Çəkirlər
Çəkirlər Müəllif: Ağ Aşıq |
Mənbə: Qara Namazov. "Ozan-aşıq sənətinin tarixi" (PDF) (az.). AMEA Folklor İnstitutu. 2013. 2016-04-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-11. |
Bir yandan pristav, bir yandan koxa,
Biçarə rəiyyəti dara çəkirlər.
Qazı, darğa xalqı soyur soğantək,
Dirikən üstündən qara çəkirlər.
Dağ çəkildi Naxçıvana, Sulduza,
Duz nədir ki, həsrət qala el duza.
Axund, molla, seyid dönüb quduza,
Elin sərvətini hara çəkirlər?
Sığındım Göyçəyə, bu mahala mən,
Düşdüm acı dərdə, bir zavala mən.
Üzüqara necə dönüm dala mən,
Ürəyim atəşə, nara çəkirlər.
Ağ Aşıq da dərd əlindən dəlidir,
Kənddə koxa qanı soran zəlidir,
Gözüm yaşı dağ çayının selidir,
Sinəmə dağ-düyün yara çəkirlər.
Xarici keçidlər
redaktə- Niftalı Göyçəli. "Göyçə ustadları" (antologiya), I hissə (PDF) (az.). Bakı: "Elm və təhsil". 2017. ISBN 978-9952-8176-1-2. 2017-11-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-11-23.