Çəkə bilməz (Usta Abdulla)
Çəkə bilməz Müəllif: Usta Abdulla |
İstəyirəm qaçam diyarbadiyar,
Könül vətənindən əl çəkə bilməz.
Bülbül çəkər qızılgülün qəhrini,
Bülbülün qəhrini gül çəkə bilməz.
Yağı oldu qohum-qardaş, el mana,
Yaxın ikən uzaq düşdü yol mana,
Çərxi fələk dərdi verib bol mana,
Yükləsən bir qatar fil çəkə bilməz.
Haqdı nahaq deyil haqqın divanı,
Müxənnətin olmaz namı-nişanı.
Zərrəcən nəzər salsa Kərəmin kanı,
Yığılsa ayağımı el çəkə bilməz.
Mərd igidlər ad artırar bəs eylər,
Namərd etdiyinə çox həvəs eylər,
Murdar məxas zənbur kimi səs eylər,
Şan bağlaya bilməz bal çəkə bilməz.
Dostların üstünə dada gedərlər,
Müşküldə salarlar yada gedərlər.
Çoxlu ömür sürüb bada gedərlər
Abdulla bu işə qol çəkə bilməz.