Çəkə bilməz (Şair Əbdüləzim)
Çəkə bilməz (Şair Əbdüləzim) (1913) Müəllif: Şair Əbdüləzim |
Mənbə: "Sazlı-sözlü Göyçə (II kitab)" (PDF) (az.). Elm və təhsil. 2018. 2018-06-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-06-01. |
İstəyirəm gedəm diyarbadiyar,
Könül vətənindən əl çəkə bilməz.
Gərək bülbül çəkə gülün qəhrini,
Bülbülün qəhrini gül çəkə bilməz.
Yad olubdu qohum, qardaş, el mana,
Yaxın ikən uzaq düşüb yol mana,
İlahim veribdi dərdi bol mana,
Yükləsəm, bir qatar fil çəkə bilməz.
Gün xoş keçər, əgər dövlət, var olsa,
Zərrəcə nəzəri-kirdigar olsa,
Şahlar şahı bir kişiyə yar olsa,
Yığılsa ayağın el çəkə bilməz.
Əbdüləzim dərdü-qəmin dustağı,
Çəkibdi sinəmə dağ üstən dağı.
Bu dərdi, möhnəti, belə fərağı
Mən çəkirəm, heç kəs, bil, çəkə bilməz.