Çıxdı yaşıl pərdədən ərz eylədi rüxsar gül

Çıxdı yaşıl pərdədən ərz eylədi rüsxar gül
Müəllif: Məhəmməd Füzuli


Çıxdı yaşıl pərdədən ərz eylədi rüxsar gül,
Sildi mirati-zəmiri-pakdən jəngar gül.

Cam dut, saqi, ki, gülbünlər gül izhar etdilər,
Sən dəxi bir gülbüni-rənasən, et izhar gül.

Gəldi ol dəm ki, ola izhari-hikmət qılmağa,
İnşirahi-sədr ilə sədri-səfi-əzhar gül.

Yetdi ol mövsim ki, açmağa könüllər mülküni,
Ola gülşəndə rəyahin xeylinə sərdar gül.

Adəm isən bağ seyrin eylə bu mövsimdə kim,
Bağı rəngü buy ilə qıldı behiştasar gül.

Çarsuyi-bağ seyranı bu gün mərğubdir
Kim, şükufə onda sərraf oldu vü əttar gül.

Çıxmış ikən bəzmi-gülşəndən yenə övd eyləyib.
Cami-mey andırdı əhli-tövbəyə təkrar gül.

Həbsdən Yusif çıxıb sultani-Misr olmuş kimi,
Oldu, açıb qönçəsin arayişi-gülzar gül.

San Züleyxa xəlvətidir ğönçəyi-dərbəstə kim,
Çıxdı ondan daməni-çakilə Yusifvar gül.

Çak olub bulmuş səfa badi-səhərdən sanasan,
Baddır Cibrilü qəlbi-Əhmədi-Muxtar gül.

Şəbnəmi-gülzari-rüxsari-rəsulüllahdır,
Nəşri-ətrilə qılır hərdəm ona işar gül.

Dürri-şəbnəm saçdı rəngin bərglərdən hər tərəf,
Ləli-xəndan etdi xublar kimi gövhərbar gül.

Surəti-halinə heyran eylədi aqilləri,
Açdı irfan əhlinə gəncineyi-əsrar gül.

Səbzə üzrə gəzdirər badi-səba gül bərgini,
Sanki səbzə asimandır, kövkəbi-səyyar gül!

Qıldı pünhan qönçənin ləb ilə gözdən höqqəsin
Bulmaq olmaz hiç rəng ilə, zəhi əyyar gül!

Yüz çevirmiş xardən ayrılmaq istər bisəbəb
Münimi-nakəs kimi əslində eylər ar gül.

Xari-qeyrət nola gər sancılsa gülbün bağrına,
Ayrılıb ondan olur həmsöhbəti-əğyar gül.

Yeridir odlara yansa həsrət ilə xar kim,
Ondan alır ziybü ziynət, qeyrə olur yar gül.

Bivəfalıq adətin tutmuş, onunçündür bu kim,
Ömrdən olmaz cahan bağında bərxurdar gül.

Qanğı bülbül qanı dutmuş bilməzəm kim, müttəsil
Gəh əsiri-xar olur, gəh mübtəlayi-nar gül.

Seyri-bağ etdim səhər, gördüm açıb məcmuəsin,
Hifz edib bu mətləi eylərdi istehzar gül:

Aşiq olmuş hüsnünə, ey sərvi-xoşrəftar gül,
Çak-çak etmiş səninçün sineyi-əfkar gül.

Gül nə nisbətdir sənə, səndən ona yüz fərq var,
Sən büti-pərdənişinsən, şahidi-bazar gül.

Öylə pünhan eyləmiş köksündə sirri-eşqini
Kim, ayağından asarlar eyləməz iqrar gül.

Tutiyayi-çeşm üçün hər sübhdən yollar tutub,
Xaki-dərgahın səbadən eylər istifsar gül.

Seyri-gülzar etdiyin peyki-səbadən fəhm edib,
Gənci-zər qılmış mühəyya, qılmağa iysar qıl.

Bərgi-gül sanmın ki, rəngin xiştlər cəm eyləmiş,
Çəkməyə ol gənci-zər hifzinə bir divar gül.

Ta səriri-səbzəyi dəprətməyə təhriki-bad,
Sayəsindən urdu hər lövhinə bir mismar gül.

Hər səhər gülzar lövhində çəkər yüz dairə,
Qaliba minqari-bülbüldən alır pərgar gül.

Eyş üçün gülşən şəbistanın münəvvər qılmağa,
Hər ağacdan asdı bir qəndili-pürənvar gül.

