Çəkəndə zülfünü, ətrafə, mahitab çıxar

Çəkəndə zülfünü, ətrafə, mahitab çıxar
Müəllif: Məhəmməd Xəlifə Aciz
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.

Çəkəndə zülfünü, ətrafə, mahitab çıxar,
Qürub göydən edər, yerdən afitab çıxar.

Bu bəzmə qoysa qədəm afitabi-aləmtab,
Edər bu bəzmi münəvvər ki, biniqab çıxar.

Gələndə naz ilən ol sərvnazü bəndənəvaz,
Bir əldə zülf bir əldə şərabi-nab çıxar.

Əgər cəmalını bir ləhzə görməsə, dindən –
Təmami-zahidü abidlə, şeyxü şab çıxar.

Tökübdü zülfünü çin-çin o mah rüxsarə,
Misali-türreyi-şəbrəng bir üqab çıxar.

O məst gözlərinə, dilbəra, fəda Aciz –
Ki, məst xaneyi-xəmmardan xərab çıxar.