. Bu, möhkəm sülh əsaslarına malik Avropa da deyildir. Bütün dünyanın təhlükəsizliyi Avropanın vəhdətini tələb edir və heç bir ölkəni bu vəhdətdən həmişəlik kənar etmək lazım deyil.
Məhz bir-birinə qohum olan millətlər arasındakı fikir ayrılıqlarından Avropada sizinlə birgə şahidi olduğumuz iki dəhşətli müharibə və əvvəllər baş vermiş bir çox digər müharibələr doğmuşdur. Həyatımız ərzində biz artıq iki dəfə Birləşmiş Ştatların öz istəyi və öz adətləri, gücü və məntiqi şübhə doğurmayan ağlın dəlilləri ziddinə olaraq necə müharibəyə qoşulduğunu müşahidə etmişik, biz artıq iki dəfə hədd-hüdud bilməyən qüvvələrin Birləşmiş Ştatları xeyrin şər üzərində qələbəsinə kömək etmək üçün bu müharibələrə vaxtında, lakin artıq dəhşətli qırğınlar və dağıntılar baş verdikdən sonra cəlb etdiyinin şahidi olmuşuq. Birləşmiş Ştatlar iki dəfə milyonlarla oğullarını Atlantika üzərindən müharibəyə göndərmək məcburiyyətində qalmışdır, lakin indi müharibənin özü də hara istəsə gedə bilər. Əlbəttə, biz Avropada möhkəm sülh sisteminin yaradılması üzərində, BMT qurumundan istifadə etməklə bizim nizamnaməyə uyğun fəaliyyət göstərməklə məqsədyönlü şəkildə işləməliyik. Mənim gördüklərim və duyduqlarım çox mühüm siyasi kursa yol açır.
Avropanı ikiyə bölən “dəmir pərdə” önündə narahatlıq üçün başqa səbəblər də var. İtaliyada kommunist partiyası ciddi çətinliklərlə qarşılaşır, belə ki, bu partiya İtaliyanın Adriatikdəki əvvəlki ərazisinə münasibətdə kommunistlərdən təlim almış marşal Titonun tələblərini dəstəkləməyə məcburdur. Bununla belə, İtaliyanın gələcək taleyi hələ də müəyyən edilməmişdir. Eləcə də dirçəlmiş Avropanı güclü Fransasız təsəvvür eləmək qeyri-mümkündür. İctimai fəaliyyətimin bütün müddəti ərzində mən güclü Fransanın yaranışı üçün çalışmışam və heç vaxt, hətta ən pis zamanlarda da onun gözəl gələcəyinə inamımı itirməmişəm. Və indi də bu inamı itirmirəm.
Lakin Rusiya sərhədlərindən xeyli uzaqlarda yerləşən və bütün dünyaya səpələnmiş ölkələrdə kommunistlərin “beşinci kolon”ları yaradılmışdır və bunlar tam vəhdətdə və kommunist mərkəzlərinin sərəncamlarına tam itaət göstərməklə çıxış edirlər. Kommunizmin rüşeym halında olduğu Britaniya Millətlər Birliyi və ABŞ istisna edilməklə, kommunist partiyaları və “beşinci kolon”lar xristian sivilizasiyası üçün getdikcə artmaqda olan hədə və təhlükə doğururlar. Bunlar o cür parlaq əməkdaşlığımız sayəsində azadlıq və demokratiya naminə əldə edilmiş qələbənin artıq ertəsi günü haqqında danışmağa məcbur olduğumuz kədərli faktlardır və hələ nə qədər vaxt var, bu faktların “üzünə” dik baxmamaq biz tərəfdən böyük ağılsızlıq olardı.
Uzaq Şərqdəki, xüsusilə Mancuriyadakı perspektivlər də narahatlıq doğurur. Yaltada bağlanmış və mənim də imzaladığım saziş Sovet Rusiyası üçün müstəsna dərəcədə əlverişli idi, lakin bu sazişin bağlandığı dövrdə hələ heç kəs deyə bilməzdi ki, Almaniya ilə müharibə 1945-ci ilin yayına, yaxud payızına qədər uzanmayacaq və hamı elə bilirdi ki, Yaponiya ilə müharibə Almaniya ilə müharibə bitdikdən sonra hələ 18 ay da davam edəcəkdir.
Bununla belə, mən Qərbdə, eləcə də Şərqdə dünyanı bürümüş kölgəni təsvir edərkən özümdə səbr etmək istəyi duydum.
Versal Müqaviləsi (1919) bağlanarkən mən nazir və Lloyd Corcun yaxın dostu idim. Şəxsən mən o zamanlar həyata keçirilən bir çox şeylərlə razılaşmırdım, bununla belə, yaranmış vəziyyət mənə güclü təsir bağışlamışdı və həmin vəziyyəti hazırda yaranmış durumla müqayisə etmək mənim üçün çox ağırdır. O zaman böyük ümidlər və sonsuz bir inam vardı ki, daha müharibələr qurtarıb və Millətlər Liqası böyük qüdrət sahibi olacaqdır. Lakin bu dəfə məndə belə bir inam və ümid hissi yoxdur.
