Çəkirəm
Müəllif: Aşıq Məhərrəm Alçalı
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004.

 
Ay hazarat, qulaq verin,
Görün, nə bəla çəkirəm:
İki arvadın əlindən
Qazamat, qala çəkirəm;
Qədd əyilir, bel bükülür,
«Əlif»i «dal”a çəkirəm;
Dərdi qanmaza demərəm,
Mən əhli-hala çəkirəm.

Dedim ki, xoşbəxt olaram,
Mən də alaram birini;
Yrxıldım dul arvada,
Qanmadım acı-şirini;
İstəyirəm söhbət edəm,
Öyür əvvəlki ərini;
Olmaz bəlaya düşmüşəm,
Sübhədək nala çəkirəm.

Getdim gördüm, böyük arvad
Kiçiyə çox kəsim satır;
Kiçiyi böyügə deyir:
Eşşəkdən törəmiş qatır;
Səsləri düşüb aləmə,
Bir-birinə şıllaq atır;
Mətləbi yazdım dəftərə,
Özgə mahala çəkirəm.

Necə ki cavan idim,
Gəlmirdi mənim eynimə;
Dedim, alım iki gözəl,
Paltarım salar çiynimə.
Yetişdim doxsan sinnimə,
Təqsirim allam boynuma;
Asqırıram, öskürürəm,
Hərdənbir dala çəkirəm.

Məhərrəməm, nə deyim
Bu dünyanın kəc işinə;
Aqillər, ürəfalar
Gərəkdir bunu düşünə;
Huş verib, guş tuturam
Çarxı-fələk gərdişinə;
Hikmətə sirr qalmışam,
İndi kamala çəkirəm.