Bunca qəndili füruzan eylədi, əmma nə syd,
Dudi-dildən qıldı bülbül ruzigarın tar gül.

Dari-dünyayı fəzayi-cənnətə döndərdi, leyk
Qönçə kimi bülbülə dünyayı qıldı dar gül.

Bir zəbani-haldır hər yaprağı fəhm etsələr,
Pərdədari-xak olanlardan verir əxbar gül.

Bülbüli-zar etdiyi fəryadlar təsiridir,
Bisəbəb xabi-ədəmdən olmamış bidar gül.

Bağiban, sultani-adil dövrüdür, tənbih qıl,
Urmasın gülzarə atəş, zülm edib zinhar gül!

Cövr əlilə qönçənin pirahənin çak etməsin,
Cünbüşi-namötədildən qılsın istiğfar gül.

Yoxsa nagəh surəti-hali olur sultanə ərz,
Qəhrə uğrar müqtəzayi-vəzi-nahəmvar gül.

Ol güli-baği-xilafat kim, bəhari-dövləti
Aləməfruz olalı görməz cəfayi-xar gül.

Oldu dövründə həva məhbusi-zindani-hübab,
Qaliba görmüş həvadən şəmmeyi-azar gül.

Bərgi-gül gəzdirməz oldu məhmili-badi-səba,
Həddi yox kim, çəkdirə badi-səbayə bar gül.

Sərsəri-qəhri-cəhansuzindən agah olalı,
Açmaz oldu busitani-fitneyi-əşrar gül.

Xəlvəti-lütfünədir nuri-dili-mömin çirağ,
Gülşəni-qəhrinədir daği-dili-küffar gül.

Şahi-din Sultan Süleymani-səadətmənd kim,
Kəsb edər xülqi-xoşundan nüzhəti-ətvar gül.

Başə salmış mehrini ruzi-əzəldən çərxi-pir,
Eylə kim, gülrüxlər eylər ziynəti-dəstar gül.

İnqilabi-dövrdən bulmazdı hərgiz ixtilad,
Alsa ondan hökminə fərmani-istimrar gül.

Zövq bazarında bulmazdı bu rəng ilə rəvac,
Etməsəydi nəqşi-möhrün sikkeyi-dinar gül.

Olmaq içün mütribi-bəzmi, dutub bir dairə
Ögrənir hər sübh bülbüldən fəni-ədvar gül.

Mətbəxi-cudinə kim, dudinə sünbüldür ğulam,
Xarkəşlik sənətin dutmuş, degil bikar gül.

Qurtulur fəth etdigi kişvər bəlayi-fitnədən
Kim açıldıqda tikəndən ayrılır naçar gül.

Şərh edib susənlərə övsafi-xülqün, gəzdirir
Qönçədən hər sübh açıb gülşəndə yüz tumar gül.

Qətreyi-şəbnəmmidir, ya əl açıb sail kimi,
Xazini-lütfündən almış lölöi-şəhvar gül.

Qoymayıb dövrində viran kargahi-gülbüni
Bir ayağ üzrə durub olmuş ona memar gül.

Ədlə əyyamında şəbnəm sanmınız kim, bülbülün
Beyzəsin qoynunda hifz etmiş, olub qəmxar gül.

Daməni-pakiylə ol bəhcətfəzayi-mülkdür
Gər cahan bağında cənnət güllərindən var gül.

Vəzi-aləmdən fələk məqsudi oldur kim, olur
Bəsləməkdən xari mənzuri-ülül-əbsar gül.

Qədrinə verməz xələl dünyayə qılmaq iltifat,
Ziybü ziynət verdigiçün xarə olmaz xar gül.

Meyvə ol sultani-adildir nəhali-dövlətə,
Sabiqən gəlmiş səlatini-fələkmiqdar gül.

Nola gər sabiqlər oldisə fəna, oldur qərəz
Meyvə göstərdikdə tökmək rəsmdir əşcar gül.

Qıl, Füzuli, mədhin ol şahin ki, baği-mədhinin
Bülbülü olurdu, bulsa qüdrəti-göftar gül.

Gərçi yoxdur etibarın, mədhin et izhar kim,
Adəti-dövri-zəmandır xarə vermək bar gül.

Var ümidim necə kim rəsmi-mədari-dəhrdir,
İldə bir gəz aləmə ərz eyləmək didar gül.

Fəth bağından ona hər dəm xilafi-baği-dəhr,
Tazə-tazə aça lütfi-iyzədi-cəbbar gül.