Şəkər
Xoş gəldin bu bağa, Novrəs İmanım,
Səndən ötrü intizarı çəkmişəm.
Sən yada düşəndə üzülüb canım,
Mansır tək Hələbdə darı çəkmişəm.
İman
Ağlama, ağlama, ay Şəkər xanım,
Şama pərvanayam, narı çəkmişəm.
Ağlayırsan, qalmır dinim, imanım,
Dağlarda çox boran-qarı çəkmişəm.
Şəkər
Arifü pürkamal, qəşəngü qəllaş,
Axtardın dünyanı, gəzdin başabaş.
Mal-dövlət nə lazım, mən sana peşkaş
Qoynumdakı bir cüt narı çəkmişəm.
İman
İsmin yad eylədim, kərrari-kərim
Çaşıb dolaşanda oldu rəhbərim.
Fikirim, zikirim, dildə əzbərim,
Allahi-əkbəri carı çəkmişəm.
Şəkər
Şəkərəm, söyləyim bəyanbabəyan,
Arifsən, sözümün mətləbini qan.
Naşı sərraf bilməz ləli-Bədəxşan,
Mətahıma sən xirdarı çəkmişəm.
İman
Novrəs İman deyin mənim adıma,
Xızır peyğəmbəri saldım yadıma,
Sidqinən çağırdım, yetdi dadıma,
Onun kimi mədədkarı çəkmişəm.