Digər tərəfdən, mən yeni müharibənin qaçılmazlığı fikrini, bundan da betərini — yeni müharibənin artıq qapının ağzını kəsdirməsi fikrini özümdən uzaqlaşdırmağa çalışıram. İndi də bu barədə ona görə danışıram ki, xoşbəxtliyimizin öz əlimizdə olduğuna inanıram, inanıram ki, biz gələcəyi xilas etmək zorundayıq. İndi imkan yarandığı üçün sözümü deməyi özümə borc bilirəm. Mən inanmıram ki, Sovet Rusiyası müharibə istəyir. O, başqa şey — müharibə bəhrələrini, öz gücü və öz doktrinasının hüdudsuz yayılmasını istəyir. Lakin bizim bu gün burada nəzərdən keçirməli olduğumuz məsələ — müharibə təhlükəsi qarşısının alınması sistemi, bütün ölkələrdə azadlıq və demokratiyanın inkişafı üçün şəraitin mümkün qədər tez təmin edilməsidir. Biz öz problemlərimizə göz yummaqla onlar yox olmaz. Biz beləcə oturub nə baş verəcəyini gözləməklə də bunlar yox olmaz; “yola vermək” siyasəti də bunları yox olmağa məcbur edə bilməz. Biz yubanmadan müharibədən sonrakı dünyanın sahmana salınmasıyla məşğul olmalıyıq və bu məsələ uzandıqca onu sahmana salmaq bir o qədər mürəkkəbləşəcək, çətinliklərimiz daha da artacaq.
Müharibə zamanı rus dostlarımızda və müttəfiqlərimizdə müşahidə etdiklərimə əsasən əminliklə deyə bilərəm ki, rusların ən çox heyran olduqları şey hərbi güc, ən hörmətsiz yanaşdıqları isə hərbi zəiflikdir. Buna görə bizim qüvvələrin tarazlığı haqqındakı köhnə doktrinamız əsassız sayılmalıdır. Biz cüzi güc üstünlüyünə arxalanmağı özümüzə rəva görə bilmərik, çünki bu halda onları öz güclərini sınamağa şirnikləndirmiş olarıq. Əgər Qərb demokratiyaları BMT Nizamnaməsi prinsiplərinə ciddi əməl etməklə birləşsə, onların bu prinsiplərin həyata keçirilməsinə yönəldilmiş təsiri çox böyük olar və heç kəs onların yolu qarşısında dura bilməz. Lakin nəsə onları parçalasa, yaxud onlar öz borclarını yerinə yetirmək işində tərəddüd etməyə başlasa, həqiqətən də, hamımızı fəlakət hədələyə bilər.
Ötən dəfə mən belə bir şeyin necə yaxınlaşdığını, üstümüzə yeridiyini gördüm və var səsimlə həmvətənlərimi və bütün dünyanı bundan xəbərdar elədim, lakin heç kəs mənə məhəl qoymadı.
1933-cü ilə qədər, hətta 1935-ci ilə qədər Almaniyanı ona üz vermiş dəhşətli taledən hələ xilas etmək olardı, bu halda biz özümüz də Hitlerin bəşəriyyəti məhkum etdiyi fəlakətlərdən qurtula bilərdik. İndiyədək dünya tarixində Yer kürəsinin böyük ərazilərini viran qoymuş bu son müharibə qədər qarşısını vaxtında görülmüş tədbirlərlə almaq mümkün olan başqa müharibə olmayıb. Onun qarşısını bircə güllə atmadan da almaq olardı və belə olsaydı, hazırda Almaniya güclü, firavan və hörmətli məmləkət olardı. Lakin o vaxt heç kəs mənə qulaq asmaq istəmədi və tədricən biz hamımız bu qorxunc burulğanda sorulduq. Əlbəttə ki, bunun yenidən təkrar olmasına yol verə bilmərik. İndiki zamanda, yəni 1946-cı ildə sülhü Birləşmiş Millətlərin ümumi rəhbərliyi altında Rusiya ilə bütün məsələlər üzrə tam anlaşma əldə etməklə və bu anlaşmanı ingilis dilində danışan ölkələrin bütün gücü və əlaqələriylə dəstəklənən beynəlxalq alətin köməyilə bir çox illər ərzində dəstəkləməklə təmin etmək olar. “Sülhün əzələləri” adlandırdığım bu məruzə vasitəsilə sizə ehtiram hissiylə təqdim etdiyim problemin həlli məhz bu cürdür.
Qoy heç kəs Böyük Britaniyanın və Birliyin qüdrətini lazımi qədər qiymətləndirməməyə çalışmasın. Siz bizim adada ərzaq təminatında çətinlik yaşayan 46 milyon insan görsəniz də, bizim 6 illik fədakar hərbi səylərimizdən sonra sənaye istehsalının və ixracatın bərpa olunmasında çətinliyimiz olsa da, düşünməyin ki, biz bu qaranlıq məhrumiyyətlər zolağından keçə bilməyəcəyik, necə ki, şərəfli əziyyətli illərdən keçmişik, düşünməyin ki, yarım əsrdən sonra biz bütün dünyada yaşayan və bizim adətlərimizi, bizim həyat tərzimizi və bizim inandığımız bəşəri dəyərləri qorumaq işində bir olan 70 və ya 80 milyon olmayacayıq.
Əgər Millətlər Birliyinin ingilis dilində danışan əhalisinə ABŞ-ı əlavə etsək və bu cür əməkdaşlığın dənizdə, havada, elm və sənaye sahəsində nə demək olduğunu nəzərə alsaq, qüvvələr nisbətində heç bir səbatsızlıq və təhlükə də olmaz. Əksinə, bu yolla hərtərəfli təhlükəsizliyə təminat verilə bilər. Əgər biz öz fəaliyyətimizdə yalnız və yalnız BMT Nizamnaməsini rəhbər tutsaq və heç kəsin ərazisinə, yaxud sərvətinə tamah salmadan və azad düşüncəni nə iləsə məhdudlaşdırmağa çalışmadan irəliləsək, əgər Britaniyanın bütün mənəvi və maddi qüvvəsi, əqidəsi sizinki ilə möhkəm qardaşlıq ittifaqında birləşsə, o zaman gələcəyə aparan yol təkcə bizim üçün deyil, elə hamı üçün, yalnız indi deyil, elə yüz il bundan sonra da işıqlı və təhlükəsiz olacaqdır.