Çəkərəm (03.04.2022)
Müəllif: [[Müəllif:Teymur Kərimli|Teymur Kərimli]]
Çəkmə, çəkə bilməzsən, bərkdir fələyin yayı,

Gah yoxsulu bay eylər, gah yoxsul edər bayı!

Anonim


Fələyin zəncirini mən çəkə bilsəm, çəkərəm,

Bu itin daz başına turp əkə bilsəm, əkərəm.


Mən özüm bir ağayam əyri gedən kor fələyə,

Sözü haqq Tanrıya bir gözləri dolmuş nökərəm.


Sanma ki, rəngi-rufu təkcə yosundan qızarıb –

Mən əzəldən bu dərin dəryaya qan-yaş tökərəm.


Bir yetim könlün ovutsan, elə cənnət bu imiş;

Nə rəvadır ki, durub cənnətə həsrət çəkərəm?


Yurda nankor çıxanın mil çəkərəm gözlərinə,

Elin ağsaqqalına baş əyərəm, bel bükərəm.


Leylinin sevgisinə uysa da Məcnun, yeri var,

Əslinin fitnəsinə uymaz olar indi Kərəm.


Kinli sözlərdən axır çox acı çəkdim, Teymur,

Yenə söz şərbətinə tamsınaram, şirnikərəm.